AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2013

Line Spacing+- AFont Size+- Çap

TQDK orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədilə yeni bir sistem - “Şagird - Məzun” elektron məlumat bazasını yaratmışdır. Bazaya orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında səhih məlumatlar daxil edilir və bu sistem vasitəsi ilə yekun qiymətləndirmə zamanı şagirdlər haqqında məlumatlar dəqiqləşdirilir. Sistemdən rayon (şəhər) təhsil şöbələrinin nümayəndələr, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə bilirlər.

Sistemə daxil olmaqla rayon (şəhər) təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərinin şagirdləri haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında , şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola bilirlər.

TQDK tam orta təhsil bazasında ali və orta ixtisas təhsili müəssisələrinə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu prosesində yeniliklər etmişdir. Belə ki, bəzi kateqoriyalardan olan abituriyentlər Sənəd Qəbulu Komissiyalarına (SQK) getmədən elektron ərizələrini özləri təsdiq edə bilmişlər. Bu da abituriyentlərin vaxt itkisinin aradan qaldırılmasına, ərizə qəbulunun sadələşdirilməsinə, SQK-nın işinin yüngülləşməsinə və saylarının azaldılmasına imkan vermişdir. TQDK-nın bu xidmətindən ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, həmçinin ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər yararlanmışlar.

TQDK ilk dəfə olaraq Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ali təhsil müəssisələrinin magistratura pilləsinə hazırlaşan bakalavrlar üçün sınaq imtahanları keçirmişdir. İmtahanda bakalavrların imtahanın birinci mərhələsinə daxil olan fənlərdən (məntiqi təfəkkür, informatika və xarici dil) bilikləri qiymətləndirilmişdir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən bakalavrlar özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TQDK-nın sədri M.M.Abbaszadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam vermişdir. Sərəncamda göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şöhrət” ordeni ilə təltif edilsin”.

Ulu öndərimiz Heydər Əliyevin 90 illiyi münasibətilə TQDK-da silsilə yubiley tədbirləri təşkil edilmişdir. “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu” mövzusunda keçirilən konfransda nazirlik, dövlət komitəsi, baş idarə, elm və təhsil qurumlarının nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, KİV təmsilçiləri iştirak etmişlər. TQDK-nın sədri M.Abbaszadə “Milli qiymətləndirmə sistemi – Heydər Əliyev siyasətinin yetirməsidir” mövzusunda geniş məruzə etmişdir. TQDK tərəfindən ulu öndərin 90 illiyi münasibətilə “Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz” adlı kitab da nəşr olunmuşdur. Komissiyanın sədri M.Abbaszadənin “Gənclərimizin böyük qayğıkeşi” adlı məqaləsi ilə açılan bu nəfis tərtibatlı kitabda H.Əliyevin sovet dönəmində və müstəqillik illərində tələbə qəbuluna, mütəxəssis hazırlığına göstərdiyi qayğı və köməyi, verdiyi tövsiyə və tapşırıqları işıqlandıran materiallar yer almışdır. Nəşrdə həmçinin ilk Prezident təqaüdçülərinin xatirə və təəssüratları təqdim olunmuşdur. Tədbirlər çərçivəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tarix” və "Tarixi terminlərin izahlı lügəti və xronologiya" adlı vəsaitlər oxucuların istifadəsinə verilmişdir. Nəfis şəkildə hazırlanmış bu vəsaitlər abituriyentlər, şagirdlər, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq TQDK tərəfindən yeni təhsil proqramları (kurikulum) üzrə hazırlanmış I-V siniflər üçün, həmçinin VII-X siniflər üçün dərsliklərin elmi-metodiki monitorinqi aparılmışdır. Görülmüş işlər nəticəsində hazırlanmış yekun rəylər müəlliflərə və Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilmişdir.

TQDK-nın Şirvan, Ağcabədi və Göyçay rayonlarında yerləşən regional bölmələrinin inzibati binalarının açılışı olmuşdur. Açılış mərasimlərində TQDK-nın sədri M.Abbaszadə, Komissiyanın əməkdaşları, həmin rayonların İcra Hakimiyyətinin başçıları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Regional bölmələrin fəaliyyətinin səmərəli təşkili üçün yeni binalarda müasir standartlara cavab verən şərait yaradılmış, otaqlar lazımi inventarlar, texniki, texnoloji və metodiki vasitələrlə təchiz olunmuşdur. 2013-cü ildə keçirilən sınaq imtahanları və bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları həmin regionlarda da təşkil olunmuşdur. Bununla da regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət etmişlər. Regional bölmələrin fəaliyyəti bu zonalarda yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakına şərait yaratmışdır. Komissiya tərəfindən təşkil edilən elmi-metodiki seminarlar paralel olaraq regional bölmələrdə də aparılır və Komissiyanın mərkəzi binası ilə videobağlantı əsasında müzakirələr təşkil olunur.

Bakı şəhərində Təhsil Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə VII Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçirilmişdir.

Sərgidə dünyanın 18 ölkəsindən 108 iştirakçı təmsil olunmuşdur.

TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalı da özünün son illərdə çap olunmuş saylarını, “Magistr” və “Rezidentura” xüsusi buraxılışlarını, Komissiyanın 20 illiyinə həsr olunmuş nəşrlərini, tədris-metodiki vəsaitlərini, gənclərə peşə seçimində yardımçı olan “Bakalavr ixtisasları” adlı xüsusi buraxılışlarını, xüsusi qabiliyyət tələb edən ixtisaslara aid kitablarını, elmi-statistik araşdırmalar və digər zəruri çap materiallarını bu sərgidə nümayiş etdirmişdir. “Abituriyent” jurnalı fəal iştirakına görə sərginin sertifikatına layiq görülmüş, onun təmsilçilərinə sərgi haqqında geniş məlumatların toplandığı xüsusi kataloq hədiyyə edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir. Sərgidə 25-dən çox ölkədən 125 nəşriyyat evi öz məhsullarını təqdim etmişdir. “Abituriyent” jurnalının redaksiyası da III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına özünün çoxçeşidli nəşrləri ilə qatılmış və fəal iştirakına görə sərginin diplomuna layiq görülmüşdür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin birgə layihəsi olan «Dərslik portalı» istifadəyə verilmişdir. «Dərslik portalı» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmiş ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinin növbəti mərhələsi kimi yaradılmışdır. Elektron portalda TQDK tərəfindən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdirilir. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirlər. Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər də mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcəkdir.