
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
TüSİAV-ın nümayəndə heyəti ilə görüş
TQDK-nın sədri Məleykə Abbaszadə Abbaszadə 2002-ci il sentyabrın 11-də TQDK-nın binasında Türk Sənayeçi və İş Adamları Vəqfinin (TüSİAV) sədri Vəli Sarıtoprağın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyəti TQDK-nın fəaliyyəti ilə yaxından tanış olmuş, fəaliyyətini yüksək qiymətləndirmiş və gələcəkdə Komissiya ilə əməkdaşlıq etmək arzularını bildirmişlər.
Dünya Bankının ekspertləri ilə görüş
TQDK-nın sədri Məleykə Abbaszadə 2002-ci il sentyabrın 12-də Azərbaycanda təhsil sahəsində keçirilən islahatlarla bağlı ölkəmizdə səfərdə olan Dünya Bankının ekspertlərini – Adrian Stoica və Serge Coussement – qəbul etmişdir. Görüşdə Azərbaycan təhsilində monitorinqin keçirilməsinin mümkün yolları barədə ətraflı söhbət aparılmışdır. Qonaqlar TQDK-nın iş sistemi, onun strukturları və bölmələri ilə tanış olmuş, monitorinqin keçirilməsində komissiyanın imkanlarının istifadəsi baxımından onun texniki potensialını öyrənmişlər.
TQDK sədri Məleykə Abbaszadə Amerika Birləşmiş Ştatlarına səfər etmişdir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, «Azərbaycanın İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyası və onun ilkin mərhələdə həyata keçirilməsi» birgə layihəsinin Milli Koordinatoru M.Abbaszadə 2003-cü il 15-26 sentyabr tarixlərində Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinə Hazırlıq Komitəsinin 3-cü iclasında iştirak etmişdir. 154 ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirin gündəliyə daxil olan Prinsiplər Bəyannaməsi, Fəaliyyət Planı və Ümumdünya Sammitinin keçirilmə Qaydaları üzrə məsələlər iki alt-komitənin 20 iclasında müzakirə edilmişdir.
YUNESKO-nun hesabatında TQDK-nın fəaliyyəti nümunə kimi göstərilmişdir
YUNESKO tərəfindən 2001–2007-ci illərdə dünyada təhsil sahəsində mövcud olan korrupsiya halları 25 ölkənin nüfuzlu mütəxəssislərinin iştirakı ilə araşdırılmış və 315 səhifəlik hesabat hazırlanmışdır. İyunun 8-də həmin hesabatın əsas müddəaları haqqında mətbuatda açıqlama dərc olunmuşdur. Hesabatın qəbul imtahanlarının keçirilməsi ilə bağlı hissəsində Azərbaycanın tələbə qəbulu sahəsindəki təcrübəsi 60 ölkə arasında müsbət rəy almış və nümunə kimi göstərilmişdir. Hesabata dair mətbuata verilən açıqlamada ölkəmizlə bağlı qeyd olunmuşdur: “Burada informasiya texnologiyalarının tətbiqi və müstəqil Komissiya tərəfindən nəzarətin həyata keçirilməsi ali məktəblərə qəbul imtahanlarının aparılmasında və biliklərin qiymətləndirilməsində şəffaflığın təmin olunmasına kömək etmişdir”.
(http://www.unesco.org/iiep/; http://www.gazeta.ru/education/2007/06/07_a_1783307.shtml)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ABŞ BİA-nın dəstəyi və Dünya Təhsil Təşkilatının (World Learning Inc.) vasitəçiliyi ilə Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Məqsəd Vaşinqtonda International Association for Educational Assessment (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) təşkilatının rəyasət heyətinin iclasında iştirak etməkdir. International Association for Educational Assessment (IAEA) 1974-cü ildə ABŞ-ın Nyu Cersi şəhərində keçirilən təhsillə bağlı görüşdə əsası qoyulmuş bir təşkilatdır. Bu təşkilatın işi testlərin tədqiqatı, qiymətləndirmənin təkmilləşdirilməsi, testlərin təşkili, testlərin qiymətləndirilməsi bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatları bir araya yığmaq və bu məsələlər üzrə araşdırmalar apararaq yeni nailiyyətlər əldə etməkdən ibarətdir. Həmin ildən başlayaraq bu Assosiasiyanın konfransları ənənəvi olaraq hər il müxtəliv ölkələrdə keçirilir. Azərbaycanda MDB və Şərqi Avropa ölkələrindən ilk dövlət kimi bu Assosiasiyaya 1999-cu ildən daxildir. Həmin ildən başlayaraq Azərbaycan Assosiasiyanın hər il keçirdiyi Konfraslarda iştirak edir. 2006-cı ildə Assosiasiyaya daxil olan təşkilatlar Sinqapurda görüşəcəklər.
