AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Yekun qiymətləndirilmə

Line Spacing+- AFont Size+- Çap

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və  tabeliyindən, mülkiy­yət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respub­likasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil  müəssisələrində (bundan sonra – ümumi təhsil müəssisələrində) təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparıl­ması qaydalarını müəyyən edir.

1.2. Ümumi təhsil müəssisələrində təhsilalanların  yekun attestasiyası  ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin  qiymətlən­diril­məsi məqsədilə  həyata keçirilir.

1.3. Ümumi təhsil müəssisələrində  ümumi orta və tam orta təhsil səviy­yə­ləri­ndə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan Res­pub­likasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.

1.4. Təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının test tapşırıqlarının və inşasının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”na uyğun olaraq, Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərə­findən birgə müəyyən edilir.

1.5. Buraxılış imtahanlarının keçiriləcəyi günləri və imtahanların aparılması texnologiyasını Mərkəz və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birgə müəyyən edirlər.

1.6. Buraxılış imtahanının keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.

1.7. Ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

1.7.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;

1.7.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

1.8. Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:

1.8.1.  buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;

1.8.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

1.9. Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

1.10. Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətlən­diril­məyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar. 

1.11. Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiy­mət­lən­dirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar. 

1.12. Bu Qaydaların 1.10-cu və 1.11-ci bənd­lərin­də göstərilən şagirdlərin və ya buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.

1.13. Ümumi orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məh­dud təhsilalanların bütün fənlər üzrə yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.7.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

1.14. Tam orta təhsil səviyyəsi üzrə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış im­tahanından azad edilmiş sağlamlıq imkanları məh­dud təhsilalanların bütün fənlər üzrə yekun qiymət­ləndirilməsi (attestasiyası) bu Qaydaların 1.8.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

1.15. Yekun attestasiyanın nəticələri Mərkəz tərə­findən elektron təhsil sənədinə yazılır, şagirdə və təh­sil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

 2. Buraxılış imtahanı

2.1. Buraxılış imtahanlarına hazırlıq məqsədilə imtahanda iştirak edəcək şagirdlər haqqında mə­lu­matları özündə əks etdirən “Şagird-məzun” elektron məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri üzrə) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azər­baycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu) göstərilməklə təqdim edilən məlumatlar (verilənlər bazası) əsasında Mərkəz tərəfindən formalaşdırılır.

2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qay­dada iki mərhələdə keçirilir.

2.3. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yox­lamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı,  riyaziyyat fənnindən  riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir.

2.4. Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haq­qında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.

2.5. Buraxılış imtahanının birinci mərhələsində imta­hanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıq­larının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın baş­lanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.6. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.7. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəs­sisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq tipli, ikinci mərhələdə 30 qapalı tipli test tapşırığı təqdim edilir.

2.8.  Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəs­sisələrində hər iki mərhələdə imtahanın müddəti 45 dəqiqədir. İmtahanın başlanmasından 15 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.9. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəs­sisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili  fənnindən  də bu Qaydaların  2.3-2.6-cı bəndlərində nəzərdə tutulmuş  qaydada imtahan verməlidirlər.

2.10. Birinci mərhələnin  imtahan nəticələri imtahan keçirildiyi gündən etibarən ikinci mərhələnin keçirildiyi vaxtadək, ikinci mərhələnin nəticələri  isə imtahan keçirildiyi gündən 5 (beş) gün müddətində elan edilir. Şagirdlərin fənlər üzrə test tapşırıqlarına  cavab ballarının cəminin 100  ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:

Fənn

Komponent № 1

(I mərhələ, test tapşırıqları)

Komponent № 2

(II mərhələ, test tapşırıqları)

Komponent № 3

(I mərhələ, esse)

Maksimal bal

Test tapşırıqları­nın sayı

Bal

Maksi­mal bal

Test tapşırıq­larının sayı

Bal

Maksi­mal bal (Əlavə qiymət)

Növü

Azərbaycan dili/

rus dili

30

20 (10 açıq
 +
10 qapalı)

2∙nd (açıq) +

nd (qapalı)

70

30 (qapalı)

image002.gif   

10

Esse

Riyaziyyat

30

10 (açıq)

3∙nd(açıq)

70

30 (qapalı)

image002.gif

-----

-----


nd (açıq)   - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd (qapalı)  - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

2.11. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəs­sisə­lərində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Mərkəz tərəfindən mərkəz­ləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazır­lar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.12. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

2.13. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəs­sisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili  fənnindən  də bu Qaydaların 2.11-ci bəndində nəzərdə tutulmuş  qay­dada imtahan verməlidirlər.

2.14. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 (beş) günədək müddətdə elan edilir. Şagird­lərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Azərbaycan dili/

rus dili

riyaziyyat

xarici dil/kimya

 

Tam orta

2

0-7

0-7

0-6

3

8-17

8-16

7-16

4

18-25

17-24

17-24

5

26-30

25-30

25-30


 2.15. Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 (on) günədək müddətdə elan edilir.

2.16. Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

2.17. Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

2.17.1. saxta sənəd təq­dim ­et­mək;

2.17.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

2.17.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;

2.17.4. səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;

2.17.5. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını gön­dərmək;

2.17.6. nəzarətçiyə tapşırıqların yerinə yetirilməsi ilə bağlı kömək üçün müraciət etmək;

2.17.7. cavab kartını və sual kitabçasını nəzarət­çiyə təhvil vermədən imtahan zalını tərk etmək.

2.18.  Şagirdin bu Qaydaların 2.17-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 3. Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

3.1. Ümumi  orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-2.10-cu bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.

3.2. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun qiymətləndirməyə (attestasiyaya) buraxılmayan və ya eksternat qay­da­sın­da cari tədris ilində yekun qiymətləndirmədə (attestasiyada) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana bura­xılması haqqında həmin təhsil müəssisəsinin yarat­dığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.11-2.14-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər.

3.3. Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.8-ci bəndi ilə müəyyən edilmiş qaydada çıxarılır. Bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür.

3.4. Tam  orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar. 

3.5. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən hallarda şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür.

4. Yekun müddəalar

4.1. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxıl­ması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

4.2. Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müra­ciət edir. Apelyasiya Komissiyasının qərarların­dan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.