AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Təşkilat şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Təşkilat şöbəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Mərkəzi Aparatının struktur qurumudur. Şöbənin tərkibinə aşağıdakı sektorlar daxildir:

– Təşkilati-metodik təminat və təlimlər;
– İmtahanın təşkili və idarə edilməsi;

Təşkilati-metodik təminat və təlimlər sektoru imtahanların təşkili və keçirilməsinə dair səmərəli təkliflərin hazırlanmasını və onların həyata keçirilməsinin planlaşdırılmasını, imtahana cəlb olu­nan şəxslərlə işin aparılmasını (onların seçilməsi, anketləşdirilməsi, təlimlərin təşkili və keçirilməsi), imtahanın keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılmasını, zənginləşdirilməsini və istifadəsini həyata keçirir. İmtahanın təşkili ilə əlaqədar təlimatların, yaddaş kitabçalarının və digər metodiki vəsaitlərin layihələrini təqdim edir, imtahanların nəticələrinə əsasən araşdırmalar aparır və bununla bağlı hesabatlar hazırlayır. Sektora daxil olan müraciətləri, şikayət ərizələrini araşdırır və bununla əlaqədar müvafiq işləri görür.

Sadalanan vəzifələrin həyata keçirilməsi və imtahanlara hazırlıq məqsədi ilə hər il həm Bakı şəhərində, həm də respublikanın ayrı-ayrı bölgələrində çoxsaylı tədbirlər həyata keçirilir. İmtahan rəhbərləri bazasının zənginləşdirilməsi məqsədilə AMEA-nın Elmi-Tədqiqat institutları ilə, eləcə də bir sıra dövlət qurumları ilə əlaqələr yaradılır, həmin müəssisələrin nümayəndələri imtahanlarda rəhbər kimi iştirak etməyə cəlb edilir. 2011-ci ildən etibarən regional bölmələrdən də nümayəndələr imtahan prosesinə imtahan rəhbərləri qismində cəlb olunur. İlk əvvəllər hər bina üzrə imtahana bir rəhbər təyin edilirdisə, hazırda hər 3-7 zala bir rəhbər cəlb olu­nur və bu da imtahan prosesinə daha ciddi nəzarət olunmasına və imtahanların obyektiv keçirilməsinə şərait yaradır.
Nəzarətçilər bazasının işə vicdanla yanaşan, səriştəli və məsuliyyətli müəllimlər hesabına zənginləşdirilməsinə və təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Əvvəllər regionlarda keçirilən imtahanlara nəzarətçi-müəllimlər Bakı şəhərindən aparılırdısa, hazırda regionlarda nəzarətçi müəllimlər hər regionun özündən cəlb olunur. 

Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgə mərkəzlərində də nəzarətçi-müəllimlərlə seminar-məşğələlər təşkil olunur. Seminarlar nəzarətçilərin zalda imtahanın keçirilməsi texnologiyalarını daha yaxşı mənimsəmələri məqsədilə 30 nəfərlik qruplar şəklində aparılır. Nəzarətçilərə imtahan zamanı istifadə olunan sənədlərin nümunələri paylanaraq onlarla işlənilmə qaydaları, zalda abituriyentlərin idarə edilməsi üsulları, bütövlükdə imtahan prose­si­nin bütün detalları izah olunur. Seminar zamanı imtahan prose­sinin keçirilməsinə həsr olunmuş video-rolik nümayiş etdirilir. Hər bir seminar iştirakçısına anketlər paylanaraq onların anket məlumatları dəqiqləşdirilir.
Bazaya ilk dəfə daxil edilən imtahan rəhbərləri və nəzarətçilərlə xüsusi seminar-məşğələlər keçirilir, daha sonra təlimata uyğun təcrübə və səriştə əldə etmələri üçün onlar əvvəlcə sınaq imtahanlarına cəlb olunur, sonra qəbul imtahanlarında iştirak edirlər.
Həm nəzarətçilərlə, həm də imtahan rəhbərləri ilə keçirilən seminarlarda əvvəlki imtahanlar zamanı yol verilmiş səhvlər müzakirə olunur, bunların baş verməməsi üçün lazımi izahat işi aparılır, ümumiyyətlə, imtahan zamanı baş verə biləcək hər hansı xüsusi hal zamanı görülməsi vacib olan tədbirlər izah edilir.