ETS TQDK-nın fəaliyyətini yüksək qiymətləndirir

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Təlim Nəticələri üzrə Strateji Texniki Yardım (START) Təlim Proqramı çərçivəsində «Təhsil üzrə Test Xidməti»nin (Educational Testing Service) nümayəndələri ölkəmizə səfərdə olmuşlar. «Təhsil üzrə Test Xidməti»nin (ETS) baş idarəsi ABŞ-ın Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir. Bu müstəqil, qeyri-biznes təşkilatı dünyada etibarlı, ədalətli tədqiqatların və qiymətləndirmələrin həyata keçirilməsi sahəsində böyük nüfuza malikdir. Ölkəmizə səfərin məqsədi ABŞ mütəxəssislərinin Azərbaycanda təhsilin qiymətləndirilməsi ilə tanış olmaq və təcrübə mübadiləsindən ibarət olmuşdur. 2006-cı il iyunun 14-də Beynəlxalq Mətbuat Mərkəzində ETS nümayəndələri Azərbaycanda biliyin qiymətləndirilməsi üzrə TQDK-nın fəaliyyətinin elmi-metodiki analizinə həsr olunmuş növbəti konfrans keçirmişdir. Tədbirdə adı çəkilən təşkilatın ekspertləri ilə yanaşı, TQDK-nın sədri Məleykə Abbaszadə, USAID-in, ABŞ səfirliyinin və təhsil sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak etmişlər. Konfransda çıxış edən ETS-in aparıcı mütəxəssisi Meri Pitoniak TQDK-nın fəaliyyətindən razı qaldıqlarını qeyd etmişdir. O, TQDK-nın Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən ən nüfuzlu və etibarlı təşkilat olduğunu vurğulamışdır. ABŞ-dan olan professor Riçard Horton isə Azərbaycanda təhsil sahəsində qiymətləndirmənin təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması üçün hərtərəfli yardım etməyə hazır olduqlarını qeyd etmişdir. Bildirmişdir ki, bu, gələcəkdə Azərbaycanda təhsilin inkişafı və çiçəklənməsi yolunda atılan xeyirxah addımdır. Digər ETS təmsilçiləri də çıxışlarında TQDK-nın fəaliyyətini yüksək qiymətləndirərək, bu təşkilatla çoxsaylı müzakirələr apardıqlarını bildirmişlər. Onlar təhsil sisteminin yaxşılaşdırılması və inkişaf etdirilməsi ilə bağlı bir sıra tövsiyələrini də irəli sürüblər. Konfransda çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə amerikalı ekspertlərin işindən razı qaldıqlarını bildirmişdir. Təhsilin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu qeyd edən M.Abbaszadə USAID layihəsi çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Avropa Assosiasiyasının Təhsilin Qiymətləndirilməsi üzrə baş katibi Bakıda səfərdə olmuşdur
Avropa Assosiasiyasının Təhsilin Qiymətləndirilməsi üzrə baş katibi (AEA-Europe) və həmçinin Dutch Test (Hollandiyanın Test Xidməti) direktoru Stiven Bekker 2005-ci il noyabrında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Bakıya gəlmişlər. 2005-ci il noyabrın 24-də Stiven Bekker TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki fənn seminarlarında iştirak etmişdir. TQDK-nın sədri və fənn seminarlarının rəhbərləri qonağa Azərbaycanda test tərtibi ilə bağlı geniş məlumat verimişlər. Tərəflər arasında faydalı fikir mübadiləsi aparılmışdır
Polşanın regional imtahan departamentinin direktoru TQDK-da olmuşdur
2005-ci il dekabrın 16-da Polşanın regional imtahan departamentinin direktoru, təhsilin qiymətləndirilməsi üzrə mütəxəssis cənab Marek Lequtko Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadə ilə görüşmüşdür. Polşalı qonaq Komissiyanın fəaliyyəti ilə tanış olmuş, eləcə də təmsil etdiyi ölkədə təhsilin qiymətləndirilməsi təcrübəsi barədə fikir mübadiləsi aparmışdır. Görüşdə Polşa və Azərbaycanda təhsilin qiymətləndirilməsi sistemlərinin inkişafına xidmət edəcək birgə layihələrin hazırlanması və həyata keçirilməsi barədə rəy bildirilmişdir.
