AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Müsahibələr

Line Spacing+- AFont Size+- Çap
08.02.2013

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsi

- Ötənilki buraxılış imtahanında daha çox şagirdin attestat və şəhadətnamə ala bilməsi üçün onlara güzəşt edildi. Əvvəl şagirdlərin "üç" qiyməti alması üçün onların 8 suala düzgün cavab verməsi tələb olunurdusa, sonradan bu tələb bir qədər yumşaldıldı və düzgün cavab verilməli olan sualların sayı 5-ə endirildi. Bu il də şagirdləri belə bir güzəşt gözləyirmi?

- Biz cox ümidvarıq ki, bu il belə güzəştlərə ehtiyac olmayacaq. Çünki artıq şagirdlər buraxılış imtahanlarının TQDK tərəfindən ciddi şəkildə keçirildiyini və onlara çox sadə suallar təqdim olunduğunu bilirlər. Onlar öz biliklərini nümayiş etdirməli, köçürməyə çalışmamalıdırlar. Ümid bəsləməməlidirlər ki, onlar imtahana telefonla daxil olacaq, kimə isə zəng edəcəklər. Onlar bu imtahanlara ciddi hazırlaşmalıdırlar. Bu il attestat almaq istəyən məzunlar üçün, ən azı, 8-10 suala düzgün cavab vermək tələbi olacaq. İmtahan cəmi 2 fənn üzrə keçirilir. Bu 2 fənn üzrə tamamilə sadə anlayışları olan məzun "üç" qiyməti ala biləcək.

- Demək, fənlərin sayının artırılması hələ ki nəzərdə tutulmur?

- Hələ ki buraxılış imtahanlarının keçirilməsi ilə bağlı əsas qaydalar təsdiqlənməyib. Qaydalar ölkə Prezidentinin fərmanında göstərildiyi kimi, 3 ay ərzində təsdiqlənməli idi. Ancaq hələ Nazirlər Kabineti bu qaydaları təsdiqləməyib. Fənlərin sayının artırılması gələcəkdə nəzərdə tutulub. Biz yeni fənni daxil etməmişdən əvvəl gərək mütləq həmin fənn üzrə monitorinq imtahanları keçirək. Bildiyiniz kimi, ölkə Prezidentinin 16 yanvar 2013-cü il tarixli fərmanı ilə yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək səlahiyyətləri də TQDK-ya verilib. Biz bu il monitorinq imtahanlarını ilk növbədə yeni kurikulum əsasında tədris aparılan siniflərdə tarix, Azərbaycan tarixi və xarici dil (rus və ingilis dilləri) fənləri üzrə keçirəcəyik. Bu imtahanlar ölkə üzrə seçilmiş məktəblərdə aparılacaq və onun nəticəsi şagirdlərin qiymətləndirilməsinə hüquqi təsir göstərməyəcək.

- Attestat ala bilməyən şagirdlərlə bağlı Təhsil Komissiyasına təkliflər verəcəyinizi bildirmişdiniz.

- Biz rayonlar üzrə nəticələri təqdim etmişik. Bu nəticələr Təhsil Komissiyasında nəzərdən keçirilib. Əmək bazarında iş yerləri olan, amma həmin sahə üzrə işləmək qabiliyyəti, biliyi olan insanların sayının az olduğu rayonlarda attestat ala bilməyən uşaqların hazırlığı ilə bağlı təkliflər həmin Komissiya tərəfindən müvafiq qurumlara verilib. Onların bu sahədə müəyyən işlər görməsi, kurslar, treninqlər keçirməsi nəzərdə tutulub. Bu işi müxtəlif təşkilatlar həyata keçirəcək.

"Məlumatları gizlədən məktəblər cəzalandırılacaqlar"

- Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının son iclasında Ramiz Mehdiyev ali məktəblərdə tələbə köçürmələri ilə bağlı müəyyən iradlar səsləndirib. "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sisteminin yaranması tələbə köçürmələri ilə bağlı vəziyyətin dəyişməsinə təsir göstərib?

