AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Şöbə dörd sektoru özündə birləşdirir:
– İmtahanın texnoloji təminatı sektoru
– Məlumat bazalarının yaradılması sektoru
– Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektoru
– Texnoloji nəzarət və informasiya təhlükəsizliyi sektoru

Şöbə aşağıdakı vəzifələri həyata keçirir:
– tələbə qəbulu və digər tədbirlərə aid qaydaların və normativ aktların hazırlanmasında iştirak edir;
– qaydalar əsasında məlumatların işlənməsi texnologiyasını və müvafiq təlimatları hazırlayıb proqram vasitələrini, kompyu­ter sistemlərini yaradır, müşaiyət və istismar edir;
– məlumatların toplanıb məlumat bazalarına əlavə edilməsində istifadə edilən kağız formaların maketlərini hazırlayır, doldurulmuş kağız formalarındakı məlumatları müxtəlif texnologiyalardan istifadə etməklə elektron yaddaş daşıyı­cılarına keçirir, bu məlumatların proqramlar vasitəsilə məntiqi yoxlamasını aparır;
– abituriyentlərə və digər kateqoriyalı iddiaçılara aid olan ilkin məlumatların elektron yaddaş vasitələrinə keçirilməsi üçün kağız texnologiyaları ilə yanaşı, internet texnologiyalarından da geniş istifadə edir, müvafiq proqram təminatı yaradır və istismar edir;
– imtahan iştirakçılarını, imtahanı idarə edən heyəti müvafiq təlimatlar əsasında proqramlar vasitəsilə imtahan binaları və zalları üzrə paylaşdırır;
– məlumat bazalarındakı məlumatlar əsasında imtahanın keçirilməsində istifadə edilən materialları hazırlayır, zəruri hallarda onları tələb olunan qaydada komplektləşdirir;
– imtahandan sonra imtahan materiallarını işləyir, müəyyən edilmiş meyarlar əsasında cavabları qiymətləndirir, abituriyentləri təsdiq edilmiş qəbul qaydalarına və digər normativ aktlara əsasən ixtisaslar üzrə yerləşdirir;
– müsabiqə vəziyyəti, yerləşdirmə nəticələrinə aid məlumatları hazırlayır;
– imtahan iştirakçıları, imtahanları idarə edən heyət, istifadə edilən imtahan yerləri haqqında məlumatları, keçirilmiş imtahanlara aid digər məlumatları elektron arxivə əlavə edir, elektron arxivlə işi təmin edir;
– tələbələrin və məzunların dövlət elektron məlumat bazasının yaradılmasını, idarə edilməsini, aktuallaşdırılmasını, ondan səmərəli istifadə edilməsini təmin edən proqram təminatını yaradır, istifadəçilərə treninqlər keçir, elektron arxivlə bağlı sorğuları araşdırır, onlara cavablar hazırlayır;
– fəaliyyət istiqamətləri üzrə və TQDK-nın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirir.

Şöbənin əsas fəaliyyət istiqaməti Komissiyanın kecirdiyi qəbul imtahanlarının və digər kütləvi tədbirlərin hazırlanması və həyata keçirilməsi prosesinin avtomatlaşdırılmasıdır. Həm imtahanların təşkili, həm ictimaiyyətin zəruri informasiya ilə təmin olunması, həm də imtahan nəticələrinin emalı burada yaradılmış müxtəlif proq­ram təminatları vasitəsilə həyata keçirilir. Yaradılmış kom­pyu­ter proqram təminatları imkan verir ki, on minlərlə insanın iştirak etdiyi imtahanları eyni zamanda müxtəlif yerlərdə (regionlarda) təşkil etmək mümkün olsun.

