1998-2000

Line Spacing+- AFont Size+- Çap
Abituriyentlərin ali məktəbə sənəd qəbulu zamanı rahatlığını təmin etmək məqsədilə respublikanın bütün rayon və şəhər təhsil şöbələrində Sənəd Qəbulu Komissiyaları yaradıldı.

Yeni yüksək sürətli optik oxuyucu qurğu alındı.

Çap işlərini sürətləndirmək məqsədi ilə əlavə olaraq 2 ədəd MANNESMAN tipli sürətli çap qurğusu alındı. Komissiya 25 ədəd "Pentium" prosessorlu yüksək sürətli müasir kompüterlər əldə etdi.

Qəbul qaydalarını pozaraq abituriyentlərin əvəzinə başqalarının imtahan verməsi hallarının aşkar olunması üçün yeni mükəmməl texnologiya işlənib hazırlandı və bunun tətbiqi sayəsində 53 abituriyentin əvəzinə başqa şəxslərin imtahan verməsi halları aşkarlandı və təqsirkarlar barədə ölçü götürülməsi üçün müvafiq inzibati orqanlar qarşısında məsələ qaldırıldı.

Abituriyentlərin qəbula daha səmərəli hazırlaşmalarına kömək məqsədilə 1992-1998-ci illərdə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ayrıca kitabçalar - test topluları şəklində çap edildi. Hər bir topluda təxminən 1000 test tapşırığı dərc olundu.

Hər bir rayon və məktəb üzrə abituriyentlərin imtahan göstəricilərini əks etdirən kitabçalar hazırlanıb dərc edildi və əvəzsiz olaraq respublikanın məktəblərinə paylandı.

TQDK-nın fasiləsiz surətdə enerji ilə təchiz olunması üçün binada generator quraşdırıldı və binanın 5-ci mərtəbəsi tamamilə qapalı iş rejiminə uyğunlaşdırıldı. Qapalı iş rejiminə tam nəzarəti həyata keçirmək məqsədilə binada videonəzarət qurğuları quraşdırıldı.

Müasir videokamera və kompüterə əlavə edilmiş "fotoblaster" hesabına "nəzarətçilərin və abituriyentlərin şəkilləri bazası" yaradıldı ki, bu da imtahanda onların şəxsiyyətlərinin daha etibarlı yoxlanışını təmin etdi.

Məktəblilərin testlərlə işləmək vərdişlərinin artırılması və keçilən mövzuları daha yaxşı mənimsəməsi üçün «Abituriyent» jurnalının xüsusi buraxılışları olan fənlər və siniflər üzrə test taşırıqları toplularının çapına başlandı.

Abituriyentləri ali məktəblərimizin ixtisaslar şəbəkəsi, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, gələcək perspektivləri, nailiyyətləri, əlaqələri, sosial-mədəni həyatına dair məlumatlarla tanış etmək və onlara ixtisas seçimində yardımçı olmaq məqsədilə «Ali təhsil ocaqlarımız» adlı kitab çap olundu.

TQDK nəzdindəki “İNİKAS” Elm-İstehsalat Mərkəzi ölkənin ali məktəblərinin birinci kurs tələbələri arasında sosioloji sorğu keçirdi. Bu tədqiqat test sisteminin bir sıra sahələrdə təzahür edən problemlərinə Azərbaycan tələbə gənclərinin münasibətlərini öyrənməyə kömək etdi.

TQDK Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanına əsasən respublikada məhkəmə hakimi vəzifəsinə namizədlərin seçilməsi üçün test üsulu ilə imtahan keçirdi. İmtahanın təşkili və keçirilməsini izləyən yerli və xarici müşahidəçilər onun beynəlxalq standartlara uyğun şəffaf və obyektiv keçirilməsi barədə müsbət rəy verdilər.

Dövlət Komissiyası bir çox qlobal miqyaslı tədbirlərin həllinə qoşumağa, beynəlxalq təşkilatların iştirak etdiyi problemlərin həllində ölkəmizi təmsil etməyə başladı. Həmin il Komissiya geniş miqyaslı təzahür sahələrinə malik olan və bütün dünya dövlətlərini əhatə edən “2000-ci il problemi”nin həllində Milli Qurum statusu ilə fəal iştirak etdi.

TQDK Mərkəzi Seçki Komissiyası ilə birlikdə Milli Məclisə seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılması və tətbiqində yaxından iştirak etdi.