AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
09.07.2015

İnformasiya texnologiyalarının tətbiqi və həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb.

Ölkədə Elektron hökumət quruculuğu, İKT- nin dövlət qurumlarında tətbiqi prosesi xeyli sürətlənib. Bütün dövlət qurumlarında bu sahə ilə əlaqəli struktur vahidlər yaradılıb. Xidmətlərin elektron formaya keçirilməsi prosesi, vətəndaşlarla, dövlət orqanları və biznes qurumları ilə əlaqələrin yaradılmasında İT- dən istifadə edilməsi, dövlət qurumlarının saytlarının yenilənməsi prosesi hər kəs üçün kifayət qədər maraq kəsb edir.

Qeyd edək ki, keçən il internetdə bir yazıya rast gəlmişdik: "Bir neçə il əvvəl UNESCO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunub.

"Korrupsion məktəblər. Korrupsion universitetlər: nə etmık olar?" adlı hesabat Təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlil olunması nəticəsində hazırlanıb. Hesabatdakı məlumatlara əsasən, korrupsiya bütün dünyanın təhsil sistemlərinə çiddi zərər vurur. Müəyyən olunub ki, ali məktəblərə qəbul zamanı qeyri- qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılıb. Sadəcə olaraq daha yoxsul ölkələrdə sui- istifadə halları daha kəskin xarakter daşıyır. Lakin müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür.

UNESCO ekspertləri Azərbaycanı MDB- nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər. Onlar qeyd edir ki, bu ölkədə "informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb".

Məlum olduğu kimi yaxın zamanlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə və kolleclərə qəbul imtahanları keçiriləcək. Qurum son vaxtlarda  bütün fəaliyyətlərini elektron formaya keçirib. Bu da  buraxılış və qəbul imtahanlarının gedişinə öz müsbət təsirini göstərib.

Buraxılış imtahanlarının keçirildiyi və qəbul imtahanlarına  hazırlıq mərhələsində valideyinləri və abituriyentləri maraqlandıran bütün suallara cavab tapmaq üçün vətəndaşlarla daha çox əlaqədə olan, İT- nin tətbiqi sahəsində xeyli uğurlar əldə edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İKT sahəsindəki fəaliyyəti, bu sahədə çalışan kadrlarla yaxından tanış olduq.

Çalışdıq ki, şagirdlərin, abituriyentlərin də marağında olan  qəbul  prosesi ilə əyani  tanış olaq.

İlk olaraq İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilovla söhbət edirik.

Şöbə müdiri qeyd edir ki, əldə olunan nailiyyətləri nəzərə alaraq, 1999- cu ildə ölkə başçısı Heydər Əliyev cənabları tərəfindən Komissiyaya yüksək etimad göstərərək onun "2000- ci il problemi"nin həlli üzrə Milli Qurum təyin edilməsi haqqında sərəncam verdi.

O illərdə həmçinin Azərbaycan Hökumətinin tapşırığı və BMT- nin İnkişaf Proqramının qrantı əsasında TQDK tərəfindən qısa bir zamanda "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi" yaradıldı. 2000- ci ilin noyabrında Prezident Heydər Əliyev cənabları "Seçkilər" İnformasiya Mərkəzinin açılışında Komissiyanın işini yüksək qiymətləndirərək demişdir: " Tələbə Qəbulu üzrə Dövlət Komissyası, demək olar ki, Azərbaycanda ilk dəfə kompyuter sistemini geniş tətbiq edibdir. Bu, çox gözəl bir haldır. Mən bunu bir dəfə demişəm, bu gün bir daha yüksək qiymətləndirirəm... Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Məleykə xanım Abbaszadə bu işin təşəbbüskarı olubdur və bunu edibdir. Avtomatlaşdırılmış sistem seçki prosesinə də tətbiq edilir..."

Təsadüfi deyil ki, 2002- ci ildə TQDK "İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı üzrə Azərbaycanın milli strategiyasının işlənib hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" Layihəsinin icraedici orqanı, Komissiyanın sədri Məleykə xanım Abbaszadə isə Layihənin Milli Koordinatoru təyin edildi. Layihənin icrası nəticəsində İKT üzrə Milli Strategiya hazırlanıb təsdiq edildi, müvafiq Milli Fəaliyyət planı hazırlandı.

