İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açmaq lazımdır. Daha sonra imtahan verəcəyiniz proqramı seçib şəxsi hesabınıza daxil olursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən imtahan verəcəyiniz test mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatları əldə edə bilərsiniz.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz imtahanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I,III,V günləri saat 10:00–13:00-da, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri 10:00–13:00-da, III günü isə 14:00–17:00-da keçirilir.
“PTE Academic” ingilis dili imtahanı haqqında məlumat
“PTE Academic” akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahandır. İmtahanda iştirakçların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılır. Bundan əlavə, imtahanın yekununda imtahan verən şəxslərə səlis danışma, qrammatika, söz ehtiyatı, yazılı nəqletmə, tələffüz və düzgün yazılış ilə əlaqədar inkişaf etdirilməli olan sahələr üzrə yekun rəy verilir.
İmtahana qeydiyyat və digər məsələlər:
Qeydiyyatdan keçmək üçün “Pearson VUE” saytına daxil olub şəxsi məlumatlardan istifadə edərək yeni hesab yaratmaq lazımdır. Hesabı yaratdıqdan sonra istifadəçiyə 1-2 iş günü ərzində istifadəçi adı və şifrəni təsdiqləyən elektron məktub göndərilir.
Daha ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz - http://pearsonpte.com/book-now/ . “PTE Academic” imtahanına qeydiyyat üçün aşağıdakı mərhələləri tamamlamaq tələb olunur:
- “Sign in Now” bölməsinə daxil olub tələb olunan məlumatları qeyd edin. Hesaba daxil olduqdan sonra “Exam Catalogue” bölməsindən “PTE-A: Pearson Test of English Academic” seçin;
- Sağ tərəfdə “Schedule Exams” bölməsinə daxil olun;
- Bütün suallara cavab verin və “Next” düyməsinə basmaqla növbəti mərhələyə keçin;
- İmtahanın məkanını seçin və “Next” düyməsinə basın. Bundan sonra isə imtahanın vaxtını və gününü təyin edin;
- Məkanı, günü və vaxtı təsdiqlədikdən sonra, həmin məlumatları yenidən nəzərdən keçirib təsdiqləmək tələb olunur;
- Bütün məlumatları təsdiqlədikdən sonra tam ödəniş etmək lazımdır. Bununla da qeydiyyat prosesini tamamlamış olur;
- Qeydiyyatı tamamladıqdan sonra təsdiq e-maili alacaqsınız. Emaildə imtahan mərkəzinin yeri, məkana gediş üçün yollar və imtahan günü yadda saxlamalı olduğunuz bir neçə vacib məlumatlar əks olunur.
İmtahan günü
İmtahanın başlamasından ən az 30 dəqiqə əvvəl imtahan mərkəzində olmaq lazımdır. Bu vaxt təhlükəsizlik yoxlanışından keçmək və binaya daxil olmaq üçün kifayət edir. Binaya daxil olarkən şəxsiyyətinizi təsdiq edən sənədi – pasportu göstərmək mütləqdir.
İmtahanın formatı
3 saatlıq imtahan üç əsas hissədən ibarət olacaq: danışma və yazı (birlikdə), dinləmə və oxu. İmtahan ərzində məlumatın izahı, qapalı suallar (testlər) və esse yazmağı əhatə edən 20 müxtəlif formalı sual təqdim edilir.
1-ci hissə: Danışıq və yazı (77 – 93 dəqiqə)
1-ci hissədə sizin danışıq və yazı bacarıqlarınız qiymətləndiriləcək. Bu hissə üçün verilən vaxt 77 – 93 dəqiqə arasında dəyişir. Ünsiyyət bacarıqlarınızın yoxlanılmasında başlıca xüsusiyyət olaraq ingilis dilindən akademik mühitdə istifadə etmə bacarığınız əsas götürüləcək.
2-ci hissə: Oxu (32 – 41 dəqiqə)
2-ci hissədə sizin oxu bacarıqlarınız qiymətləndiriləcək. Bu bölmədə 15-20 müstəqil və bir-biri ilə əlaqəli test sualları veriləcək. İngilis dilində verilən məlumatın oxunması, yazılması və dinlənilməsi üzrə bacarıqlarınızın yoxlanması məqsədilə sizə qapalı tipli, paraqrafların ardıcıllığının təyin olunması və boşluqların doldurulması tələb olunan müxtəlif formalı suallar təqdim ediləcək. “PTE Academic” qarşılıqlı bacarıqların yoxlanılması məqsədi daşıyan imtahan növü olduğuna görə bu bölmədə, həmçinin, sizin yazı bacarıqlarınız da qiymətləndirilmiş olacaq.
3-cü hissə: Dinləmə (45 – 57 dəqiqə)
Bu hissədə sizə audio və video materiallar əsasında suallar təqdim ediləcək. Hər bir audio və video materialı yalnız bir dəfə dinləmək imkanınız olduğuna görə daha diqqətli olmaq və qeydlər götürmək tövsiyə edilir.
Nəticələr
"PTE Academic" imtahanının nəticələri avtomatlaşdırılmış texnologiyadan istifadə edilməklə hesablanır və nəticələr bütün bacarıqlar üzrə 10 – 90 bal arasında dəyişir. Qiymətləndirmə şkalası ilə bağlı daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz (Global Scale of English).
Nəticələriniz haqqında məlumatı “Pearson Vue” hesabınıza daxil olub “View Score Report” bölməsindən öyrənə bilərsiniz (www.pearsonvue.com/pte).
Nəticələrinizi istənilən sayda quruma pulsuz göndərmək mümkündür.
Ödəniş
Standart qiymət - USD$ 170.00
Gecikmiş qeydiyyat qiyməti - USD$ 212.50
Qeydiyyatın yenilənməsi üçün şərtlər:
- Yeni tarix əvvəlkindən 5 gün sonra olmalıdır;
- Bir namizədin yalnız bir dəfə aktiv imtahan qeydiyyatı ola bilər;
- Əvvəlki imtahanın nəticələri açıqlanmayana qədər namizəd imtahana yenidən giriş üçün qeydiyyatdan keçə bilməz.
"PTE Academic" imtahanının nəticələri harada keçərlidir?
PTE Academic imtahanının nəticələri minlərlə məşhur universitetlər, o cümlədən “Harvard Business School”, “INSEAD” və “Yale” kimi prestijli qurumlar tərəfindən qəbul olunur. PTE Academic imtahan nəticələrini qəbul edən qurumlar barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz (https://pearsonpte.com/the-test/who-accepts-it/).
DİM tərəfindən keçirilən “PTE Academic” ingilis dili imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: a.mejidova@dim.gov.az