AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Müsahibələr

Line Spacing+- AFont Size+- Çap
04.02.2015

Bu gün hər sahədə öz intibahını yaşayan, şəhərləri, kənd və qəsəbələri, yolları abadlaşıb göz oxşayan ölkəmizin Qarabağ dərdi qədər bir sağalmaz dərdi də, bizim nə özümüzə, nə dil və təfəkkürümüzə, nə zəngin milli, maarifçilik tariximizə yaraşmayan DƏRSLİK DƏRDİMİZ - müstəqillik dönəminə qədəm qoyan dövrlərdən bəri başı itirilmiş torpaqlarına, pozulmuş sərhədlərinə, qaçqın və köçkünlərinə, bir-birindən çətin və keçilməz ictimai-siyasi problemlərinə, hərbi, iqtisadi, sosial sahədə yaşanan həlli vacib məsələlərə qarışan məmləkətimizdə, necəsə, nəzər-diqqətdən yayınıb, bir qrup dərslik həvəskarının, əksər hallarda öz peşəsini, Azərbaycan ədəbi dilinin norma və qaydalarını belə, lazımi səviyyədə bilməyən orta məktəb müəllimlərinin, təhsilə aidiyyatı olmayan digər peşə adamlarının əlinə keçən dərsliklərimizdir. Balalarımızın gələcəyini, dil və təfəkkür səviyyəsini təmin edəcək bu kitabların ağır durumu ilə bağlı bu günə qədər yazılıb deyilənləri, aparılan yoxlamalar zamanı üzə çıxan qüsur və səhvləri üst-üstə yığsaq, samballı bir kitabın ərsəyə gələcəyinin şahidi olacağıq.

Redaksiyadan

 - Müasir mərhələdə təhsil sahəsində aparılan islahatlar proqramında dərsliklərin hazırlanması və onların elmi - metodiki monitorinqi nə kimi yer tutur?

– Dərslik siyasətinin uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri, onların hazırlanmasının bütün mərhələlərində (sifariş, müsabiqə, müzakirə, ekspertiza, qiymətləndirmə, ilk, təkrar və ya təkmilləşdirilmiş nəşrlər) şəffaflıq və aşkarlığın təmin edilməsi, bu işdə alimlərin, mütəxəssislərin, müəllimlərin, valideynlərin konstruktiv rəylərinin nəzərə alınmasıdır. Şəffaflıq və aşkarlıq atmosferini isə yaratmaq lazımdır. Gərək göstərilən kateqoriyalardan olan şəxslər dərsliklər barədə öz rəy, irad və təkliflərini ifadə etmək imkanına malik olsunlar. Bundan ötrü isə açıq müzakirələr təşkil edilməli, dəyərli rəylər araşdırılmalı, ümumiləşdirilməli və bunlar dərslik siyasətinin növbəti mərhələlərində nəzərə alınmalıdır.

Dərsliklərin məzmunu, dil və üslubu, dizayn və tərtibi, sual və tapşırıqların mövzulara uyğunluğu hansı meyar və tələblərə cavab verməlidir? Təbii ki, bu meyarlar yalnız ayrı-ayrı mütəxəssislərin rəylərinin ifadəsi ola bilməz (hərçənd ki, bir çox hallarda fərdi mütəxəssis rəyləri ümumi rəyi dolğun ifadə edə bilir). Meyarlar müvafiq dövlət standartlarına və normativ-hüquqi aktlara əsaslanmalı və bunlar həm dərsliklərin hazırlanması prosesində, həm də sonrakı mərhələdə – qiymətləndirmə və monitorinq mərhələsində rəhbər tutulmalıdır.

Nəzərə alsaq ki, dərsliklər, çox hallarda, 5 il müddətinə təsdiq olunur və onların qüvvədə olma müddəti tədris planı və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir, o zaman bu dərsliklərdəki materialların tərtibi və seçimində perspektivi nəzərə almağın və bu zaman elmi əsaslı proqnozlara söykənməyin nə dərəcədə vacib olduğu üzə çıxır.