- Bu il ilk dəfə olaraq "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sisteminə dair məlumatlar ayrıca kitabçada dərc edilib. Ali məktəblər tərəfindən həmin sistemə məlumatlar 28 mart 2012-ci ildən 14 yanvar 2013-cü ilə qədər daxil edilib. Bu məlumatlar hər il ictimaiyyətə təqdim olunacaq, çünki bu, aşkarlıq üçün çox mühüm addımdır. Həmin məlumatlarla ilk tanışlıqdan da aydın görünür ki, müəyyən ali məktəblər köçürmələrlə, xüsusilə də xarici ali təhsil müəssisələrindən köçürmələrlə bağlı bəzi informasiyaları gizlətməyə cəhd edirlər. Köçürülmə baş verdikdən sonrakı 2 həftə ərzində ali məktəb rəhbərləri bununla bağlı məlumatları "Tələbə-Məzun" sisteminə daxil etməlidirlər. Bu sistemə Prezident Administrasiyası, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və bir sıra digər dövlət orqanları daxil olur və məlumatları onlar da görürlər. Təbii ki, hər köçürmənin hansısa real səbəbi ola bilər. Bu səbəblər arasında ailə vəziyyəti, səhhətlə bağlı nüanslar ola bilər və belə olan haldə köçürmə faktı təbii sayılır. Lakin birdən eyni ölkədən, bəzən lap bir ali məktəbdən 50-60, bəzən də daha çox gəncin Azərbaycanın hansısa ali məktəbinə köçürüldüyü aşkar olanda təbii sual ortaya çıxır: görəsən, həmin ölkədə nə baş verib ki, qəfildən bu qədər adam oranı tərk etməyə çalışır? Bu sistem belə faktları müəyyənləşdirməyə imkan yaradır. Biz heç kimi köçürmələri hansı səbəbdən etməsini araşdırmaq üçün yoxlamırıq. Bu köçürmələrə icazə vermək səlahiyyəti də bizdə deyil. Biz yalnız bu məlumatı əks etdirən sistem yaratmışıq. Onu da bildirim ki, məlumatların sistemə düzgün və vaxtında daxil edilməməsinə görə İnzibati Xətalar Məcələsində məsuliyyət nəzərdə tutulur. Gec-tez bu fakt ortaya çıxanda və məlumatın sistemə daxil olmadığı bəlli olanda həmin ali məktəbə, məsul şəxsə cəza müəyyənləşir. Bildirmək istəyirəm ki, məlumatlar nə qədər gizlədilsə də, gec-tez aşkar olunur. Bunlar aşkarlandıqda həmin məktəblər cəzalandırılacaqlar. Çünki hər il magistraturaya, müxtəlif dövlət orqanlarına işə qəbul zamanı, eləcə də müxtəlif orqanlardan bizə göndərilən sorğuların araşdırılması zamanı belə faktlar ortaya çıxır.

- Xarici ölkələrdə təhsil alan şəxslər barədə məlumatlar bazaya daxil ediləcək?

- Dövlət tərəfindən keçirilən imtahanlarda iştirak edən hər bir şəxs haqqında məlumatlar bu sistemə daxil edilir. Xaricdə dövlət hesabına təhsil alanların çoxu bizim imtahanlarda iştirak ediblər. Ancaq fərdi yolla xaricə təhsil almağa gedənlər Azərbaycana qayıtdıqdan sonra onların diplomları nostrifikasiya prosedurundan (tanınma) keçməlidirlər. Belə diplomlar bizə təqdim edildikdə Təhsil Nazirliyinə sorğu göndəririk. Biz xaricdə təhsil alanlara dair məlumatların da bu sistemə daxil edilməsi ilə bağlı öz təkliflərimizi hazırlayıb Təhsil Nazirliyinə təqdim edəcəyik. Biz istərdik ki, xaricdə təhsil alan və diplomlarını TN-də tanıdan kimi o insanlar haqqında məlumatlar bu sistemə daxil olsun.

"Xarici ölkələrin ali mməktəblərinə imtahansız daxil olanların diplomları nostrifikasiyadan keçsə, biz o diplomları qəbul etməyə məcbur olacağıq"

- Qəbul kampaniyası artıq yaxınlaşmaq üzrədir. Bu dövrdə də Azərbaycan abituriyentlərini xarici ölkələrin, xüsusilə, Rusiya və Ukraynanın ali məktəblərinə imtahansız, yalnız attestatla qəbul olmağa çağıranların sayı artır.

