Yoxlama - ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının struktur bölmələrindən biri Ümumi təhsil üzrə yoxlama-ölçmə material­larının işlənməsi şöbəsidir. Şöbə 1992-ci ildən 2007-ci ilə qədər “Sorğu –Suallar idarəsi”, 2007-ci ildən 2012-ci ilə qədər “Yoxlama-ölçmə mate­rial­larının işlənməsi şöbəsi” adlanmış, 2012-ci ilin aprelindən isə “Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi” adı ilə fəaliyyətini davam etdirir. Hazırda şöbənin nəzdində iki sektor fəaliyyət göstərir: Yoxlama-ölçmə material­larının işlən­məsi sektoru və Qabiliyyət imtahanları üzrə sektor.

Yoxlama-ölçmə materiallarının işlənməsi sektoru

Sektorun əsas fəaliyyət istiqamətləri bunlardır:
  • ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı işlərin görülməsi: buraya dövlət standart­larının yaradılması və onun təkmilləşdirilməsi ilə bağlı işlər daxildir;
  • test bankının yaradılması və onun zənginləşdirilməsi ilə bağlı elmi-metodiki işlərin görülməsi;
  • testologiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə tətbiqi işlərin görülməsi: qapalı tipli testlərdən açıq tipli testlərə doğru fəaliyyətin genişləndirilməsi;
  • abituriyentlər və müəllimlər üçün metodiki materialların hazırlanması;
  • qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının elmi-metodiki təhlili və onun nəticələrinin abituriyentlərə və təhsil ictimaiyyətinə çatdırılması;
  • bölgələrdə fəaliyyət göstərən müəllimlərin sektorun profilinə uyğun elmi-metodiki fəaliyyətə cəlb edilməsi;
  • ayrı-ayrı fənlər üzrə təcrübəli ekspertlərin internet vasitəsilə video-məsləhət və mühazirələrinin təşkili;
  • ümumtəhsil müəssisələrində ümumi orta (9 illik) və tam orta (11 illik) təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanlarının məzmun standartlarının müəyyənləşdirilməsi.
Qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə qəbul imtahanlarının məz­munu ilə bağlı materialların hazırlanması istiqamətində mü­əy­yən addımlar atılsa da, hələ ayrı-ayrı fənlərin məzmunu üzrə vahid döv­lət standartları yox idi. İmtahanların məzmunu ilə bağlı dövlət stan­dartlarının hazır­lan­ması məqsədilə 1994- cü ildə M.Abbaszadənin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə Ko­mis­siyanın nəzdində bütün imtahan fənləri üzrə ilk dəfə olaraq el­mi-metodiki seminarlar təşkil edilmiş, ekspert şuraları ya­ra­dılmışdır. Seminar və şuraların işinə müvafiq sahələr üzrə nüfuzlu alimlər, ümumtəhsil və ali təhsil müəssisələrinin qabaqcıl müəl­limləri, metodistlər cəlb olunmuşdur. Bu seminarlarda müasir tes­tolo­giyanın elmi əsasları öyrənilir, imtahanların məzmunu və abi­tu­riyentlərin qəbul imtahanlarına repetitor xidmətindən istifadə et­mədən, müstəqil hazırlaşmalarına kömək üçün metodiki ma­teri­al­­ların hazırlanması ilə bağlı ciddi müzakirələr aparılırdı. 1994-cü il­də yaranan və bu günədək fəaliyyətini davam etdirən bu seminarlar müəllimləri­mi­zin müasir testologiyaya verilən tələblərə yi­yə­lənməsi, test tapşırıq­larının tərtib edilməsi sahəsində maarif­lənməsi və səriştələrinin artırılması sahəsində müstəsna rol oynayır.
Həmin illərdə və sonrakı dövrdə elmi-metodiki seminarlara cəlb olunmuş mütəxəssislərin bilavasitə köməyi ilə qəbul imtahanlarının məzmununa aid materiallar hazırlanıb abituriyentlərin istifadəsinə verilirdi. Respublikanın ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, hərbi liseylərə bütün imtahan fənləri üzrə qəbul proqramları, qəbul imtahanlarında hansı tipli və hansı mürəkkəblik dərəcəsinə malik test tapşırıqlarının təklif ediləcəyi ilə bağlı test modelləri və abituriyentlərin qəbul imtahanlarına müstəqil hazırlaşmasına kö­mək məqsədi daşıyan metodiki materiallar hazırlanırdı. İmtahan fən­ləri üzrə qəbul proqramları ümumtəhsil məktəblərinin tədris proqramı və dərsliklərinə uyğun olaraq ildən-ilə təkmilləşdirilir, dərsliklərdəki yeniliklər əsasında onlara əlavə və düzəlişlər edilirdi. Ziddiyyətli, mübahisəli məsələlər qəbul proqramlarına daxil edilmirdi.

Qəbul proqramları əsasında test tapşırıqları tərtib edilir, onların məzmun cəhətdən məktəb proqramları və dərsliklərinə uyğun­luğu, elmi-metodik cəhətdən düzgün tərtib edilməsi, müasir testo­logi­ya­nın tələblərinə cavab verməsinə xüsusi diqqət yetirilirdi. Test tapşırıqları qapalı şəraitdə ekspertizadan keçirilir və ekspert şu­ralarında qəbul edilmiş test tərtibi prinsipləri əsasında bütün fənlər üzrə Test bankı yaradılırdı. Qəbul edilən test tapşırıqları modelləri Test bankına daxil edilməzdən əvvəl sınaq imtahanlarında yoxlamadan keçirilirdi.
O dövrdə də, indi də elmi-metodik seminarlarda testologiyanın müasir elmi əsasları, biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə öyrənilir, bu istiqamətdə geniş müza­kirələr aparılır. Test bankına daxil edilən test tapşırıqlarının məzmununda, tərtibində və təqdimat forma­sında mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır. 

2001-ci ildə Test bankı (1992-2001-ci illərdə bütün imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları) çap edildi ki, pedaqoji ictimaiyyət testlərin müxtəlifliyi ilə tanış olsun, tədris prosesində ondan istifadə edə bilsin.
Ötən 20 il ərzində Test bankında test tapşırıqlarının sayı artırılmış, keyfiyyəti yaxşılaşdırılmış və zənginləşdirilmişdir. Ümumiyyətlə, test üsulunun tətbiq edildiyi ilk illərdən bu günə qədər testlərin keyfiyyət göstəricilərinin yüksəlməsi mərhələlərini şərti olaraq aşağıdakı dövrlərə bölmək olar: 1992-1994; 1995-1999; 2000-2012-ci illər.

1992-1994-cü illərdə test tapşırıqları məktəb kursu üzrə bütün mövzu və bölmələri tam əhatə etməmiş, test blokları mürəkkəblik dərəcəsinə görə sadə və orta, relevantlıq kateqoriyasına görə isə faktoloji tapşırıqlardan ibarət olmuşdur.
1995- 1999-cu illərdə test metodunun elmi-nəzəri əsasları yaradılmış, testlərin validliyi və etibarlılığı təmin edilmiş, testlərin tərtibi, forma və məzmunu üzrə əsaslı işlər görülmüş, imtahanlarda təklif edilən test blokları qəbul proqramını əhatə etmiş, test tapşırıqlarının mövzular üzrə paylanması zamanı tədris proqramında həmin mövzulara ayrılan saatlar, mövzular və bölmələr arasında nisbətin nəzərə alınmasında mühüm irəliləyiş əldə olunmuş, izahedici, ümumiləşdirici, məntiqi təfəkkürə əsaslanan test tapşırıqlarının sayı artırılmışdır.
2000-2012-ci illərdə test tapşırıqlarının keyfiyyət göstəricilərinin yüksəlməsi istiqamə­tində görülən işlər müvəffəqiyyətlə davam etdirilmişdir. Bu illərdə istifadə edilən test tapşırıqlarının keyfiyyət göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlmiş, deklarativ biliklərlə yanaşı, biliklərin tətbiqinə, məntiqi düşüncəyə əsaslanan, sə­bəb-nəticə əlaqələri, ümumiləşdirmə, mövzulararası və kurs­lararası əlaqə, sxem, cədvəl, şəkil, xəritə tipli tapşırıqlara üstünlük ve­rilmişdir. İstifadə edilən test tapşırıqları abituriyentlərin baza bilikləri ilə yanaşı, onların nəzəri bilikləri tətbiq etmək, proses və hadisələri müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq, səbəb-nəticə əlaqələrini, onların xüsusiyyətlərini anlamaq üzrə bilik, bacarıq və vərdişlərini obyektiv yoxlayıb qiymətləndirməyə imkan vermişdir.
1992- 2010-cu illərdə keçirilən qəbul imtahanlarında ancaq ənənəvi test modellərindən, yəni cavab variantları verilən qapalı test tapşırıqların­dan istifadə olunmuşdusa, 2011-ci ildə bütün ixtisas qruplarında ənənəvi test modelləri ilə yanaşı, ilk dəfə riyaziyyat fənnindən abitu­ri­yentdən cavab üzərində daha dərindən düşün­məyi, onu əsas­landırmağı tələb edən, daha yüksək hazırlığa malik abituriyentləri digərlərindən fərqləndirməyə imkan verən, məntiqi təfəkkürün daha da fəallaşmasına, inkişafına kömək edən yeni tipli test tapşı­rıq­larından, yəni cavab variantları olmayan açıq tipli test tapşırıqlarından da istifadə edildi.

2012-ci ilin qəbul imtahanlarında isə abi­turiyentlərə bütün ixtisas qruplarında 2 fəndən açıq tipli test tap­şırıqları təklif olundu. Birinci ixtisas qrupunda riyaziyyat və fizika, ikinci ixtisas qrupunda riyaziyyat və coğrafiya, üçüncü ixtisas qru­punda riyaziyyat və tarix, dördüncü ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərinin hər birində 25 test tapşırığından 5-i açıq tipli oldu. Şagird və abituriyentlərdə açıq tipli test modelləri ilə işləmək vərdişlərinin yaranması üçün belə testlərin fənlər üzrə nümunələri ilin əvvəlində “Abituriyent” jurnalında dərc edildi, həmçinin sınaq imtahanlarında yoxlamadan keçirildi. Açıq tipli test tapşırıqları fənlər üzrə siniflər üçün test toplularına da daxil edildi.
Hər il qəbul imtahanlarında hansı tipli və hansı mürəkkəblik dərəcəsinə (sadə, orta, çətin olmaqla) malik test tapşırıqlarının təklif ediləcəyi ilə bağlı test modelləri qəbul imtahanlarından xeyli əvvəl fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirələr nəticəsində hazırlanır, “Abituriyent” jurnalında çap edilib abi­tu­riyent­lərə təqdim olunur. Fənlər üzrə seminarlarda, bir qayda olaraq, tələbə qəbulunun nəticələrinin metodiki təhlili aparılır, ilk növ­bədə, abituriyentlərin ayrı-ayrı fənlər üzrə cavab­lan­dırmaqda çətinlik çəkdiyi, imtina faizinin yüksək olduğu, etalonun düzgün müəyyən olunmadığı test tapşırıqları və digər məsələlər müəyyən­ləşdirilir, onların aradan qaldırılması üçün mütəxəssis şərhləri veri­lir, abituriyent və müəllimlər üçün metodiki tövsiyələr hazırlanır. Təhlillərin nə­ticələrindən həmçinin test tapşırıqlarının forma və məzmunu­nun təkmilləşdirilməsində, onların etibarlılıq, validlik və qiymətlən­dirmə qabiliyyətinin yüksəldilməsi işlərində istifadə olunur.

Hər bir ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan sonra həmin gün “Space” televiziyasının canlı efirində TQDK-nın eks­pert­ləri imtahanda təqdim olunan test tapşırıqlarının məzmunu ilə bağlı abituriyentlərin və valideynlərin sor­ğularını cavablan­dırırlar. Ve­rilişlərdə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə doğru cavabları da birbaşa efirə verilir.
Şöbənin fəaliyyət istiqamətlərindən biri də abituriyentlər və müəllimlər üçün metodiki materialların hazırlanmasıdır.
Bu işdə 1995-ci ildə fəaliyyətə başlamış “Abituriyent” jurnalının müstəsna rolu vardır. Jurnalda abituriyentlərin qəbul imtahanlarına müstəqil şəkildə (repetitor xidmətindən istifadə etmədən) hazırlaşmasına kömək məqsədilə aşağıdakı istiqamətlərdə metodiki materiallar çap olunur:
  • imtahan fənləri üzrə qəbul proqramları (1994-cü ildən);
  • qəbul imtahanlarında hansı tipli və hansı mürəkkəblik dərəcəsinə malik test tapşırıqlarının təklif ediləcəyi ilə bağlı test modelləri;
  • tələbə qəbulunun nəticələrinin elmi-metodiki təhlilinin apa­rılması və təhlillərin nəticələrinə aid tövsiyələrin dərci; 
  • dərsliklərdə səthi və ya natamam verilən mövzulara, yaxud məktəb proqramında olub, dərsliklərdə lazımınca şərhini tapmayan məsələlərə dair məqalələr;
  • fənn proqramlarının çətin mövzularına dair mütəxəssis şərhləri;
  • test imtahanlarının məzmunu və mahiyyəti haqqında hazır­lanmış müxtəlif metodiki materiallar;
  • test topluları;
  • dərs vəsaitləri və s.
Abituriyentlərin qəbul imtahanına müstəqil surətdə hazırlaşmasına kömək üçün şöbədə sistemli iş aparılır. Ümumtəhsil müəssisələ­rində tədris prosesində biliklərin yoxlanılması, qiymətlən­di­ril­məsi, şagirdlərdə testlərlə işləmək vərdişlərinin forma­laş­dı­rılması və tədris olunan mövzuları daha yaxşı mənimsəmələrinə kömək məqsədilə bütün fənlər və siniflər üzrə test topluları və dərs vəsaitləri hazırlanıb çap edilir.
Hər bir fənn üzrə bütöv kursun məzmununu yığcam, sadə və anlaşıqlı dildə şərh edən vəsaitlərin nəşri də həmin yöndə görülən metodiki işlərin tərkib hissəsidir. Vəsaitlər şagird və abi­turiyent­lərin dərsliklərdən öyrəndikləri biliklərinin tamamlan­masında və sistemləşdirilmə­sində əhəmiyyətli rol oynayır. 

Tədris proqramlarının və dərsliklərin məzmun və tələblərinə uyğun hazırlanan test topluları və dərs vəsaitləri üzərində mütəmadi olaraq təkmilləşdirilmə işləri aparılır. Test toplularına yeni tipli test tapşırıqlarından ibarət nümunələr də daxil edilir.
Şöbənin fəaliyyət istiqamətlərindən biri də bölgələrdə fəaliyyət göstərən müəllimlərin elmi-metodiki işlərə cəlb edilməsidir. Hər il imtahanların nəticələri ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birgə müzakirə edilir.
2009-cu ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 5 regional bölməsi ya­ra­dıl­mışdır. 2010-cu ildən TQDK-nın inzibati binası ilə regional bölmələri arasında canlı video-bağlantı qurulur və bu yolla Bakı ilə paralel olaraq TQDK–nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regi­onal bölmələrində də seminarlar keçirilir. Seminarlarda regionlardan olan yüzlərlə müəllim iştirak edir, onların TQDK ilə əməkdaşlıq et­mələrinə şərait yaradılır. Bu canlı video-bağlantı nəticəsində ölkənin ayrı-ayrı regionlarında çalışan yüzlərlə müəllimin, mütə­xəs­sisin elmi-metodiki müzakirələrdə iştirakı təmin edilir. 
 
2010-cu ildən internet vasitəsi ilə ayrı-ayrı fənlər üzrə “Video-mühazirə” adlanan layihə həyata keçirilir. Layihənin birinci mər­hə­­ləsində təcrübəli ekspertlərin internet vasitəsilə vi­­deo- məs­lə­hətləri təşkil edilir, abituriyentlərin qəbul imtahanlarında ca­vab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı verilir, yol verdikləri xarakterik səhvlər araşdırılır. Layihənin ikinci mər­hələsində bütün fənlər üzrə qəbul proqramlarının mövzularını əhatə edən mühazirələr nümayiş etdirilir. Video-mühazirələri mü­tə­xəssis-ekspertlər – ümumtəhsil və ali təhsil müəs­sisə­ləri­nin müəl­lim­ləri, AMEA-nın əməkdaşları təqdim edir. Layihədə həmçinin tədris prosesində yaxşı göstəriciləri olan, tədris etdiyi fənni dərindən bilən bölgə müəllimləri iştirak edir. Mühazirələrdə nəzəri materiallarla yanaşı, yeni tipli test tapşırıqlarının şərhi də verilir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən, cari ildə respublikada (Naxçıvan MR istisna olmaqla) ümumi təhsil müəssisələrində ümumi orta (9 illik) və tam orta (11 illik) təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdiril­miş qaydada TQDK tərəfindən aparıl­mış­dır. Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fən­lərindən keçirilmişdir. Fənlərin hər birindən şagirdlərə 30 test tap­şırığı verilmişdir. Sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılmışdır. Şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi də (yazı işinə 30 dəqiqə vaxt ayrılmışdır) yerinə yetirmişlər. Buraxılış imtahanların­dan əvvəl şagirdlərə kömək məqsədilə ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən test tapşırığı nümunələri hazırlanmış, buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzuları, onların qiymətləndirilməsi üçün meyarlar müəyyənləşdirilmiş və TQDK-nın internet saytında yerləşdiril­mişdir.

Qabiliyyət imtahanları üzrə sektor

Qabiliyyət imtahanları üzrə sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imta­hanlarının və seçmə turların proqramları, qiymətlən­dirmə meyarları və keçirilmə şərtləri hazırlanır;
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turların və qabiliyyət imtahanlarının keçirilməsində iştirak edən mütəxəs­sislərdən ibarət baza yaradılır, onun tərkibi mütəmadi olaraq zənginləşdirilir;
  • “Musiqi sənəti” və “Memarlıq və dizayn” istiqamətləri üzrə yaradılmış olan bi­let suallarından ibarət bank mü­təmadi ola­raq yeniləş­di­rilir və zənginləşdirilir;
  • xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə:
– xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası;
– imtahanlara və seçmə turlara hazırlıqla bağlı tövsiyələr;
– imtahan və seçmə tur proqramları;
– calışmalar;
– reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. metodiki materiallar, əyani vəsaitlər hazırlanır və bunların əsasında “Abituriyent” jurnalının xüsusi buraxılışları olan: “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər çap edilib abituriyentlərin və müəllimlərin istifadəsinə verilir. 

2012-ci ildə ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üzrə seçmə turların coğrafi əhatə dairəsi və təşkili prosedurları xeyli təkmilləşdirilmişdir. Seçmə turları keçirmək məqsədi ilə ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhər­lərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­si­sə­ləri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində Qabiliyyət İmtahanı Komissiyaları (QİK) yaradılmışdır.
Seçmə turlar Bakı şəhərində Təsviri sənət istiqaməti üzrə ADRA-da, Musiqi sənəti istiqaməti üzrə BMA və AMK nəzdində Musiqi kollecində, Memarlıq və dizayn istiqaməti üzrə AMİU-da, Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə ADMİU-da, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə ADBTİA-da keçirilmişdir.

Regionlarda seçmə turlar: Gəncə şəhərində Təsviri sənət, Musiqi sənəti, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə GDU-da, Memarlıq və dizayn istiqaməti üzrə ADAU-da, Teatr, kino və xoreoq­rafiya sənətləri istiqaməti üzrə Gəncə Dövlət Dram Teatrında; Naxçıvan şəhərində Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə NDU-da, Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Naxçıvan Dövlət Musiqili Dram Teatrında; Lənkəran şəhərində Musiqi sənəti istiqaməti üzrə TQDK-nın Lənkəran Regional Bölməsində, Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Lənkəran Dövlət Dram Teatrında; Şəki şəhərində Musiqi sənəti istiqaməti üzrə Şəki Musiqi Kollecində, Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Şəki Dövlət Dram Teatrında, Ağdam rayonu Quzanlı qəsəbəsində Musiqi sənəti istiqaməti üzrə Ağdam Musiqi Kollecində keçirilmşdir. 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçmiş abituriyentlər qəbul qaydalarına uyğun olaraq, müvafiq qrupların test imtahanından sonra cədvəl üzrə qabiliyyət imtahan­ları vermişlər.
Ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına isə seçmə turlar keçirilmişdir. Seçmə turlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərləri və Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilmişdir. Seçmə turların keçirilməsi üçün Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyalarının fəaliyyəti Bakı şəhərində Bakı Qızlar Universitetində, Naxçıvan şəhərində TQDK-nın Naxçıvan MR Regional Bölməsində, Gəncə şəhərində 27 saylı riyaziyyat-informatika təmayüllü liseydə, Şəki şəhərində 9 saylı tam orta məktəbdə, Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam Musiqi Kollecində və Ağdam Dövlət Sosial-İqtisadi Kollecində, Lənkəran şəhərində TQDK-nın Lənkəran Regional Bölməsində və Uşaq-gənclər idman məktəbində, Quba şəhərində 3 saylı tam orta məktəbdə təşkil edilmişdir. 
 
TQDK seçmə turların və qabiliyyət imtahanlarının keçirilməsi metodikasını və texnologiyasını ildən ilə təkmilləşdirir. Bu da ali və orta ixtisas təhsili müəssisələrinə daha istedadlı və qabiliyyətli abituriyentlərin qəbul olmasına imkan yaradır.