Magistratura səviyyəsinə qəbul

Line Spacing+- AFont Size+- Çap

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasinin magistraturalarina qəbul elan edir

1. Bakalavrların və digər ali təhsilli şəxslərin Azər­bay­can Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəs­sisələrinin və Azərbaycan Milli Elmlər Akademiya­sının (bundan sonra – elmi təşkilatın) magistraturalarına qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” (bundan sonra – Qaydalar) ilə tənzimlənir.

2.  Ali təhsil müəssisələrinin və elmi təşkilatın magis­tra­turalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra – bakalavrlar) malikdirlər.

3.  Magistraturaya qəbul "Təhsil haqqında" Azərbay­can Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

İmtahanların məzmunu, forması, aparılma texnolo­giyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahanların məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azər­baycan Respub­likası­nın Təhsil Nazirliyi (bundan sonra − Təhsil Nazir­liyi) ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və elmi təşkilatın təklifləri əsasında Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

4.  Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

5.  Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

6.  Ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

7.  Müsabiqədə iştirak ödənişlidir.

8.  Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2017-ci il martın 10-dan 17-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (bax: “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün təqdim olunan ödəniş üsullarından (bax: payment.dim.gov.az internet səhifəsinə) istifadə etməklə 16-rəqəmli ödəniş kodu əldə edilməlidir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və paro­lundan istifadə etməklə 2017-cı il martın 10-dan 17-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir). (Ətraflı mə­lumat jurnalın 6-8-ci səhifələrində və http://eservices.dim.gov.az/erizemag/erize internet səhifəsindəki aktual keçidlərdə verilmişdir.)

8.1. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar qəbul imtahanında iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

8.2. Digər bakalavrlar ərizələrini aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər:

– Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublika­sında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

– ali təhsil haqqında sənədi və ona əlavəni;

– xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri.

Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

9. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir (bax: Cədvəl 1):

- bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı;

- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

9.1. İmtahanın birinci mərhələsi 2017-ci il aprelin 9-da keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə­dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

9.2. Birinci mərhələdə bakalavrların imtahan verəcəyi xarici dil aşağıdakı qaydalar nəzərə alınmaqla bakalavr tərəfindən müəyyən edilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir:

- tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;

- tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;

- tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər;

- filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;

- filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər;

- regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

9.3. Tədrisi ingilis (alman) dilində olan ixtisas­laş­maların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhə­ləsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olma­malıdır.

10. Bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini (bax: Cədvəl 2) ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar 2017-ci il mayın 15-dən 22-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisas­­laş­ma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında veriləcəkdir).

10.1. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.

10.2. “ADA” Universitetinin, Moskva Dövlət Uni­versi­tetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magis­traturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, nəticələri qəbul imtahanının birinci mərhələsi üzrə Mərkəz tərəfindən müəyyən olunan müsabiqə şərtlərini (bax: Cədvəl 2), həmçinin TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) imtahanı üzrə tələbləri ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

10.3. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçiriləcək birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

–   “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında dərc ediləcək.

10.4. İmtahanın ikinci mərhələsi 4 iyun 2017-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaqdır.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (“Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).

10.5. Yazı işləri və qabiliyyət imtahanının nəticəsi 50 ballıq şkala üzrə qiymətləndirilir.

10.6. İmtahan suallarının cavablandırılmasına imta­hanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

10.7. Qəbul imtahanında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

10.8. Qəbul imtahanının birinci mərhələsi Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhər­lərində, ikinci mərhələsi isə Bakı, Naxçıvan və Gəncə şəhər­lərində keçirilir.

Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın yaşadığı məntəqəyə görə (bax: səh. 8-9) təyin edilir.

10.9. Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrıca imtahana buraxılış və­rəqəsi olmalıdır. İmtahanın birinci mərhə­ləsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2017-ci il aprelin 5-dən etibarən birinci mərhələ üçün, ikinci mərhələyə buraxılanlar isə 2017-ci il mayın 31-dən etibarən ikinci mərhələ üçün "Baka­lavrın imtahana buraxılış və­rəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhi­fəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və­rəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir­məlidirlər.

11. Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. İxtisaslaşma seçiminə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanından və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladıqları balı da Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilən müsabiqə şərtlərinə (bax: Cədvəl 2) uyğun olan bakalavrlar buraxılırlar.

11.1. Mərkəz tərəfindən elan edilən müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (qəbul aparılan ixtisaslaşmalar və onlara ayrılan yerlərin proq­ramlar üzrə siyahısı “Magistr” jurnalının 2017-ci il tarixli 4-cü sayında veriləcəkdir).

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların imtahanın birinci mərhələsində ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

11.2. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

11.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, yalnız təhsili ödə­niş­li əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçməlidirlər.

11.4. Elmi təşkilat üzrə magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən və 2017-ci ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin internet saytında qeydiyyatdan keçməli və elmi təşkilatda müsahibədən keçməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər.

Elmi təşkilatın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında əlavə məlumat veriləcək.

11.5. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

11.6. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yer­ləş­dirilir.

11.7. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

11.7.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

11.7.2. ixtisas üzrə biliyin qiymətləndirilməsi imtahanından toplanılan bal;

11.7.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

11.7.4. xarici dil üzrə testdən toplanılan bal.

11.8. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

11.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən yuxarıda göstərilən qaydada ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

12. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu təhsil müəssisəsinə (elmi təşkilata) təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində (elmi təşkilatda) qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

13. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir.

Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

14. Bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

14.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;

14.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

14.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

14.4. imtahanın başlanması elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;

14.5. imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

14.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

14.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

14.8. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

14.9. Bakalavrın yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.