2003-2004

Line Spacing+- AFont Size+- Çap
Sumqayıt şəhərində XI sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq məqsədilə TQDK tərəfindən Respublikada ilk dəfə monitorinq tipli, yoxlama – test imtahanı keçirilib. İmtahanda şəhərin məktəblərində təhsil alan 4 mindən artıq şagird iştirak edib, imtahan prosesinə 350-dən artıq müəllim nəzarət edib.

Şagirdlərin və abituriyentlərin proqram materiallarını mənimsəmə səviyyəsinin yoxlanılması, biliklərinin möhkəmləndirilməsi, testlərlə işləmək vərdişlərinin artırılması məqsədilə TQDK xüsusi metodika əsasında ayrı-ayrı fənlər və siniflər üzrə test kitabçaları hazırlayıb çap etməyə başlayıb. Yeni tədris proqramları və dərsliklər əsasında tərtib edilən bu kitabçalar orta məktəb üçün dərs vəsaitləri statusu alıb. Təhsil Nazirliyində təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bu vəsaitin və TQDK-nın yeni internet saytlarının - “Mənim məktəbim” layihəsi, “Poliqlot” elektron lüğəti, “Əlaçı” layihəsi və “Abituriyent” jurnalının saytının təqdimat mərasimi keçirib.

Respublika Prezidentinin 17 fevral 2003-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının İnkişafı naminə informasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2013-cü illər)” təsdiq edilmiş və Respublika Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilmişdir.

2003-cü il yanvarın 13-dən 15-dək Tokioda İnformasiya Cəmiyyəti (WSIS) üzrə beynəlxalq sammit keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasını TQDK-nın sədri, İKTMS Layihəsi üzrə Milli Koordinator M.Abbaszadə təmsil etmişdir. M.Abbaszadə Sammitdə respublikamızda İKT sahəsində vəziyyət və Milli Strategiyanın hazırlanmasının gedişi haqda məruzə ilə çıxış etmişdir.

2003-cü il fevralın 18-də "Hyatt Regency" otelində "Azərbaycan Respublikasında İKTMS-nın hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" layihəsi çərçivəsində hazırlanmış "Polyglot" çoxdilli elektron lüğəti, həmin lüğətin "Polyglot.az" saytı və Azərbaycan dilinin xüsusiyyətlərini əks etdirən "Unicode.az" proqramlarının təqdimat mərasimi keçirilmişdir. Milli Koordinator M.Abbas¬zadə Layihənin bir illik fəaliyyəti və nailiyyətləri haqqında mərasim iştirakçılarına geniş məlumat vermişdir.

TQDK-nın sədri, İKTMS Layihəsinin koordinatoru M.Abbaszadə martın 27-29-da Bişkek şəhərində keçirilən Mərkəzi Asiya və Qafqaz ölkələrində İKT-nin inkişafı məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmiş, konfransın təşkilatçıları və nümayəndələri ilə işgüzar görüşlər keçirmişdir.

TQDK aprelin 6-da Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında" Əsasnaməyə uyğun olaraq Naxçıvan şəhərində Muxtar Respublikanın prokurorluq orqanlarına işə qəbul olmaq istəyən 94 namizəd arasında test imtahanı keçirmişdir. İmtahanın nəticələri aprelin 7-də emal edilmiş və həmin gün faks və elektron poçt vasitəsilə Naxçıvana göndərilmişdir.

Aprelin 11-də TQDK, İKTMS Layihəsi, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Təhsil siste¬mində informasiya-kommunikasiya texnologiyaları: bu gün və sabah" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda İKT-nin orta və ali təhsil sistemində tətbiqi, İKT-nin təhsilin idarə edilmə¬sində və kadr hazırlığında rolu məsələləri müzakirə olunmuşdur. Tədbirdə İKTMS-nın Milli Koordinatoru M.Abbas¬zadə "İKT-nin təhsildə tətbiqi" mövzusunda məruzə ilə çıxış etmişdir.

Aprelin 21-də "Hyatt Regency" otelində İKTMS Layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan dilində İnternet səhifələrinin pulsuz yerləşdirilməsi üçün resurs" və "Azərbaycanın İnternet səhifələri üzrə axtarış serveri" layihələrinin təqdimat mərasimi keçirilmişdir.

Aprelin 28-dən mayın 2-dək İKTMS layihəsinin Milli Koordinatoru M.Abbaszadə Cenevrə şəhərində Beynəlxalq Ticarət Mərkəzinin Məşvərət Qrupunun illik görüşündə iştirak etmiş və elektron-kommersiya və elektron biznes sahəsində əməkdaşlıq məsələlərində Azərbaycanın mövqe və təklifləri haqqında çıxış etmişdir.

