Orta ixtisas təhsili müəssisələrinə qəbul

Line Spacing+- AFont Size+- Çap

DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2017/2018-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ÜMUMİ (9 illik) ORTA TƏHSİL BAZASINDA TƏLƏBƏ  QƏBULU  ELAN  EDİR

1. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdir. Bu zaman ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi"  formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bənd) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1.1. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər;

1.2. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri (bax: 3-cü bənd) təqdim etməklə aşağıdakı SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

  • DİM  (Bakı ş., M.Müşfiq küç., 1m)
  • DİM-in Naxçıvan MR  Regional Bölməsi   (Naxçıvan ş., Nizami küç., 10);
  • DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
  • DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
  • DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
  • DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küç., 19);
  • DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küç., 43);
  • DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 88);
  • DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b).

2. Birinci qrup əlil abituriyentlər üçün imtahan zamanı zəruri şərait yaradılır. Bu abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasına daxil olduqda formada əlillikləri barədə məlumatın olub-olmamasını müəyyən etməlidirlər. Formada əlillik barədə məlumatın olmadığı və ya olan məlumatın qeyri-dəqiq olduğu halda abituriyentlər DİM-ə və ya onun regional bölmələrinə müraciət etməlidirlər.

Birinci qrup əlil abituriyentlər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı, əlilliyi təsdiq edən sənədin əslini də özləri ilə mütləq gətirməlidirlər.

3. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər  SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

- elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı (şəxsiyyəti təsdiq edən sənədin FİN kodu); 

-    ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (ümumi orta təhsil haqqında sənədin əslini təqdim etmək mümkün olmadıqda, abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları"na 1 nömrəli əlavə);

-    şəxsiyyəti təsdiq edən sənədin əslini: 

  • Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla)  şəxsiyyət vəsiqəsini;
  • əcnəbilər icazə vəsiqələrini və pasportlarını;
  • vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  • qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini;
  • beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini; 

-    Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrini bitirən abituriyentlər həmin təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilini dövlət hesabına (ödənişsiz) olub-olmamasını təsdiq edən arayışı ("Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları"na 1 nömrəli əlavə);

-    16 yaşı martın 1-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı, təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı  (Əlavə 1) və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli;

-    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

4. İxtisaslar siyahısında xüsusi qabiliyyət tələb edən ixtisaslar ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra iyulun 7-dən 18-dək eservices.dim.gov.az/erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyalardan və onların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Abituriyent bir komissiya daxilində yalnız bir ixtisas üzrə qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 19-dan 23-dək  qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və imtahanların nəticəsi "məqbul"la qiymətləndirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

5. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən  abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız riyaziyyat fənni üzrə verən cari ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verirlər.

6. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat vaxt ayrılır.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.

7. Qəbul imtahanında iştirak etmək üçün (hər iki mərhələdə) abituriyent müəyyən olunmuş tarixdə internetdən «İmtahana buraxılış vərəqəsi»ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

  • Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla)  şəxsiyyət vəsiqəsini;
  • əcnəbilər icazə vəsiqələrini və pasportlarını;
  • vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini və icazə vəsiqələrini;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  • qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini;
  • beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

- 16 yaşı martın 1-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı (Əlavə 1).

8. İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.  İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

9. Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir:

-     təhsil haqqında sənədə (attestata) "Tədris dili", "Ədəbiyyat", "Xarici dil",  "Riyaziyyat",  "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-     qəbul imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

10. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:  

  • saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
  • imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
  • səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində  zaldan çıxmaq;
  • başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq;
  • nəzarətçiyə və ya digər şəxslərə  tapşırıqların həllində kömək üçün müraciət etmək;
  • cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Abituriyentin 10-cu bənddə göstərilən hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

11. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri DİM tərəfindən müəyyən edilən 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.    

Balların hesablanma qaydası

İmtahan nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. Səhv cavablar abituriyentin ümumi balına təsir etmir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 200-dür. Abituriyentlərin fənlər üzrə test tapşırıqlarına  cavab ballarının cəminin 100  ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:


Fənn

Komponent № 1

(I mərhələ, test tapşırıqları)

Komponent № 2

(II mərhələ, test tapşırıqları)

Maksimal bal

Test tapşırıqlarının sayı

Bal

Maksimal bal

Test tapşırıqlarının sayı

Bal

Ana dili (Azərbaycan  dili,

rus dili)

30

20 (10 açıq
 +
10 qapalı)

2∙nd (açıq) +

nd (qapalı)

70

30 (qapalı)

image002.gif   

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

70

30 (qapalı)

image002.gif


nd (açıq)   - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 nd (qapalı)  - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi  müəyyən edilmişdir: 


Xidmətlərin adı

Ölçü vahidi

Tarif

(ƏDV-siz, manat)

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

20

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

20


QEYD: Şəxsi kabinetinizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. Şəxsi kabinetinizin hesabına köcürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı  tutulacaq.

Əlavə 1