AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Fənn seminarları və ekspert şuraları

Line Spacing+- AFont Size+- Çap

TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki fənn seminarları və ekspert şuraları

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elmi – metodiki fənn seminarları Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə tələbə qəbulunun test üsulu ilə həyata keçirilməsi üçün istifadə olunan hər növ elmi, metodiki və praktiki materialların hazırlanmasını təşkil edən qurumdur. Seminarlar Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərir.
2. Seminarlar öz fəaliyyətində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsini, TQDK-nın qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

II. Seminarların əsas vəzifələri

3. Seminarların əsas vəzifələri aşağıdakılardır:
3.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi üçün istifadə olunacaq hər növ elmi, metodiki və praktiki materialların hazırlanmasının təşkil edilməsi;
3.2. dövlətlərarası razılaşmalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali məktəblərinə, əcnəbilərin və xaricdə yaşayan vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycan Respublikasının ali məktəblərinə qəbulunun aparılması ucun istifadə olunacaq hər növ elmi, metodiki və praktiki materialların hazırlanmasını təşkil edir;
3.3. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarına əsasən digər vəzifələri yerinə yetirir.

III. Seminarların əsas funksiyaları

4. Seminarlar ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
4.1. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında istifadə olunacaq test suallarının sayını, strukturunu, çətinlik dərəcəsini müəyyən edir və imtahanların elmi layihələşdirilməsinə dair müvafiq təkliflər verir;
4.2. imtahan fənləri üzrə qəbul proqramlarını, metodik tövsiyələr, test topluları, və dərs vəsaitlərini hazırlayır və təsdiq edir, bu məqsədlə müxtəlif işçi qrupları yaradır;
4.3. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına öz işi ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir;
4.4. qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarına dair elmi-statistik təhlil aparır;
4.5. test bankının formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə ekspert şuraları təşkil edir;
4.6. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodiki vəsaitlər və test topluları hazırlayır və dərc edir;
4.7. yaradılmış test bankının mütəmadi təftişini aparır;
4.8. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodiki materialların çatdırılması üçün TQDK-nın mətbu orqanı olan Abituriyent jurnalında lazımi materiallar nəşr edir.

IV. Seminarların hüquqları

5. Seminarlar öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
5.1. öz səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarından və digər təşkilatlardan zəruri sənədlərin, statistik məlumatların və sair materialların tələb edilməsi, səlahiyyətində olan işlərin həyata keçirilməsi üçün müqavilə əsasında mütəxəssislər və ekspertlərin cəlb edilməsi üçün TQDK-nın sədrinə müraciət etmək;
5.2. komissiyalar, ekspert şuraları, habelə işçi qruplar yaratmaq;
5.3. öz səlahiyyətləri daxilində konfranslar, müşavirələr keçirmək və digər tədbirlər təşkil etmək.

V. Seminarların işinin təşkili

6. Seminarlar və ekspert qruplarının sayı və şəxsi tərkibi Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri tərəfindən təsdiq edilir. Zəruri hallarda, Seminarların iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan mütəxəssislər Seminarın iclaslarına dəvət oluna bilərlər.
7. Seminarlara sədr rəhbərlik edir. Seminarın sədri namizədliyi seminar iştirakçıları tərəfindən irəli sürülən şəxslər sırasından Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təyin edilir. Seminarın sədri Seminara həvalə olunmuş vəzifələrin həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.
8. Seminarın sədri:
8.1. Seminarın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
8.2. işçi qruplarının say və şəxsi tərkibini müəyyən edir və TQDK-nın sədrinə təqdim edir, işçi qruplarının iş reqlamentini müəyyən edir;
8.3. Komissiya sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
8.4. test tapşırıqlarını test bankına daxil edilməsi üçün onları təsdiq edir;
8.5. Seminarların fəaliyyəti barədə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinə mütəmadi olaraq hesabatlar və məlumatlar verir.
9. Seminarların qərarları Seminar üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Seminarın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, TQDK-nın sədrinin əmrləri və sərəncamları ilə həyata keçirilir.
10. Seminarların nəzdində məsləhət-məşvərət orqanı olan Ekspert şuraları yaradıla bilər. Ekspert şuralarının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının, tədris müəssisələrinin nümayəndələri və müstəqil ekspertlər daxil edilir.

