2007-2008

Line Spacing+- AFont Size+- Çap
Abituriyentlərə kömək məqsədilə “pretest layihəsi” çərçivəsində internet vasitəsilə əvəzi ödənilmədən (pulsuz) virtual sınaq imtahanları keçirildi.

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirildi.

“Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən aprelin 7-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay, Əli-Bayramlı, Lənkəran, Qusar və Xaçmazda rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən test imtahanı keçirildi.

Abituriyentləri qəbul prosesinin qaydaları və texnologiyası ilə daha ətraflı tanış etmək məqsədilə “Abituriyentin bələdçisi” kitabı çap edildi. Kitabda imtahanlara hazırlığın başlanğıcından tutmuş sənəd qəbuluna, imtahan gününə hazırlıqdan tutmuş imtahana və imtahanın nəticələri elan olunan mərhələyə qədər bütün proseslərin xronoloji ardıcıllıqla və sistemli qaydada izahı verildi.

2007-ci il aprelin 28-də ölkənin 15 dövlət orqanında 189 vakant dövlət qulluğu vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirildi. İmtahanda 846 namizəd iştirak etdi. 325 namizəd 80 və daha artıq bal toplayaraq, müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazandı.

May ayında Amerika Birləşmiş Ştatlarının “Təhsil Testi Xidməti”nin (Educational Testing Service) nümayəndələri USAID (Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi) əməkdaşlıq layihəsi çərçivəsində növbəti dəfə ölkəmizə işgüzar səfərə gəldilər. ETS nümayəndələri TQDK-nın fəaliyyəti ilə yaxından tanış olmuş və Komissiyada seminar-məşğələlər keçirmişlər.

YUNESKO tərəfindən 2001–2007-ci illərdə dünyada təhsil sahəsində mövcud olan korrupsiya halları 25 ölkənin nüfuzlu mütəxəssislərinin iştirakı ilə araşdırılmış və 315 səhifəlik hesabat hazırlanmışdır. İyunun 8-də həmin hesabatın əsas müddəaları haqqında mətbuatda açıqlama dərc olundu. Hesabatın qəbul imtahanlarının keçirilməsi ilə bağlı hissəsində Azərbaycanın tələbə qəbulu sahəsindəki təcrübəsi 60 ölkə arasında müsbət rəy alaraq nümunə kimi göstərildi. Hesabata dair mətbuata verilən açıqlamada ölkəmizlə bağlı qeyd olunmuşdur: “Burada informasiya texnologiyalarının tətbiqi və müstəqil Komissiya tərəfindən nəzarətin həyata keçirilməsi ali məktəblərə qəbul imtahanlarının aparılmasında və biliklərin qiymətləndirilməsində şəffaflığın təmin olunmasına kömək etmişdir”.

İyunun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı və Səhiyyə Nazirliyində həkimlərə ixtisas dərəcəsi verilməsi üçün test imtahanı keçirildi.

Ölkəmizdə ilk dəfə olaraq magistraturaya sənədlərin qəbulu internet vasitəsilə həyata keçirildi. Bakalavrlar internetdə "Bakalavrın elektron ərizəsi" formasını doldurmuş, ikinci mərhələdə isə ali məktəblərdə TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müraciət edərək “Elektron ərizə”lərini rəsmiləşdirmişlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iyunun 23-də 15 dövlət orqanında dövlət qulluğuna işə qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün növbəti test imtahanı keçirdi. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunmuş və 3 saat davam edən imtahanın nəticələrinə görə ümumi balı 80 və daha artıq olan 738 nəfər namizəd növbəti mərhələyə buraxılmışlar.

İnternet vasitəsi ilə Dövlət və qeyri-dövlət ali məktəblərinin boş qalan plan yerlərinə və ali məktəblərə qəbul imtahanlarında toplanan ballar əsasında orta təhsil bazasından (11 illik təhsil) orta ixtisas məktəblərinə ərizə qəbulu aparıldı.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı xarici ölkələrin ali məktəblərinin magistraturasında təhsil almaq istəyən bakalavrlar üçün müsabiqə elan edildi.
Sentyabrın 6-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransa və Rusiya Federasiyasının təhsil müəssisələrinin bakalavr pilləsində tibb ixtisasları üzrə təhsil alacaq gənclərin seçimi ilə əlaqədar müsahibə keçirildi.

Sentyabrın 16-dan 21-dək Bakı şəhərində TQDK-nın təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın növbəti 33-cü konfransı keçirildi. Beynəlxalq konfransda dünyanın 40 ölkəsindən 200-dən çox nümayəndə iştirak etdi. Konfransda 100-dən çox məruzənin təqdimatı olmuşdur. TQDK-nın əməkdaşları konfransın bütün bölmələrində məruzələrlə çıxış etmişlər. Konfransa təqdim olunmuş məruzə və tezislər tədbir başa çatan vaxtdan konfransın rəsmi internet saytında (iaea2007.tqdk.gov.az) yerləşdirildi.

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 33-cü Konfransında Beynəlxalq Assosiasiyanın tranzit ölkələri seksiyasının təşkil edilməsi qərara alındı və bu seksiyaya başçılıq etmək Azərbaycana həvalə olundu.

TQDK oktyabr-noyabr aylarında qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək məqsədilə fənlər üzrə yeni dərs vəsaitlərinin və test kitabçalarının təkmilləşdirilmiş nəşrlərini çap etdi.

2007-ci il noyabrın 24-də “Notariat haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçirildi. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirildi.

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosasiya (TQBA) yekdilliklə TQDK sədri Məleykə Abbaszadə qurumun İcraiyyə Komitəsinə üzv seçmişdir. TQBA prezidenti Xanım Karlton Məleykə Abbaszadənin TQBA-nın İcraiyyə Komitəsində gələcək fəaliyyətinin qurum üçün səmərəli olacağına inandığını bildirərək, səmimi təbriklərini çatdırmışdır.

2008-ci il yanvar ayının 14-də TQDK-nın Naxçıvan Muxtar Respublikasında Regional Şöbəsi açıldı. Bu münasibətlə keçirilən mərasimdə TQDK sədri Məleykə Abbaszadə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan MR-nın təhsil naziri Piri Nağıyev, TQDK-nın əməkdaşları, Naxçıvan ictimaiyyətinin nümayəndələri iştirak ettdilər.

TQDK 2008/2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə internet vasitəsi ilə ərizələrin qəbuluna başladı. İlk dəfə olaraq belə bir kütləvi prosesdə informasiya texnologiyalarının tətbiqi sayəsində gənclər ərizələrini artıq kağız formada deyil, elektron formada təqdim edirlər.