2001-2002

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 1994-cü ildən formalaşan və qapalı şəkildə saxlanılan testlər bankı - hər bir fənn üzrə orta hesabla 4 mindən 8 minədək, bütövlükdə isə 100 minədək test tapşırığından ibarət olan bu zəngin mənbə çap edilib abituriyentlərin və müəllimlərin istifadəsinə verildi.

TQDK İnternet şəbəkəsinə qoşuldu və bununla bağlı əməkdaşların İnternetdən istifadə imkanlarının genişləndirilməsi məqsədilə Komissiya İnternet-servislə təmin olundu.

TQDK-nın İnternet saytı istifadəyə verildi. Saytın köməyilə abituriyentlər öz biliklərini sınaqdan keçirmək, sənədlərin qəbulu, imtahanlara hazırlıq və onların gedişi barədə operativ məlumatlar əldə etmək imkanı qazandı. Təkcə həmin il imtahanlara hazırlıq və bilavasitə imtahanlar ərəfəsində abituriyentlərdən və ümumilikdə ictimaiyyətdən TQDK-nın saytına 100 minədək müraciət daxil oldu.

Çap işlərini sürətləndirmək məqsədilə TQDK-ya Printronix tipli sürətli çap dəzgahları alındı.

Qurulmuş müasir mətbəənin köməyilə ölkəmizdə optik formaların çapına nail olundu.

4 dekabr 2001-ci il tarixdə “Avropa” otelinin konfrans zalında TQDK-nın təşkil etdiyi “Qəbul imtahanlarında yeni informasiya texnologiyaları və testologiya metodlarının tətbiqi: qazanılmış təcrübə və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçiləri, Milli Məclisin üzvləri, Milli Elmlər Akademiyasının alimləri, təhsili idarəetmə orqanları, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçilərinin iştirak etdiyi bu tədbirdə TQDK-nın sədri M.Abbaszadə “Yeni informasiya texnologiyaları və testologiya metodları əsasında təhsil sisteminin monitorinqi” mövzusunda məruzə ilə çıxış etdi.

Beynəlxalq layihələrin həyata keçirilməsində müsbət təcrübəsi və müasir informasiya texnologiyalarının tətbiq edilməsi sahəsindəki yüksək potensialı nəzərə alınaraq, TQDK "informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə milli strategiyanın işlənib hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" layihəsinin icraedici orqanı, onun sədri isə - Layihənin Milli Koordinatoru təyin edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 9 yanvar 2002-ci il tarixli sərəncamı ilə TQDK-nın sədrinə Layihəni Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti verdi.

2002-ci il fevralın 7-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan hökuməti arasında İKTMS-in hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi imzalandı.

Dövlət Komissiyası sentyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslərin test üsulu ilə imtahanını keçirildi.

Yeni dərs ilinin başlanması ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ali məktəblərə ən yüksək balla qəbul olmuş tələbələrin bir qrupunu Prezident sarayında qəbul etmişdir. TQDK-nın sədri M.Abbaszadə builki tələbə qəbulunun nəticələri haqqında məlumat vermişdir. Prezidentin İcra Aparatının Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə 2002/2003-cü tədris ili üçün respublikanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını oxumuşdur. Prezident Heydər Əliyev yüksək nəticə əldə etmiş təlbələri təbrik etmiş, onlara «Azərbaycan yeni minillikdə. Dövlət Kitabı» təqdim etmişdir. Dövlət başçısı görüşdə böyük nitq söyləmiş tələbələrə tövsiyələrini vermişdir.

Sentyabrın 1-dən 6-dək Honkonq şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Dəyişən tələblərə uyğun olaraq təhsilin qiymətləndirilməsinin islahatı" mövzusunda 28-ci konfransı keçirildi. 40 ölkədən 160 nümayəndənin iştirak etdiyi bu konfransda ölkəmizi TQDK-nın sədri M.Abbaszadə təmsil etdi. M.Abbaszadə konfransda "Təhsilin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu" mövzusunda məruzə ilə çıxış etdi.

Sentyabrın 19-20-də Bakıda "Avropa" otelində BMT mütəxəssislərinin iştirakı ilə "Azərbaycanın informasiya texnologiyaları ixracatlarının bazar perspektivləri" mövzusunda işgüzar Dəyirmi Masa keçirildi. Dəyirmi masa İKTMS Layihəsi ilə Beynəlxalq Ticarət Mərkəzi UNCTAD/ÜTT tərəfindən təşkil olunmuşdu. TQDK-nın sədri, İKTMS Layihəsi üzrə Milli Koordinator M.Abbaszadə Dəyirmi Masada məruzə ilə çıxış etdi.

Oktyabrın 3-4-də İKTMS Layihəsi üzrə Milli Koordinator, TQDK-nın sədri M.Abbaszadə BMT tərəfindən Brüsseldə keçirilən "Keçid iqtisadiyyatında elektron strategiyaların inkişafı" mövzusunda beynəlxalq seminarda iştirak etdi. Seminarın əsas məqsədi milli elektron strategiyaların cari inkişaf prosesi və yeni informasiya-kommunikasiya texnologiyaları ilə əlaqələrini təhlil etmək idi.

TQDK-nın sədri, İKTMS Layihəsi üzrə Milli Koordinator M.Abbaszadə 8-ci Azərbaycan Beynəlxalq BAKUTEL-02 "Telekommunikasiya və kompüter texnologiyaları sərgisi" çərçivəsində Dəyirmi Masada məruzə ilə çıxış etdi.

TQDK-nın sədri, İKTMS Layihəsi üzrə Milli Koordinator M.Abbaszadə oktyabrın 23-də Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun elmi şurasında keçirilən "Azərbaycan Respublikasında İKTMS-in hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi (2003-2012-ci illər)" Layihəsinin geniş müzakirəsində iştirak etdi.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il fərmanına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Məhkəmə-Hüquq Şurası ilə birlikdə 2002-ci il oktyabrın 17-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında vakant olan hakim vəzifələrinə namizədlərin seçilməsi məqsədilə test imtahanı keçirdi. İmtahanı beynəlxalq müşahidəçilər, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndələri və digər beynəlxalq təşkilatların təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etdilər.