Mayın 5-də "Hyatt Regency" otelində İKTMS Layihəsi çərçivəsində informasiya-kommunika¬siya texnologiyalarına aid qanun layihələrinin müzakirəsinə həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Tədbirdə İKT sahəsində Azərbaycanın qanunvericilik bazasının formalaşdırılma prinsipləri, həmçinin "Elektron rəqəmli imza haqqında", "Elektron sənəd haqqında" və "Elektron ticarət haqqında" qanun layihələri ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə çıxış edən Milli Koordinator M.Abbaszadə bu qanun layihələrinin Azərbaycanda İKT sahəsinin inkişafı üçün əhəmiyyətindən bəhs etmişdir.

Mayın 21-də Bakının "Hyatt Regency" otelində "Azərbaycan İnkişaf Portalı" layihəsinin ikinci mərhələsinin təqdimetmə mərasimi keçiril¬mişdir. Layihə Azərbaycan Hökuməti, Dünya Bankı və BMT İnkişaf Proqramı tərəfindən hazırlanmışdır. Tədbirdə çıxış edən İKTMS Layihəsinin Milli Koordinatoru M.Abbaszadə İKT sahəsi ilə bağlı olan beynəlxalq təşkilatları "Azərbaycana İnkişaf Portalı" layihəsi çərçivəsində əməkdaşlığa çağırmışdır.

TQDK-nın sədri, İKTMS layihəsinin Milli Koordinatoru M.Abbaszadə sentyabr 15-dən 26-dək Cenevrə şəhərində keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinə Hazırlıq Komitəsinin 3-cü iclasında iştirak etmişdir. 154 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Prinsiplər Bəyannaməsi, Fəaliyyət Planı və Ümumdünya Sammitinin keçirilmə Qaydaları müzakirə edilmişdir.

Oktyabrın 7-də "Hyatt Regency" otelində İKTMS Layihəsi çərçivəsində "Azərbaycanın İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinə hazırlığı" mövzusunda Dəyirmi Masa keçirilmişdir. İKTMS Layihəsi üzrə Milli Koordinator M.Abbaszadə informasiya cəmiyyəti üzrə Dünya Sammitinə hazırlıq və Sammitdə müzakirə və qəbul ediləcək sənədlər haqqında geniş məlumat vermişdir.

Noyabrın 6-dan 8-nə kimi Bakının "Avropa" otelində Milli İnformasiya və Kommunikasiya Texnologiyaları və Elektron İdarəçilik məsələlərinə dair beynəlxalq forum keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum iştirakçılarına təbrik məktubu göndərmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, İKTMS-nın Milli Koordinatoru M.Abbaszadə forum iştirakçılarını Azərbaycanda İKT sahəsində görülən işlərlə ətraflı tanış etmişdir.

"Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq abituriyentlərin Azərbaycan dili və ədəbiyyat fənnindən biliyinin daha dərindən yoxlanılmasını təmin etmək məqsədilə Azərbaycan bölməsində Azərbaycan dili və ədəbiyyat fənn blokunda sualların sayı 25-dən 35-ə qədər artırılmış, rus bölməsində isə dil və ədəbiyyat fənn blokuna Azərbaycan dili fənni üzrə 10 sualdan ibarət testlər əlavə edilmişdir.

TQDK Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciətinə əsasən avqustun 28-də C.Naxçıvanski adına Hərbi Liseydə həmin təhsil müəssisəsində dərs demək arzusunda olan müəllimlər üçün test üsulu ilə imtahan keçirmişdir. İmtahanda həm liseydə çalışan pedaqoqlar, həm də şəhərin digər məktəblərində işləyən müəllimlər iştirak etmişlər.

Respublika Prezidentinin sərəncamı ilə vətəndaşların dövlət qulluğuna işə qəbulu zamanı test üsulu ilə yoxlamadan istifadə olunması nəzərdə tutulmuş və bu işin aparılması TQDK-ya həvalə olunmuşdur.

Orta məktəb şagirdləri və abituriyentlərin öz biliklərini kompüter vasitəsilə yoxlaması üçün TQDK tərəfindən respublikada ilk dəfə olaraq “Elektron test” tədris-metodiki vəsaitlərinin hazırlanmsına və onların kütləvi tirajla buraxılmasına başlanılıb. Kompakt disklər şəklində buraxılan bu vəsaitlərin hər birində 11 fənn üzrə yeni tədris proqramlarını əhatə edən test tapşırıqları yerləşdirilib.

