Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada 1992-ci ildən həyata keçirilsə də, magistratura səviyyəsinə qəbul 2005-ci ildən aparılır. Magistratura səviyyəsinə qəbulu 1997-ci ildən 2004-cü ilədək ali məktəblər özləri həyata keçirirdi. Bu qəbulun bir sıra çatışmazlıqları mövcud idi. 

Belə ki:
Hər təhsil müəssisəsinin özünəməxsus qəbul qaydaları var idi. Ayrı-ayrı ali təhsil müəssisələrində qəbul imtahanları forma və məzmun etibarı ilə fərqlənirdi.
Namizədlərin seçimi yalnız bir təhsil müəssisəsinin bir ixtisas­laşması ilə məhdudlaşırdı.
Qiymətləndirmədə subyektiv amillərin geniş yer alması qaçılmaz idi.
Bütün ixtisaslar üçün vahid dövlət təhsil standartı yox idi. Eyni bir ixtisas üzrə fərqli universitetlərin bəzən biri digərindən kəskin şə­kil­də fərqlənən tədris planı və standartı mövcud idi. Bu səbəbdən də bir universitetin məzunları praktik olaraq başqa universitetin ma­gis­tratura səviyyəsində təhsilini davam etdirmək hüququnda olmurdu.
Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə uyğun olaraq, həmin ildən etibarən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulu TQDK həyata keçirməyə başladı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”na əsasən, rezidenturaya qəbul da qanunvericiliklə müəyyən olunmuş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edildi.
Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi (ATYÖMİŞ) TQDK-da magistratura və rezidentura üzrə test tərtibinə dair elmi-metodiki materialların hazırlanmasını, müəyyən olunmuş metodika əsasında müasir tələblərə və müvafiq standartlara cavab verən test materiallarının tərtib olunmasını, testlərin təhlil və ekspertizasının aparılmasını, test bankının mütəmadi zən­ginləşdirilməsini təmin edən qurumdur. Şöbənin tərkibi 2 sektordan ibarətdir:
  • Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektoru
  • Rezidentura üzrə sektor
Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektoru Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistra­tura səviyyəsinə qəbul qaydalarını hazırlayır. Qəbul imtahanlarına daxil olan fənlər üzrə yoxlama-ölçmə materiallarının tərtibi metodikasına aid elmi-metodiki seminarlar təşkil edir. Seminarlarda respub­li­ka­nın ali təhsil müəssisələrinin, digər təhsil qurumlarının, elmi və me­to­diki mərkəzlərin mütəxəssislərinin iştirakını təmin edir. Ma­gistratura səviyyəsinə qəbul imtahanı proqramlarını və bu proqramlar üzrə yoxlama-ölçmə materiallarının tərtib edilməsi üçün ümumi metodiki göstərişləri hazırlayır, testlərin ekspertizadan ke­çirilməsini, test bankına daxil edilməsini və onun zənginləşdiril­məsini təmin edir. Mütəmadi olaraq, mövcud olan test bankının təf­tişini aparır, ildən-ilə daha da təkmilləşdirilən qəbul proq­ram­larına uyğunlaşdırır. İmtahanların məzmununa dair materialları – məntiqi təfəkkür, xarici dillər, informatika və ixtisaslaşmalar üzrə qəbul proqramları, model test tapşırığı nümunələri, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli, qəbul aparılan ixtisas­laş­malar haqqında məlumatları və digər materialları “Magistr” jurnalında dərc etdirərək bakalavrların istifadəsinə verir. Sektorda həmçinin daxil olan məktub və müraciətlərin araşdırılması və cavablarının hazırlanması işi yerinə yetirilir.
Rezidentura üzrə sektor rezidentura səviyyəsinə qəbul qaydalarını hazırlayır. Baza ali tibb təhsili əsasında rezidentu­ra­ya qəbul proqramlarını, həm baza fənləri, həm də ixtisas fənləri üzrə test tapşırığı nümunələrini “Rezidentura” jurnalında dərc etdirərək, rezidentura səviyyəsinə qəbul olmağa hazırlaşan na­mi­zəd­lərin istifadəsinə verir. Bundan əlavə, sektor namizədlərin rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməsinə, hansı proqramlar əsasında imtahana hazırlaşmasına kömək məqsədi ilə tövsiyələr hazırlayır, namizədlərin cavab verməkdə çətinlik çək­dik­ləri bəzi test tapşırıqlarının izahını və digər materialları dərc etdirir.

Yoxlama-ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsi

Şöbənin əsas vəzifələri hər bir fənn üzrə test tapşırıqları bazasının (TTB) yaradılması təftişi və ekspertizasının təşkili və həmin bazalardan istifadə etməklə müxtəlif təyinatlı imtahanların sual kitabça­larının hazırlanmasıdır.
TQDK qəbul imtahanlarını keçirməyə başladığı ilk illərdə (1992-1994-cü illər) hələ TTB-lər yox idi. Sual kitabçalarını formalaşdırmaq üçün tələb olunan test tapşırıqları imtahandan bir neçə gün əvvəl yaradılan ekspert qrupları tərəfindən məxfi şəraitdə yazılır, redaktə olunur və kitabça şəklinə salınaraq çoxaldılmaq üçün mətbəəyə göndərilirdi. Bütün ixtisas qrupları üçün test tapşırıqları vahid sual kitabçasında bloklar şəklində toplanırdı. Test tapşırıqlarının kitabçada paylanma ardıcıllığı, düzgün cavabların sıralanması məsul şəxs tərəfindən müəyyən olunurdu. Göründüyü kimi, prose­sin bütün mərhələlərində insan amili mühüm rol oynayırdı. Bu da öz növbəsində test tapşırıqlarında müəyyən elmi və texniki səhvlərə gətirib çıxarırdı. Tələbə qəbulu kimi kütləvi prosesdə belə hal qənaətbəxş sayıla bilməzdi.
Test tapşırıqlarının hazırlanması prosesini müəyyən standart və tələblərə uyğun həyata keçirmək, sual kitabçalarının hazırlanması prosesində insan amilinin bilavasitə rolunu azaltmaq, bu prosesi mümkün qədər avtomatlaşdırmaq, nəzarəti daha da gücləndirmək və məxfiliyin qorunmasını təmin etmək üçün şöbə qarşısında iki başlıca vəzifə dururdu:
1. Hər bir imtahan fənni üzrə test tapşırıqları bankının yaradılması;
2. Bankların emalı, idarə olunması və sual kitabçalarının hazır­lanması prosesinin bütün mərhələlərini avtomatlaş­dırmaq məqsədilə proqram təminatının yaradılması.

1994-cü ildən etibarən TQDK nəzdində fənlər üzrə elmi-metodiki seminarların təşkil olunması birinci məsələnin həllinə böyük kömək oldu. Həmin seminarlarda məktəb proqramları əsasında qəbul imtahanı proqramları tərtib olundu, test tapşırıqlarına qoyulan tələblər müəyyən edildi, testlərin tərtibi üçün tövsiyələr müzakirə olundu. Həmin seminarların iştirakçıları sırasından hər fənn üzrə ekspert qrupları yaradıldı, müəlliflərdən test tapşırıqlarının qəbulu işi təşkil olundu. Ekspert qrupları daxil olmuş test tapşırıqlarının qəbul proqramlarına uyğunluğunu, elmi və metodiki cəhətdən düzgünlüyünü və test tapşırıqlarına qoyulan tələblərə cavab ver­mə­sini yoxlayır, lazım gəldikdə düzəlişlər edir və öz rəylərini test vərəqinin üzərində ayrılmış yerdə qeyd edirdi. Qəbul olunmuş test tap­şırıqları bölmələr, mürəkkəblik dərəcəsi və relevantlıq gös­təri­ci­sinə görə çeşidlənərək bank şəklində kompyuterlərə yığılırdı. Hə­min dövrdə ekspert və test tərtibçiləri bazası da təşkil edildi. O vaxt­dan bu bazaya hər bir test tərtibçisi və ekspert barədə, tərtib etdiyi test tapşırıqlarının sayı, ekspertizadan keçirdiyi testlərin sayı və hansı bunkerdə iştirak etdiyi haqqında məlumatlar daxil edilir. Bunun nəticəsində 1995-ci ildən başlayaraq bunkerdə sual kitabçalarına daxil edilən test tapşırıqları formalaşmaqda olan bankdan seçilir.
Bankın yaradılması ikinci məsələnin də həllinin zəruriliyini artırdı. Bunun nəticəsi kimi, 1996-cı ildən etibarən kompyuterdə toplanmış bankın emal və idarə olunması, test tapşırıqlarının bankdan təsadüfi qaydada seçilməsi, imtahan sual kitabçalarının avtomatik formalaş­dırılması üçün “Test for Windows” (Visual Basic for Applications (VBA) alqoritmik dilində) sisteminin yaradılmasına və tətbiq olunmasına başlandı. Sistemin tətbiqi şöbənin fəaliyyətinə, bankın formalaşdırılmasına yeni tələblər qoymaqla yanaşı, işin yeni səviyyədə təşkilinə də imkanlar yaratdı. 

