AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
22.02.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Oleq Şelaqinov Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçirilmiş elmi-praktik seminarda iştirak etmişlər.

Seminarda ilk çıxış edən Qazaxıstan Respublikasının Milli Test Mərkəzinin direktoru Kali Abdiyev ölkəsində ali məktəblərə qəbul imtahanlarının texnologiyası, strukturu, məzmunu barədə geniş məlumat verib. O, Qazaxıstan Respublikasında 2004-cü ildən etibarən Vahid milli test imtahanlarının keçirildiyini bildirib.

Abdiyev qeyd edib ki, Qazaxıstanda 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırki imtahan sisteminin dəyişdirirlməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub. Bu məqsədlə 2013-cü ildə yeni qəbul imtahanı formatında eksperiment aparılması planlaşdırılır.

K.Abdiyev bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən Azərbaycan Respublikasından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təcrübəsini öyrəndiklərini vurğulayıb.

Seminarda TQDK sədri M.Abbaszadə “Azərbaycan Respublikasında ali məktəblərə qəbul imtahanları təcrübəsi” mövzusunda çıxış edərək ölkəmizdə ali məktəblərə qəbul imtahanları prosesi, bu sahədə əldə olunmuş zəngin təcrübə barədə ətraflı məlumat vermişdir.
Seminarda həmçinin Niderlandın “CİTO İnternational “ qurumunun direktoru Henk Moelands, İsrailin Milli Qiymətləndirmə və Test İnstitutunun baş direktoru Yov Koxen, Qırğızıstan Respublikasının Təhsildə Qiymətləndirmə və Təlim Metodları Mərkəzinin direktoru İnna Valkova, “Anglia assesment” təşkilatından baş məsləhətçi Alqirdas Zabulionis çıxış etmişlər.

Tədbirdə ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi istiqamətində fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi vurğulanmışdır.