- Hazırda Rusiyada xaricdən gələn tələbələrin qəbulu ilə bağlı tələblər xeyli sərtləşib. Ancaq Ukraynada vəziyyət belədir ki, xarici ölkənin abituriyentləri ali məktəblərə imtahansız qəbul edilirlər. Onların aldıqları diplomların nostrifikasiya prosesini Təhsil Nazirliyi aparacaq. Onlar nostrifikasiyadan keçsələr, biz o diplomları qəbul etməyə məcbur olacağıq. Ancaq nostrifikasiyadan keçmək üçün müəyyən tələblər var. Birincisi, həmin ali məktəbin öz ölkəsində lisenziyası olmalı, məktəbin tədris proqramı Boloniya prosesinin tələblərinə cavab verməlidir.

- Azərbaycan gənclərinin başqa ölkələrin ali məktəblərinə yalnız attestatla qəbul olmasının qarşısını almaq üçün hansısa tədbirlər görmək olar?

- Biz demokratik ölkəyik, buna görə də validyenlər bu məsələ barədə özləri fikirləşməlidirlər. Onlar özləri övladlarının belə yolla təhsil almasına imkan yaratmaqla, uşaqların taleyinə zərbə vururlar. Uşaq rus dilini bilmirsə, gedib orada necə rus dilində oxuyur? Ola bilsin ki, o, 4 il əzində rus dilini öyrənəcək, ancaq bir mütəxəssis kimi formalaşmayacaq. Bu, əslində həmin məzunun hansısa bir ölkəyə səyahətidir. O, həmin ölkədə yaşayır və dili öyrənir, ancaq mütəxəssis kimi formalaşa bilmir. O, əmək bazarında özünə gələcəkdə onsuz da yer tapa bilməyəcək. Valideyni diplomu olan uşağına sonradan ingilis dilini, kompüter texnologiyalarını öyrənməsi üçün müəllim də tutur. Bəs onda gənc 4 il ərzində nə təhsil alıb və bu illəri nəyə sərf edib? 21-ci əsrdə cəmiyyətə daha kreativ insanlar lazımdır. Ali təhsil kreativ insanların formalaşmasına kömək etməlidir. "Apple" şirkətinin yaradıcısı Stiv Cobs heç universitet bitirməmişdi, ancaq nailiyyəti onu bəşəriyyətin ən görkəmli şəxslərinin sırasına saldı. Ancaq təbii ki, belə insanlar çox nadir hallarda olur. Ona görə də valideynlər pulu nəyə xərclədiklərini fikirləşməlidirlər. Bu şəkildə diplom əldə etməkdənsə, gəncin normal peşə qazanması barədə düşünmək daha doğru olardı.

- Növbəti tədris ili üzrə rezidenturaya qəbul olmaq istəyənlər üçün müsabiqə şərtləri dəyişəcək?

- İndi rezidenturaya qəbul olmayanlar, ali məktəbi həkim ixstisası ilə bitirənlər də gedib müəyyən sahələrdə həkim işləyirlər. Çünki orada tələbat var, ancaq həkim yoxdur. Rezidenturada da elə sahələr var ki, orada çox yüksək müsabiqə vəziyyəti yaranır. Ancaq elə sahələr var ki, həmin istiqamətdə təhsillərini davam etdirmək istəyənlər azdır. Məsələn, Patoloji anatomiya, məhkəmə tibbi ekspertizası, Psixatriya, Narkologiya ixtisaslarına zəif nəticə göstərmiş gənclər gedirlər. Çünki o ixtisaslar üzrə müsabiqə vəziyyəti yüksək deyil. Bunun üçün də ümumi səviyyənin yüksəlməsi vacibdir ki, biz də müsabiqə şərtlərini ona uyğunlaşdıraq.

"Hər il imtahan nəticələrini elan edəndə əleyhdarlarımız bizə qarşı iki arqumentdən birini səsləndirirlər"

- Təhsil naziri Misir Mərdanovun fikrincə, builki qəbul imtahanlarında bəzi ixtisaslar üzrə keçid balı təhsildə keyfiyyətin aşağı düşməsi ilə əlaqədar deyil. Bu, ilbəil sualların çətinləşdirilməsi ilə bağlıdır.

