AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

2011-2012

Line Spacing+- AFont Size+- Çap

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 28 nömrəli qərarı ilə TQDK-nın strukturunda və ştat cədvəlində bir sıra dəyişikliklər edilmiş, Komissiyanın mərkəzi aparatında ştat vahidlərinin sayı artırılmışdır.

Mobil texnologiyaların imkanlarından istifadə edən TQDK yeni bir xidməti – SMS MƏLUMATLANDIRMA xidmətini istifadəyə vermişdir. TQDK-nın AZERCELL və BAKCELL mobil rabitə operatorlarının tərəfdaş şirkətləri ilə bağladığı müqavilə əsasında hər bir vətəndaş TQDK-nın yenilikləri barədə gündəlik məlumatları mobil telefonları vasitəsilə əldə etmək imkanı qazanmışdır. Bu xidmət tələbə qəbulu ilə bağlı yeniliklərdən xəbər tutmaq istəyən insanlar üçün əlavə informasiya mənbəyi rolunu oynayır.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə TQDK-nın 4 əməkdaşı – Allahverdiyev İlqar Mübariz oğlu, Məmmədova Nərminə İsrafil qızı, Süleymanova Fərəh Səməd qızı və Şelaginov Oleq Yevgeniyeviç “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

TQDK müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edərək virtual ödəmə kartlarını sms-lə əldə etməyə imkan verən yeni sistemin tətbiqinə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi yaradılmışdır. Siste­mə Azərbaycan Respublikasının bütün ali və or­ta ixtisas təhsili müəssisələrinin qoşulması nə­zər­də tutulmuşdur. Bununla əlaqədar oktyabrın 27-də Bakı şəhərində yerləşən ali təhsil müəs­si­sələrinin məsul şəxslərinin ilk iclası keçiril­miş­dir. İclasda təhsil müəssisələrində yerləşən işçi stan­siyalarda çalışacaq məsul şəxs və opera­torların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunmuş və qrafik müəyyən edilmişdir. Oktyabrın 31-dən etibarən treninqlərə başlanmışdır.

2012 ci il martın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun dövlət elektron məlumat sistemi”istifadəyə verildi. Təhsil sisteminin idarə edilməsi, təhsil siyasətinin müəyyən edilməsi, təhsildə baş verən problemlərin vaxtında aşkar edilməsi və onların həlli ilə bağlı müvafiq qərarların qəbul edilməsi, biliyin öyrədilməsi və onun son nəticədə əmtəəyə çevrilərək ölkəmizə divident verməsi, dövlət orqanlarının təhsil sistemi ilə informasiya mübadiləsi İKT-dən istifadə etməklə daha effektiv həyata keçirilə bilər.

TQDK-nın AZERCELL və BAKCELL mobil rabitə operatorlarının tərəfdaş şirkətləri ilə bağladığı müqaviləyə yeni bir mobil operator-“Nar Mobile” də əlavə olundu. Artıq nəticələr elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ölkə başçısının 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilərək:

– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi;

– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir.

Prezident fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasına:

– aparatında bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması;

– üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmək;

– ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi;

– TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi

qərara alınmışdır.

Məlum olduğu kimi, Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir. Artıq 20 ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu uğurla həyata keçirən TQDK Respublika Prezidentin Fərmanından irəli gələn dəyişikliklərlə bağlı öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, buraxılış imtahanlarını da qəbul imtahanları kimi, mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə keçirmək üçün geniş tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir.