← Baş səhifə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı, 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə həmin universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləmiş, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsini alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından TQDK-nın sədri vəzifəsinə təyin olunub.

M.Abbaszadənin rəhbərliyi altında TQDK-nın nəzdində “Abituriyent” jurnalı və “Abituriyent” Hazırlıq kursları təsis edilmişdir. M.Abbaszadə “Abituriyent” jurnalının redaksiya şurasının üzvüdür.

M.Abbaszadənin TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli Layihələrin icraçı təşkilatı olmuşdur. O cümlədən:

1999-2000-ci illərdə M.Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya “2000-ci il problemi”nin həlli üzrə Milli Qurum statusu verilmiş, problem Qurum tərəfindən uğurla həll edilmişdir.

2000-ci ildə M.Abbaszadənin Milli Koordinator olduğu “Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.

M.Abbaszadə 2002-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi - "Azərbaycan Respublikasında informasiya-kom¬munikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi"nin Milli Koordinatoru olmuş, layihə çərçivəsində İKT üzrə Milli Strategiya hazırlanaraq təsdiq edilmiş, siyasi sənəd olan Milli Strategiyanın həyata keçirilməsi üçün 2004-2012 illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib hazırlanmışdır.

M.Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cümlədən 2003-cü ildə Cenevrədə dövlət başçıları səviyyəsində keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş Ümumdünya Sammitinin iştirakçısı olmuş, 2003-cü ilin noyabrında Bakı şəhərində “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə” mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur.

2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olan M.Abbaszadə 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

M.Abbaszadə 50-dən çox elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.

İki övlad anasıdır.