Hazırda şöbədə təlimatlandırılmış və imtahanlarda iştirak etmək üçün lazımi təcrübə keçmiş 600 imtahan rəhbəri və 13678 nəzarətçi müəllim haqqında informasiya bazası formalaşmışdır.
Şöbədə imtahan zallarında köçürmə hallarının araşdırılması əsasında imtahan rəhbəri və nəzarətçilərin fəaliyyətinin qiymət­ləndirilməsi üçün xüsusi proqram hazırlanmışdır. Bir qayda olaraq, hər imtahandan sonra imtahan rəhbərləri və nəzarətçilərin fəaliyyəti ciddi təhlil olunur, zallarda baş vermiş bütün hallar araşdırılır. İmtahan iştirakçılarının rəyləri və qeyd olunan proqramların köməyilə iştirak etdiyi zalda köçürmə halı aşkar edilmiş nəzarətçi və imtahan rəhbərləri ilə fərdi söhbətlər aparılır, baş vermiş neqativ halın gerçək səbəbi və burada həmin şəxslərin səhvinin dərəcəsi müəyyən olunur. Yekun nəticə əsasında onların fəaliyyəti barədə qərar qəbul edilir. Bununla yanaşı, imtahan prosesini peşəkarlıqla idarə etmiş, imtahan rəhbərləri tərəfindən yüksək qiymətləndirilmiş nəzarət­çilərin də fəaliyyətinə baxılır və onların içərisindən nümu­nəvi nəzarətçilər müəyyən edilir. Belə nəzarətçilər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mükafat­landırılır.

Hər bir imtahan zamanı imtahan verən şəxslər üçün yaddaş kitabçaları, nəzarətçilər, imtahan rəhbərləri, müşahidəçilər, imtahanın təhlükəsizliyini təmin edən əməkdaşlar və imtahan prosesində iştirak edən digər şəxslər üçün təlimatlar hazırlanır.
İmtahanın təşkili və idarə edilməsi sektoru imtahanların təşkili ilə əlaqədar tədbirlərin layihələndirilməsini və planlaşdırılmasını, hazırlanmış və təsdiq edilmiş texnologiya əsasında imtahanların keçirilməsinin təşkilini, imtahan keçiriləcək binaların bazasının yaradılmasını, qəbul edilmiş sxemə uyğun onların imtahana hazırlanmasını, qəbul kampaniyasının keçirildiyi müddətdə müvafiq bölgələrdə yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) işinin təşkil edilməsini və onların fəaliyyətinə nəzarəti, sınaq imtahanlarının keçirilməsini, imtahanın nəticələrinə əsasən araşdırmaların aparılmasını, ümumi hesabatların hazırlanmasını, imtahanın təşkilinə və keçirilməsinə dair təkliflərin hazırlanmasını, imtahanın keçirilməsi ilə əlaqədar əhali və KİV-lə işin təşkilini, TQDK-nın internet saytının məzmununun idarə edilməsini həyata keçirir. Aidiyyəti üzrə sektora daxil olan müraciətləri və şikayət ərizələrini araşdırır və bununla əlaqədar müvafiq işləri həyata keçirir.

İmtahan yerlərinin yoxlanması, onların elektron məlumat bazasının formalaşdırılması və müasir tələblərə cavab verən binaların hesabına zənginləşdirilməsi də vacib məsələlərdəndir. Bu məqsədlə mütəmadi olaraq həm paytaxtda, həm də bölgələrdə imtahan ke­çi­riləcək binalara baxış keçirilir, onların imtahana yararlılıq səviyyəsi yoxlanılır, texniki pasportları dəqiqləşdirilir, mövcud çatış­maz­lıqların aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə iş aparılır. Texniki pasportlar hazırlanarkən imtahan zallarında, bü­töv­lükdə binada olan şərait, binanın şəhər mərkəzinə yaxınlığı, daxili sxeminin sadə olması və s. meyarlar nəzərə alınır. Abi­turiyentlərin normal şəraitdə imtahan verməsi üçün binalarda lazımi hazırlıq tədbirləri görülür. İmtahan binaları haqqında yenilənmiş məlumatlar “imtahan yerləri bazası”na daxil edilir.
Sınaq imtahanları abituriyentlərin həm qəbul imtahanlarına psixoloji hazırlığı, həm də imtahan prosesini və imtahan sənədləri ilə işləmə qaydalarını öyrənmələri baxımından çox önəmlidir. Respublikanın demək olar ki, bütün regionlarında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında həmçinin yeni imtahan rəhbərləri və yeni nəzarətçilərin imtahan prosesinə yararlılığı yoxlanılır. Bu baxımdan regionlarda keçirilən sınaq imtahanları mühüm əhəmiy­yət kəsb edir. Belə ki, burada yoxlanılmış, sınaqdan keçi­ril­miş nəza­rətçilər və imtahan binaları regionlarda keçirilən qəbul im­ta­hanla­rında istifadə olunur.
Abituriyentlərin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu kütləvi prosesdir. Onların bu prosesdə rahatlığını təmin etmək məqsədilə bütün şəhər və rayonlarda Sənəd Qəbulu Komissiyaları təşkil edilir. 2011-ci ildə 130 məntəqədə Sənəd Qəbulu Komissiyası fəaliyyət göstərmişdir. Bir qayda olaraq, hər il həmin komissiyalarda çalışanlar üçün təlimatlar hazırlanır, onlara treninq­lər keçirilir və orada fəaliyyət göstərəcək şəxslərin məlumat bazası formalaşdırılır. Sənəd qəbulu prosesinin sonuna qədər onların fəaliyyətinə nəzarət edilir. Ərizə qəbulu internet vasitəsi ilə aparıldığından SQK-lar üçün bu prosesin tələblərinə uyğun texniki və kadr imkanlarına malik olan təhsil müəssisələri seçilir. 

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən, 2012­-ci ildə Respublikada (Naxçıvan MR istisna olmaqla) ümumtəh­sil müəssisələrində ümumi orta (9 illik) və tam (11 illik) orta təhsili başa vuran gənclərin buraxılış imtahanlarının həyata keçirilməsi TQDK-ya həvalə olunmuşdur.
Buraxılış imtahanlarının keçirilməsi üçün təyin olunan vaxta cəmi ay yarım qalmasına baxmayaraq, Komissiya onların mütəşəkkil qaydada keçirilməsi üçün kompleks tədbirlər həyata keçirmişdir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, eləcə də digər təşkilati işlər istiqamətində genişmiqyaslı hazırlıq işləri görülmüşdür. İmtahanların regionlar və ayrı-ayrı günlər üzrə qruplaşdırılaraq keçirilməsi qərara alınmışdır.
Buraxılış imtahanlarını keçirmək üçün 400-dən çox məktəb, o cümlədən 100-ə yaxın ucqar kənd məktəbinin binasına operativ şəkildə baxış keçirilmiş, onların imtahana yararlılıq səviyyəsi yoxlanılmışdır.
İmtahanlar yalnız rayon mərkəzlərində deyil, şagirdlərin rahat gediş-gəlişinin təmin olunması üçün ucqar kəndlərə yaxın olan kənd məktəblərində də keçirilmişdir.

İmtahanların təhlükəsizliyinin təmin edilməsi, imtahan zamanı hər hansı xoşagəlməz halın baş verməməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin əməkdaşları və Səhiyyə Nazirliyinin təcili yardım qrupu imtahan prosesinə cəlb olunur.

İmtahan günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında qərargah yaradılır. İmtahan zamanı prosesə cəlb olunmuş təşkilatlar arasında koordinasiya işi həyata keçirilir və baş vermiş hər bir hal üçün ope­rativ tədbir görülür.
İmtahanlarla bağlı bütün yeniliklər, imtahan qaydaları, imtahanlara aid məlumatlar və elanlar “Abituriyent” jurnalı, digər kütləvi informasiya vasitələri və TQDK-nın internet saytı vasitəsilə ictimaiyyətə çatdırılır. Qəbul kampaniyası ərzində Komissiyada həftəlik mətbuat konfransları keçirilir. Hər dəfə imtahanları müşahidə etmək üçün 50-dən çox KİV nümayəndəsi akkreditasiyadan keçir, onların prose­si müşahidə etməsi və işiqlandırması üçün lazımi şərait yaradılır.
İmtahanları yüksək səviyyədə təşkil etmək məqsədilə görülən işlər dünyada qəbul olunmuş qabaqcıl texnologiyalardan və metodlardan istifadəyə, həmçinin TQDK-da 20 il ərzində qazanılmış təcrübəyə əsaslanır.

Yeni jurnallar və nəşrlər

«Abituriyent» jurnalının 4-cü sayı
«Abituriyent» jurnalının 4-cü sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 5-ci sayı
“Abituriyent” jurnalının 3-cü sayı
“Abituriyent” jurnalının 3-cü sayı
«Magistr» jurnalının 4-cü sayı
«Magistr» jurnalının 4-cü sayı