TQDK-nın sədri M.M.Abbaszadə 22 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert şuraları haqqında əsasnaməsini, fənlər üzrə ekspertlərə qoyduğu tələbləri və 2010 –cu il üçün fənlər üzrə ekspertlərin siyahısını təsdiq etmişdir.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert şuraları haqqında əsəsnamə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert şuraları Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbul imtahanlarının keçirilməsi üçün müvafiq materialların hazırlanmasını (test tapşırıqlarının hazırlanmasını, ekspertizasını və tərcüməsini), test bankının formalaşdırılmasını və təkmilləşdirilməsini həyata keçirən qurumdur. Ekspert şuraları Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi nəzdində fəaliyyət göstərir və onların işi şöbənin müvafiq sektorları tərəfindən tənzimlənir.
2. Ekspert şuraları öz fəaliyyətində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsini, Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi haqqında Əsasnaməni, TQDK-nın qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

II. Ekspert şuralarının əsas vəzifələri və funksiyaları

3. Ekspert şuralarının əsas vəzifəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilən qəbul imtahanlarında istifadə ediləcək materialların hazırlanmasıdır.
4. Ekspert şuraları onlara həvalə olunmuş əsas vəzifəyə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
4.1. test bankını formalaşdırır;
4.2. test bankının təkmilləşdirir;
4.3. test bankının mütəmadi təftişini aparır;
4.4. qəbul imtahanlarında istifadə ediləcək sual kitabçalarının qapalı rejimdə hazırlanmasında iştirak edir;
4.5. qəbul imtahanlarından sonra testlərin ekspertizasını həyata keçirir;
4.6. sınaq imtahanlarından əvvəl testlərin ekspertizasını həyata keçirir;
4.7. pretestlərin ekspertizasını həyata keçirir.

III. Ekspert şuralarının işinin təşkili

5. Ekspert şuralarının sayı və şəxsi tərkibi Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri tərəfindən təsdiq edilir və hər il rotasiya edilir.
6. Ekspert şuralarının tərkibi fənnin xüsusiyyətindən asılı olaraq 5-25 ekspertdən ibarətdir.
7. Ekspert müvafiq fənn üzrə ali təhsili olan, ali və orta məktəblərdə qüvvədə olan tədris proqramları və dərsliklərini tam mənimsəmiş, pedaqoji sahədə elmi-metodiki biliklərə və iş təcrübəsinə, test hazırlanması metodikası sahəsində nəzəri biliklərə və təcrübəyə malik olan, testlərin yazılma və təkmilləşdirmə texnologiyasını bilən, TQDK ilə ən azı üç il əməkdaşlıq edən şəxslər sırasından təyin edilir.
8. Müvafiq sektorların seçdiyi ekspertlərin siyahıları şöbənin rəhbərliyi tərəfindən TQDK-nın sədrinə təqdim edilir.
9. Ekspert şuralarının işinə fənlər üzrə elmi-metodiki seminarların sədrləri rəhbərlik edir.
10. Zəruri hallarda, fənlər üzrə ekspert şuralarının iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan mütəxəssislər dəvət edilə bilər.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fənlər üzrə ekspertlərə qoyduğu tələblər

1. Müvafiq fənn üzrə ali təhsili olmalıdır;
2. Pedaqoji sahədə iş təcrübəsinə və elmi-metodiki biliklərə malik olmalıdır
3. Orta məktəblərdə qüvvədə olan tədris proqramları və dərslikləri tam
mənimsəmiş olmalıdır;
4. Qiymətləndirmə mexanizmini bilməli, bilik və bacarıqların
qiymətləndirilməsinin meyarları, normaları, formaları ilə bağlı biliklərə
malik olmalıdır;
5. Test hazırlanması metodikası sahəsində nəzəri biliklərə və təcrübəyə
malik olmalıdır;
6. Testlərin yazılma texnologiyasını bilməlidir;
7. TQDK ilə ən azı iki il əməkdaşlıq təcrübəsi olmalıdır.