Çingiz müəllim qeyd edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkəmizdə İKT- ni kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olub və qəbul kampaniyası ilə bağlı məlumatların emalının və imtahan iştirakçılarına çatdırılması prosesinin bütün mərhələlərinin avtomatlaşdırılmasına nail olub.

Daha sonra Komissiyanın İKT sahəsində fəaliyyəti, iş prinspləri barədə ətraflı məlumat verilir: Komissiyanın strukturunda İKT sahəsinə bilavasitə cavabdeh şöbə İnformasiyalaşdırma və texnoloji təminat şöbəsidir. Şöbənin tərkibində dörd sektor fəaliyyət göstərir və şöbədə 13 nəfər çalışır. Çingiz müəllim qeyd edir ki, komissiyanın digər şöbə və sektorlarında da İT mütəxəssisləri məhsuldar çalışırlar. Misal üçün Yoxlama- ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin, Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun adlarını çəkmək olar.

Çingiz Xəlilov deyir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında daxili texnoloji proseslərdə istifadə edilən, həmçinin vətəndaşlara və müxtəlif qurumlara göstərilən elektron xidmətlərin fəaliyyətini təmin edən tətbiqi proqramlar qurumun öz mütəxəssisləri tərəfindən hazırlanıb tətbiq və idarə olunur. Belə ki, TQDK- da kifayət qədər təcrübəli İT mütəxəssisləri çalışdığı üçün Komissiya yalnız sistem və standart proqramları kənardan alır. Sual veririk ki, bəs özəl şirkətlər proqramçılara yüksək maaş verdiyi halda niyə mütəxəssiləriniz ora üz tutmurlar? Çingiz müəllim qeyd edir ki, İT səhəsində çalışan mütəxəssislərimizin bir çoxu əmək fəaliyyətini Komissiyada başlayıb burada mütəxəssis kimi yetişəblər. Komissiya onlar üçün də artıq doğma mühitdir və peşə səviyyəsinin artırılması üçün əlverişli şəraitin olduğu bir yerdir. Digər tərəfdən isə, dövlət qulluğunda çalışmaq stabil əmək haqqı və gələcəkdə yüksək pensiya deməkdir.

Çingiz müəllim bildirir ki, TQDK- nın məlumat bazasının əsası 1992- ci ildə qoyulub. Həmin dövrdən bu yana məlumat bazaları mütəmadi olaraq zənginləşdirilir və aktuallaşdırılır. Hal- hazırda bazada 1992- 2014- cü illərdə imtahanda iştirak etmiş bütün vətəndaşlar barədə məlumatlar mövcuddur. Bundan əlavə, son dövrlərdə kifayət qədər funksional və zəngin məlumat bazalarına malik olan “Tələbə- məzun” dövlət elektron məlumat sistemi" və “Şagird- məzun” elektron məlumat sistemi" yaradılaraq istifadəyə verilib.

Yaxın zamanlarda ümumi orta təhsil müəssisələrində buraxılış imtahanları keçiriləcək. Bunun üçün məktəblər artıq öz şagirdləri barədə məlumatları “Şagird- məzun” sistemi"nə yükləyiblər. Orta məktəblər il ərzində mütəmadi olaraq bütün məlumatları aktuallaşdırır, şagirdlərin yekun qiymətləndirməsində istifadə ediləcək fənlər üzrə illik qiymətlərini sistemə daxil edirlər. İyunun 2- də ilk buraxılış imtahanıdır. Bakı şəhərində keçiriləcək bu imtahanda 56 minə yaxın şagird iştirak edəcək. Regionlarda isə imtahanlar iyunun 16- da başa çatacaq. 4 mindən çox orta məktəb zəruri məlumatları "Şagird- məzun" sisteminə daxil edib.

