Sual-Cavab

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinə sualla müraciət etmək istəyirsinizsə, ilk növbədə, aşağıda göstərilən “Ən çox verilən suallar” bölməsi ilə tanış olun. Sizi maraqlandıran suala cavab bu bölmədə öz əksini tapmayıbsa, təqdim olunan formanı dolduraraq sayt vasitəsilə DİM-ə öz sualınızı təqdim edə bilərsiniz. Sualınıza cavab e-mail ünvanınıza göndəriləcək. 
 

Magistraturaya qəbul

  • “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?
  • Mən bakalavr təhsilimi bədən tərbiyəsi və idman ixtisası üzrə almışam. Ancaq bir neçə ildir ki, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğulam. Mən jurnalistika sahəsində magistr təhsili ala bilərəmmi?
  • Mən Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, ingilis filologiyası ixtisası üzrə rus bölməsində təhsil alıram. Birinci mərhələdə xarici dil kimi rus dilini seçə bilərəmmi?
  • Elektron ərizəni doldurarkən imtahan verəcəyim dili rus dili olaraq qeyd etmək istəyirəm. Ancaq plan yerləri elan olunan zaman müraciət edib imtahanın ikinci mərhələsini Azərbaycan dilində verə bilərəmmi?
  • Bakalavr təhsilimi üç il əvvəl bitirmişəm və hal-hazırda özəl bir şirkətdə işləyirəm. Mənim işləyə-işləyə magistratura səviyyəsində təhsil almaq üçün ərizə qəbulunda iştirakıma və magistr təhsili almağıma məhdudiyyət varmı?
  • Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?
  • AMEA-nın magistratura ixtisaslaşmalarını seçmək üçün müsahibədən “qeyri-məqbul” qiymət alan bakalavr digər ali təhsil müəssisələrində eyni ixtisaslaşmalardan birinə qəbul ola bilərmi?
  • Magistratura səviyyəsinə qəbul zamanı DİM ixtisaslaşma seçimi ilə əlaqədar bakalavrlar üçün hər hansı metodiki vəsait hazırlayırmı?
  • Mən musiqişünaslıq üzrə bakalavr təhsili almışam və ixtisasıma uyğun bir neçə beynəlxalq müsabiqədə mükafata layiq yerlər tutmuşam. Magistratura səviyyəsinə qəbul zamanı mənə hər hansı güzəşt tətbiq oluna bilərmi?
  • İmtahanın hər iki mərhələsindən kifayət qədər bal topla-dığım halda müsabiqədən keçməsəm, bakalavr ixtisasıma yaxın olan digər proqramlar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərəmmi?
  • Əgər bir dövlət ali təhsil müəssisəsində MBA proqramına aid ixtisaslaşmalardan birinə daxil olsam, məcburi köçkün olduğuma görə təhsil haqqından azad oluna bilərəmmi?
  • Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. İmtahanın birinci mərhələsində iştirak edə bilərəmmi?
  • Magistraturaya qəbul imtahanının birinci mərhə¬ləsinə hazırlaşarkən əvvəlki illərdə təqdim olunan test tapşırıqlarının məzmunu ilə tanış olmaq istəyirəm. “Magistr” jurnalının həmin saylarını necə əldə edə bilərəm?
  • Bu il magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququ veriləcəkmi?
  • Mən Bakı şəhərində daimi qeydiyyatdayam. Ancaq bakalavr təhsilimi Gəncə Dövlət Universitetində alıram. Bilmək istərdim ki, magistraturaya qəbul imtahanında imtahan verəcəyim şəhər nəyə əsasən müəyyən ediləcək?
  • Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Magistr təhsilimi iqtisadiyyat sahəsində ingilis dilində almaq istəyirəm. Bu, mümkündürmü? Bunun üçün hansı tələblər qoyulur?
  • Magistratura səviyyəsinə qəbul imtahanında açıq for-malı test tapşırıqlarından heç birinə cavab verməyən bakalavrlar ikinci mərhələyə və ixtisaslaşma seçiminə buraxılırlarmı?
  • Mən iki fərqli sahə üzrə bakalavr təhsili almışam. Bilmək istərdim ki, magistratura səviyyəsinə qəbul imtahanında bu diplomların hər birindən istifadə edə bilərəmmi?

  • “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?
    Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanın I mərhələsində iştirak etmək üçün 50 manat, II mərhələsində iştirak etmək üçün 60 manat, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə qabiliyyət imtahanında iştirak etmək üçün isə 30 manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir.

    Mən bakalavr təhsilimi bədən tərbiyəsi və idman ixtisası üzrə almışam. Ancaq bir neçə ildir ki, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğulam. Mən jurnalistika sahəsində magistr təhsili ala bilərəmmi?
    Jurnalistika istiqamətinə daxil olan ixtisaslaşmaları ixtisasından asılı olmayaraq bütün bakalavrlar seçə bilərlər. Bundan başqa, Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda etdiyi dəyişikliyə əsasən, humanitar və sosial ixtisaslar qrupuna “İdman jurnalistikası” ixtisaslaşması da əlavə edilmişdir. Əgər respublikamızın hansısa ali təhsil müəssisəsində bu ixtisaslaşma üzrə magistr hazırlığı aparılarsa, idman sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər həmin ixtisaslaşmanı da seçə bilərlər.
    Magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupu üçün müəyyən edilmiş minimum müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılan və jurnalistika üzrə magistr ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar DİM tərəfindən elan olunacaq vaxtda qeydiyyatdan keçməli və şifahi qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanına gələrkən bakalavrlar dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət İmtahanı Komissiyasına təqdim etməlidirlər. Bu imtahandan “məqbul” qiymət alan bakalavrlar imtahanın ikinci mərhələsində jurnalistika üzrə 44 saylı proqramı seçə bilərlər.
    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, o cümlədən, idman jurnalistikası ixtisaslaşmasına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar isə qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.


    Mən Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, ingilis filologiyası ixtisası üzrə rus bölməsində təhsil alıram. Birinci mərhələdə xarici dil kimi rus dilini seçə bilərəmmi?
    Qəbul qaydalarına görə, rus bölməsini bitirib ingilis filologiyası ixtisaslaşmasını seçənlər birinci mərhələdə xarici dil kimi yalnız alman və ya fransız dillərini seçə bilərlər. Əgər Siz Azərbaycan bölməsində təhsil almaq istəsəniz, imtahanı Azərbaycan dilində verməklə rus dilini xarici dil kimi seçə bilərsiniz.

    Elektron ərizəni doldurarkən imtahan verəcəyim dili rus dili olaraq qeyd etmək istəyirəm. Ancaq plan yerləri elan olunan zaman müraciət edib imtahanın ikinci mərhələsini Azərbaycan dilində verə bilərəmmi?
    Bakalavrlara imtahan verəcəkləri dili seçmək hüququ yalnız imtahanın birinci mərhələsindən əvvəl elektron ərizə doldurularkən verilir. İmtahanın hər iki mərhələsi də həmin dildə verilməlidir.

    Bakalavr təhsilimi üç il əvvəl bitirmişəm və hal-hazırda özəl bir şirkətdə işləyirəm. Mənim işləyə-işləyə magistratura səviyyəsində təhsil almaq üçün ərizə qəbulunda iştirakıma və magistr təhsili almağıma məhdudiyyət varmı?
    Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı bir maneə yoxdur. Ancaq magistraturauya qəbul olduqdan sonra qeyd etdiyiniz məsələ DİM tərəfindən deyil, Sizi işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.

    Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?
    Qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir. O cümlədən, bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

    AMEA-nın magistratura ixtisaslaşmalarını seçmək üçün müsahibədən “qeyri-məqbul” qiymət alan bakalavr digər ali təhsil müəssisələrində eyni ixtisaslaşmalardan birinə qəbul ola bilərmi?
    Magistratura səviyyəsinə qəbul prosesində AMEA-nın müxtəlif ixtisaslaşmalarına qəbul üçün keçirilən müsahibənin nəticələri ancaq həmin elmi təşkilata qəbul zamanı nəzərə alınır. Həmin müsahibədən “məqbul” və ya “qeyri məqbul” qiymət alan bakalavrların digər ali təhsil müəssisələrindən ixtisaslaşma seçmələrinə hər hansı məhdudiyyət tətbiq edilmir.

    Magistratura səviyyəsinə qəbul zamanı DİM ixtisaslaşma seçimi ilə əlaqədar bakalavrlar üçün hər hansı metodiki vəsait hazırlayırmı?
    : İxtisaslaşma seçiminə yalnız bakalavrların özləri məsuliyyət daşıdığından DİM bakalavrlar üçün tövsiyə xarakterli hər hansı vəsait hazırlamır. Bununla belə, bakalavrlar “Magistr” jurnalının 2016 cı il tarixli 5-ci sayından 2016-2017-ci tədris ili üçün formalaşmış keçid balları haqqında məlumatı əldə edə bilərlər. Həmin jurnalın elektron versiyasını isə aşağıdakı linkdən istifadə etməklə əldə edə bilərsiniz: http://eservices.dim.gov.az/ejurnal/.

    Mən musiqişünaslıq üzrə bakalavr təhsili almışam və ixtisasıma uyğun bir neçə beynəlxalq müsabiqədə mükafata layiq yerlər tutmuşam. Magistratura səviyyəsinə qəbul zamanı mənə hər hansı güzəşt tətbiq oluna bilərmi?
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı müəyyən edilmişdir. Əgər bu qərarda əks olunan beynəlxalq müsabiqələrin birində mükafata layiq yer tutmusunuzsa, Siz də bu hüquqdan istifadə edə bilərsiniz.

