AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

1992-1997

Line Spacing+- AFont Size+- Çap

1997-ci il:

Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslara tələbə qəbulu eyni zamanda aparıldı.

İmtahan nəzarətçilərinin zallar üzrə paylanması və vəsiqələrin hazırlanması prosesi avtomatlaşdırıldı.

İmtahanların gedişinə operativ qaydada nəzarət etmək, baş verən müxtəlif halları araşdırmaq məqsədilə xüsusi proqram tərtib edildi.

İmtahan zallarında köçürmə hallarının aşkar edilməsi və qarşısının alınması üçün yeni texnoloji sxem tətbiq edildi və 4 variantlı test tapşırıqları hazırlandı.

Kompüterlərarası böyük həcmli informasiya mübadiləsinin operativliyini artırmaq məqsədilə lokal şəbəkə yaradıldı.

TQDK-nın mətbəəsi təşkil olundu, qəbul imtahanlarında istifadə olunan test kitabçaları ilk dəfə olaraq TQDK-nın öz mətbəəsində çap edildi, sistemin məxfiliyi və etibarlılığı tam təmin olundu.

Abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına kömək məqsədilə TQDK-da hazırlıq kursları təşkil edildi.

1996-cı il:

Test bankının idarə edilməsi və bankdan testlərin seçilməsi prosesi avtomatlaşdırıldı. Bunkerdə imtahan üçün test tapşırıqlarının formalaşdırılması ilk dəfə olaraq kompüter vasitəsilə həyata keçirildi.

Hərbi məktəblərə qəbulun nəticələri bir gün sonra elan edildi.

Təhsil nazirliyinin sifarişinə əsasən test üsulu ilə eksternat imtahanları və fənn olimpiadaları keçirildi.

Abituriyentlərə aid məlumatlarda məntiqi yoxlamalar aparılması və saxta attestatların olması hallarının aşkarlanması üçün avtomatlaşdırılmış sistem yaradıldı.

Abituriyentlərə öz bilik səviyyəsini yoxlamaq və onları test imtahanlarının texnologiyası ilə tanış etmək məqsədilə TQDK-da və bölgə mərkəzlərində sınaq imtahanlarının keçirilməsinə başlandı.

"Abiturient" jurnalı müntəzəm nəşr olunmağa başladı. Həmin il jurnalın 10 sayı çapdan çıxdı.

1995-ci il:

İmtahan fənlərinin differensasiyası aparıldı və 8 fənn bloku formalaşdırıldı.

Qabiliyyət imtahanı tələb edən ixtisaslara da yerləşdirmə TQDK tərəfindən aparıldı.

Sürətli printerlər alındı. Artıq «Abituriyentin ərizəsi» və «Cavab kartı» formalarının kodlaşdırılaraq hazırlanması və emalı Türkiyə Respublikasında deyil, bilavasitə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında həyata keçirilməyə başlandı.

Qəbul imtahanlarının nəticələri operativ şəkildə emal edildi və bir həftə ərzində ictimaiyyətə elan olundu.

Komissiyada ekspert şuraları və testlər bankı təşkil edildi. TQDK-ya daxil olan test tapşırıqlarının ekspert şuraları tərəfindən ekspertizadan keçirildikdən sonra testlər bankında toplanılmasına keçildi.

TQDK-nın mətbuat orqanı olan "Abiturient" jurnalı təsis edildi və ilk nömrələri ictimaiyyətə çatdırıldı.

"Abituriyent" televiziya verilişləri hazırlandı.

Komissiyaya bina verildi və onda əsaslı təmir işlərinə başlandı.

Qəbul imtahanlarının nəticələrinin geniş elmi-statistik təhlili aparıldı və əldə olunan materiallar çap edilib abituriyentlərin, müəllimlərin və təhsili idarəetmə orqanlarının istifadəsinə verildi və bu cür araşdırma o vaxtdan indiyədək hər il aparılır.

1994-cü il:

İlk dəfə olaraq optik oxuyucu qurğunun tələblərini ödəyən “Abituriyentin ərizəsi” forması hazırlandı və ərizələrdəki məlumatlar optik oxuyucu qurğu vasitəsilə kompüterə daxil edildi və emal olundu. Abituriyentlərə ali məktəblərin ödənişsiz əsaslarla 10-a qədər, ödənişli əsaslarla - 5-ə qədər və orta ixtisas məktəblərinin 5-ə qədər ixtisasını seçmək imkanı yaradıldı.

Qəbul imtahanlarının nəticələri 15 gün müddətinə elan olundu.

Hərbi məktəblərə qəbul imtahanları da mərkəzləşdirilmiş qaydada aparılmağa başlandı.

İlk dəfə olaraq bütün imtahan fənləri üzrə qəbul proqramları hazırlandı və abituriyentlərə çatdırıldı.

1993-cü il:

Abituriyentlərə ali və orta ixtisas məktəblərinin 10-a qədər ixtisasını seçmək imkanı yaradıldı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iki ədəd optik oxuyucu qurğu aldı.

Abituriyentlərin biliklərinin dəyərləndirilməsi və ixtisaslar üzrə yerləşdirilməsi TQDK-da yaradılmış proqram təminatı vasitəsilə aparıldı.

Test tapşırıqları bunkerdə müəllimlər tərəfindən əvvəlki ildəkindən fərqli olaraq iki variantda tərtib edildi.

1992-ci il:

Ali və orta ixtisas məktəblərinə tələbə qəbulu birlikdə aparılırdı: abituriyentlər ərizələrində bu iki təhsil pilləsinin yalnız beş ixtisasını göstərə bilərdilər. Ərizələrdəki məlumatları 20-30 nəfərdən ibarət xüsusi operatorlar qrupu 15-20 gün ərzində kompüterə daxil edirdi. Cavab kartları Türkiyə Respublikasında çap edilir, imtahandan sonra onlar yenidən qardaş ölkəyə aparılıb optik oxuyucu qurğu vasitəsilə oxunur və ixtisaslar üzrə yerləşdirmə aparılırdı. Həmin il Komissiyaya cəmi 5 ədəd IBM 286 kompüteri alınmışdı. İmtahan üçün test tapşırıqları bunkerdə bilavasitə müəllimlər tərəfindən bir variantda tərtib edilirdi.