Öyrənirik ki, TQDK vətəndaşlara 14 növ elektron xidmət göstərir. Xidmətlərin hamısı Elektron Hökumət Portalına inteqrasiya edilib. Qurum rəsmisinin sözlərinə görə, 2015- ci ildə TQDK- nın elektron və mobil xidmətlərindən 5 milyon dəfədən çox istifadə olunub. Bu xidmətlər ərizə qəbulu, imtahan nəticələrinin abituriyentlərə çatdırılması, ödəmə kartlarının və jurnalların elektron satışı, SMS- məlumatlandırma və s. kimi müxtəlif prosesləri əhatə edir

Çingiz Xəlilov bildirir ki, abituriyentlər özləri haqqında məlumatları İnternet üzərindən məlumat bazalarına əlavə edir, təsdiqləyir və qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Onların əksəriyyətinin Sənəd Qəbulu Komissiyalarına gedərək ərizələrini təsdiq etdirmələrinə ehtiyac qalmır. Amma əvvəlki illərin orta məktəb məzunu olan oğlan abituriyentlərin bu imkanları cari ilədək yox idi. Onlar məcburən sənədlərini SQK- larda təsdiqlətməli idilər, çünki onlar hərbi mükələfiyyətlidirlər və onların hərbi qulluğa dair sənədləri yoxlanmalıdır. Ancaq, artıq bu məsələ də həll olunmaq üzrədir. Belə ki, TQDK– nın infromasiya sistemləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya sisteminə inteqrasiya olunub. İldən ilə Dövlət Xidmətinin bazaları zənginləşdikcə daha çox oğlan abituriyent elektron ərizəsini İnternet üzərindən özü təsdiqləyə biləcəkdir.

Çingiz Xəlilov daha bir yenilik barədə danışır. Deyir ki, TQDK- nın elektron imza sertifikatını təhlükəsiz şəkildə saxlamaq və onlayn rejimdə istifadə etmək məqsədilə serverə xüsusi avadanlıq qoşulub. Artıq İnternet üzərindən istifadəçilərə təsdiqlənəməsi tələb olunan sənələr verildikdə, bu sənədlər real vaxt rejimində generasiya olunub qurumun rəsmi elektron imzası ilə imzalanır. Məsələn, ümumtəhsil müəssisələrinin buraxılış sinfi şagirdlərinin attestata və ya şəhadətnaməyə yazılacaq yekun qiymətlərinin siyahısı əvvəllər təhsil şöbələrinə ənənəvi üsulla kağız blanklarda göndərilirdisə, artıq iki ildir ki, bu proses tam elektronlaşıb, sənədlər elektron formada imzalanır və aidiyyatı qurumlar bu sənədləri vaxt itkisinə, maliyyə xərclərinə yol vermədən TQDK- nın saytından yükləyə bilirlər.

Çingiz müəllimlə söhbətimizi bitirib sektorlarla əyani tanış oluruq. Bizi Məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev qarşılayır.

Plastik qutular diqqətimizi çəkir. İlqar Allahverdiyev deyir ki, test kitabçaları və cavab kartları imtahana bu qutularda çatdırılır. Qutuların qapağı plomblanır və qutular yalnız imtahan binasında əvvəlcədən müəyyən edilmiş vaxtda açılır.

Sektor müdiri məlumat verir ki, imtahandan sonra imtahan iştirakçılarının cavab kartları şöbəyə təhvil verilir. Sonrakı mərhələdə işlər təhlükəsizlik tədbirləri şəraitində görülür.

Öyənirik ki, imtahan bitən zaman imtahan zalında cavab kartları üzərində TQDK- nın rəsmi nişanəsi olan xüsusi zərfə yerləşdirilir, bağlandıqdan sonra isə zərf nəzarətçilər və bir neçə abituriyent tərəfindən imzalanır. Bu zərflərin xüsusiyyəti ondan ibarətdir ki, onları ikinci dəfə bağlamaq mümkün deyil. Bununla TQDK imtahan cavablarının quruma daxil olana qədər təhlükəziliyini təmin etmiş olur.

İmtahandan sonra cavablar xüsusi skanerlər vasitəsi ilə oxunur. Qeyd edək ki, otaqda 4 mühafizə kamerası quraşdırılıb. Mühafizə kameralarının görüntüləri mühafizə olunan otaqda yerləşən video qurğusunun yaddaşına yazılır.

Sektor müdiri deyir ki, cavab kartlarının oxunmasını isə dörd ədəd oxuyucu maşın həyata keçirir. Bir maşın saatda 10 min blankı oxuya bilir. Hər bir cavab kartı iki dəfə müxtəlif oxuyucudan keçır. Oxuma faylları müqayisə edilir və oxuma fərqi yarann cavab kartları üçüncü dəfə xüsusi rejimdə skanerdən keçirilir. Məqsəd cavabların cavab kartında olduğu kimi, xətasız oxunub kompyuterin yaddaşına yazmaqdan ibarətdir. İlqar müəllim qeyd edir ki, istifadə edilən avadanlıq və texnologiya buna tam təminat verir.

