AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Hər bir insan istənilən işi keyfiyyətli görmək üçün öncə həmin işlə əlaqədar plan qurur. İşlərin icrası prosesində isə, ola bilər ki, planlarında müəyyən dəyişikliklər etsin. Bu isə iş görülən zaman qarşıya çıxan gözlənilməz problem və maneələrlə əlaqədar ola, bir sıra obyektiv və subyektiv səbəblərdən irəli gələ bilər. Təbii ki, həmin problem və maneələrlə əlaqədar müəyyən müşahidələr və təhlillər aparılır, müəyyən nəticələrə gəlinir, sonda alınmış nəticələr əsasında plana müvafiq dəyişikliklər edilir. Təhlilin düzgün aparılması düzgün qərar çıxarılmasının əsasını təşkil edir. Düzgün qərar isə öz növbəsində yararlı və işlək planın, yaxud layihənin qarantıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1992-ci ildən bəri hər il res­publikada qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bu proses planlı şəkildə abituriyentlərin bilik və baca­rıq­ları­nın qiymətləndirilməsi vasitəsilə aparılır. Bununla əlaqədar olaraq hər il tələbə qəbulunun elmi-statistik təhlili aparılır və bu təhlillərə əsasən, alınan nəticələr imtahan texnologiyasının təkmilləşdirilməsi, təhsil sisteminin inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin yaxşılaş­dırılması və s. kimi məsələlərin həll olunmasında istifadə edilir. Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar sektorunun işləri də məhz bu istiqamətdə qurulub.

Sektorun fəaliyyətinin əsas istiqamətləri bunlardır:
– imtahanların keçirilməsi üçün layihələşdirmə işlərinin apa­rılması;
– imtahanların nəticələrinin və test tapşırıqlarının elmi-statistik təhlili;
– testologiya sahəsində tədqiqatların və innovasiya işlərinin aparılması;
– sektorun fəaliyyəti ilə əlaqədar tələb olunan tətbiqi proqram təminatının hazırlanması.

Qeyd etdiyimiz kimi, hər hansı bir işi görməzdən öncə onu keyfiy­yətli şəkildə yerinə yetirməkdən ötrü işlək plan və ya layihə hazır­lan­malıdır. İmtahan keçirilməzdən əvvəl imtahan prosesinin bütün mər­hələlərini əhatə edən layihə hazırlanır. Bununla əlaqədar olaraq sek­tor testlərin məzmunu, imtahanın keçirilməsi qaydaları, imtahan nəticələrinin hesablanması, ali və orta ixtisas təhsili müəssisələrinə yerləşdirmənin aparılması və s. ilə bağlı texniki tapşırıqlar hazır­layır. Göründüyü kimi, hələ imtahandan əvvəl onun məzmunu, təşkili və başa çatdıqdan sonra isə görüləcək işlər planlaşdırılır. Təbii ki, bu layihələşdirmə işləri kor-koranə deyil, elmi şəkildə əsaslandırılaraq hazırlanır. Məsələn, bildiyimiz kimi, TQDK hər il bir neçə sınaq imtahanı keçirir. Bu imtahanlar abituriyentlərlə yanaşı, tədqiqatlar üçün də təcrübə-sınaq rolunu oynayır. Hər bir sınaq imtahanından sonra test tapşırıqlarının, yeni test modellərinin necə işləməsi təhlil olunur və müəyyən nəticələr çıxarılır. Bundan sonra bu nəticələr əsasında təkliflər hazırlanır və qərarlar verilir.
Bundan əlavə, qəbul imtahanından əvvəl aparılan təhlillərin (qəbul planının, ərizələrin və müsabiqə vəziyyətlərinin təhlili) nəticəsi də imtahanın təşkili, müsabiqənin aparılması və s. kimi proseslərdə mühüm qərarların verilməsində vacib rol oynayır. Bu cür imtahanöncəsi təhlillər bir çox faydalı məlumatların əldə olun­masına kömək edir. İxtisas qrupları, təhsil müəssisələri və s. üzrə aparılan təhlillər təhsildə sosial sifarişin vəziyyəti haqqında çox də­yərli informasiya verir və nəticədə bütün bunlar ümu­miləşdirilərək qəbul planının hazırlanması zamanı nəzərə alınmaq üçün təklif şəklində aidiyyəti üzrə rəhbər orqanlara təqdim edilir.