- Bu müsahibəni oxumadığım və görmədiyim üçün həmin fikirlərə şərh vermək mənim üçün çox çətindir. Çünki çox zaman söylədiyim fikirləri mətbuatda təhrif edir və lazımsız siyasi şərh verirlər. Mən bu yolla getmək istəmirəm. Sualların çətinləşdirilməsinə gəldikdə, biz hər il imtahan nəticələrini elan edəndə əleyhdarlarımız bizə qarşı iki arqumentdən birini səsləndirirlər. Bir il deyirlər ki, testlər proqramdan kənar idi, ona görə də uşaqlar pis cavab veriblər. O biri il də deyirlər ki, testlər çətinləşdirilib. Biz hər ilin yanvar ayında "Abituriyent" jurnalının 1-ci sayında qəbul imtahanlarının proqramlarını, test suallarının nümunələrini - model testləri ictimaiyyətə təqdim edirik. Eləcə də aprel ayından etibarən keçirilən sınaq imtahanları da tam olaraq qəbul imtahanlarının texnologiyası əsasında aparılır. Lakin həmin vaxt heç kim bu sualların çətinliyi və ya proqramdan kənara çıxmalar barədə fikir səsləndirmir. Yalnız qəbul imtahanlarından sonra belə iradlar səslənir ki, bununla bağlı da kimsə əsaslı elmi fikir ortaya qoymur. Məsələ bundadır ki, şəxsiyyət yönümlü təhsil sistemində qiymətləndirmə prosedurları mürəkkəbləşməlidir. Və biz də tədricən bu yolla gedirik. Açıq testlər də şəxsiyyət yönümlü islahatların aparılmasına təsir göstərən amildir. Testlər çətinləşməyib, onlar rəsmi şəkildə elan olunmuş tədris proqramı əsasında hazırlanır. Bu proqramı müəllim nə dərəcədə mənimsəyib, mənimsədiyinin neçə hissəsini şagirdə çatdırıb, uşaq onu necə qavrayıb? Nəticədə biz nəyi görürük? Uşaqlar qəbul proqramının minumim 25, maksimum 53 faizini mənimsəyirlər. Bu, reallıqdır. Bunu dəyişmək üçün həmin tədris prosesinin özünün daxilində, həmin o pillələrdə hansısa dəyişikliklər baş verməlidir.

"Yaxşı olardı ki, I-IV siniflərə yalnız magistratura səviyyəsi üzrə təhsil alan şəxslər dərs desinlər"

- Millət vəkillərindən biri Azərbaycanda yalnız magistratura səviyyəsi üzrə təhsilini bitirən gənclərin orta məktəblərdə müəllim işləməsini təklif edir. Sizcə, belə təklif reallaşarsa, Azərbaycan məktəblərində hansı vəziyyət yarana bilər?

- Bu iş tədricən aparıla bilər. Magistraturaya qəbul olan şəxslərin hamısı orta məktəbdə dərs deməyə gedəcəkmi? Yaxşı olardı ki, ümumiyyətlə I-IV siniflərə yalnız magistratura səviyyəsi üzrə təhsil alan şəxslər dərs desinlər. Mən bunun tərəfdarıyam. Bizdə nədənsə daha təcrübəli, daha bilikli müəllimlər yuxarı siniflərdə dərs deyirlər. Ancaq cox vacibdir ki, I-IV siniflərdə daha bilikli müəllimlər dərs desinlər. Biz pedaqogika ixtisası üzrə magistraturaya qəbul olmaq üçün qaydalarda çoxdan dəyişiklik etmişik. Bütün müəllimlik ixtisaslarını bitirənlərin magistraturaya maarif üzrə proqramlara qəbul olmaq imkanları var. Bu da öz nəticəsini verib. Daha bilikli insanlar bu sahə üzrə magistraturanı bitirirlər.

- Hazırda Azərbaycan gənclərinin müəllimlik peşəsinə marağı necədir?

- Yüksəkdir. Müəllim olmaq istəyənlərin sayı çoxdur. Məsələn, ötən il riyaziyyat müəllimliyi ixtisasına kecid balı 462 olmuşdu.

- Təhsil Nazirliyi hər il orta məktəblərin buraxılış imtahanlarından əvvəl - fevral-aprel aylarında yoxlama imtahanları keçirirdi. Bu imtahanlar ləğv edilib?

- Bu il üçün həmin imtahanların keçirilməsi nəzərdə tutulmayıb. Biz keçirəcəyimiz imtahanla bağlı xeyli əvvəldən ictimaiyyəti məlumatlandırırıq.