İmtahan iştirakçılarının cavabları əsasında onların balları hesablanır. Qeyd etməliyik ki, texniki səhvlərin qarşısını almaq məqsədilə bu proses zamanı ballar bir neçə əməkdaş tərəfindən tərtib edilmiş proqramlar vasitəsilə paralel olaraq hesablanır və nəticələr müqayisə edilir.

Burada istifadə edilən digər skanerlər isə cavab kartlarının elektron təsvirini, və ya fotoşəklini almaga imkan verir. Qeyd edək ki, müvafiq proqramı şöbənin əməkdaşı İlqar Mahmudov hazırlayıb.

İlqar Mahmudov deyir ki, TQDK artıq iki ildir ki, abituriyentlərin cavab kartalarının şəkillərini internetdə onların şəxsi səhifələrində yerləşdirir. Bununla da, abituriyentlər və onların valideynləri imtahanda qeyd edilmiş cavabları balların hesablanmasında istifadə edilən cavablarla müqayisə edə bilirlər. İlqar müəllim məlumat verir ki, skanerlərin sürəti imkan verir ki, imtahan nəticələri elan edilənədək cavab kartlarının şəkilləri çəkilsin.

 

Məlumatların mühafizəsini təmin etmək məqsədi ilə emal başlanandan nəticələr ictimaiyyətə elan olunana qədər iş zallarına giriş- çıxış məhdudlaşdırılır, hər hansı bir informasiya daşıyıcısının bu otağa gətirilməsi və çıxarılması qadağan edilir. Burada emal zamanı hətta simsiz rabitə vasitələri ilə məlumat mübadiləsinin qarşısını almaq məqsədilə xüsusi avadanlıqlar quraşdırılır.

Yoxlama- ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin müdiri Çingiz Rüstəmovla görüşürük. Öyrənirik ki, 1994- cü ildən başlayaraq TQDK nəzdində fənlər üzrə elmi- metodiki seminarlar fəaliyyət göstərir. Seminarlarda qəbul imtahanı proqramları, test tapşırıqlarına qoyulan tələblər müzakirə olunur, tövsiyyələr hazırlanır. Bu fəaliyyətin nəticəsi kimi kompyuter faylları şəklində toplanmış test bankının idarə olunması, test tapşırıqlarının texniki tapşırığa uyğun olaraq bankdan təsadüfi qaydada seçilməsi, imtahan test kitabçalarının avtomatik formalaşdırılması məsələsi gündəmə gəlmişdir. Və, artıq 20 ilə yaxındır ki, şöbədə tərtib edilmiş müvafiq proqram təminatı istifadədədir.

Test suallarının hazırlanması və yoxlanılması məsələsinə gəlincə isə, Çingiz müəllim qeyd edir ki, testlər müxtəlif fənlər üzrə ekspertlərlə sıx əməkdaşlıq şəraitində hazırlanır.

İmtahandan əvvəl test kitabçalarının tərtib edilməsi qapalı şəraitdə ("bunker" rejimində) həyata keçirilir. Hər bir imtahan üçün xüsusi olaraq aparılmış statistik araşdırmaların nəticələrinə əsaslanalaq hazırlanmış texniki tapşırığa uyğun olaraq proqram test suallarını bankdan seçir və mətbəəyə təhvil vermək üçün test kitabçası şəklində formalaşdırır. Qeyd edək ki, texniki tapşırıqda təsadüfi ədədlər, sualların çətinlik dərəcələri, istifadə olunacaq mövsular və digər tələblər öz əksini tapır. Seçilmiş test tapşırıqları ekspertlər tərəfindən bir daha yoxlanıldıqdan sonra kitabçalar çoxaldılmaq üçün mətbəəyə təhvil verilir.

Bu il TQDK tərəfindən daha bir yenilik edilib. Məlumat üçün bildirək ki, əvvələr imtahan verənlər onlara paylanan test kitabçalarının üzərinə ad, soyad və digər fərdi məlumatlarını özləri yazırdı. Amma indi bu məlumatlar test kitabçalarının üz qabığına əvvəlcədən mətbəədə çap edilir və abituriyentə imtahan zamanı bu şəkildə təqdim edilir.