Dərsliklərin hazırlanması, nəşri, yayımı nə qədər zəhmətli, məsuliyyətli iş olsa da, dərslik siyasəti işi bununla bitmir. İstifadəyə verildikdən sonra dərsliklər tədris-təlim prosesində necə işləyir? Çəkilən zəhmət nə dərəcədə səmərə verir? Dərsliklərdəki materiallar qəbul edilmiş meyar və tələblərə hansı səviyyədə cavab verir? Məlum meyar və parametrlər baxımından onlarda hansı çatışmazlıqlar var? Bunlar necə, hansı yollarla aradan qaldırıla bilər? Dərsliklərin bu və bu kimi tələblərə nə səviyyədə cavab verdiyini müəyyənləşdirmək üçün onların elmi-metodiki monitorinqi aparılmalıdır. Obyektiv monitorinq isə müstəqil, asılı olmayan qurum tərəfindən aparıla bilər.

- Dərsliklərin elmi-metodiki  monitorinqinin aparılması hansı zərurətdən irəli gəlib, onun önəmi, əhəmiyyəti nədən ibarətdir?

– Bu məsələnin vacibliyi ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixdə TQDK-nın Əsasnaməsində dəyişikliklər edilməsi barədə verdiyi Fərmandan irəli gəlir.

Məsələ burasındadır ki, TQDK-nın hər iki sahədə fəaliyyəti həmişə ümumtəhsil müəssisələri şəbəkəsi ilə üzvi şəkildə bağlı olub. İmtahanların məzmununun formalaşdırılması hər zaman ümumtəhsil müəssisələrinin tədris proqramlarına və burada istifadədə olan dərsliklərə əsaslanıb. Bu proqramlar və dərsliklərin keçdiyi yol isə heç də hamar və asan olmayıb. Onlar bu və ya digər dərəcədə ölkəmizin  bu son 22 ildə keçib gəldiyi yolda ictimai-siyasi şəraitin xüsusiyyətlərini özündə əks etdirib. Ümumiyyətlə, müstəqillik illərində dərsliklərin hazırlanması, nəşri və qiymətləndirilməsi bir neçə mərhələdən keçib. İlk mərhələ 1992-94-cü illəri əhatə edir. Bildiyimiz kimi, bu mərhələdə ölkəmiz müstəqillik yolunda ilk addımlarını atırdı. Həmin illərin şagirdləri, məzunları hələ sovet dövründə nəşr olunmuş dərsliklərdən dərs alırdı.  Cəmiyyətdə baş verən ictimai-siyasi dəyişikliklərlə “Tarix”, “Coğrafiya”, “Ədəbiyyat” və digər dərsliklərin məzmunu arasında ciddi uyğunsuzluqlar var idi. Qeyd edək ki, bu illərdə hələ dərsliklərin monitorinqinin aparılmasının prosedur qaydaları yox idi. İş yalnız ayrı-ayrı ekspertlərin öhdəsinə düşürdü. Onlar qəbul imtahanlarının sual və tapşırıqlarını hazırlayarkən ictimai-siyasi proseslərdəki əsaslı dəyişikliklərlə  köhnə dərsliklər  arasındakı uyğunsuzluqları nəzərə almalı olur, dövrün tələbinə cavab verməyən mövzu və məsələləri imtahanın məzmununa daxil etmirdilər. Belə bir vəziyyətdə problem yalnız ayrı-ayrı ekspertlərin təşəbbüsü, fəallığı, entuziazmı hesabına həllini tapa bilməzdi. İş kompleks qaydada - elmi-metodiki, təşkilati, idarəetmə, yeni texnologiyaları tətbiqetmə əsasları üzərində qurulmalı idi. Bu məqsədlə 1995-ci ildə TQDK-da imtahan fənləri üzrə daimi fəaliyyət göstərən elmi-metodiki seminarlar təşkil edildi. Bu seminarların işinə orta və ali məktəblərin qabaqcıl müəllimləri, AMEA-nın təcrübəli mütəxəssisləri cəlb edildi. Seminarlarda, müzakirələrdə irəli sürülən qeyd, irad və təkliflərin ümumiləşdirilməsi qəbul imtahanları proqramlarının formalaşdırılmasına, mövcud dərsliklərin sistemli təhlilinin aparılmasına imkan yaratdı.

O vaxtdan bu günə qədər hər il yuxarı sinif dərsliklərinin qəbul imtahanlarının məzmunu prizmasından təhlili aparılır, onlardakı ziddiyyətli, mübahisəli məqamlar, sual və tapşırıqlarla mövzular arasındakı uyğunsuzluqlar, səthi və ya natamam verilən, yaxud tədris proqramında olub, dərsliklərdə lazımınca şərhini tapmayan məsələlər aşkar edilərək pedaqoji ictimaiyyətin diqqətinə çatdırılır.

