Beynəlxalq əlaqələr

Line Spacing+- AFont Size+- Çap
29.11.2011
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Nigar Hüseynova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə 2011-ci il 24-25 noyabr tarixlərində Bratislava şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

Konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olmuşdur.

Qeyd edək ki, təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyatı qurum kimi məhz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını dəvət etmişlər.
Təsadüfi deyildir ki, 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş “Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?” adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilmişdi.

Konfrans tərəfindən yayılan hesabatda deyilir:
Aparılmış çoxillik tədqiqatların nəticələrinə əsasən, təhsil sahəsində korrupsiya halları ölkənin iqtisadi yüksəlişinə də mane olur. Təhsildə korrupsiya şagirdlərin bilik və bacarıqlarının zəif inkişafına gətirib çıxarır ki, bunun nəticələrini aradan qaldırmaq baha başa gəlir və ümumi iqtisadi yüksəlişə də ciddi təsir göstərir.

Tədqiqatlara əsasən PİSA qiymətləndirmələrində ABŞ məktəblilərinin orta göstəricilərinin çox ciddi şəkildə - 25 pillə yüksəlməsi bu ölkədə bir nəsilin həyatı boyunca ümumi daxili məhsulun 115 trilyon dollar artması ilə nəticələnəcəkdir. Təhsildə korrupsiya dövlət xərclərinə və gəlirlərin ədalətli bölgüsünə də mənfi təsir göstərir. Maliyyə və kadr resursları baxımından dünya ölkələrinin əksəriyyətində təhsil – birinci, yaxud ikinci ən böyük bölmə hesab olunur. Ona görə də əminliklə bildirmək olar ki, bu sahədə korrupsiya hallarının mövcudluğu dövlət xərclərinin effektiv paylaşdırılması baxımından ciddi nəticələrə gətirib çıxara bilər.