Bu barədə Texnoloji nəzarət və informasiya təhlükəsizliyi sektorunun müdiri Tural Mustafayev daha ətraflı məlumat verir. O bildirir ki, yeni çap xətti kitabçaların fərdiləşdirilməsi və təhlüksəzliyinin təmin edilməsi üçün yaradılmışdır. Çap xətti tamamilə avtomatlaşdırılmışdır. O, elə qurulmuşdur ki, kitabçalar kompyuter proqramları vasitəsilə insan müdaxiləsi olmadan çap edilir, çapdan sonra kitabçada bütün səhifələrin olub- olmamasını yoxlamaq üçün hər bir kitabçanın səhifələrinə çap edilmiş barkodlar skan edilir, hər bir imtahan zalına göndəriləcək kitabçalar plastik zərfə yerləşdirilir və zərf bağlanır. Zərflər imtahan binasına göndərilmək üçün binaya aid plastik qutuya yerləşdirildikdən sonra qutu möhürlənir.

Tural müəllim deyir ki, bu çap xəttinin istifadəyə verilməsi gələcəkdə kitabçaların variantlarının sayının istənilən qədər artırılmasına və nəticədə, köçürmə hallarının sayının sıfıra endirilməsinə imkan verəcək.

Öyrənirik ki, bu xətt Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi əsasında Hollandiya, Fransa, İngiltərə və ABŞ şirkətləri tərəfindən layihələndirərək istehsal edilib.

Növbəti müsahibimiz Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaginovdur. Oleq müəllimin rəhbərlik etdiyi şöbənin əsas funksiyası imtahan nəticələrinin statistik araşdırılması, test tapşırıqlarına imtahan iştirakçıları tərəfindən verilmiş cavabların strukturunun analizi və nəticədə müvafiq təkliflərin verilməsindən ibarətdir.

Qeyd etmək istərdik ki, adı çəkilən şöbə vətəndaşlar, təhsil müəssisələri və təhsili idarə edən qurumlar üçün mühüm əhəmiyyət kəsb edən internet saytını yaradıb müşaiyət edir. “Mənim məktəbim” layihəsi çərçivəsində yaradılan informasiya sitemində ölkəmizin ümumtəhsil məktəbləri məzunlarının 1995- ci ildən başlayaraq indiyə kimi həm hər bir qəbul kampaniyası ilinə aid olan nəticələri (fənn göstəriciləri, qəbulolma göstəriciləri, qabaqçıl məzunların siyahısı), həm də bütövlükdə ötən dövr ərzində qəbul kampaniyalarındakı nəticələrinin dinamikası təhlil edilir.

Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov sektorun fəaliyyəti barədə ətraflı məlumat verir.

Sektor əsasən araşdırma və yoxlama xarakterli işlər istiqaməti üzrə fəaliyyət göstərir. TQDK- ya daxil olan sorğu məktublarını rəsmi cavablandırır, həmçinin dövlət qurumları üçün zəruri olan bəzi hesabatlar hazırlayır.

 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010- cu il tarixli Fərmanına əsasən TQDK- da yaradılmış “Tələbə- məzun” dövlət elektron məlumat sistemi" (TMDEMS) 2012- ci ildə istifadəyə verilib. Ali və orta ixtisas təhsili müəssisələrinin bu sistemə qoşulması məcburidir. Eyni zamanda, 14 dövlət orqanı və nazirlik də sistemə qoşulub. Məlumat bazalarının aktuallaşdırılması TQDK və ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.

Sahib Mərdanov məlumat verir ki, vətəndaşlarımıza effektiv xidmət etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın sistemləri TMDEMS- ə inteqrasiya edilmişdir. Misal üçün, magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavlrarın məlumatları sistemdə əksini tapdığı halda onlar elektron ərizələrini özləri tasdiq edir. Digər tərəfdən, vətəndaşlara verilmiş təhsil sənədlərinin dövlət nümunəli olub- olmaması sistem vasitəsilə yoxlanılır. Sistemdə 2012- ci ilin buraxılış kontingentindən başlayaraq bu günə qədər məzun adını qazanmış bütün şəxslərin diplomlarına dair və digər zəruri məlumatları toplanmışdır. Hətta bəzi təhsil müəssisələri 2012- ci ildən əvvəlki buraxılış kontingentinin məlumatlarını da tam şəkildə sistemə daxil etmişlər. Ümumiyyətlə, sistemdə 1992- ci ildən bu günə kimi TQDK- nın əmri ilə qəbul olmuş, ölkə təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən köçürülmüş, əlavə təhsil almaq üçün təhsil müəssisələri tərəfindən qəbul edilmiş bir milyona yaxın şəxsin məlumatı toplanmışdır.

