AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

Müsahibələr

Line Spacing+- AFont Size+- Çap
25.05.2012

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni səlahiyyətlər aldıqdan sonrakı fəaliyyətini qurumun sədri Məleykə Abbaszadə “New Baku Post”a şərh edir:

Məleykə xanım, orta məktəblərdə buraxılış imtahanlarını TQDK-nın keçirməsinə ilk reaksiyalar necədir?


–Bizə gələn reaksiyalar ancaq valideynlərin Komissiyanın internet ünvanına göndərdikləri müraciətlərdir. Amma sizin – media nümayəndələrinin daha çox imkanı var bu qərara olan münasibəti araşdırsın. Biz faktiki olaraq sərəncamın icrası ilə məşğuluq deyə, ictimai rəyi hələ ki, eşidə bilmirik. İctimai rəyi işi görəndən sonra biləcəyik.

– Buraxılış imtahanlarının qəbul imtahanı sayılacağı haqqında yayılan söz-söhbət nə dərəcədə doğrudur?

– Bu il buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarına heç bir təsiri olmayacaq. Bu qayda yalnız bu ilə aid olacaq. Ola bilsin, yaxın 2 il ərzində müəyyən “keçid qaydaları”ndan istifadə olunsun. Gələcəkdə – 3-4 ilə bu imtahanların forması tam müəyyənləşdiriləndən, elmi müzakirələr aparılandan sonra müəyyən fənlərdən buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarına təsir göstərə bilər. Vaxt lazımdır. Hələlik, hansısa model haqqında elmi əsaslandırılmış fikir söyləmək düzgün olmaz.

– 15 gün ərzində Təhsil Nazirliyi maddi-texniki bazanı təhvil verməli idi. Artıq müddət tamam olur. Proses nə yerdədir ?

– Bizə təqdim olunan siyahıya görə, ordakı maddi-texniki baza çox zəifdir; 3 ədəd “Pentium 4” kompüteri və bir neçə avadanlıq. Özü də yazılıb ki, bunlar yararsız haldadır. Bilmirəm, onlar bu işi belə maddi-texniki baza ilə necə görüblər?! Bizə təqdim olunan avadanlığın keçirəcəyimiz imtahanlara yəqin ki, təsiri olmayacaq.

– Buraxılış imtahanlarında ana dili və riyaziyyatdan başqa nəzərdə tutulan əlavə yazı yoxlaması hansı rolu oynayacaq?

– Bu imtahanların nəticəsinə heç bir təsir göstərməyəcək. Xüsusi hallarda nəzərə alınacaq. Apelyasiya şikayəti olduqda, şagirdin nəticələri illik qiymətlə uyğunlaşmadıqda, onlara baxılacaq. Məsələn, illik qiymət “5”-dir, buraxılış imtahanından “2” alıb və ya illik qiymət “3”-dür, imtahandan “5” alıb. İmtahanlar bitəndən sonra sentyabrda o yazılar yoxlanılacaq. Şagirdlərin cavabları analiz olunacaq, pedaqoqların müzakirəsinə təqdim ediləcək.

– Şəhər və rayon təhsil şöbələrinin rəhbərləri ilə görüşmüsünüz. Nələri müzakirə etdiniz?

– Onlara konkret tapşırıqlar verilib. Onlar imtahan binalarının hazırlanmasına, müəyyən bazaların formalaşmasına, şagirdlərin şəkillərinin yığılmasına cavabdehdirlər. Prosesdə isə onlar və məktəb direktorları qərar qəbul edən tərəf deyillər. Şəhər və rayon təhsil şöbələrinin işçisi imtahan prosesinə qarışmır.

– Dərsliklərin monitorinqi necə aparılacaq?

– Artıq təklifləri Nazirlər Kabinetinə vermişik. Əsas məsələ bu sahədə xüsusi şöbənin yaradılmasıdır. Nazirlər Kabineti bizə əlavə ştat ayırandan sonra biz bu işi daha da geniş aparacağıq. İndiyə qədər biz müəyyən monitorinq aparırdıq ki, dərsliklərdəki səhvlər imtahanın məzmununa təsir göstərməsin. Bundan sonra bu iş daha geniş, daha əhatəli olacaq.

– İndiyə kimi ən çox hansı dərsliklərdə səhv tapılıb?

– Biologiya və tarix dərsliklərində. Biz yuxarı siniflərin dərsliklərinin monitorinqini aparırdıq. Aşkarlanan bütün səhv və qüsurlar “Abituriyent” jurnalında dərc edilib.

– Belə bir rəqəm açıqlanmışdı: 22 332 nəfər ali məktəbə qəbul olunmadan diplom alıb. Deyə bilərsinizmi, əsasən bu siyahıya hansı universitetlər liderlik edir?

– Bunlar əsasən özəl ali məktəblər, xüsusilə Azərbaycan Beynəlxalq Universitetidir.

– Ali məktəblərə qəbul imtahanlarına hazırlıq necə gedir?

– Abituriyentlərin sənəd qəbulu başa çatmaq üzrədir. Nəzərdə tutulur ki, bu ay ərzində rus bölməsi üçün Azərbaycan dili imtahanı keçirilsin. Qəbul imtahanlarının tarixi ilə əlaqədar dəyişikliklər nəzərdə tutulub. Hələ ki, dəqiq deyil. Bu dəyişikliklər buraxılış imtahanlarının vaxtı ilə əlaqədardır. Nazirlər Kabineti qəbul imtahanlarını keçirmək üçün bizə maddi-texniki imkan yaratmalı, əlavə vəsait ayırmalıdır. Çünki artıq biz məbləği faktiki olaraq buraxılış imtahanlarına sərf edəcəyik. Ondan sonra gözləməliyik ki, bizə maliyyə vəsaiti ayrılsın və biz qəbul imtahanlarını keçirə bilək.

– Dünya fənn olimpiadalarının qaliblərinin müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqədən kənar qəbulu qaydası var. Müraciətlər nə qədərdir?

– Bu il dünya fənn olimpiadalarının qalibləri yoxdur. Hələ idman sahəsində xüsusi göstərici ilə müraciət edən də olmayıb.


Yaqut Tapdıqqızı