AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
21.11.2012
Noyabrın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaranmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: İnkişaf mərhələləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda TQDK rəhbərliyi və kollektivi, ictimai xadimlər, tanınmış ziyalılar, universitet rektorları, pedaqoji ictimaiyyətin nümayəndələri, Türkiyə, Niderland, Rusiya, Qazaxıstan, Tacikistan və s. ölkələrdən olan təhsildə qiymətləndirmə qurumlarının rəhbərləri və nümayəndələri, KİV təmsilçiləri iştirak etmişlər. 
 
TQDK-nın sədr müavini Namiq Babayev konfrans iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. 

Sonra söz TQDK sədri Məleykə Abbaszadəyə verildi.
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: nailiyyətlər, inkişaf perspektivləri” mövzusunda geniş məruzə ilə çıxış edən Komissiya sədri bildirdi ki, 1992-ci ildən fəaliyyət göstərən TQDK bu illər ərzində çox çətin və şərəfli bir yol keçmişdir. Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummili lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub.
İlk vaxtlar TQDK yalnız bakalavr səviyyəsinə qəbul prosesini həyata keçirirdisə, bu gün daha geniş səlahiyyətlərə malikdir. Magistratura və rezidentura səviyyələrinə qəbul, ümumi orta və tam orta təhsil bazasında təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi, müxtəlif dövlət orqanlarına işə qəbul imtahanlarının aparılması, eləcə də qiymətləndirmə, monitorinq istiqamətindı TQDK zəngin təcrübə əldə etmişdir. 
 
Sədr qeyd etdi ki, ötən 20 il ərzində TQDK-nın keçirdiyi 22 növ imtahanda 2 milyon 155 min insan iştirak edib. Bu o deməkdir ki, TQDK-nın keçirdiyi imtahanlarda ölkəmizdə demək olar hər bir ailənin ən azı bir üzvü iştirak etmişdir. 
 
TQDK sədri Komissiyanın 1999-cu ildən etibarən əhaliyə elektron xidmətlər göstərməyə başladığını və bu sahədə ölkəmizdə ilk dövlət qurumlarından biri olduğunu xatırlatdı. Qeyd etdi ki, hazırda TQDK-nın göstərdiyi elektron xidmətlərdən hər il 200 mindən çox insan yararlanır. 1995-ci ildən TQDK-da “Mənim məktəbim” portalı yaradılıb. Həmin portala 4500 məktəbin qəbul imtahanlarında göstərdiyi göstəricilər əks olunub. Bu ildən həmin portala şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələr də daxil olub. TQDK-da “Tələbə-məzun elektron bazası”nın yaradıldığını deyən M.Abbaszadə bidirdi ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar daxil olub. Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar. İndiyədək ali məktəblər tərəfindən bazaya 83 mindən çox insan haqqında məlumat daxil olub. 

Sonra söz Türkiyənin Ölçmə, Seçmə, Yerləşdirmə Mərkəzinin başkanı Ali Demirə verildi. TQDK-nı yubiley münasibəti ilə təbrik edən qonaq bildirdi ki, bu gün dünyada yalnız şirkətlərin, qurumların deyil, ölkələrin də ən qarşılarına qoyduqları ən əsas məqsədlərdən biri insan yetişdirməkdir. Bu prosesdə isə ən mühüm cəhət hər bir şəxs üçün bərabər imkanların yaradılmasıdır. Odur ki, təhsilin qiymətləndirilməsi sahəsində ixtisaslaşmış qurumların üzərinə böyük məsuliyyət düşür. Bu sahədə TQDK-nın fəaliyyətini yüksək qiymətləndirən Ali Demir Türkiyə Respublikasında qiymətləndirmə sistemi barədə geniş məlumat verdi. 
 
Daha sonra Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosasiyanın İcra Komitəsinin üzvü, Niderlandın CİTO qurumunun İcraçı direktoru Yan Vigers çıxış etdi. TQDK-nın bütün kollektivini yubiley münasibəti ilə təbrik edən beynəlxalq ekspert Komissiyanın həyata keçirdiyi elmi-metodiki, təşkilati işləri və TQDK-nın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosasiyanın işindəki fəaliyyətini yüksək qiymətləndirdi. Y.Vigers qeyd etdi ki, ilk dəfə olaraq TQBA regionda konfransını Azərbaycanda keçirmişdir. Konfransın işində 40 ölkədən 200-dən çox nümayəndə iştirak edirdi və bəzi mühüm qərarlar qəbul edildi. Qonaq bunu TQDK-nın qiymətləndirmə sahəsində beynəlxalq nüfuzunun xeyli yüksək olmasına əyani sübut kimi önə çəkdi. Daha sonra qonaq təmsil etdiyi beynəlxalq qurumun fəaliyyətindən və qarşısında duran perspektivlərdən söz açdı.
Konfransda çıxış edən Rusya Federasiyasından V.P. Kiselyova, Qazaxıstan Respublikasından Jandos Axmetov, Tacikistan Respublikasından Səfzəli Cəfərov TQDK-nın fəaliyyətini və konfransın işini yüksək qiymətləndirdilər. Konfrans TQDK-nın ekspertlərinin çıxışları və təqdimatları ilə davam etdirildi.