Məlumat verilir ki, artıq Azərbaycan Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası da öz infromasiya sistemlərini “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə inteqrasiya edib. Bu quruma müraciət edən vətəndaşların təhsil haqqında məlumatları “Tələbə- məzun” dövlət elektron məlumat sistemindən əldə edilir.

Sahib Mərdanov deyir ki, TQDK bir sıra dövlət orqanlarına işə qəbulla bağlı imtahanları da həyata keçirir. Bu zaman imtahanda iştirak etmək üçün sənəd vermiş namizədlərin bütün məlumatları Sistem vasitəsi ilə yoxlanılır. Təhsil haqqında sənədləri etibarsız və ya problemli olan şəxslər haqqında xüsusi araşdırılma aparılması üçün müvafiq dövlət qurumlarına müraciətlər edilir.

TQDK Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hesablama Mərkəzi ilə birlikdə Elektron Hökumət portalı üzərindən vətəndaşlarımız üçün yeni bir xidmət növü də yaratmışdır. Belə ki, vətəndaşlar portala daxil olaraq aldıqları təhsillə bağlı məlumatların qısa çıxarışını “Tələbə- məzun” sistemindən əldə edə bilərlər. 2015- ci ilin aprel ayında istifadəyə verilən bu xidmət növü, tələbələrin qəbul və sonrakı dinamik dəyişən digər məlumatlarını (xaric olma, ixtisas dəyişmə, diplom məlumatları və s.) özündə əks etdirir.

Sahib Mərdanov bildirir ki, yaxın vaxtlarda elektron Hökumət Portalından özü haqda məlumat almaq istəyən şəxs “Əks əlaqə” düyməsi ilə birbaşa təhsil aldığı müəssisəyə müraciət ünvanlaya biləcək. Bu zaman, onların müraciətlərini və verilən cavabları TQDK da sistem vasitəsilə izləyə biləcək.

“Tələbə- məzun” dövlət elektron məlumat sistemi"nin əsasnaməsinə görə təhsil müəssisələri tərəfindən Sistemə daxil edilməsi tələb olunan məlumatlar müvafiq əmrin verildiyi tarixdən etibarən 10 gün ərzində Sistemə daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348- 4- cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə- vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilirlər.

Sistemin təhlükəsizliyinə gəlincə isə TQDK rəsmisindən öyrənirik ki, sistemə dörd səviyyəli giriş müəyyənləşib. Hər bir istifadəçi ona verilmiş səlahiyyət çərçivəsində Sistemdən istifadə edir.

Sistemdə axtarış isə identifikasiya kodu və pin koda, şəxsi məlumatlara və s. görə aparıla bilər. Qeyd edim ki, biz elə yerindəcə özümüz haqda məlumatı alaraq sistemi test etdik. Lazımi məlumatları daxil etdik və bizim haqqımızda bütün məlumatlar sistemdə göründü.

 

Sahib müəllim onu da qeyd edir ki, TQDK- da hazırda yeni bir elektron sistemin yaradılması ilə bağlı işlər görülür. Vəziyyət belədir: şəhər və rayon təhsil şöbələri bu vaxtadək TQDK- ya öz sorğu məktublarını yazılı şəkildə ünvanlayırlar. Bu da həm vaxt, həm də maliyyə itkisinə səbəb olur. Yaradılması nəzərdə tutulan sistem şəhər və rayon təhsil şöbələrinin TQDK- ya öz müraciətlərini elektron şəkildə ünvanlamasına imkan verəcək. Daxil olan məktublar və sorğular araşdırıldıqdan sonra onlara TQDK tərəfindən elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında cavab veriləcək. Yeni sistemin 2015- ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Yuxarıda qeyd edildiyi kimi, TQDK- da “Şagird- Məzun” sistemi də fəaliyyət göstərir.

