AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Qəbul haqqında elan

Line Spacing+- AFont Size+- Çap

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI 2016/2017-ci TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL ELAN EDİR
 
1. Rezidenturaya qəbul  “Azərbaycan Respub­li­ka­sın­da  rezidenturaya qəbul qaydaları”na (bax: “Rezidentura” jurnalı, 2016, №1, səh. 2) uyğun olaraq aparılır. Rezidenturaya qəbul olmaq hüququna baza ali tibb təhsili olan şəxslər (bundan sonra - namizədlər) malikdirlər.

2. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır:
  • Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və FİN kodundan, “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə 2016-cı il martın 1-dən 10-dək TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir). Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Ətraflı mə­lumat jurnalın 3-5-ci səhifələrində və eservices.tqdk.gov.az/erizerez/erize səhifəsindəki aktual keçidlərdə verilmişdir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün namizədlər rezidenturaya qəbul imtahanında iştirak etmək üçün TQDK‑nın rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşviq küç., 1M) SQK-da doldurur və  təsdiq etdirirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil  almış Azərbaycan Respublikasının vətəndaşları imtahanda iştirak etmək üçün ”Namizə­din elektron ərizəsi” formasını doldurduqdan sonra aşağıdakı sənədlərin əslini şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşviq küç., 1M)  SQK-da təsdiq etdirməlidirlər:

Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 
 əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu, diploma əlavəni və məzunu olduqları baza ali tibb təhsili müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (bax: “Rezidentura” jurnalı, 2016, №1, səh. 5, Əlavə 1);
  • Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin cari il məzunları təhsil aldıqları baza ali tibb təhsili müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (bax: “Rezidentura” jurnalı, 2016, №1, səh. 6, Əlavə 3);
  • xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;
  • xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,  xarici ölkələrdə ali təhsil  almış Azərbaycan Respublikasının vətəndaşları yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini də təqdim edirlər.

Elektron ərizə formasına daxil edilmiş məlumatlarda ərizə təsdiqlənənədək düzəliş edilə bilər. Elektron ərizə təsdiqləndikdən sonra yalnız TQDK-ya yazılı şəkildə müraciət etməklə ərizədə düzəliş aparmaq olar.

3. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq birinci mərhələdə namizədin baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

3.1. İmtahanın birinci mərhələsi 2016-cı il aprelin 3-də, ikinci mərhələsi 2016-cı il iyulun 29-da keçiriləcəkdir.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

3.2. Hər bir mərhələ üzrə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

3.3. Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.

3.4. İmtahanda iştirak etmək üçün namizəd 2016-cı il martın 29-dan etibarən imtahanın birinci mərhələsi üçün, iyulun 25-dən etibarən imtahanın ikinci mərhələsi üçün “Namizədin imtahana buraxılış vərəqəsi”ni eservices.tqdk.gov.az/erizerez/brxvrez internet səhifəsindən çap edib götürür.

Namizədlər imtahanda iştirak etmək üçün imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana mütləq gətirməlidirlər. İmtahanın keçirilmə vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir.

4. Müsabiqəyə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

4.1. Müsabiqəyə buraxılan namizəd 2016-cı il avqustun 1-dən 7-dək bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olan ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (bu haqda əlavə məlumatlar “Rezidentura” jurnalının, 2016-cı il, 3-cü nömrəsində veriləcəkdir).

5. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
  • baza ali tibb təhsili səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
  • ixtisas fənləri üzrə qəbul imtahanında toplanılan bal.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir. Namizədlər tərəfindən ixtisas seçimi 4.1-ci bənddə göstərilən qaydada həyata keçirilir.

6. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində müvafiq quruma:
  • Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
  • Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;
  • Azərbaycan Tibb Universitetinə və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə
təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

 7. Namizədə qadağandır:
  • saxta sənəd təqdim etmək;
  • imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
  • “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
  • “İmtahan başlandı!” elan olunan andan 1,5 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
  • başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
  • test tapşırıqlarının həllində kömək üçün hər hansı bir şəxsə müraciət etmək;
  • cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
8. Namizədin 7-ci bənddə göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

9. Namizədlər müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Apelyasiya Komissiyasına namizəd şəxsiyyəti təsdiq edən sənədini təqdim etməklə, şəxsən müraciət etməlidir.
   