Hazırda TQDK-da ümumsistem proqram təminatı ilə yanaşı, müxtəlif növ xüsusi proqram təminatlarından da istifadə edilir. Hər bir proqram real iş rejimində işləyənə qədər nümayiş versiyası (demoversiya) şəklində mövcud olur və dəfələrlə sınaqdan çıxarılır. Hər bir proqramı şöbənin ən azı iki əməkdaşı işləyib hazırlayır. Bu da işlərin təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, yəni səhvlərin, digər gözlənilməz problemlərin baş verməsi hallarının qarşısının alınmasına xidmət edir.
Şöbənin mütəxəssisləri tərəfindən hazırlanmış proqram təminatları Komissiyanın fəaliyyət istiqamətlərinə uyğunlaşdırılmışdır. Bu istiqamətlərdən biri də mövcud fəaliyyət sahələri üzrə məlumat bazalarının yaradılmasıdır.
Bununla bağlı Komissiyada aşağıdakı proqramlardan istifadə olu­nur:
  • ali və orta ixtisas təhsili səviyyələri üzrə ixtisas istiqamətləri və ixtisaslar bazasının aparılması sistemi;
  • qəbul planının formalaşdırılması və yoxlanılmasının proqram vasitəsi;
  • ölkədə fəaliyyət göstərən ali, orta və orta ixtisas məktəbləri bazasının aparılmasını təmin edən sistem;
  • ümumi və tam orta təhsili həyata keçirən ümumtəhsil məktəblərində biliyin yekun qiymətləndirilməsini (attes­tasi­yasını) həyata keçirmək məqsədilə buraxılış sinfi şagirdlərinin məlumat bazasının yaradılmasını təmin edən sistem;
  • imtahan iştirakçıları, imtahanları idarə edən heyət, istifadə edilən imtahan yerləri, keçirilmiş imtahanlara aid digər məlumatları elektron formada saxlamağa və işləməyə imkan verən proqram vasitələri;
  • TQDK tərəfindən keçirilmiş bütün imtahanlarla bağlı hər cür məlumatları hər il elektron arxivə əlavə edən və arxivlə işləməyə imkan verən daxili istifadə üçün nəzərdə tutulmuş sistem;
  • ali və orta ixtisas təhsili müəssisələrini və bir sıra dövlət qurumlarını internet vasitəsilə bir məkanda birləşdirən “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi”.
İşlərin operativliyini və yüksək surətini təmin edən və imtahan prosesinə insan faktorunun müdaxiləsini istisna edən proqramlar:
  • optik oxuyucu qurğuda oxudula bilən optik formaların (ərizə for­ması, cavab kartı və s.), müxtəlif printer formalarının (imta­hana buraxılış vərəqəsi, imtahan nəticələri haqqında məlumat blankları və s.) maketlərini tərtib edən proqram vasitəsi;
  • TQDK rəhbərliyi tərəfindən təsdiq olunmuş texniki tapşırığa uy­­ğun olaraq, həm imtahan verən, həm də imtahanı idarə edə­cək səxslərin imtahan yerləri və imtahan zalları üzrə pay­laş­dı­­rılmasının avtomatlaşdırılmasını təmin edən proqram vasitəsi;
  • imtahana buraxılış vərəqələrinin internet vasitəsilə online əldə edilməsi imkanı;
  • imtahan günü imtahan binalarından daxil olan məlumatların qeydiyyatının aparılması və işlənməsi proqramı;
  • abituriyentlərin cavablarının cavab kartından kompyuterə daxil edilməsi və işlənməsi;
  • zallar üzrə imtahan protokollarının işlənməsi və ümumi protokolun tərtib edilməsi;
  • abituriyentlərin cavablarının dəyərləndirilməsi, balların hesablanması, müsabiqənin və ixtisaslar üzrə yerləşdirmənin aparılması sistemi;
  • imtahan nəticələrinin dərci üçün müxtəlif materialların (qəbul olan abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal kecid balları və s.) hazırlanması, Microsoft Word formatına çev­iril­məsi və tələblərə uyğun formatlaşdırmasını təmin edən proqram vasitəsi.
Bir sıra proqram təminatları isə məxfiliyin təmin olunmasına və qanun pozuntusunun qarşısının alınmasına yönəlib. Belə proqramlardan biri olan “Münaqişə” proqramı vasitəsilə hər bir abituriyentin şəx­si göstəriciləri, imtahan verdiyi bina, zal, zalda olmuş abitu­riyent­lər, imtahanı aparmış nəzarətçi müəllimlər, imtahan rəhbəri, abituriyentin imtahandakı cavabları və ərizəsində göstərmış olduğu ixtisaslar üzrə müsabiqə nəticəsində yaranmış vəziyyət haqqında tam və dolğun cavab almaq mümkündür.
Şöbənin fəaliyyət istiqamətlərindən biri də ictimaiyyətin məlu­mat­landırılması sahəsində texnoloji bazanın yaradılmasıdır. Digər sahə­lərdə olduğu kimi, bu sahədə də proqram təminatları ilbəil tək­mil­ləşdirilir. 2000-ci ildən etibarən statik məlumatlar toplusu kimi fəaliyyət göstərən internet səhifəsi 2003-cü ildən sonra mükəmməl axtarış sisteminə malik interaktiv sayta cevrilmişdir. İstifadəçiləri maraqlandıran bütün məlumatların interaktiv rejimdə əldə edilməsini təmin edən sistem (qəbul qaydaları, qəbul haqqında elan, qəbul planı, ərizə qəbulunun dinamik statistikası, abituriyentin ərizəsindəki məlumatlar, imtahan nəticələri, imtahanda istifadə edilmiş test tapşırıqları və onların düzgun cavabları, minimal keçid balları, imtahan gününün real zamanda xronikası, məlumat xidməti və forum, müxtəlif sorğular, sınaq imtahanlarının materialları, virtual test imtahanının keçirilməsi və s.) fəaliyyət göstərir. Eyni zamanda, bütün mobil operatorların xidmətindən istifadə olunmaqla qəbul imtahanları ilə bağlı operativ informasiya yerləşdirilməsi təmin edilmişdir. 2006-cı ildən isə WAP xidməti fəaliyyət göstərir. Bu xidmət növü hər bir şəxsə mobil telefon vasitəsilə internet səhifəsindən istədiyi məlumatı ala bilmək imkanı verir. 