    İmtahanın hər iki mərhələsindən kifayət qədər bal topla-dığım halda müsabiqədən keçməsəm, bakalavr ixtisasıma yaxın olan digər proqramlar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərəmmi?
    Bakalavrlar yalnız imtahan verdikləri proqram üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

    Əgər bir dövlət ali təhsil müəssisəsində MBA proqramına aid ixtisaslaşmalardan birinə daxil olsam, məcburi köçkün olduğuma görə təhsil haqqından azad oluna bilərəmmi?
    MBA proqramı da daxil olmaqla ödənişli yerlərə qəbul olan məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər təhsil haqqının ödənilməsi ilə bağlı məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə öyrənə bilərlər.

    Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. İmtahanın birinci mərhələsində iştirak edə bilərəmmi?
    Ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanın birinci mərhələsində iştirak edə bilərlər. Ancaq hər iki mərhələnin müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçənə qədər akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.

    Magistraturaya qəbul imtahanının birinci mərhə¬ləsinə hazırlaşarkən əvvəlki illərdə təqdim olunan test tapşırıqlarının məzmunu ilə tanış olmaq istəyirəm. “Magistr” jurnalının həmin saylarını necə əldə edə bilərəm?
    “Magistr” jurnalının əvvəlki illərdə nəşr olunmuş və satış köşklərindən əldə edə bilmədiyiniz saylarının elektron versiyalarını plastik kart vasitəsilə ödəniş etməklə DİM-in rəsmi internet saytındakı http://eservices.dim.gov.az/ejurnal/ linkindən əldə edə bilərsiniz.

    Bu il magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququ veriləcəkmi?
    “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa edilmiş dəyişikliyə əsasən, magistraturada əyani təhsil alanlara təhsillərini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir. Hal-hazırda magistratura səviyyəsinə yalnız əyani təhsilalma forması üzrə qəbul aparılır.

    Mən Bakı şəhərində daimi qeydiyyatdayam. Ancaq bakalavr təhsilimi Gəncə Dövlət Universitetində alıram. Bilmək istərdim ki, magistraturaya qəbul imtahanında imtahan verəcəyim şəhər nəyə əsasən müəyyən ediləcək?
    Qəbul imtahanının birinci mərhələsi Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində, ikinci mərhələsi isə Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcəkdir. Bakalavrın imtahan verəcəyi şəhərin seçimi onun faktiki yaşadığı ünvana, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə müəyyən edilir. Odur ki, faktiki yaşadığı ünvanı qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.

    Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Magistr təhsilimi iqtisadiyyat sahəsində ingilis dilində almaq istəyirəm. Bu, mümkündürmü? Bunun üçün hansı tələblər qoyulur?
    Tədrisi ingilis dilində olan iqtisadiyyatyönümlü ixtisaslaşmalar üzrə plan yerləri həm 26 saylı, həm də 56 saylı proqram daxilində təqdim oluna bilər. Bu haqda dəqiq məlumatı plan yerləri DİM-ə daxil olduqdan sonra öyrənə bilərsiniz. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar imtahanın birinci mərhələsində xarici dil kimi mütləq ingilis dilini seçməlidirlər. Bakalavrlar bu ixtisaslaşmalar üzrə ödənişli yerlərin müsabiqəsində iştirak etmək üçün imtahanın birinci mərhələsində xarici dildən ən azı 15, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün isə 20 bal toplamalıdırlar.  

    Magistratura səviyyəsinə qəbul imtahanında açıq for-malı test tapşırıqlarından heç birinə cavab verməyən bakalavrlar ikinci mərhələyə və ixtisaslaşma seçiminə buraxılırlarmı?
    Qəbul imtahanının hər iki mərhələsində ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Bal məhdudiyyəti birinci mərhələdə hər bir fənn üzrə ayrılıqda və ümumilikdə birinci mərhələ üzrə toplanılan bala, ikinci mərhələdə isə buradakı fənlərin sayından asılı olmayaraq bütün test blokuna tətbiq olunur.

    Mən iki fərqli sahə üzrə bakalavr təhsili almışam. Bilmək istərdim ki, magistratura səviyyəsinə qəbul imtahanında bu diplomların hər birindən istifadə edə bilərəmmi?
    Elektron ərizə doldurarkən qeyd etdiyiniz diplomlarınızın yalnız birindən istifadə edə bilərsiniz. Magistr ixtisaslaşmalarının seçimi zamanı həmin ixtisas¬laş¬maların bakalavr ixtisasına uyğunluğu əsas götürüldüyündən Siz də hansı sahədə magistr təhsili alacaqsınızsa, elektron ərizənizi doldurarkən həmin sahəyə aid diplomunuzdakı məlumatları daxil etməlisiniz.