Bu barədə Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun müdiri Vüqar Əkbərov məlumat verir. O bildirir ki, sektorun əsas fəaliyyət istiqamətlərindən biri ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdlərinin buraxılış imtahanları ilə əlaqədar proseslərin idarə edilməsi və bu proseslərə nəzarətdən ibarətdir. Bu proseslərdə qarşıya çıxan mürəkkəb məsələlərin operativ həll edilməsi yalnız müasir informasiya texnologiyalarının tətbiqi sayəsində mümkündür. “Şagird- Məzun” informasiya sisteminin yaradılması məhz bu zərurətdən irəli gəlib.

Vüqar müəllim qeyd edir ki, “Şagird- Məzun” sistemi 2012– ci ildən fəaliyyət göstərir. Sistemin məlumat bazasında şəhər (rayon) təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri, ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatlar əksini tapmışdır. Öyrənirik ki, şagirdlərin əvvəlki və cari ildəki illik qiymətləri və buraxılış imtahanı nəticələri sistemə daxil edilir. Bu qiymətlər əsasında buraxılış sinif şagirdlərinin yekun qiymətləri hesablanır. Hesablama belə aparılır: şagirdin hər hansı fənn üzrə əvvəlki və cari ildəki illik qiymətləri və imtahan qiyməti toplanıb qiymətlərin sayına bölünür. Hesablanmış yekun qiymətlər əsasında dövlət nümunəli təhsil sənədinə yekun qiymətlər yazılır.

Vüqar müəllim bildirir ki, şagird məlumatları “Şagird- Məzun” sisteminə yalnız şəxsiyyət vəsiqəsi və əcnəbilər üçün Dövlət Miqrasiya Xidmətinin qeydiyyat vərəqəsi əsasında daxil edilir. Cari tədris ilində sistemə 8- 11- ci sinif şagirdləri haqqında məlumatlar daxil edilmişdir. Növbəti illərdə isə 5- 7- ci sinif şagirdləri haqqında məlumatların da sistemə daxil edilməsi nəzərdə tutulur.

Öyərənirik ki, şagirdlərin dövlət nümunəli təhsil sənədlərinin nömrəsi və verilmə tarixi də sistemə daxil edilir və bu da saxta sənədlərdən istifadənin qarşısını alır.

2014- cü ildən “Şagird- Məzun” sisteminin yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilmişdir. Sistemin hal- hazırda 5000- dək istifadəçisi vardır. Bildirilir ki, hər bir şagird də internet üzərindən sistemdəki məlumatlarına baxa bilər və məlumatlarında hər- hansı düzəlişə ehtiyac duyularsa, TQDK- ya elektron məktub göndərə bilər.

Vüqar müəllim qeyd edir ki, gələcəkdə “Şagird- Məzun” və “Tələbə- Məzun” sistemlərinin məlumat bazalarının inteqrasiya edilməsi nəzərə tutulur. Bu layihə nəticəsində vətəndaşlar internet üzərindən vahid interfeysdə özlərinin orta və ali təhsil haqqında məlumatlarını əldə edəcəklər.

Müşahidələrimiz göstərir ki, TQDK- nın Facebook səhifəsi də çox aktivdir. Bu barədə isə TQDK- nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə söhbət edirik. Elnur Nağızadə deyir ki, TQDK ictimaiyyətlə əlaqələrin qurulmasında səmərli vasitələrdən biri kimi Facebookdan da istifadə edir. Bunun üçün qurumun 2012- ci ildən Facebook səhifəsi yaradılıb. Bununla TQDK vətandaşlarla daha operativ əlaqə saxlayır. Məlumat verilir ki, TQDK- nın Facebook səhifəsinin 110 minə qədər istifadəçisi var.

Öyrənirik ki, Facebook səhifəsinin idarə olunması ilə üç nəfər məşğul olur. Bu işdə də Elnur Nağızadə də iştirak edir. Qurum rəsmisi həmçinin TQDK- nın rəsmi saytının idarəçiliyinə nəzarət edir.

Elnur Nağızadə deyir ki, səhifəyə gələn müraciətlər (mesaj, şərh və s.) səhər 9:00- dan gecə 12:00- a qədər cavablandırılır. Qurumla bağlı bütün yeni məlumatlar operativ şəkildə Komissiyanın rəsmi saytı və Facebook vasitəsi ilə ictimaiyyətə çatdırılır. Qəbul kompaniyası vaxtı səhifədən gündəlik 400- ə qədər mesaj cavablandırılır.