İmtahandan sonra çoxsaylı elmi-statistik təhlillər aparılır. Bu təhlilləri aşağıdakı qruplara bölmək olar: imtahansonrası təhlil, test tapşırıqlarının təhlili, imtahan ballarının təhlili, regionlar üzrə təhlil, təhsil müəssisələri üzrə təhlil, gender aspektlərinin təhlili.
İmtahansonrası təhlilə qəbul planının yerinə yetirilməsinin təhlili, ixtisaslara qəbulun minimal, orta və maksimal ballara görə müqayisəsi və imtahanların nəticələri əsasında ali təhsil müəssisələrinin reytinqinin tərtibini aid etmək olar.
Qəbul planının yerinə yetirilməsinin təhlili zamanı həm ixtisas qrupları, həm də ayrı-ayrı təhsil müəssisələri üzrə planın nə dərəcədə yerinə yetirildiyi və bunun səbəbləri araşdırılır. Bu təhlilin nəticələri əsasında gələcəkdə qəbul planının tərtibində nəzərə alınmaq üçün təkliflər verilir. İxtisaslara qəbulun minimal, orta və maksimal ballara görə müqayisəsi hansı ixtisasları daha hazırlıqlı abituriyentlərin seçməsi (nüfuzlu ixtisaslar) haqqında ümumi təsəvvür formalaşdırır. Bundan başqa, təhsil müəssisələrinin abituriyentlər arasındakı nüfuzunu müəyyən etmək üçün hazırlıqlı abituriyentlərin eyniadlı ixtisaslar üzrə daha çox hansı təhsil müəssisəsinə üstünlük verdikləri araşdırılır. Bu təhlillər nəticəsində ali təhsil almaq istəyən abituriyentlərə bir sıra dəyərli məsləhətlər verilir, onlara düzgün istiqamət göstərilir.
Test tapşırıqlarının tədqiqatı özündə aşağıdakı təhlilləri birləşdirir: test tapşırıqlarının çətinlik dərəcəsi, test tapşırıqlarının diskriminasiyası (fərqləndirmə xassəsi), distraktorların (səhv cavabların) təhlili, korrelyasiya əmsallarının təhlili, testlərin etibarlılığı, fənlər üzrə düzgün cavabların paylanması, ayrı-ayrı alt­qruplara bölünən abituriyentlərin paylanmalarının müqayisəsi.

Bu təhlillər həm hər bir test tapşırığı üzrə ayrılıqda, həm də bütün test bloku üzrə aparılır. Təhlillər ayrılıqda hər bir test tapşırığının və ümumilikdə test blokunun keyfiyyəti, abitu­riyentlərin ayrı-ayrı fənlər üzrə tədris proqramını mənimsəməsi və s. haqqında geniş məlumatlar verir. Nəticədə təhlillər əsasında test tapşırığı tərtibinə aid məsləhətlər, ayrı-ayrı fənlər üzrə təhsilin səviyyəsi haqqında müəyyən məlumatlar alınır.
İmtahan ballarının təhlilinə ümumi balların paylanması, paylan­ma­nın ədədi xarakteristikaları aiddir. Bu təhlillər abituriyentlərin bilik və bacarıqları, onların hazırlıq səviyyələri haqqında ümumi təsəvvür formalaşdırır və ayrı-ayrı imtahanların məqsədlərinə uyğun olaraq onların məzmununun layihələşdiril­məsinə imkan verir.

