← Baş səhifə

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları (2010/2011-ci tədris ili üçün)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublika-sının müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin magistraturalarına qəbulu mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:
Ümumi müddəalar

1. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra bakalavrlar) malikdirlər.
Magistratura səviyyəsində təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına təhsili həyata keçirilən ixtisaslaşmalar üzrə magistraturaya qəbul oluna bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutul-mayıbsa, magistraturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.

2. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlər üçün riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə qəbul proqramları dərc olunanda məlumat verilir).
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qoyulan tələblərə uyğun olmalıdır.
Ərizə qəbulu

3. Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün internet vasitəsi ilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK-lara) aşağıdakı sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər:
– Səxsiyyəti təsdiq edən sənədin əslini:
• Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;
• əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportlarını və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqələrini.
– Ali təhsil haqqında sənədi:
• Azərbaycan Respublikasının ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər ali təhsil haqqında diplomun əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı (forma 60_1M);
• Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı (forma 60_2M);
• Xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə”ni;
• Magistratura təhsili olanlar həmin magistratura təhsilinin (təhsillərinin) dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında ali təhsil müəssisəsi tərəfindən verilən arayışı.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Bakalavrın elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.
İxtisaslaşma seçimi

4. İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün ixtisaslaşma seçimi qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra aparılır. İmtahan verdiyi qəbul proqramına aid olan ixtisaslaşmalar üzrə seçimdə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (balların cəmi) ilə yanaşı, onun ixtisas üzrə topladığı bal da TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
Bakalavr seçdiyi qəbul proqramına aid olan, bitirdiyi bakalavr ixtisasına uyğun ixtisaslaşmaları istədiyi ardıcıllıqla seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisas seçimini təsdiqləyir.
İxtisaslaşmaların ardıcıllığı bakalavrın özü tərəfindən müəyyənləşdirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslaşmalara yerləşdirmə aparıla bilər.
Müsabiqə şərtləri

5. Müsabiqə bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (balların cəmi) əsasında aparılır. Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmalar ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbul planı çərçivəsində həyata keçirilir.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələrinə əsasən dövlət sifarişi ilə magistraturada təhsil almaq hüququ qazanmış bakalavrlar təhsil almaq üçün mülkiyyət formasından asılı olmayaraq istədikləri ali təhsil müəssisəsini seçirlər.

6. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;
- bakalavr pilləsi üzrə orta qiymət balı;
- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
- xarici dildən toplanılan bal.
Digər müddəalar

7. Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

8. Bakalavrlar müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilərlər.
Bir ali məktəbdən digərinə köçürülmək, təhsilalma formasını və ya ixtisaslaşmanı dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı, həmçinin apelyasiya komissiyasının fəaliyyət dövrü başa çatdıqdan sonra daxil olan müraciətlərə baxılmır.

9. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Bakalavr öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

Online sınaq imtahanı