REZİDENTURAYA ƏRİZƏ VERƏN NAMİZƏD ÜÇÜN TƏLİMAT

“Namizədin elektron ərizəsi” formasının doldurulması və təsdiqi mərhələsində
Namizəd:
  • elektron ərizə ilə işləmək üçün müəyyən edilmiş qaydada (internet ödəmə və ya 7725 SMS xidmətləri vasitəsilə) iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı əldə edir. İş nömrəsi və şifr itirilməməli, şifr məxfi saxlanılmalıdır. Namizəd yalnız bir iş nömrəsi və şifrdən istifadə etməklə ərizə doldurub, onu təsdiqlədə bilər;
  • TQDK-nın saytından (http://eservices.tqdk.gov.az/erizerez/erize) ali təhsil müəssisəsinə qəbul olmaq üçün təqdim etdiyi “Abituriyentin ərizəsi”ndəki iş nömrəsini öyrənir və tələb olunan sənədləri (bax: səh. 2) toplayır;
  • eservices.tqdk.gov.az/erizerez/erize  internet səhifəsinə daxil olur, iş nömrəsini və şifri müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır.
  • əgər sistemə ilk dəfə daxil olursa, açılan səhifədə vətəndaşlıq mənsubiyyətini (Azərbaycan Respublikası vətəndaşları yalnız şəxsiyyət vəsiqəsinə, əcnəbilər şəxsi pasport və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinə, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsinə və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinə, qaçqın statusu almış əcnəbilər və onların ailə üzvləri qaçqın vəsiqəsinə müvafiq bölməni seçməlidirlər) və şəxsiyyətini təsdiq edən sənədin seriyasını seçir, şəxsiyyəti təsdiq edən sənədinin  nömrəsini və FİN kodunu müvafiq sahələrə daxil edir və “Daxil ol” düyməsini basır;
  • elektron ərizə forması ekranda açıldıqdan sonra “Namizədin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;
  • ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;
  • "Ərizəni yadda saxla" düyməsini basır;
  • proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;
  • proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;
  • "Ərizəni təsdiq et" düyməsini basır. Bəyannaməni oxuyur və "Şərtlərlə razıyam" düyməsini basmaqla elektron ərizəni özü təsdiq edir. Ərizənin təsdiq edilməsi haqqında məlumat ekranda göstərilir;
  • elektron ərizə formasındakı məlumatları çap etmək istədiyi halda, "Ərizəni çap et" düyməsini basır;
  • məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədi ilə "Səhifədən çıxış" düyməsini basır.
Namizəd ərizəsini təsdiq edənə qədər elektron ərizəsində düzəliş edə bilər.


“NAMİZƏDİN ELEKTRON ƏRİZƏSİ”NİN DOLDURULMA QAYDASI 
Namizəd elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

Namizəd ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra soyadında, adında və ya atasının adında dəyişiklik olubsa, əvvəlki soyadını, adını və ya atasının adını 2(S),  2(A) və 2(AA) bəndlərində müvafiq sahələrdə Azərbaycan dilində qeyd edir;

8-ci bənddə faktiki yaşadığı ünvanın qeydiyyatda olduğu ünvanla eyni və ya fərqli olmasını müvafiq bölmədə qeyd edir. Faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqlidirsə, faktiki yaşadığı ünvanın yerləşdiyi məntəqənin adını siyahıdan seçir, sonra isə unvanı müvafiq sahəyə daxil edir;

9-cu bənddə namizəd özünün e-mail ünvanını daxil edir (bu ünvandan iş nömrəsini, şifri unutduqda və digər zəruri hallarda namizədlə əlaqə saxlamaq üçün istifadə olunacaqdır);

10-cu bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini müvafiq sahəyə daxil edir;

11-ci bənddə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) adını siyahıdan seçir, həmin təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

12-ci bənddə baza ali tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunduğu ili daxil edir;

13-cü bənddə baza ali tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün doldurduğu “Abituriyentin ərizəsi"nin nömrəsini daxil edir;

14-cü bənddə baza ali tibb təhsili üzrə bitirdiyi ali təhsil müəssisəsinin adını siyahıdan seçir, bu ali təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

15-ci bənddə baza ali tibb təhsili üzrə diplomunun seriyasını siyahıdan seçir, diplomun nömrəsini müvafiq sahəyə daxil edir (bu bənd cari ilin məzunlarına aid deyil);

16-cı bənddə baza ali tibb təhsili üzrə bitirdiyi ixtisasın şifrini və kodunu siyahıdan seçir;

17-ci bənddə diplom üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) neçə ballı sistemdə olduğunu uyğun dairəni seçməklə qeyd edir və müvafiq hissədə ÜOMG-ni göstərir;

18-ci bənddə baza ali tibb təhsilini fərqlənmə diplomu ilə başa vurubsa, müvafiq sahəni seçir;

19-cu bənddə namizəd imtahan verəcəyi dilə uyğun dairəni (Azərbaycan və ya rus) seçir;

20-ci bənddə baza ali tibb təhsili istiqamətini seçir.