2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT və Beynəlxalq Telekommunikasiya ittifaqı tərəfindən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilmişdir. Azərbaycanı Sammitdə Respublika Prezidenti İlham Əliyevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil etmişdir. Prezident İlham Əliyev Sammitdə böyük nitq söyləmiş, Azərbaycanda İKT-nın inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və Milli fəaliyyət Proqramının başlıca istiqamətlərindən bəhs etmişdir. Ölkə başçısı Sammit çərçivəsində təşkil edilmiş sərgidə ölkəmizin nailiyyətlərini əks etdirən stend, kitablar və broşurlarla tanış olmuşdur. Nümayəndə heyətinin üzvü, İKTMS-in Milli Koordinatoru M.Abbaszadə Sammitdə məruzə ilə çıxış etmişdir.

TQDK 2004-cü ildə xüsusi texnoloji proqramlardan istifadə etməklə ali məktəbə qəbul imtahanı verən abituriyentlərin cavablarının ekspertizasını keçirmiş və müəyyənləşdirmişdir ki, III ixtisas qrupunun bir qisim abituriyenti imtahan zamanı hazır cavablardan (şparqalkalardan) istifadə etmişdir. TQDK Tələbə Qəbulu Qaydalarının 12-ci bəndinə əsasən 99 nəfər abituriyentin imtahan nəticələrini ləğv etmiş və bundan sonra III ixtisas qrupunda yeni yerləşdirmə aparmışdır. Nəticədə 403 abituriyent ərizəsində göstərdiyi və daha çox arzuladığı ixtisasa yerləşdirilmiş, müsabiqəyə buraxılan 34 abituriyent isə tələbə adı qazanmışdır. Qəbul Qaydalarının pozulması ilə əlaqədar aparılan ilkin araşdırmanın nəticələri Respublika Prezidentinə məruzə olunmuşdur. Ölkə başçısı məsələnin sonrakı araşdırılmasını MTN-ə tapşırmışdır. MTN-nin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində imtahan suallarının çap olunduğu kitabçaları Komissiyanın qapalı rejimdə işləyən mətbəəsindən çıxarmağa müvəffəq olan, onların əsasında cavab variantları hazırlayıb çoxaldan və onları valideynlərə və abituriyentlərə paylayan bir qrup şəxs həbs edilmişdir. MTN-nin apardığı yoxlamalar nəticəsində o da müəyyən edilmişdir ki, TQDK-nın informasiya bazasına heç bir müdaxilə olmamışdır və yaradılmış sistem özünü intelektual səviyyədə etibarlı şəkildə qoruya bilmişdir.

Ali məktəblərə ən yüksək balla qəbul olan tələbələrin Prezident təqaüdünə layiq görülməsi ənənəsi bu il də davam etdirilmişdir. Respublika Prezidenti İlham Əliyevin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 100 nəfər tələbəyə hər biri beş yüz min manat məbləğində olmaqla Prezident təqaüdü verilmişdir. Ölkə başçısının 30 sentyabr 2004-cü il tarixli fərmanı ilə Prezident təqaüdçülərinin sayı 25-dən 100 nəfərə, təqaüdlərin məbləği isə 200 min manatdan 500 min manata qaldırılmışdır. Bu mükafatlandırma münasibətilə TQDK Azərbaycan Dövlət Televiziyası ilə birlikdə Prezident təqaüdçülərinin, qabaqcıl müəllimlərin, alimlərin, ziyalıların və valideynlərin iştirakı ilə xüsusi mərasim keçirmiş, tədbir televiziya ilə nümayiş etdirilmiş, Prezident təqaüdçüləri tərəfindən Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. TQDK dövlət qulluğuna qəbulla bağlı TACIS tərəfindən yaradılan işçi qrupuna daxil edilib. 2004-cü ilin noyabr ayında ölkədə ilk dəfə olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin vakant yerlərinə işçi qəbul etmək məqsədilə test imtahanı keçirilməsi nəzərdə tutulub. İmtahanın məzmunu və qiymətləndirmə meyarlarını müəyyən etmək üçün TQDK XİN ilə birlikdə hazırlıq tədbirləri görür.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq bu il Respublikanın Baş Prokurorluğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün test imtahanlarından və söhbətdən ibarət müsabiqə keçirməyi nəzərdə tutmuşdur.