AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Müsahibələr

Line Spacing+- AFont Size+- Çap
03.07.2013
Bugünlərdə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində cazibədar qadın olmaqla yanaşı, həm də məsul vəzifə daşıyan xanımın qonağı olduq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə söhbətimizə bu günlərdə komissiyanın dərsliklərin monitorinqini aparması məsələsinə toxunmaqla start verdik. Mükaliməmiz Məleykə xanımın cəmiyyətdə gender balansı, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı fikir və düşüncələrinin bölüşməsi ilə davam etdi.

– Məleykə xanım, əvvəlcə sizi “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Bu, yəqin ki, yeni uğurlar üçün böyük stimuldur.

– Təşəkkür edirəm. İlk növbədə qeyd etməliyəm ki, mənim “Şöhrət” ordeni ilə təltif edilməyimi möhtərəm cənab Prezident tərəfindən bütövlükdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə verilən yüksək qiymətin təzahürü kimi böyük minnətdarlıq hissi ilə qəbul edirəm.

Bilirsiniz, Allah bizim ölkəmizə hər şey bəxş edib. Tanrının bizə bəxş etdiyi bu cənnət ölkəni öz əməllərimiz, xeyirli işlərimizlə daha da gözəlləşdirməliyik. TQDK xalqımızın təhsilli, intellektual gələcəyi üçün bu istiqamətdə öz töhfələrini verməyə çalışır. Müsahibəmizin əvvəlində sizə sual verirəm; niyə TQDK-nın imtahanlarına ciddi hazırlaşırlar?

– TQDK-nın devizi bu suala cavab verir: bilik qiymətləndirilir.

– Bəli, bunu bilirlər. Test imtahanının tətbiq olunduğu ilk illər vəziyyət çətin idi. Dələduzlar da, müəyyən problemlər də var idi. Həmişə bu proseslərə kimlərsə müdaxilə etməyə çalışırdılar. Amma biz öz yolumuzla gedirdik. Son ildə bizə yeni məsul vəzifələr həvalə olunub. Bu, bizə göstərilən etimaddır. Əgər ölkə rəhbərliyi tərəfindən bizə etimad edilibsə, deməli ikiqat artıq məsuliyyətlə işə yanaşmaq lazımdır.

– Son dövrlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqinin aparılması məsələsi ilə gündəmdədir. Hansı işlər görülür, hansı nəticələr var?

– Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə həyata keçirildiyi vaxtdan bəri imtahanın məzmunu ilə bağlı materiallar məktəb dərslikləri əsasında hazırlanır. Bu məqsədlə dərsliklər təhlil edilir, onlarda olan elmi-metodiki səhvlər, mübahisəli məqamlar aydınlaşdırılır. İlk illərdə bu proses yalnız bir neçə ekpert tərəfindən aparılırdı. 1994-cü ildən TQDK-da imtahan fənləri üzrə elmi-metodiki seminarlar təşkil edilib. Həmin vaxtdan başlayaraq hal-hazıradək dərsilklərin müzakirəsi sistemli şəkildə aparılır. Müzakirələr nəticəsində dərsliklərdə olan səhvlər barədə məlumatlar hazırlanır və mütəmadi olaraq “Abituriyent” jurnalında dərc olunaraq təhsil ictimaiyyətinin diqqətinə çatdırılır. Bilirsiniz ki, keçən ilin aprelindən möhtərəm Prezidentimizin fərmanı ilə ümumtəhsil fənləri üzrə dərsliklərin və dərs vəsaitlərinin monitorinqi TQDK-ya həvalə olunub. Prezidentin fərmanının icrasını həyata keçirmək məqsədilə I-XI sinif dərslikləri barədə fikirlərini, rəy və təkliflərini bildirmələri üçün pedaqoji ictimaiyyətə elan ünvanladıq. Keçən ilin oktyabrında TQDK-nın internet saytında derslik@tqdk.gov.az səhifəsi yaradılıb. Hazırda bu ünvana 10 minə yaxın- 9802 qeyd və təklif daxil olub. TQDK-ya elektron və adi poçtla daxil olmuş, açıq müzakirələrdə bildirilmiş qeydlər iradlar və təkliflər müvafiq fənn üzrə Ekpert Şuralarında diqqətlə araşdırılıb. Araşdırmalar nəticəsində formalaşdırılan yekun rəylərdə dərsliklərin kurikulum proqramlarına uyğunluğu, məzmunu, elmi-metodiki keyfiyyətləri, dil və üslubu, dizayn və bədii tərtibatı, verilmiş tapşırıqların mövzulara aid olmasına ciddi fikir verilib.

İbtidai sinif dərsliklərinin açıq müzakirəsini aparmaq üçün TQDK-da 2012-ci ilin oktyabr ayından ibtidai sinif müəllimlərinin seminarları təşkil olunub. Dərsliklərin açıq müzakirəsində iştirak etmək üçün Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna, Bakı Təhsil Şöbəsinə məktublar göndərilib və onların müvafiq sahələr üzrə mütəxəssisləri bu seminarlarda iştirak etməyə dəvət olunub. Dərsliklərin açıq müzakirəsinə dair seminarlarda praktik müəllimlər, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri, ail məktəblərin müəllimləri, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının sədri və ekspertləri, dərslik müəllifləri iştirak ediblər. Seminarlarda eyni zamanda Bakı və Sumqayıt şəhərlərindən olan ibtidai sinif müəllimləri, mütəxəssilər, metodistlər, eləcə də TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələri ilə yaradılan videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri iştirak edərək qeyd və təkliflərini bildiriblər. Biz , əlbəttə, Təhsil Nazirliyinin dərslik siyasətinə qarışmırıq, sadəcə TQDK-ya həvalə ounan funksiyanı yerinə yetiririk. Biz hesab edirik ki, 2005-ci ildən dövlət vəsaiti hesabına hazırlanaraq şagirdlərə pulsuz paylanılan dərsliklər dərslik siyasətinin tələblərinə əsasən şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, düzgün tərtib olunmalı, elmi-metodiki və üslubi səhvlərə yol verilməməlidir. Qaydaya görə, dərsliklər müəyyən meyarlar əsasında Qiymətləndirmə Şurasının Ekspertləri tərəfindən qiymətləndirilir. Ona görə də, fikrimizcə istifadəyə verilən dərslik komplekslərində ciddi qüsurlar olmamalıdır. Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, bəzi mətbuat nümayəndələri- əlbəttə, peşəkarları buraya aid eləmirik,- hər hansı bir xəbəri əldə edən kimi bundan şou yaratmağa çalışırlar, məsələyə birtərəfli yanaşırlar. Biz əlbəttə qüsurları deyirik, amma uğurlardan da danışırıq. İstəyirik ki, media mənsubları bu məsələlərdə diqqətli olsunlar, bir məlumat əldə edən kimi bundan tiraj artırmaq üçün yararlanıb TQDK ilə Təhsil Nazirliyi arasında qarşıdurma yaratmağa cəhd göstərməsinlər.

– Məleykə xanım, dərsliklərin monitorinqi hansı qaydalara uyğun aparılır? Dünya təcrübəsindən yararlanırsınızmı?

– Monitorinqin həyata keçirilməsi üçün qaydalar hazırlanıb. Bu məqsədlə Avropa ölkələrinin, Türkiyə, Rusiya və Qazaxıstanın bu sahədəki təcrübələri öyrənilib. Böyük Britaniya, Fransa, Macarıstan, Rumıniya və Avstriyada dərsliklərin açıq müzakirəsinin necə təşkil olunması barədə sənədlərə də baxılıb.

– İndiyədək ibtidai sinif dərsliklərinin monitorinqi aparılıb, yuxarı sinif dərsliklərinin monitorinqi də nəzərdə tutulurmu?

– Bəli, biz mərhələli və mütəmadi şəkildə bu işləri görmək niyyətindəyik. Hazırda TQDK-da 5-ci siniflər üzrə dərsliklərin müzakirəsi aparılır. Mart ayının 10-dan sonra 2-ci sinif dərsliklərinin müzakirəsinə başlanılacaq. Dərsliklərin monitorinqi çox strateji sahədir. Çünki hətta kitabdan uzaq ailələrdə də dərsliklər var, dərslik uşağın əlinə aldığı ilk elm kitabıdır. Ona görə də dərsliklərin monitorinqi işi təhsilli gələcəyə nail olmaq üçün görülən böyük miqyaslı işdir. Prezidentin fərmanı ilə bizə həvalə olunan işi elmi əsaslarla metodiki cəhətdən düzgün qurmuşuq, nəticələr əldə etmişik və bu monitorinqləri davamlı olaraq həyata keçirəcəyik.

– Gərgin iş qrafiki ilə çalışan xanımsınız. Stereotiplərin mövcud olduğu cəmiyyətimizdə sizə nələrsə çətinlik yaradırmı?

– Cəmiyyətdə qadınların kişilərlə eyni hüquqları olmalıdır və biz bunu doğulandan belə qəbul etmişik. Onu deyim ki, “Qurani- Kərim”də də qadınlarla kişilərin bütün məsələlərdə hüquqları bərabərdir. Hətta bəzi mənəvi məsələlərdə qadınlara münasibət müqəddəs kitabımızda daha yüksək, daha alidir. Amma qadınlar deyəndə ki, biz kişilərlə eyni hüquqa malikik və sonra özləri üçün “qadınıq, bizdə kvota olmalıdır, işimizdə bizi qabağa çəkməlidirlər, heç olmasa prezidiumda bir qadın olmalıdırmı?” deyib hansısa güzəşt istəyəndə, mən bunun əleyhinəyəm. Hesab edirəm ki, əgər kişilərlə eyni hüquqlara malikik deyiriksə, onda gərək kişilərlə eyni səviyyədə işləməyi də bacaraq. Mən hansısa bir işin öhdəsindən gəlirəmsə, mənə işləyən insan münasibəti göstərilməlidir, istəmirəm ki, desinlər; “qadındır, bu işi bacarıb”. Bu, mənim mövqeyimdir. Mən istəmirəm, qadınlar üçün kvota olsun. Hesab eləyirəm ki, bizim qadınların özlərinin kifayət qədər gücü var ki, onlar öz intellektual potensiallarını göstərə bilsinlər. Amma müəyyən sərhədlər var. Yəni, cəmiyyətdə qadınlar üçün müəyyən gözəgörünməz sərhədlər qoyulub. Bunlar yazılmamış qanunlardır. Bununla bağlı gender sahəsində hələ də problem var; “şüşə tavan” problemi. O görünmür, amma qadın müəyyən bir mərhələyə çatandan sonra həmin “şüşə tavan” onu inkişaf etməyə qoymur. Bizim cəmiyyətimizdə də bu şüşə tavan var. O tavanı qırmaq, inkişaf etmək lazımdır. Qızdır, xaricə oxumağa getməsin, ya da şagird mübadilələrində qızlar iştirak etməsin-bax, bunlar gözəgörünməz, hər bir mərhələdə özünü göstərən sərhədlərdir. Ali məktəbə qızlar qəbul olanda –bu, xüsusi ixtisasdır, yalnız, qızlar üçündür- tipli fikirlər və sair bu sərhədləri müəyyənləşdirir. Bu qızların öz istəyidirsə, lap yaxşı, axı bu təkcə qızların öz istəyi deyil, qızları bu istiqamətlərə yönəldirlər. Müəyyən vaxt keçəndən, insan özünü dərk eləyəndən sonra başa düşür ki, axı niyə mən bu vəziyyətə gəlib düşmüşəm? Bu istiqamətdə müəyyən ekstremist fəaliyyət də var. Tutalım, feminist cəmiyyəti buna misaldır. Bu da bir növ etirazdır.

– Kişilərin üstünlüyü ələ aldığı maskulin cəmiyyətinə qarşı etiraz...

– Bəli, doğrudur. İstəmirəm qadınlar o günə düşərək belə etiraz etsinlər. Mən insan cəmiyyətinin olmasını arzulayıram. Ancaq etiraf edək ki, hələ də bəzi məsələlərdə Azərbaycan cəmiyyəti maskulin cəmiyyətidir. İstəmirəm ki, belə maskulin cəmiyyətində qadına “zəifdir, yazıqdır” deyərək münasibət bəsləsinlər.

– TQDK-da iş rejimi gərgindir. Belə tələbkar bir qurumda qadın amilinə necə münasibət göstərilir?

– Mən TQDK-da tək deyiləm, biz böyük kollektivik və bu kollektiv gecə-gündüz çalışır. Kollektivimizdə çoxlu qadınlar işləyir. Onların arasında qadın-kişi fərqi də qoyulmur.Lakin biz ana amilini həmişə nəzərə alırıq. Əgər işçimizin körpə uşağı varsa, əlbəttə ki, biz onu səhər altıda rayona göndərmirik. Amma digər hallarda bizdə qızlar, qadınlar da kişilərlə çiyin-çiyinə çalışır. Burada konservativ ailələrdən də işləyənlər var. Ancaq onlara başa salınır ki, bu, dövlət qulluğudur, lazım gələndə gecə növbəsinə də qalmaq vacibdir.

– Məleykə xanım, bayaqdan qadın amilindən danışırıq. Söhbətimiz də elə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən bununla bağlı da fikirlərinizi öyrənmək istərdik. İlk 8 Mart hədiyyənizi xatırlayırsınızmı?

– Düzünü desəm, mart ayı mənim üçün daha çox çərşənbələrlə, Novruz Bayramı ilə assosiasiya olunur. Məktəbə gedəndən sonra mən 8 Martla bağlı geniş məlumat öyrəndim. Bilirsiniz ki, o vaxtlar 8 Mart ərəfəsində oğlanlar qızlara açıqcalar yazırdılar. İlk hədiyyələr də məktəbdə olub, öz sinif yoldaşlarımdan almışam. Sonra qardaşım mənə və bacıma 8 Martda açıqca, şəkil çəkilmiş məktub bağışlayırdı. Atam anamı, nənəmi təbrik edirdi. Nədənsə, atam daha çox anamı təbrik edirdi. 8 Martda bizə o qədər də diqqət yetirmirdi. İndi mənim üçün ən vacib kişi mənim nəvəmdir. Onun indi 7 yaşı var. Bilmirəm, o 8 Mart haqqında bilir, yoxsa yox, amma onun yaşadığı Danimarkada Analar Bayramı var. Onlar həmçinin nənə, baba bayramını da qeyd edirlər. Həmin günlər orada yaşayan uşaqlar məktəbdə rəsm çəkirlər. Qızım nəvəmin çəkdiyi rəsmləri Facebook-a yerləşdirir və mən buna tamaşa edirəm.

– Hansı gülləri sevirsiniz?

–Ümumiyyətlə, bütün gülləri sevirəm. Həm də təkcə buketdə olan gülləri yox, onları əkməyi, yetişdirməyi də çox xoşlayıram. Güllərə qulluq edib sonra onların çiçək açmasını görmək mənə böyük həzz verir. Gül açılanda, zəhmətimin bəhrəsini görəndə mən çox sevinirəm. Bacım da da bunları xoşlayır. Hara getsəm, hansı ölkədə olsam, çalışıram oradan gül toxumları gətirim. Düzdür, bilirəm, bəzi ölkələrdə toxum gətirməyə çox zaman qanunla icazə verilmir. Hansı ölkələrdə oluramsa, botanika bağlarına mütləq gedirəm və oradan da xoşuma gələn güllərin toxumlarını əldə etməyə çalışıram (gülür). Düzdür, bilirəm ki, bu düzgün deyil. Ancaq nəzərə alaq, mən bunu kütləvi yaymıram ki, evdə, dibçəkdə bəsləyirəm. Gülləri ümumiyyətlə xoşlayıram.

– İllərdir, məsul dövlət qulluğu ilə analıq vəzifəsini bir arada necə uzlaşdıra bilmisiniz?

