KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
09.07.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların obyektivliyinə cəmiyyətdə böyük inam 

 İnkişaf etmiş müasir ölkələrin əksəriyyəti buna şəffaflığı təmin etməklə çatıb. Dünya təcrübəsi də göstərir ki, şəffaflığın təmini, koppursiyanın qarşısının alınmasında əsas təsir imkanlarından biri ictimai nəzarətin təmin edilməsidir. Dövlət orqanları tərəfindən görülən işlərə ictimai nəzarətin önəmini Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda ölkə başçısı da vurğulayıb: «İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır».

Respublikamızda öz fəaliyyətində güclü ictimai nəzarəti təmin edən qurumlardan biri, bəlkə də birincisi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Öz fəaliyyətində daim aşkarlıq və şəffaflığı təmin etməyə çalışan Komissiya hər il bir neçə kütləvi tədbir keçirir. Orta ümumtəhsil məktəblərinin buraxılış və ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin sayı hər il bir neçə yüz min olsa da, bu proses əslində bütün ölkə əhalisinin maraq dariəsində olan bir işdir. Çünki ölkədə elə bir ailə olmaz ki, özü, övladı, qohumu, qonşusu imtahan prosesində iştirak etməmiş olsun. Bir neçə il öncə orta məktəb şagirdlərinin buraxılış imtahanlarından sonra əhali arasında yaranan narahatlıq çoxlarının yaddaşındadır. Təhsil Nazirliyi mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri açıqlayandan qısa müddət sonra nazirliyin inzibati binası önündə yüzlərlə insan toplaşırdı. Kimi qiymətlərinin aşağı salındığından şikayət edir, kimi Apelyasiya şikayəti vermək istəyir, kimi də imtahanda baş verən arzuolunmaz hallarla bağlı cavab tələb edirdi. Nəhayət, 2013-cü ildən orta ümumtəhsil məktəbləri və peşə liseylərinin məzunları üçün buraxılış imtahanlarının keçirilməsi səlahiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. Amma imtahanın keçirildiyi elə birinci ildə də imtahanın nəticələri açıqlanandan sonra Təhsil Nazirliyi önündə yaşanan mənzərəni Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının binası önündə görmədik. İmtahanda istədiyi nəticəni göstərə bilməyən də, hətta «2» qiymət alan da artıq səy-küy salmaqla etiraz etmək istəmirdi. Çünki TQDK-nın keçirdiyi və ciddi ictimai nəzarət altında olan imtahanlara şübhə yeri yoxdu. Bu inam isə uzun illərin zəhməti nəticəsində qurulan şəffaflığın, ictimaiyyəitin nəzarəti altında keçirilən kütləvi tədbirlərin obyektivliyinin nəticəsi idi.

 191 502 nəfər şagird, 129 471 «2» qiymət, cəmi 48 müraciət

 Bu il də orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin imtahanları təsdiq olunan qrafikə uyğun olaraq 2, 6, 11, 16  iyun tarixlərində keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə,  respublikamızda keçiriləcək buraxılış imtahanlarında 107 236 nəfər IX, 88 151 nəfər XI sinif şagirdinin imtahan verəcəyi nəzərdə tutulmuşdu. Amma buraxılış sinifləri üçün keçirilən imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib. Bakıda keçirilən imtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb. Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri üçün keçirilən imtahalara nəzarət üçün 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim cəlb edilib. İyunun 11-də keçirilən buraxılış imtahanlarının idarə olunmasında 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim, iyunun 16-da keçirilən imtahanların idarə olunmasında isə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim iştirak edib.

Ölkə üzrə imtahanda iştirak edən 105 346 nəfər IX sinif şagirdindən 25 329  nəfəri (24,09 faiz) ana dili, 28 283 nəfəri (26,85 faiz) riyaziyyatdan «2» qiymət alıb. Cəmi 127 nəfər  (56 nəfəri Bakı şəhəri) maksimum nəticə göstərərək 60 bal toplayıb.

İmtahanda iştirak edən 86 156 nəfər XI sinif şagirdindən 17 089 nəfəri (19,87 faiz) ana dili,  18 552 nəfəri (21,53 faiz) riyaziyyat, 15 942 nəfəri (18,71 faiz) xarici dil, 182 nəfəri (19,15 faiz) isə kimya fənnindən «2» qiymət alıb. Cəmi 259 nəfər (165 nəfəri Bakı şəhəri) maksimum nəticə göstərərək 90 bal toplayıb.

Ümumilikdə, 191 502 nəfər şagirdin iştirak etdiyi imtahanda, 129 471 «2» qiymət alınıb. Əvvəlki illərin təcrübəsi göstərir ki, digər qiymət alanlar da bəzən imtahan nəticələrindən narazı olsa da, daha çox narazılıq eldənlər qeyri-kafi qiymət alanlar olur.

TQDK-nın mətbuat xidmətindən aldığımız məlumata görə, bu il imtahan nəticələri ilə bağlı cəmi 48 müraciət edilib. Onların da əksəriyyəti imtahana gəlməyənlərin təkrar imtahanda iştirakla bağlı müraciəti olub. Bu da imtahan nəticələrinin şəffaflığına əhalinin inamının nəticəsidir.

