AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Komissiyanın sədri

Line Spacing+- AFont Size+- Çap
MAbbaszade.jpg

Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı, 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləmişdir. Bu dövr ərzində Assosiasiya tərəfindən respublikada istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün zəruri olan elmi-metodiki əsaslar müəyyən edilmiş, bu sahədə ən son beynəlxalq təcrübənin tətbiqi üçün yeni tədris metodikalarının hazırlanması təşkil edilmişdir. Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində Bakı Avropa Liseyi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur.

M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi açıq sosio-texniki sistem kimi fəaliyyət göstərməyə başlamışdır. Sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlərdə təmin olunmuşdur. Belə ki, M.Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənə şəklini almışdır. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilmişdir.

Azərbbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M.Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılmış, bütün daxili proseslər avtomatlaşdırılmış, sistemin hər hansı xarici müdaxiləni istisna edən intellektual müdafiəsi qurulmuşdur. 1996-cı ildə test bankının idarə edilməsi, bankdan testlərin seçilməsi və imtahan üçün formalaşdırılması prosesi avtomatlaşdırılmış, Komissiya dövlət qurumları arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri (sənəd qəbulu, imtahanla bağlı olan məlumatların əldə olunması və s.) internet vasitəsilə həyata keçirməyə başlamışdır.

M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - “Abituriyent” jurnalı yaradılmışdır. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanır. O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan “Abitiriyent” jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100 yaxın adda müxtəlif dərs və metodiki vəsaitlərin həmmüəllifidir.
Əhalinin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə respublikanın 5 bölgəsində TQDK-nın regional mərkəzləri açılmış, qəbul imtahanlarının Bakı və Naxçıvanla bərabər Sumqayıt və Gəncə də şəhərlərində keçirilməsinə başlanılmışdır.

M.Abbaszadə TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatçısı olmuşdur.

1999-2000-ci illərdə M.Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya “2000-ci il problemi”nin həlli üzrə Milli Qurum statusu verilmiş, problem Qurum tərəfindən uğurla həll edilmişdir.

2000-ci ildə M.Abbaszadənin Milli Koordinator olduğu “Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.


M. Abbaszadə 2002-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi - "Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi"nin Milli Koordinatoru olmuş, layihə çərçivəsində İKT üzrə Milli Strategiya hazırlanaraq təsdiq edilmiş, siyasi sənəd olan Milli Strategiyanın həyata keçirilməsi üçün 2004-2012 illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib hazırlanmış, Plan çərçivəsində bir neçə layihə uğurla həyata keçirilmişdir.


M. Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cümlədən 2003-cü ildə Cenevrədə dövlət başçıları səviyyəsində keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş Ümumdünya Sammitinin iştirakçısı olmuş, 2003-cü ilin noyabrında Bakı şəhərində “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə” mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur.

2005-ci ildə İAEA (İnternational Association for Educational Assessment – Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilmişdir.

2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

M. Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
İki övladı, dörd nəvəsi var.