AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Magistratura səviyyəsinə qəbul

Line Spacing+- AFont Size+- Çap

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN VƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MAGİSTRATURALARINA QƏBUL QAYDALARI 

Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən hazırlanmışdır və bakalavrların və digər ali təhsilli şəxslərin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra – elmi təşkilat) magistraturalarına qəbulu qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra – bakalavrlar) malikdirlər.

1.2. Magistraturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.

1.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinin, həmçinin elmi təşkilatın magistraturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi və elmi təşkilat ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq aparılır və təhsil ödənişli əsaslarla həyata keçirilir.

1.5. Magistraturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.

2. Ərizələrin qəbul edilməsi

2.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar   “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar ərizələrini aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

2.1.2. bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)).

2.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini də təqdim edirlər.

3. Müsabiqənin keçirilməsi

3.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul müsabiqə yolu ilə yalnız imtahanda toplanılan ballara əsasən həyata keçirilir. Bakalavrların seçdikləri ixtisaslaşmalara yerləşdirilməsi onların iki mərhələdə keçirilən imtahanda topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. Magistraturaya qəbul imtahanının birinci mərhələsində test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika üzrə bilikləri və xarici dili bilmə səviyyəsi, ikinci mərhələsində isə ixtisas sahəsində bilikləri yoxlanılır.

3.2. Birinci mərhələdəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar. Onlar müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq TQDK-nın “Magistr” jurnalında çap edilən “İxtisaslaşma seçimi cədvəli”nə əsasən, bitirdikləri bakalavr ixtisasına uyğun gələn qəbul proqramlarından birini seçib təsdiq edirlər.

3.3. İkinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə yoxlanılır. Seçdikləri qəbul proqramından asılı olaraq bakalavrlar test tapşırıqlarını və ya yazı işini yerinə yetirməlidirlər.

3.4. Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla, dövlət sifarişi ilə magistratura səviyyəsinə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixti­sas­laşmaların qəbul planı çərçivəsində həyata keçirilir.

3.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul müsabiqə yolu ilə yalnız imtahanda toplanılan ballara əsasən aparılır.

3.6. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

3.6.1. ümumi orta müvəffəqiyyət göstəricisi(ÜOMG);

3.6.2. ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal;

3.6.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

3.6.4. xarici dil üzrə testdən toplanılan bal.

3.7. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən 4.2‑ci bənddə göstərilən qaydada ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

3.8. Magistraturaya qəbul zamanı bakalavrlar tərəfindən xarici dil seçimi aşağıdakı qaydada həyata keçirilir:

3.8.1. tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini;

3.8.2. tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar – ingilis, alman və ya fransız dilini;

3.8.3. tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar – ingilis (alman) dilini seçməlidirlər.

3.9. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;

3.10. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

3.11. Regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər.

3.12. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların ingilis (alman) dili üzrə topladıqları bal TQDK tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

4. İxtisaslaşma seçimi

 4.1. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə imtahandan iki mərhələ üzrə topladıqları ümumi bal (balların cəmi) ilə yanaşı, ixtisas üzrə topladıqları bal da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

4.2. Bakalavr seçdiyi qəbul proqramına aid və “İxtisaslaşma seçimi cədvəli”nə əsasən bitirdiyi bakalavr ixtisasına uyğun gələn 20-dək ixtisaslaşmanı seçir, öz elektron ixtisaslaşma seçimi ərizəsinə istədiyi ardıcıllıqla daxil edir və TQDK tərəfindən müəyyən edilən 5 günədək müddətdə ixtisaslaşma seçimini təsdiq edir.

4.3. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların siyahısında birinci olanına yerləşdirilir. 

5. Yekun müddəalar

 5.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu təhsil müəssisəsinə  və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

5.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılır.

5.3. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

5.4. Bakalavrın qəbul kampaniyası müddətində aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

5.4.1. saxta sənəd təqdim etmək;

5.4.2. imtahanlara mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

5.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

5.4.4. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq, zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

5.4.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

5.4.6. test tapşırıqlarının həllində kömək üçün hər hansı bir şəxsə müraciət etmək;

5.4.7. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

5.5. Bakalavrın bu Qaydaların 5.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqədə əldə etdiyi nəticə ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.