–Mən işə başlayanda analıq borcumu qismən yerinə yetirmişdim. Uşaqlarımı 18 yaşına çatdırıb sonra dövlət qulluğuna gəldim. Düzdür, buna qədər də elmlə məşğul idim, öz sahəmdə bir mütəxəssis kimi formalaşmışdım. Onu da bilirəm ki, əgər köməyin yoxdursa, kiçik uşaqlarla bir yerdə gündəlik gərgin fəaliyyət çox çətindir. Kömək deyəndə də təkcə maddi köməyi yox, mənəvi və fiziki köməyi də nəzərdə tuturam. İşini sevirsənsə, öz emosiyalarını və enerjini işə verirsənsə, onda uşağa sərf eləməli enerji çatmayacaq. Bunlar da çox çətin və ciddi məsələlərdir.

Artıq qızlarımın yaşı 30-dan çoxdur. Onlar artıq mənim üçün həmfikir, dost, yoldaşdırlar. Ailə qurublar, məndən asılılıqları yoxdur. İndi onlar çalışırlar ki, mənim qayğıma qalsınlar. Nə isə görəndə zəng vururlar ki, get filan şeyə bax, al və sair. Mənə məsləhət verirlər, müəyyən məsələrdə mənə iradlar da tuturlar. Hiss edirəm ki, qeydimə qalmağa çalışırlar. Mən də buna müqavimət göstərirəm. (gülür)

– Deməli, zövq məsələsində heç kimə etibar etmirsiniz?

– Yox, bəzi məsələlərdə məsləhətləşirəm, amma qərarları özüm qəbul edirəm. Təəssüf ki, nəvələrim Azərbaycanda yaşamırlar, ona görə də onların gündəlik qayğılarını hiss eləmirəm. Amma onlar bura qısa müddətli-1-2 həftəlik gələndə mən öz iş qafikimi onların burada olması ilə qismən dəyişirəm. Bizim işçilərimiz bilir ki, mənim nəvələrim burada olanda iş günü mütləq öz vaxtında bitəcək. Yəni axşam 6-dan sonra mən heç kimi saxlamayacağam.(gülür) Artıq bilirlər ki, nəvələrim Bakıdadırsa, onlar saat altı tamamda evə buraxılacaqlar. Qanunu pozmuram, amma saat altıdan sonra həmin günlərdə işdə qalmıram.

–Nəvələrinizlə keçirdiyiniz zamanı həm də sizin istirahətiniz hesab etmək olarmı?

– Belə demək olar da, olmaz da.. Məncə, böyük xoşbəxtlikdir ki, övladını böyüdüb başa çatdırasan, sonra onunla bir yetkin insan kimi təmasda olasan, onunla fikir bölüşdürəsən. O xoşbəxtlik mənə nəsib olub. Çünki mənim qızlarım artıq formalaşmış insanlardır. Mən onlarla fikir mübadiləsi aparıram, onlar mənim dostumdur. Nəvələrim isə balacadır, bir tərəfdən istəyirəm ki, onlar böyük olsunlar və mən bildiklərimi onlara da söyləyim, çünki onlar XXI əsrin uşaqları olacaq. Eyni zamanda başa düşürəm ki, onların yaşı mənim indi onlara söyləmək istədiklərimi başa düşməyə imkan verməz. Ona görə də onlarla öz yaş səviyyələrində, onlar indi nəyi qəbul eləməyi bacarırsa, elə danışıram. İstəyirəm ki, danışdıqlarımın onlara zərəri olmasın, faydası olsun. Fayda da verə bilməsəm, heç olmasa onlar üçün xoş olsun. Mən hiss eləyirəm ki, bu uşaqlar tamamilə dünyaya, informasiyaya açıq, insan kimi normal formalaşırlar. Əsas olan budur. Mənim uşaqlarım o yaşda olanda onlarla davranışım tamam fərqli idi. Hələ uşaqlıqdan övladlarımla uşaq kimi yox, yetkin şəxsiyyət kimi danışırdım. Mənim onlara tələblərim daha yüksək idi. 5 yaşından sonra mən hansısa qərarı qəbul etməzdən əvvəl mütləq onlarla müzakirə edirdim. Hansı cizgi filminə baxmaqdan başlamış bütün məsələlərə qədər. Baxmayaraq ki, anam çox zaman deyirdi, niyə uşaqdan soruşursan, buna niyə vaxt sərf edirsən? Məndə isə ayrı bir yanaşma var idi. Mənim qızım da indi öz uşaqlarını belə böyüdür. Deməli, onlar da yetkin insan kimi formalaşacaqlar, mən buna əminəm. Amma onu da bilirəm ki, nəvəmlə nələrisə bölüşmək istəyim üçün o, hələ çox kiçikdir. Bu fikirləri bölüşmək üçün vaxtım çatacaq, çatmayacaq, onu Allah bilir.

– Sizin istirahətinizin əsasını nə təşkil edir?

– Kitab oxuyuram. Mütaliə mənim üçün hava-su qədər vacibdir. Bəlkə də mən susuz bir necə gün yaşaya bilərəm, amma mütləq hər gün yeni nəsə oxumalıyam.

– Mütaliəniz hansı sahələri əhatə edir?

– Bədii mütaliəni də çox xoşlayıram. Xüsusilə gənc müəlliflərin kitablarını oxumağı sevirəm. Çünki dünyaya gənclərin gözü ilə baxmaq üçün onların kitablarını oxumaq vacibdir. Elmlə bağlı kitablar isə öz sahəmdə professional cəhətdən mənə həmişə lazımdır. Monoqrafiyalar və jurnallar, internet vasitəsilə əldə etdiyim biliklər də həmçinin. Elmin inkişafı ilə bağlı sahələr də məni çox maraqlandırır. Son oxuduğum kitab psixogenetik araşdırmalardan bəhs edir. Düzdür, bu, sırf mənim sahəmə aid deyil, amma indi elmin gündəmində olan problemlər- astronomiyadan tutmuş, arxeologiyaya qədər- mənim üçün bunlar həmişə maraqlıdır. Yeni biliyə maraq olmasa, yaşamaq olmaz. Mən yeni biliklər əldə edəndə həzz alıram. Bu, mənim üçün istirahətdən əlavə, daxili tələbatdır. İstəyirəm ki, mənim nəvələrimdə də belə olsun, onlar da öyrənməkdən həzz alsınlar. Musiqini, xüsusən də operanı xoşlayıram. Çalışıram konsertlərdə də olum. Amma gündəlik işlər buna imkan vermir. Azərbaycan təbiətini, təbiətin qoynunda dincəlməyi də sevirəm. Bunlar mənim üçün əsl istirahətdir.

– Bayaq qeyd elədiniz ki, mart ayı sizin üçün Novruz Bayramı ilə assosiasiya olunur. Sizdan bu assosiasiyanın sözlərlə ifadəsini eşitmək istərdik.

– Əvvəlcə xalqımızı qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edirəm. Novruz bayramı bizim qanımızda, gen yaddaşımızdadır. Novruzqabağı yenilənməyə olan istək hər bir azərbaycanlının qanındadır. Hər halda mənim ətrafımda olan insanlarda da bunu hiss eləmişəm. Sovet dövründə, 1967-ci ildə ilk dəfə Novruz Bayramının necə coşqu ilə, ruh yüksəkliyi ilə keçirildiyi o vaxt yaşım az olsa da yadıma gəlir. Onda elə bil insanlar da təbiət kimi nurlanmışdı, dirçəlmişdi. Bu, qan yaddaşından gələn bir işıq, bir ruh yüksəkliyi idi. Biz bunu qorumalıyıq. Çünki bu amil bizi birləşdirir. Qloballaşma dövründə milli xüsusiyyətlərimizi, milliliyimizi saxlamaq üçün belə bayramlar, ənənələr çox vacibdir. Bu, bizim xalqımızın ruhuna aid olan, eyni zamanda genetik yaddaşımızda yazılan məlumatdır. Bunu itirməməliyik. Bunları itirsək, bir xalq kimi özümüzü itirə bilərik.

Sevinc MÜRVƏTQIZI