Son illər məktəb dərsliklərinə, onların keyfiyyət göstəricilərinə maraq xeyli dərəcədə artıb, genişlənib. Dərsliklərə, onların müzakirəsinə təkcə mütəxəssislər, müəllimlər, valideynlər yox, bütövlükdə ictimaiyyət maraq göstərir. Bu, olduqca təqdirəlayiq, unikal bir hadisədir. Bu unikallığı şərtləndirən amillərə diqqət yetirək. İlk növbədə onu qeyd edək ki, 2008-ci ildən tətbiqinə başlanmış yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanan dərsliklərə keçid, bütün məziyyət və çatışmazlıqları ilə, sanki təhsil sferasında kütləvi təsirə malik katalizator rolunu oynamaqdadır: minlərlə, on minlərlə müəllim şagirdlərdən əvvəl özləri kurikulum dərsliklərindən “imtahan verirlər”. Hər bir məktəb müəllimi bu “imtahandan” öz peşə hazırlığı səviyyəsinə uyğun fərqli qiymətlər alır.

Beləliklə, Prezident fərmanından sonra ümumtəhsil məktəblərində istifadədə olan dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqində yeni bir mərhələ başlandı. Fərmanın icrası ilə əlaqədar TQDK-nın aparatında müvafiq qurum – 2 sektordan ibarət ayrıca şöbə yaradıldı və şöbə müvafiq kadrlarla kompleksləşdirildi. Monitorinqin həyata keçirilməsi üçün xüsusi metodologiya işlənib hazırlandı və digər təşkilati tədbirlər həyata keçirildi.

- Elmi-metodiki monitorinq prosesinin təşkili və idarə olunmasının əsas mərhələ və istiqamətləri hansılardır və bu prosesdə İKT-nin imkanlarından necə istifadə olunur?

– Monitorinq prosesinin səmərəli qurulması üçün düzgün metodoloji prinsiplərin seçilməsi nə qədər vacib və əhəmiyyətli olsa da, prosesin əhatə dairəsinin genişliyini, kütləviliyini təmin etmək baxımından yetərli deyildi. Monitorinq prosesinin hər bir mərhələsi müəyyən qrafik üzrə keçildiyi üçün bu prosesə müəllimlərin, mütəxəssislərin əksəriyyətinin cəlb edilməsində çətinlik var idi. Bu və ümumiyyətlə, bu qəbildən olan çətinlikləri aradan qaldırmaq, prosesə pedaqoji ictimaiyyətin geniş dairələrinin qoşulmasını təmin etmək üçün müasir informasiya texnologiyalarının imkanlarından istifadə etmək lazım idi. Bunu nəzərə alaraq, biz qısa bir vaxt ərzində öz mütəxəssislərimizin qüvvəsi ilə bu işin proqram təminatı və texniki-təşkilati tərəfinin işlənib hazırlanmasına nail olduq və onun icrasına başladıq. Bundan sonra monitorinqin bütün mərhələlərində İKT-nin imkanlarından geniş istifadə olunması ölkənin (eləcə də dünyanın) hansı bölgəsində (şəhər, kənd, yaxın, uzaq) yaşamasından, həmçinin vaxtın, zamanın dünənindən, bugünündən asılı olmayaraq, istənilən şəxs üçün istənilən məsafədən və istənilən saatda monitorinq prosesini izləmək, qoşulmaq, rəy və təklifini bildirmək, sorğu göndərmək imkanı yarandı.

İlk gündən monitorinqin mərhələlər üzrə həyata keçirilməsi qərara alındı. Birinci mərhələdə TQDK-nın saytı vasitəsilə pedaqoji ictimaiyyətə müraciət ünvanlandı. Müraciətdə I-XI sinif dərslikləri barədə informasiyaların toplanılması məqsədilə TQDK-nın saytında derslik@tqdk.qov.az elektron ünvanının yaradıldığı bildirildi və mütəxəssislərdən öz rəy, qeyd və təkliflərini həmin ünvana göndərmək xahiş olundu. Çox keçmədən TQDK-ya ümumi təhsil və ali təhsil müəssisələri, elmi-metodiki mərkəzlərin mütəxəssislərindən çoxlu sayda rəylər daxil olmağa başladı.

