AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
Mayın 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliuteni və Vytautas Magnus Universitetinin rektoru Ziqmas Lidekanı qəbul etmişdir.

Görüşdə Azərbaycanla Litva arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Məleykə Abbaszadə, təhsil və biliyin qiymətləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunmuşdur.
Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, TQDK tərəfindən kecirilən müsabiqə yolu ilə hər il bu ölkənin tanınmış universitetlərinə Azərbaycandan olan tələbələrin təhsil almaq üçün göndərildiyini xatırladan sədr, bu istiqamətdə münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirinin səlahiyyətlərini icra edən Şarunya Kubiliute ölkələrimiz arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Rəsmi qonaq bildirmişdir ki, onlar azərbaycanlı tələbələrin Litvada təhsil almasına maraq göstərirlər. Bu da TQDK xətti ilə seçilən tələbələrin daha bilikli olması ilə izah olunur. 

Vytautas Magnus universitetinin rektoru Ziqmas Lideka rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat vermiş və qeyd etmişdir ki, bu universitet Litva Respublikasında təhsil nailiyyətlərinə görə ən yaxşı universitetlərdən hesab olunur. Qonağın sözlərinə görə, Vytautas Magnus Universitetində bir neçə azərbaycanlı tələbə təhsil alır və onlar da öz bilik səviyyələrinə görə digər tələbələrdən müsbət mənada fərqlənirlər. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.