Amerika Birləşmiş Ştatlarının «Təhsil Testi Xidməti»nin (ETS) nümayəndələri ölkəmizdə işgüzar səfərdə olmuşlar

Amerika Birləşmiş Ştatlarının «Təhsil Testi Xidməti»nin (Educational Testing Service) nümayəndələri - Linda Kuk, Meri Pitoniak və Luis Saldivia USAID (Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi) əməkdaşlıq layihəsi çərçivəsində növbəti dəfə ölkəmizə işgüzar səfərə gəlmişlər. ABŞ mütəxəssisləri 2006-cı ilin iyun ayında Azərbaycanda səfərdə olmuş, ölkəmizdə təhsilin qiymətləndirilməsi ilə tanış olmuş və təcrübə mübadiləsi aparmışdılar. ETS nümayəndələri ötən dövr ərzində TQDK-nın gördüyü işlərlə yaxından tanış olmaq və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında seminar – məşğələlər keçirmək məqsədilə ölkəmizə gəlmişlər. 2007-ci il may ayının 14-də amerikalı mütəxəssislər TQDK-nın sədri Məleykə Abbaszadə ilə görüşmüş, daha sonra Komissiyanın əməkdaşlarını seminar-məşğələlərin mövzusu ilə tanış etmişlər. Tədbirdə çıxış edən ETS-in aparıcı mütəxəssisi Linda Kuk ötən bir illik vaxt ərzində TQDK tərəfindən görülən işləri yüksək qiymətləndirərək, Komissiyanın fəaliyyətini heyrətlə qarşıladıqlarını söyləmişdir. ETS-in aparıcı mütəxəssisi Meri Pitoniak və Luis Saldivia da yenidən Azərbaycanda olmaqdan və TQDK ilə birgə fəaliyyət göstərməkdən məmnun qaldıqlarını qeyd etmişlər. ETS nümayəndələri təsdiq olunmuş cədvəl üzrə seminar 5 gün ərzində Təlim və Konsultasiya üzrə Seminarlar keçirəcəklər.
ABŞ dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrell Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə ilə göruşüb
2008-ci il fevralın 8-də ABŞ dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrell Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə ilə göruşüb. Görüşdə dünyada təhsil sahəsində gedən son proseslər, Amerika ilə Azərbaycan arasındakı təhsil sahəsindəki əməkdaşlıq perspektivləri müzakərə olunub. Tərəflər Azərbaycan gənclərinin ABŞ ali təhsil ocaqlarında təhsil alma imkanları, eyni zamanda müxtəlif sahələr üzrə istedadlı gənclərin ABŞ-da təhsil almaları üçün dil baryerinin olması əsas müzakirə obyektlərindən biri olub. Tərəflər bundan sonra Azərbaycan gənclərinin ABŞ-da təhsil almaları üçün əməkdaşlığın məqsədəuyğun olduğunu bildirmişlər.
TQDK sədri M. Abbaszadə Fransada işgüzar səfərdə olmuşdur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2009-cu il fevralın 17-dən 23-dək Fransada keçirilən İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir. İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Avstraliyada keçiriləcək 35-ci beynəlxalq konfransına hazırlıq prosesi müzakirə edilmişdir. Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Səfər zamanı TQDK sədri M.Abbaszadə YUNESKO-nun təhsil üzrə nümayəndələri, Fransada elm və təhsil sahəsində fəaliyyət göstərən bir sıra qurumların təmsilçiləri ilə görüşü keçirlmişdir. Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
|
|
|