Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
07.12.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun aparıcı məsləhətçisi Cavanşir Orucov 2012-ci il dekabrın 2-dən 4-dək Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirilməsi üzrə Milli Mərkəzinin dəvəti ilə paytaxt şəhəri Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak etmişlər. “Ali təhsil üzrə qəbul meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən 100-dən çox nümayəndə iştirak etmişdir. Konfransda 60-a yaxın məruzənin təqdimatı olmuşdur. Dekabrın 4-də “Qəbul meyarları üzrə beynəlxalq təcrübələr” adlı sessiyada Samirə Həsənzadə “Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul” mövzusunda məruzəni təqdim etmişdir. Konfransda digər ölkələrin qiymətləndirmə sahəsində təcrübələri, testlərin hazırlanma texnologiyası, qəbul testlərinin nəzəri əsasları və hazırlanmasının mərhələləri, testlərin ballarla qiymətləndirilməsi və təhlili, test imtahanının keçirilməsi, qəbul imtahanları meyarları üzrə beynəlxalq təcrübə, qəbul testləri və cəmiyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə və s. mövzularda məruzələr dinlənilmiş, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.