AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Orta ixtisas təhsili müəssisələrinə qəbul

Line Spacing+- AFont Size+- Çap

TƏLƏBƏ  QƏBULU  ÜZRƏ  DÖVLƏT  KOMİSSİYASI 2016/2017-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ÜMUMİ (9 illik) ORTA TƏHSİL BAZASINDA TƏLƏBƏ  QƏBULU ELAN EDİR

1. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2016-cı il mayın 2-dən mayın 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex/erize) şəxsiy­yət vəsiqəsinin seriyasını, nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu dol­dururlar (bax: səh. 14. “Abitu­riyentin elektron ərizəsi”nin dol­du­rulma qaydası”).

Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrinin təsdiq olunmasını təmin edirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bənd) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1.1. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəs­sisə­lərində 2013-cü və ondan sonrakı illərdə bitirən abituri­yent­lər elektron ərizələrini Sənəd Qəbulu Komissiya­ları­na (SQK) müraciət etmədən elektron ərizə səhifə­sin­dəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər (bax: jurnalın 13-ci səhifəsində "Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə elektron ərizə verən abituriyent üçün təlimat");
 
1.2. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəs­sisə­lərin­də 2013-cü ildən əvvəl və ya Azərbaycan Respub­lika­sının hüdudlarından kənarda yerləşən təhsil müəs­sisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri (bax: 3-cü bənd) təqdim etməklə aşağıdakı SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

TQDK  (Bakı ş., M.Müşfiq küç., 1m)
TQDK-nın Naxçıvan MR  Regional Bölməsi   (Naxçıvan ş., Nizami küç., 10);
TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küç., 19);
TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küç., 43);
TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küç., 1)
TQDK-nın Xaçmaz Regional Bölməsi      (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b).

2. Birinci qrup əlil abituriyentlər üçün im­ta­han zamanı zəruri şərait yaradılır. Bu abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasına daxil olduqda formada əlillikləri barədə məlumatın olub-olmamasını müəyyən etməlidirlər. Formada əlillik barədə məlumatın olmadığı və ya olan məlumatın qeyri-dəqiq olduğu halda abituriyentlər TQDK-ya və ya onun regional bölmələrinə müraciət etməlidirlər.

Birinci qrup əlil abituriyentlər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı əlilliyi təsdiq edən sənədin əslini də özləri ilə mütləq gətirməlidirlər.

3. Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər  SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:
  • internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini;                                           
  • ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini;
  • şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla)  şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
  • 16 yaşı mayın 2-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı, təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı  (Əlavə 1)* və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.
4. İxtisaslar siyahısında xüsusi qabiliyyət tələb edən ixtisaslar ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 9-dan 13-dək  qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları TQDK-­nın təşkil etdiyi

Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (bax səh. 7, “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri”).

Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.  

5. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respub­likasının hüdudlarından kənarda yerləşən təhsil müəs­sisələrində bitirən  abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riya­ziy­yat fənlərindən qəbul imtahanı verirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azər­baycan Respublikasının ümumi təhsil müəs­sisə­lə­rində cari ildə bitirən abituriyentlər qəbul imta­ha­nı vermirlər və müsabiqədə ana dili və riya­ziy­yat fən­lərin­dən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız ri­yaziy­yat fənni üzrə verən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dili olan məktəb­lərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verirlər.

6. Qəbul imtahanında iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən «İmtahana buraxılış və­rəqəsi»ni çap edir.
Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:
  • İmtahana buraxılış vərəqə­sini;
  • Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı mayın 2-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı (Əlavə 1).

7. Qəbul imtahanında hər bir fənn üzrə abituriyent­lərə 30 test tapşırığı təqdim olunur.
Test tapşırıqlarının cavablan­dırıl­masına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.

8. Hər bir fənn üzrə abituriyentin balları hesab­landıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar abituriyentin ümumi balına təsir etmir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-dır.
 
9. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisə­lərinin təhsili dövlət hesabına və ödəniş­li əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.  İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birin­cisinə yerləşdirilir.
 
10. Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir.
-     təhsil haqqında sənədə (şəhadətnaməyə) "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil",  "Riyaziyyat",  "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
-     qəbul imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı.

11. Qəbul kampaniyası TQDK tərə­findən hazır­lanmış normativ sənədlərlə nizamlanır. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
  • saxta sənəd təq­dim ­et­mək;
  • imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu,  kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
  • səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində  zaldan çıxmaq;
  • başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını gön­dərmək;
  • nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
  • cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Abituriyentin 11-ci bənddə göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərə­findən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
 
12. Təhsilalma for­ma­sın­dan asılı olma­ya­raq, hər hansı bir ixtisasa yerləş­dirilmiş abituriyent tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 gün müddətində qəbul olunduğu təhsil müəs­sisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituri­yentin bu müd­dətdə təhsil müəssisəsində qey­diy­yatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.