TQDK tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçilərinin bazasının formalaşdırılması işində “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Bu sistem 2014- cü il noyabr ayında istismara verilib. Bu barədə isə Təşkilati- metodik təminat və təlimlər sektorunun müdiri Adığözəl Həbibov məlumat verir. O qeyd edir ki, sektor birbaşa zal nəzarətçiləri və imtahan rəhbərlərinin hazırlanmasını və təlimatlandırılması işini həyata keçirir. Son iki ildə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır. İndi hər bir məktəb nəzarətçilər barədə məlumatları yazılı şəkildə yox, bu məlumatları sistemə yerləşdirməklə təqdim edir.

Adıgözəl müəllim bildirir ki, imtahan rəhbərləri Elmlər Akademiyası, təhsil müəssisələri və digər təşkilatların əməkdaşlarının sırasından cəlb olunur. İmtahanlara qədər onlarla təlimlər keçilir. Nəzarətçilərlə əmək müqaviləsi və əməyin ödənilməsi üçün tələb olunan məlumatlar da sistem vasitəsilə toplanılır.

Onu da öyrənirik ki, TQDK imtahan prosesinin idarə olunmasına imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin təlimatda əksini tapmış müddəalar üzrə bilik səviyyələrinin yoxlanılması, peşəkarlığın artırılması məqsədilə onlayn rejimdə test yoxlamalarını keçirir. TQDK- nın rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunur.

İmtahanda TQDK- nın müvafiq bazasına daxil edilmiş 950 nəfərə yaxın imtahan rəhbəri, 14440 nəfər zal nəzarətçisi iştirak etməlidir.

Hər il qəbul imtahanlarına ən azı 2000- 2500, buraxılış imtahanlarına isə 10 mindən çox nəzarətçi cəlb olunur. TQDK- nın bazasında 25 minə yaxın nəzarətçi barədə məlumat mövcuddur.

 Beləliklə, görüşümüz başa çatdı.

Müşahidələrimiz bizə təhlil etməyə imkan verdi ki, TQDK öz fəaliyyətini yetərincə elektronlaşdırıb. Özüdə bu yalnız əməkdaşların rahatlığı və qurumdaxili idarəetmənin effektivliyinin təmin edilməsi üçün deyil, əsasən, vətəndaşların rahatlığı üçün edilib.

 Əmin olduq ki, qurumun təqdim etdiyi elektron xidmətlər, xüsusən də bu xidmətlərin əldə edilməsi üçün tətbiq etdiyi texnologiyalar və metodlar ölkədə elektron hökumət quruculuğunun, infromasiya cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Və bu texnologiyalar  abituriyentlərin işini olduqca asanlaşdırıb.  Yuxarda qeyd edildiyi kimi, artıq abituriyentlərin saatlarca hansısa sənədi üçün sırada gözləməyinə  ehtiyac yoxdur.

 P.S. Aprel ayında Elektron Hökümət Portalına inteqrasiya edilmiş elektron xidmətlərdən cəmi 1554540 dəfə istidadə edilib.  İstifadələrin 1016575- i Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının göstərdiyi xidmətlərin payına düşür (Bax: https://www.e- gov.az/home/getfile/834, Elektron Hökumət Portalı No. 29, səh. 14).

Qısaca olaraq  TQDK tərəfindən Bakı ərazilərində və regionlarda keçirilmiş buraxılış imtahanlarının nəticələrinə nəzər salaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində Respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.  Eyni gündə saat 10:00-da buraxılış sinfinin IX, saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.

Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib. 

Respublikanın bütün orta ümumtəhsil müəssisələrində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik məlumatlar şəhər və rayonlar üzrə aşağıda təqdim olunur. Həmçinin buraxılış imtahan fənnləri ilə bağlı imtahan göstəriciləri də aşağdakı linklərdə göstərilib.

http://tqdk.gov.az/news/school-leaving/1377/

http://tqdk.gov.az/documents/PDF/bur_imt_regs2.pdf

Qeyd edək ki, bu məqalə Xeberler.az İKT portalında  yayımlanıb. Məqalənin şəkillərini  isə aşağdakı linklərdə yerləşdirilib.

(http://xeberler.az/new/details/--10215.htm)

(http://xeberler.az/new/details/--10265.htm)

 

Məltəm Talıbzadə
Xeberler.az