Yeni sistem fənlər üzrə test bankının cari vəziyyəti barədə statistik məlumatlar əldə edilməsinə imkan verirdi ki, bu da öz növbəsində yeni test tapşırıqlarının sifarişinin təşkilində mühüm rol oynayırdı.
Sistemin çox əhəmiyyətli keyfiyyətlərindən biri də prosesin gedişinin təhlükəsizliyini artırması, ona insan amilinin bilavasitə təsirini azaltmasıdır. Bunun şöbənin işinin ən məsuliyyətli hissəsi olan imtahan sual kitabçalarının hazırlanmasında çox böyük əhəmiyyəti vardır. Əsasən, məxfi şəraitdə (bunkerdə) görülən bu işin başlanğıcı üçün tələb olunan ilkin verilənlər müxtəlif mən­bələr­dən daxil olur. İlkin verilənlər dedikdə, testlər bankının konkret tarixdə fiksə olunmuş vəziyyəti (hər bir imtahandan qabaq parolla mühafizə olunaraq diskdə rəhbərliyə təhvil verilir), fayl şəklində texniki tapşırıqlar (texniki qrupa birbaşa bunkerdə təqdim olunur), təsadüfi ədədlər a) sistemin startı üçün (TQDK rəhbərliyi müəyyən edir); b) hər bir fənn üzrə ilkin test komplektlərinin formalaş­dırılması üçün (bunkerdə olan ekspertlər tərəfindən müəyyən edilir); c) müəyyən test komplektindən tələb olunan sayda törəmə komplektlərin alınması və etalon cavabların sırasının müəyyən edilməsi üçün nəzərdə tutulur. Bütün bunlar bunkerin protokolunda qeyd olunur və imzalarla təsdiq edilir. Bundan əlavə, bütün bunker materialları arxivdə saxlanılır. İşin belə qurulmasında məqsəd heç kimin imtahana hansı test tapşırıqlarının düşəcəyini, etalon cavabların sırasının necə formalaşacağını əvvəlcədən bilməməsini tam təmin etməkdir. Hər bir bunkerin işi yoxlanılır və həmin verilənləri daxil etdikdə nəticə bunkerdə alınanla üst-üstə düşməlidir. Bu yolla təhlükəsizlik, məxfilik və obyektivliyin qorunması tam təmin olunur.

Sözsüz ki, yaradılmış sistem artan tələblərə cavab vermək üçün daim təkmilləşdirilir, yeni funksiyalarla təchiz olunurdu. Lakin fənlər üzrə test banklarının həcminin böyüməsi, sayının artması, şöbə qarşısında qoyulan vəzifələrin çoxalması yeni sistemin yaradılmasını zəruri edirdi. Bunun həlli üçün 2010-cu ildən etibarən “Test Processor” sistemi yaradılmış, test bankları Oracle VB-də yerləşdirilmişdir. Yeni sistem banklarla işi, müxtəlif səpkidə statistik məlumatların hazırlanmasını və bankların qorunmasını yeni səviyyəyə qaldırmış, hər bir görülən işin avtomatik olaraq protokollaşdırılmasını təmin etmişdir. 

Yeni sistem 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarının sual kitabçalarının hazırlanmasında uğurla sınaqdan çıxmışdır. İki il ərzində sistem xeyli təkmilləşdirilmiş, yeni funksiyalar və imkanlarla təchiz olunmuşdur. Bu yeniləşmənin əsas amillərindən biri dövlət tərəfindən TQDK qarşısında qoyulan vəzifələrin ildən-ilə artması, Komissiyanın öz işində daim yeni mütərəqqi ideyaların tətbiqinə meyilli olmasıdır. Məsələn, qəbul imtahanlarında açıq tipli test tapşırıqlarının tətbiqi, 2011-ci ildən rezidentura səviyyəsinə qəbulun aparılması, 2012-ci ildə ümumi orta təhsil səviyyəsində təh­silalanların biliyinin yekun qiymətləndirilməsinin (attesta­si­yasının) TQDK-ya həvalə edilməsi sistemə xeyli əlavələr edilməsini tələb etmişdir ki, bunlar da qısa zaman ərzində uğurla öz həllini tapmışdır.
Hazırda sistemin tətbiqi ilə ali və orta ixtisas təhsili müəssisələrinə, magis­­tratura və rezidentura səviyyələrinə, hərbi liseylərə, xarici ölkə­­lərin ali məktəblərinə qəbul imtahanları, hakimliyə, pro­ku­ror­lu­ğa, vəkillər kollegiyasına üzvlüyə, daxili işlər və vergi orqan­la­rına, dövlət miqrasiya xidmətinə işə qəbul imtahanları, ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim imtahanı, sınaq imtahanları, attestasiya imtahanları həyata keçirilir. 

Bütün bu imtahanların sual kitabçalarını hazırlamaq üçün (işə qəbul üçün ixtisas sualları istisna olmaqla) TQDK-da müvafiq istiqamətlər üzrə kifayət sayda test bankları formalaşdırılmışdır. Bu banklar hər il ciddi təftiş olunur, köhnəlmiş, tədris proqramlarından çıxarılmış mövzular üzrə test tapşırıqları arxivə göndərilir, yeni tələblərə uyğun test tapşırıqları isə ekspertiza olunaraq banka daxil edilir. Ekspertiza zamanı müəlliflərin anonimliyini təmin etmək, obyektivliyi qorumaq üçün yeni test tapşırıqları müəlliflərdən elektron formada qəbul olunur, şifrələnir və çap olunaraq ekspertlərə təqdim olunur. 

Hər bir test tərtibçisi və ekspert haqqında məlumatlar baza şəklində formalaşdırılır. Hazırda test bankında bakalavriatura üzrə 220 000 test tapşırığı; magistratura üzrə 100 000-nə yaxın test tapşırığı toplanmışdır. “Test müəllifləri” bazasında bakalavriatura üzrə 1000-ə yaxın, magistratura üzrə 800-dən çox ekspert barədə məlumat vardır və bu bazalar ildən-ilə yenilənir və zənginləşir.