Dərslik komplektlərinin qiymətləndirilməsi və açıq müzakirələrin aparılması üçün TQDK-nın nəzdində ayrı-ayrı fənlər üzrə daimi fəaliyyət göstərən elmi-metodiki seminarlar təşkil edildi. Seminarlara ümumi təhsil və ali təhsil müəssisələri, eləcə də elmi-metodiki mərkəzlərdən təcrübəli mütəxəssislər cəlb edildi. Dərsliklərin ekspertizasını aparmaq üçün bu sahədə təcrübəsi olan və monitorinqi aparılası dərsliklərin müəllifi olmayan mütəxəssislər sırasından ekspertlər seçildi. Dərslik komplektlərinin təhsil üzrə dövlət standartları və proqramlarının (kurikulumların) tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün 4 parametr üzrə meyarlar işlənib hazırlandı. Monitorinq işinə cəlb edilmiş mütəxəssislərə (ekspertlərə) əmək haqqı ödənilməsi üçün lazımi tədbirlər görüldü. Bu təşkilati işlərlə yanaşı, həm də qiymətləndirmə tədbirlərinin gerçəkləşdirilməsinə başlandı.

O vaxtdan bir qayda olaraq, əvvəlcə ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizası keçirilir, sonra ictimaiyyətdən daxil olan rəylərlə ekspertlərin rəylərinin müqayisəsi aparılır. Müqayisəli təhlilin nəticələri ümumi açıq müzakirəyə çıxarılır. Daha sonra ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunur. Dərslik müəlliflərinin bu rəylərə cavabları alındıqdan sonra onların müstəqil ekspertlər tərəfindən təhlili aparılır, nəhayət, sonda yekun rəylər tərtib olunub “Dərslik” portalında yerləşdirilir və Təhsil Nazirliyinə göndərilir.

Xüsusi qeyd etmək istərdim ki, monitorinq işinin mühüm bir mərhələsi olan “Dərslik”portalı Təhsil Nazirliyi ilə TQDK-nın birgə elektron layihəsi kimi yaradılıb və 2013-cü ildə onun hər iki qurumun rəhbərliyi, nümayəndələri, pedaqoji ictimaiyyət və KİV təmsilçilərinin iştirakı ilə təqdimat mərasimi keçirilib.

“Dərslik” portalı 3 bölmədən ibarətdir: monitorinq, xəbərlər, müzakirə.

Hər bir müəllimə www.derslik.edu.az ünvanına daxil olub bu portalla tanış olmağını məsləhət görürəm. Portalda qeydiyyatdan keçib öz fikir və münasibətini bildirən hər bir vətəndaşa əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Dərsliklərin məzmununa dair fikir mübadiləsi və müzakirələr bizim üçün çox vacibdir. Mən bu prosesdə iştirak edən hər bir şəxsi əmin edirəm ki, onların bütün fikir və təklifləri diqqətlə oxunur və nəzərə alınır.

Hərtərəfli müzakirə və məsləhətləşmələr vasitəsilə ölkə daxilində çoxşaxəli virtual əməkdaşlıq yaratmaq mümkündür. Müəllimlər, müəlliflər, alimlər, valideynlər və məmurlar bu prosesin iştirakçısı olub derslik.edu.az-a daxil olub öz töhfəsini verə bilərlər.

Digər məqam: kurikulum proqramları əsasında hazırlanan və ilk dəfə nəşr olunan dərslik və dərs vəsaitlərinin bölmələri və fəsilləri üzrə materiallara dair qeyd və təkliflər də portalda yerləşdirilməsi məsələsidir. Lakin bu mətn və materiallar portalda hissə-hissə, tədris olunduqca verilir. Bununla da bir tərəfdən yerləşdirilən rəy və təkliflərin sistemliliyi təmin edilir, digər tərəfdən isə rəy mübadiləsindən onun həm fəal, həm də passiv (müşahidəçi) iştirakçılarının yararlanmasına imkan yaradılır.

Dərslik materialları ilə bağlı portala qeydlər, təkliflər daxil olduqca, onlar mütəmadi olaraq müzakirəyə çıxarılır və bu barədə məlumat verilir. Bir çox hallarda portal istifadəçiləri dərsliklər və ya onların ayrı-ayrı hissələri ilə bağlı sorğular göndərirlər. Monitorinq şöbəsi xətti ilə cəlb olunan mütəxəssislər daxil olan sorğuları cavablandırır, zəruri hallarda isə metodiki materiallar hazırlayıb portalda yerləşdirirlər.  

- Dərslik komplektlərinin monitorinqi və qiymətləndirilməsi hansı parametrlər və meyarlar üzrə həyata keçirilir?