Şöbə əməkdaşları tərəfindən hazırlanmış və 2008-ci ildən daha geniş miqyasda tətbiq edilən elektron ərizə qəbulu sistemi magistratura səviyyəsinə qəbulla yanaşı, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə də ərizələrin qəbulunun internet vasitəsilə aparılmasına imkan verib. Elektron ərizə qəbulu sisteminin işini daha da səmərəli təşkil etmək məqsədilə 2008-ci ildə TQDK Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə qoşulub. Bu layihə 2010-cu ildən etibarən ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizə qəbulu prosesinə də tətbiq olunur.

Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin internet vasitəsilə aparılmasının təşkili də mühüm yeniliklərdən biridir. Əvvəlki illərdə abituriyentlərə ixtisas seçimi sahəsində kö­mək müvafiq materialların nəşri yolu ilə göstərilirdisə, 2008-ci ildən bu iş internet vasitəsilə daha operativ şəkildə həyata keçirilir. Bunun nəticəsində abituriyentlərin seçdikləri ixtisasların kodlaşdırılması sahəsində yol verdikləri səhvlər minimuma enib, çünki ixtisas kodu daxil edilərkən sistem online rejimdə onun müxtəlif parametrlərə uyğunluğunu yoxlayır və yalnız bütün ixtisas kodları düzgün olduğu halda ərizə təsdiq olunur.

Vacib layihələrdən biri də ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron qeydiyyatının və qabiliyyət imtahanları üzrə nəticələrin işlənməsinin də internet vasitəsi ilə aparılmasıdır. Bu layihə ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr səviyyəsinə qəbulda 2008-ci ildən, ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbulda isə 2010-cu ildən etibarən həyata keçirilir.
Təhsilin qiymətləndirilməsi sisteminin informasiyalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də abituriyentlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə çatdırılmasının təşkilidir. Bu prosedura 2009-cu ildən başlanıb və hazırda da uğurla davam edir.
Ərizə qəbulu və sınaq imtahanlarının keçirilməsi prosesində ödəmə vasitəsi kimi “Ödəmə kartı”nın elektron satışının tətbiq edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların kart almasını asanlaş­dır­maq məqsədilə TQDK 2009-cu ildə GoldenPay şirkəti ilə müş­tə­rək layihə həyata keçirmişdir. Bunun hesabına vətəndaşlar va­si­təçisiz, istənilən vaxt Visa/VisaElectron və Master/Maestro plastik kartlarından istifadə etməklə TQDK-nın “Ödəmə kartı”nı əldə edə bilirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin yaradılmasının TQDK-ya tapşırılması da diqqətəlayiq hadisədir. Şöbə tərəfindən yaradılmış bu sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.
2010-2012-ci illərdə şöbə xətti ilə aşağıdakı işlər də görülmüşdür:
  • Veb texnologiyaları əsasında tərtib edilmiş “TQDK-nın nəşrlərinin elektron versiyalarının satışı sistemi” istifadəyə verilmişdir. İstifadəçi sistemdə qeydiyyatdan keçdikdən sonra TQDK nəşrlərinin satışda olan elektron versiyalarını seçib onları Visa və MasterCard plastik kartlarından istifadə etməklə ala bilir. Nəşri aldıqdan sonra onun faylını kompyuterə yükləmək və ya istənilən zaman sistemə daxil olub fayldan istifadə etmək mümkün olur.
  • 2011-ci ildən etibarən tam orta təhsil bazasında ümumtəhsil müəssisələrinin cari il məzunlarının attestat nömrələri və yekun qiymətləri barədə məlumatlar TQDK-nın məlumat bazasına yerləşdirilmiş və nəticədə cari ilin məzunları olan abituriyentlər də əvvəlki illərin məzunları kimi bu məlumatları təsdiq etdirmək üçün SQK-ya müraciət etmədən imtahana buraxılış vərəqələrini internetdən çap etmək imkanı əldə ediblər . 
  • Ödəmə kartlarının SMS vasitəsilə satışı (7725, 7735) təşkil edilmişdir.
  • Ali təhsilin magistratura səviyyəsinə keçirilən ixtisas imtahanından sonra imtahan iştirakçılarının cavab kartları skaner vasitəsilə skan edilmiş, onların rəqəmsal təsvirləri fayl şəklində məlumat bazasına daxil edilmiş və internetdə iştirakçıların fərdi səhifələrinə yerləşdirilmişdir. 
  • Ali təhsilin bakalavriat səviyyəsinə keçirilən imtahanlardan sonra apelyasiya komissiyasına müraciət etmiş abituriyentlərin cavab kartları skaner vasitəsilə skan edilmiş, onların rəqəmsal təsvirləri fayl şəklində məlumat bazasına daxil edilmiş və internetdə iştirakçıların fərdi səhifələrinə yerləşdirilmişdir. 

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı