Etik davranış

Line Spacing+- AFont Size+- Çap

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış qaydaları

1. Ümumi müddəalar

1.1. Bu qaydalar «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il il tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu qaydalar «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarına, dövlət qulluğunu tənzimləyən digər qanunvericilik aktlarına uyğun hazırlanmaqla dövlət qulluqçularının qanunvericiliklə müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (bundan sonra – TQDK) aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçuları üçün konkretləşdirir.
1.3. Bu qaydalar TQDK-nın aparatında və regional bölmələrində işləyən bütün dövlət qulluqçularına şamil edilir.

2. Qaydaların məqsədləri

2.1. Bu Qaydaların məqsədləri aşağıdakılardır:
2.1.1. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi;
2.1.2. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının TQDK-nın və onun strukturuna daxil olan qurumların vəzifə və funksiyaları, habelə TQDK-nın daxili qaydaları nəzərə alınmaqla konkretləşdirilməsi;
2.1.3. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara dövlət qulluqçuları tərəfindən riayət edilməsi üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarətin həyata keçirilməsi.
3. Dövlət qulluqçularının etik davranış qaydaları
3.1. Dövlət qulluqçularının etik davranış qaydaları aşağıdakılardan ibarətdir:
3.1.1 vicdanlı davranış
3.1.2. peşəkarlıq və fərdi məsuliyyətin artırılması
3.1.3. loyallıq
3.1.4. ictimai etimad
3.1.5. insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
3.1.6. mədəni davranış
3.1.7. əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
3.1.8. qərəzsizlik
3.1.9. maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi
3.1.10. korrupsiyanın qarşısının alınması
3.1.11. hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
3.1.12. maraqlar toqquşmasının qarşısının alınması
3.1.13. əmlakdan istifadə
3.1.14. məlumatlardan istifadə
3.1.15. ictimai və ya siyasi fəaliyyət

4. Vicdanlı davranış

Dövlət qulluqçusu:
- şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməlidir;
- bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır;
- vəzifə təlimatları və digər aktlarla dövlət qulluqçusunun üzərinə qoyulmuş vəzifələri vicdanla, yalnız dövlətin mənafelərinə xidmət etmək məqsədilə və TQDK-nın fəaliyyət istiqamətlərinə uyğun həyata keçirməli, həmçinin müvafiq səlahiyyəti həyata keçirərkən həmin səlahiyyətin ona verilməsi məqsədlərindən kənara çıxmamalıdır;
- öz üzərinə düşən vəzifələri əlavə tapşırıq gözləmədən öz təşəbbüsü ilə yerinə yetirməli, həmin vəzifələrin yerinə yetirilməsini qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla başqa şəxslərə həvalə etməməlidir;
- məhkəmələrdə və digər orqanlarda TQDK-nın nümayəndəsi qismində iştirak etdikdə dövlətin mənafeyini müdafiə etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməlidir.

5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

Dövlət qulluqçusu:
- öz fəaliyyətini qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir;
- etik davranışı və peşəkar fəaliyyəti ilə TQDK-ya fiziki və hüquqi şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

6. Loyallıq

dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, TQDK-nın və TQDK sədrinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələr, çıxışlar etməməli və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir;
dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə TQDK-nın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli və qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

7. İctimai etimad:

dövlət qulluqçusu Azərbaycan Respublikasının, TQDK-nın və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, dövlət qulluqçusunun andına sadiq olmağa, bu Qaydaların pozulmasına yol verməməyə borcludur;
dövlət qulluqçusuna TQDK-da ictimai və siyasi birliklərin (həmkarlar ittifaqı istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq və onların yaradılmasına yardım etmək qadağandır.

8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, hüquqi və fiziki şəxslərin işgüzar nüfuzuna hörmət:

dövlət qulluqçusu öz fəaliyyətində insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməli, onların şərəf, ləyaqət və işgüzar nüfuzuna, habelə hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, bu nüfuzu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, eləcə də dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə məlumatların konfidensiallığını təmin etməlidir;
bütün vətəndaşlar, habelə vəzifəli şəxslər, dövlət qulluqçusunun qanuni tələblərini icra etməli və qanuni hərəkətlərini müdafiə etməlidirlər.

9. Mədəni davranış:

dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbərinə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır;
dövlət qulluqçusu xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.

10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi:

dövlət qulluqçusu TQDK-nın sədrinin və ya birbaşa rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri hüdudunda qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur;
dövlət qulluqçusunun qanuni göstərişləri yerinə yetirməməsi intizam məsuliyyətinə səbəb olur.

11. Qərəzsizlik:

dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər bir şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

12. Korrupsiyanın qarşısının alınması, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və hədiyyələrin əldə edilməsinə yol verilməməsi:

dövlət qulluqçusunun TQDK-nın statusundan, öz vəzifə səlahiyyətlərindən və ya imkanlarından istifadə etməklə qanunsuz olaraq maddi və ya qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır;
dövlət qulluqçusu xidməti vəzifələrinin və səlahiyyətlərinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

13. Maraqlar toqquşmasının qarşısının alınması:

dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməli və onun xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və xüsusi hallarda yuxarı rəhbərinə məlumat verməlidir;
dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə TQDK-nın sədrinə məlumat verməlidir.

14. Əmlakdan istifadə:

dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter, kommunikasiya, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməli, onlardan şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

15. Məlumatlardan istifadə:

dövlət qulluqçusu TQDK-nın sərəncamında olan məlumatların Azərbaycan Respublikasının qanunvericiliyi, TQDK-nın Əsasnaməsi və normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada əldə olunması və yayılmasını təmin etməli və xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməlidir.

16. İctimai və ya siyasi fəaliyyət:

dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır;
dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməli, seçkilər zamanı öz vəzifə mövqeyindən və sələhiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə onları istifadə etməməlidir.

17. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

- Dövlət qulluqçusunun etik davranış qaydalarına əməl olunmasına nəzarəti, bu Qaydaların müddəalarını nəzərə almaqla Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, xidməti qaydada TQDK-nın sədri və TQDK-nın müvafiq məsul şəxsləri həyata keçirirlər.

18. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

- Bu Qaydaların pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
- Dövlət qulluqçusu etik davranış qaydalarını pozduqda, ona qarşı intizam tənbeh tədbirləri tətbiq oluna bilər.
- Dövlət qulluqçusuna intizam tənbeh tədbirləri tətbiq edərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, pozduğu etik davranış qaydasının xarakteri nəzərə alınmalıdır. İntizam tənbeh tədbirlərindən hər hansı biri tətbiq olunmadan dövlət qulluqçusuna yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.