– Dərslik kompletklərinin elmi-metodiki monitorinqi 4 istiqamət  üzrə aparılır:

Məzmunun işlənməsi üzrə;

Dil və  yazı üslubu üzrə;

Dizayn və   bədii  tərtibat üzrə;

Tapşırıqların elmi-metodiki  baxımdan məzmuna uyğunluğu üzrə.

Hər bir istiqamət üzrə işin aparılmasına aid metodik sənədlər portalda yerləşdirilib. Dərslik müəlliflərinə məsləhət görürəm ki, sənədlərlə tanış olsunlar. Çünki açıq müzakirələr zamanı müəyyən olunur ki, müəlliflər çox zaman, təəssüflər olsun, dərsliklərin monitorinqinin nə məqsədini, nə də mahiyyətini anlamırlar.

Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi həm də yeni pedaqoji texnologiyalar və təlim strategiyalarının işlənib hazırlanması və gerçəkləşdirilməsini ehtiva edir. Dərslik komplektinə daxil olan “Müəllim üçün metodiki vəsait” də (MMV) kurikulum proqramının məhz bu istiqamətinə aid olan məsələlərin sistemli şərhi verilməlidir.

- Oxuculara monitorinq prosesinin təşkili, idarə olunması, gedişi və nəticələrini əks etdirən statistik göstəricilər barədə də məlumat verməyinizi xahiş edirəm.

– Hazırda monitorinq şöbəsinin nəzdində 21 fənn bloku üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərir. Seminarların işində ümumilikdə birbaşa və internet bağlantısı vasitəsilə 5762 nəfər iştirak edir. Onlardan 3512 nəfəri Bakı şəhərində TQDK-nın mərkəzi aparatı nəzdindəki seminarları, 1470 nəfəri Komissiyanın Gəncə, Naxçıvan, Şəki, Ağcabədi, Göyçay, Xaçmaz, Şirvan, Lənkəran Regional bölmələri nəzdində təşkil olunmuş seminarları təmsil edir, 782 nəfəri isə seminarlara “Skype” proqramı vasitəsilə qoşulur. Təkcə 2014-cü ilin son 4 ayı ərzində seminarların 91 məşğələsi keçirilib.

Dərslik komplektlərinin monitorinqi ilə ümumilikdə 1223 nəfər ekspert məşğul olur. Onların 782 nəfəri ümumtəhsil məktəblərini, 309 nəfəri ali məktəbləri, 132 nəfəri isə digər elm və təhsil mərkəzlərini təmsil edir. Ekspert heyətində 44 professor, 195 dosent təmsil olunur.

Ötən müddət ərzində Ι – ХΙ siniflərdə (Azərbaycan və rus bölmələrində) istifadədə olan 301 dərslik, 188 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi - metodiki monitorinqi aparılıb. Bunlardan 168-i Ι – VΙ siniflər üçün yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik, 184-ü müəllim üçün metodik vəsait, 58-i isə iş dəftəridir. Monitorinqi aparılan qalan vəsaitlər isə ənənəvi tədris proqramlarına əsaslanan və  VΙΙΙ – ХΙ siniflərdə istifadə olunan vəsaitlərdir. Bunların 133-ü dərslik, 4 isə metodiki vəsaitdir.

Bu vaxtadək ekspert qruplarının yekun rəylərinə əsasən Ι – VΙ siniflər üzrə ümumilikdə 21 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab  edilməmişdir. Bu sıraya  Ι – V siniflər üçün “Azərbaycan dili” (Azərbaycan dilində), V – VΙ siniflər üçün “Ədəbiyyat” (Azərbaycan dilində), Ι – V siniflər üçün “Riyaziyyat” (Azərbaycan və rus dillərində), ΙΙ – VΙ siniflər üçün “Həyat bilgisi” (Azərbaycan və rus dillərində, variativ dərslik – V sinif), VΙ sinif üçün “Texnologiya” (Azərbaycan və rus dillərində), ΙΙ – V siniflər üçün “İngilis dili” (Azərbaycan və rus bölmələri üçün) dərslik komplektləri daxildir. Bu dərslik komplektlərində müvafiq məzmun istiqamətləri üzrə standart və alt- standartların tələblərinə lazımi dərəcədə əməl edilmədiyi, təlimdə qiymətləndirmə meyarlarının tətbiqinə səthi yanaşıldığı, bir sıra elmi-metodiki səhvlərə yol verildiyi, material seçimində şagirdlərin yaş xüsusiyyətlərinin həmişə nəzərə alınmadığı, tapşırıq və çalışmaların müxtəlifliyinə kifayət qədər diqqət yetirilmədiyi, materialların yerləşdirilməsində sadədən mürəkkəbə doğru prinsipinin gözlənilmədiyi, habelə bir çox digər tələblərə əməl edilmədiyi müəyyən  olunmuşdur. Elmi-metodiki monitorinqi aparılan dərslik komplektləri haqqında Yekun rəyi Təhsil Nazirliyinin müvafiq strukturu və dərslik müəllifləri nəzərə almağa borcludurlar. Lakin onlar dərsliklərin növbəti komplektinin 5 ildən bir nəşr edilməsi qaydasına istinad edərək, çıxış yolunu Yekun rəydə yer almış irad və təkliflərin növbəti nəşrinə qədərki müddətdə düzəldilməsində görür, TQDK-dan, vaxtı ilə, monitorinqini apardığı dərslik komplektlərinin təkrar çapı üçün bir daha qiymətləndirilməsini xahiş edirlər. Nümunələrə diqqət yetirək: Təhsil Nazirliyinin müraciətinə əsasən, 2014-cü ilin mart-aprel aylarında əvvəlki tədris ilində monitorinqi keçirilmiş ΙΙ və ΙΙΙ siniflər üçün dərslik komplektlərinin (ΙΙ sinif üzrə 19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait, ΙΙΙ sinif üzrə 19 adda dərslik, 19 adda müəllim üçün metodik vəsait) təkrar çapa getməsi ilə əlaqədar onların nəşrəqədərki maketlərinin monitorinqi aparılmışdır. Bu zaman dərsliklərin əvvəlki nəşrləri barədə formalaşdırılmış yekun rəylərlə təkrar çapa gedən yeni nəşrlər tutuşdurulmuş və bəlli olmuşdur ki, bütün fənlər üzrə dərslik komplektlərində 2013-cü ildə yekun rəylərdə göstərilmiş irad və təkliflərin bir çoxu nəzərə alınsa da, bir çox uyğunsuzluqların hələ də qaldığı, habelə düzəlişlər aparılarkən bəzi səhvlərə də yol verildiyi müəyyən edilmişdir. Dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı və dizaynı, tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğuna aid hazırlanmış yeni rəylər Təhsil Nazirliyinə göndərilmiş və “Dərslik” portalında yerləşdirilmişdir.

Təhsil Nazirliyinin başqa bir müraciətinə əsasən 2014-cü ilin may-iyun aylarında VΙΙ siniflər üçün yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinin nəşrəqədərki maketlərinin qiymətləndirilməsi aparılmış və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilmişdir.

Hal-hazırda monitorinq şöbəsi tərəfindən TQDK-nın öz nəşrlərinin də ekspertizası və qiymətləndirilməsi aparılır. 2013-cü ildə V siniflər üçün, 2014-cü ildə VΙ siniflər üçün kurikulum proqramları və dərslikləri əsasında hazırlanmış 20 adda qiymətləndirmə vəsaitinin, həmçinin V – ХΙ siniflər üçün fənlər üzrə 40 adda test kitabının, eləcə də fənlər üzrə 25 adda tədris vəsaitinin monitorinqi aparılmışdır. Şöbə tərəfindən hazırda cari tədris ilində istifadəyə verilmiş VΙΙ sinif üçün kurikulum dərsliklərinə uyğun hazırlanan 10 adda qiymətləndirmə vəsaitinin ekspertizası aparılır.

Sözümün sonunda deməliyəm ki, dərsliyə olan münasibəti dəyişməliyik. İnsan, biliyi nəsildən-nəslə keçirməkdən ötrü kitabı icad etdi. Təkcə elmi yox, yaşadığı dünyanın, məmləkətin ruhunu, milli-mənəvi dəyərlərini, qəhrəmanlıq tarixini də bu kitablara köçürdü və qoruyub saxladı. Dərslik bu kitabların ən müqəddəsi, gələcəyin təməlidir. Onlar əvvəl beyinlərə, sonradan həyatımıza, bütövlükdə  cəmiyyətimizə təsir edirlər. Bu kitablar həmçinin, ölkənin taleyinə, onun siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə sirayət edən xüsusi gücə malikdirlər. Və bunu da bilmək vacibdir ki, müəllimlərin və dərsliklərin səhvləri unudulmur.

Rabil Novruzov