Regionlar üzrə təhlil zamanı respublikanın hər bir şəhər və rayonu üzrə elmi-statistik təhlillər aparılır. Bu zaman abituriyent ərizələrinin və ixtisas qrupu seçiminin, fənlər üzrə göstəricilərin, qəbulolma göstəricilərinin təhlili aparılır və ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin, onların topladıqları balların paylanması öyrənilir. Bu cür təhlillər hər bir bölgə üzrə təhsilin səviyyəsi, abituriyentlərin təhsilə münasibəti, müəyyən ixtisas sahələrinə göstərdikləri marağın öyrənilməsində çox kömək edir. Bundan əlavə, bölgələr üzrə bu cür təhlillər abituriyentlərin imtahan göstəricilərini müqayisə etməkdə, ayrı-ayrı fənlər üzrə hansı bölgənin daha yaxşı nəticə göstərdiyini öyrənməkdə və bu sahədə bir sıra təklif və məsləhətlərin verilməsində çox faydalı olur. İllər üzrə göstəricilərin dinamikasının təhlili isə ildən-ilə vəziyyətin hansı istiqamətdə dəyişdiyi barədə dolğun təsəvvür yaradır.

Təhsil müəssisələri üzrə təhlil çərçivəsində artıq hər bir ümumitəhsil məktəbi üzrə təhlillər aparılır. Burada hər bir təhsil müəssisəsinin imtahan fənləri üzrə və ümumi göstəricilərə, o cümlədən qəbulolma göstəricilərinə əsasən dinamikanın təhlili, imtahan nəticələrinin attestat qiymətləri ilə müqayisəsi aparılır. Təhsil müəssisələri üzrə elmi-statistik təhlillər hər bir ümumtəhsil məktəbindəki təhsilin, fənlər üzrə tədrisin səviyyəsi haqqında ətraflı məlumat verir. Nəticədə şəhər və rayon təhsil şöbələri bu cür məlumatlardan problemlərin haradan qaynaqlandığını öyrənir və onların həlli yollarının tapılmasında həmin məlumatlardan istifadə edirlər. Onu da qeyd edək ki, həmin məlumatlar internetdə www.mekteb.edu.az saytında yerləşdirilir.
Göstərilən təhlillərdən əlavə, qəbul imtahanlarının nəticələrinin gender aspektlərinin də araşdırılması aparılır. Ayrı-ayrılıqda oğlan və qız abituriyentlərin ballarının paylanmasının, imtahan fənləri üzrə və ümumi göstəricilərin, o cümlədən abituriyent ərizələrinin və qə­bul­olma göstəricilərinin bölgələr üzrə müqayisəli təhlilləri aparılır.

Sektor 2007-ci ildən başlayaraq müasir test nəzəriyyəsinin (IRT) tətbiqi sahəsində də bir sıra tədqiqatlar aparır. Bu nəzəriyyənin tətbiqi bütün ixtisas qruplarında imtahan verən abituriyentlərin və buraxılış imtahanlarında iştirak edən şagirdlərin ana dili və riyaziyyat fənləri üzrə qabiliyyət səviyyələrinin elmi cəhətdən əsaslandırılmış müqayisəsini aparmağa imkan verir.
Sektorun fəaliyyətinin bəhrəsi olan bütün elmi-statistik təhlillər hər il geniş ictimaiyyətə çatdırılır. Bu məqsədlə aşağıda göstərilən jurnallar və kitabçalar dərc olunur:

– tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair jurnal (“Abituriyent” № 12);
– rayon və şəhərlər üzrə cari ilin məzunlarının nəticələrinin elmi-statistik təhlilinə dair kitabçalar;
– qəbul imtahanının nəticələrinin gender aspektləri;
– qəbul imtahanının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili;
– xüsusi statistik nəşrlər;
– statistik hesabatlar;
– statistik təqdimatlar;
– internetdə yerləşdirilən statistik nəşrlər (www.mekteb.edu.az).

Qeyd etmək lazımdır ki, hər il aparılan elmi-statistik araşdırmaların nəticələri ölkəmizin ayrı-ayrı bölgə mərkəzlərində təhsil işçilərinin iştirakı ilə keçirilən zona müşavirələrində müzakirə edilir.

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı