Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Line Spacing+- AFont Size+- Çap
Bu şöbə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Res­pub­likası Prezidentinin 19 aprel 2012- ci il tarixli Fərmanı ilə yara­dıl­mışdır. Şöbə ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsini həyata keçirən qurumdur. Şöbə öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa, digər qanunvericilik aktlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş ”Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”na uyğun qurmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini rəsmi olaraq TQDK-ya həvalə etməsindən əvvəl də bu iş Komissiyada müəyyən dərəcədə həyata keçirilirdi. Çünki ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda əsas standart olan qəbul proqramlarının mühüm tərkib hissəsini və mənbəyini dərsliklər təşkil edir. Bununla bağlı, 1994-cü ildən başlayaraq, dərsliklər müntəzəm olaraq fənlər üzrə seminarlarda elmi-metodiki baxımdan təhlil edilir, onlardakı dəyişikliklər, yeniliklər araşdırılır. Qəbul imtahanları iki dildə (Azərbaycan və rus dillərində) keçirildiyi üçün dərsliklərin rus dilindəki nəşri ilə Azərbaycan dilindəki nəşri də tutuşdurulur. Bunun nəticəsində imtahan fənləri üzrə qəbul proqramlarında və test bankında təkmilləşdirmələr aparılır, yeni test tapşırıqları yazılır və nəşr ilinə görə dərsliklərin siyahısı müəyyənləşdirilir. Dərsliklərdəki səvhlərlə bağlı materiallar hazırlanır və “Abituriyent” jurnalında dərc olunur. Bu materiallar aidiyyəti üzrə müvafiq quruma göndərilir ki, onlar dərsliklərin növbəti nəşrində nəzərə alınsın.

1994-2009-cu illərdə dərsliklərin müzakirəsində yalnız Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəbi və ali məktəb müəllim­ləri, eləcə də AMEA-nın mütəxəssisləri iştirak edirdilər. 2009-cu ildən etibarən internet proqramlarının tətbiqi sayəsində regional bölmələr vasitəsilə TQDK-nın inzibati binası ilə onun regional bölmələri arasında canlı video-bağlantı qurulur və bu yolla dərsliklərin müzakirəsində ölkənin ayrı-ayrı regionlarında çalışan müəllimlərin, mütəxəs­sislərin də iştirakı təmin edilir.
2012-ci ildə biologiya (VII,VIII,IX siniflər) və tarix fənlərindən yeni nəşr edilmiş dərsliklərin müvafiq seminarlarda müzakirəsi zamanı Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba bölgələrinin fənn müəllimləri də internet vasitəsilə müzakirəyə qatılmış və həmin dərsliklərdə elmi-metodiki səhvlərin və rus dilinə tərcümələrdə tədris proqramlarından çoxlu kənaraçıxma hallarının mövcud olduğunu qeyd etmişlər. Bütün bu məsələlər barədə ekspert rəyləri müvafiq quruma göndərilmişdir.