 «Bu işlərə ictimai nəzarət var və imtahanda uğur qazanan da, qazanmayan da nəticənin obyektivliyinə əmindir»

 Orta məktəblərdə buraxılış imtahanlarının keçirildiyi ilk ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə imtahanlarda şəffaflığın təmin olunacağına vəd verdi: «Hər hansı bir kütləvi tədbir keçirilərkən müxtəlif xoşagəlməz hallar da olur. Bəzi insanlar bu tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Bir daha bildirirəm ki, bu il buraxılış imtahanları tam fərqli keçiriləcək və şagirdlərin qiyməti onların göstərdiyi bilik əsasında veriləcək. Bütün direktorlar bilsin ki, buraxılış imtahanları şəffaf olacaq, müdaxiləyə və korrupsiyaya yol verilməyəcək. İndiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün olub.  Buna görə də buraxılış imtahanından 5 alan şagird ali məktəbə qəbul imtahanında həmin fəndən «0» bal toplayırdı. Lakin bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq və şagirdlərin bilik səviyyəsi düzgün qiymətləndiriləcək. Əgər indiyədək nəsə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə başqa yollara əl atsa, qanun qarşısında cavab verəcək».

Ötən illərin təcrübəsi verilən vədlərin özünü doğrultduğunu göstərdi. XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların obyektivliyini bu prosesdə iştirak edən hər kəs bilir: «Təhsil Nazirliyi əvvəllər orta məktəbin buraxılış sinifləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirirdi. Hər imtahandan sonra da yüzlərlə şəxs biliklərinin düzgün qiymətləndirilmədiyi üçün nazirliyin binası qarşısında etiraz aksiyası keçirirdi. İndi də minlərlə insan aşağı qiymət alır. Amma TQDK-nın binası qarşısında belə aksiyalar olmur. Çünki bu işlərə ictimai nəzarət var və imtahanda uğur qazanan da, qazanmayan da nəticənin obyektivliyinə əmindir».

Şagirdlərin özlərinə də görülən iş üzərində nəzarət imkanı yaradılıb

 Azərbaycan Təhsil Şurasının sədri  Əjdər Ağayev də o qənaətdədir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan proseslərində bütün neqativ halları aradan qaldıra bilib: «Bu gün ali məktəblərin özlərinə test üsulu ilə tələbə qəbulu aparmaq imkanı verilsə, neqativ hallar yenə ola bilər. Çünki respublikamızda hələ də şəffaflıq və ədalətin hamı tərəfindən təmin ediləcəyinə əminlik yoxdur. Buna  görə də ən doğru seçim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu işi reallaşdırmasıdır. Hazırda bu sahəyə ictimai nəzarətin daha da gücləndiilməsi müsbət nəticə verər. Amma bu iş prosesə müdaxilə yox, prosesi izləməklə yekunlaşmalıdır».

İmtahan prosesində ictimai nəzarətin təmin olunmasına isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmişə önəm verib. Komissiyanın sədri Məleykə Abbaszadə də deyir ki, rəhbərlik etdiyi qurum tərəfindən keçirilən imtahanların idarəetmə sistemi təkcə dövlət tərəfindən aparılmır: «Bu işlərə geniş bir ictimai nəzarət var. İmtahan rəhbərləri Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri, nazirlik əməkdaşlarıdır. İmtahan nəzarətçiləri isə pedaqoji ictimaiyyətin nümayəndələridir. Bu il IX sinif imtahanlarına 700 imtahan rəhbəri 8783 nəzarətçi cəlb edilib. XI sinif imtahanlarına isə 716 imtahan rəhbəri, 7239 imtahan nəzarətçi cəlb edilib. Əvvəllər imtahan rəhbərləri və nəzarətçilər ancaq Bakı şəhərindən seçilirdi. Hazırda isə TQDK-nın 8 regional şöbəsinin hər birində treninqlər keçirililir və həmin treninqlərdən keçənlər imtahana cəlb edilir. Həmin tərkib isə işin keyfiyyətindən asılı olaraq hər il dəyişdirilir. Həmçinin, biz bu mərhələdə şagirdlərin özlərinə də görülən iş üzərində nəzarət imkanı yaratdıq. Amma 88 151 şagirddən yalnız 4000 nəfər şagird-məzun bazası vasitəsi ilə öz məlumatlarını yoxladı. Şagirdlərə bu imkanın yaradılması da sistemin açıqlığının göstəricisidir».

Bu kütləvi proseslərdə bir problem də var idi ki, imtahanlarda abituriyentlər bəzən sual kitabçaları dəyişə bilərdilər. Bəzən bunu nəzarətçilər  görmürdü. Bu ildən başlayaraq isə şagirdlərə təqdim olunan bütün sual kitabçaları unikal olub. Yəni hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılıb. Hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada imtahan verəcək hər bir abituriyent üçün ayrı varianta test kitabçası təqdim olunacaq. Hər kitabçada isə abituriyentin seçiminə uyğun xarici dil sualları olacaq. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yeni texnologiyalardan istifadəyə daim önəm verən TQDK-nın öz internet səhifəsi və Elektron hökumət portalı vasitəsilə əhaliyə göstərdiyi xidmətlərdən ötən ay 1 milyon 016 mindən çox istifadə edilib. Bu da komissiyanın fəaliyyətinin şəffaflığının bir göstəricisidir.

Şəffaflıq ictimai işləri yerinə yetirən, xalqın həyatına təsir imkanları olan qurumların başı üzərində parlayan, onların necə işlədiklərini xalqa göstərən gün işığına bənzədilir. İctimai meydanda çalışan bütün qurumların işinin səmərəliliyini artırmaq, korrupsiya riskini aşağı salmaq, xalqa qulluq edən ictimai qurum kimi, hökumətin bəyənilməsini təmin etməkdən ötrü aşkarlıq qanuni əvəzsiz vasitədir. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bunu öz təcrübəsində göstərib. Yaxşı təcrübədən isə hər zaman yararlanmaq lazımdır…

 Xalid VAHİDOĞLU

www.ucnoqta.az/news/20267#sthash.SL3LoCZj.dpuf