KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
09.07.2015

Bakı. Könül Kamilqızı – APA. Artıq 23 ildir ki, Azərbaycanda keçirilən qəbul imtahanları ilə yalnız “Bilik qiymətləndirilir” devizini təsdiq edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul kampaniyasını da başa çatdırmaq üzrədir.

Təbii ki, hər il olduğu kimi, “2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası da bir çox yenilikləri ilə yadda qalıb.

Son 6 ildə ali məktəblərə sənəd verən abituriyentlərin sayı azalıb

Öncə qeyd edək ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Belə ki, 2008-2014-cü illər ərzində bu azalma 16.44%-ə bərabər olub. 2003-cü ildən 2008-ci ilədək abituriyentlərin ümumi sayı 66.27% artıb. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.10%), rus bölməsində isə qızlar (54.48%) sayca üstünlük təşkil edib. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub.

Bu il ali məktəblərə qəbul üçün 40 minə yaxın yer ayrılıb 

Bu ilki qəbul planına gəlincə, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb. Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.

Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.

Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb, magistraturaya qəbul planı əvvəlki tədris ilinə nisbətən 167 yer artırılaraq 6 492 yer (onlardan 2 522 dövlət sifarişli) nəzərdə tutulub. Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15 061 yer müəyyən olunub.

Azərbaycanda yeni V qrup yaradıldı

Bu il tələbə qəbulu zamanı həyata keçirilən ən mühüm yeniliklərdən biri I-IV qruplardan əlavə V qrupun yaradılması oldu. 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, komissiyanın kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılıb. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

Bundan əlavə, yeni dəyişikliklərə əsasən əvvəllər IV ixtisas qrupuna daxil olan torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və meşəçilik ixtisasları I ixtisas qrupuna aid edilmişlər, əvvəllər I ixtisas qrupuna daxil olan geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı və nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları II ixtisas qrupuna aid ediliblər.

XI sinfi bu il bitirən məzunlar III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və kolleclərə buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul olacaqlar

Daha bir yeniliyə əsasən, bu ildən ali məktəblərə qəbul ilə bağlı qaydalar liberallaşdırılıb. Keçən ildən başlayaraq 9 illik bazadan texnikumlara buraxılış imtahanı nəticəsində abituriyentlərin qəbul aparılırdı. Qəbul imtahanları üzrə tətbiq olunacaq yeniliklərə gəlincə, ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2015-ci ildən etibarən XI sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Bu il ərizə qəbulunun statistikası göstərir ki, bu yenilik minlərlə gənc tərəfindən müsbət qarşılanıb. Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə 87932 nəfər abituriyent sənəd verib. Onlardan 54 475-i bu ilin, 33457 nəfər əvvəlki illərin məzunlarıdır. TQDK sədrinin sözlərinə görə, imtahanlarda iştirak edəcək qızların və oğlanların sayı da fərqlidir. Ali məktəblərə sənəd verənlərin 38 810 qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir. 

Ali məktəblərə sənəd verən 17802 nəfər abituriyent I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib. Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib. Onlardan 4894 nəfəri cari ilin, 5552 nəfəri əvvəlki illərin məzunudur.

Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786 abituriyent isə əvvəlki illərin məzunudur.

Bu ildən I qrupun bəzi ixtisaslarına qəbul zamanı minimal keçid balı tətbiq edilib

Cari qəbul zamanı həyata keçirilən yeniliklərdən biri də I ixtisas qrupunun bəzi ixtisaslarında müsabiqədən keçmək üçün əvvəldən müəyyən bal məhdudiyyətinin tətbiq edilməsi oldu. Belə ki, TQDK Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bunlara Geologiya-300 bal, Kompyuter elmləri-300 bal, Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal, İnşaat mühəndisliyi-250 bal və Nəqliyyat tikintisi mühəndisliyi-250 bal daxildir. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaq.

Qeyd edək ki, ümumilikdə müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra - iyul ayında TQDK tərəfindən müəyyən olunur.

Bu ildən buraxılış imtahanlarında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılıb

Cari tədris ilində ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılıb. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan veriblər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan veriblər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunub.

Qəbul imtahanlarında test tapşırıqlarının sayı azaldılıb

Bu ildən qəbul imtahanlarında test tapşırıqlarının sayı ilə bağlı da dəyişikliklər edilib. 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi həyata keçirilib. Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi gözlənilir. Belə ki, I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, II qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunub. İmtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək.

TQDK sədri: “Azərbaycanda 2-3 ildən sonra yeni növ imtahanlara keçmək mümkün olacaq

Bu ildən etibarən Azərbaycanda keçirilən imtahanlarda texnoloji yeniliklər tətbiq edib. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, bu ildən başlayaraq bütün sual kitabçaları unikal olacaq. Hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: “Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça  edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək”.

TQDK sədri qeyd edib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: “Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Bu ilki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər  görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il  əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

Abituriyentlərə səyyar Sənəd Qəbulu Komissiyaları xidmət göstərib

Bu il TQDK abituriyentlərin rahatlığını təmin etmək üçün yeni işləri də həyata keçirib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək, onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradılıb. Komissiyanın respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin - Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-ları fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biliblər. Səyyar sənəd qəbulu komissiyaları ümumilikdə mayın 5-dən 18-dək fəaliyyət göstərib.

Bu il V siniflər üzrə monitorinq imtahanları aparılmadı

Bu il Azərbaycanın məktəblərində keçirilən monitorinq imtahanları ilə bağlı da müəyyən dəyişiklər edilib. Belə ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycandakı məktəblərdə şagirdlər arasında monitorinq imtahanları VI və VII siniflər üzrə aparılıb. Dəyişikliyə əsasən, bu il monitorinq imtahanları V siniflər üzrə aparılmayıb. İyun ayında Bakıda keçiriləcək Avropa oyunları ilə əlaqədar may ayında vaxt məhdud olduğundan may ayında əlavə kütləvi tədbirin keçirilməsinə imkan olmayıb. Bu il monitorinq imtahanları yalnız VI və VII siniflər üzrə keçiriləcək. Gələn il isə monitorinq imtahanları V siniflərdə də və Azərbaycan dili, Riyaziyyat fənni ilə yanaşı başqa fənlər üzrə də təşkil olunacaq. Bu imtahanlar şagirdlərin nəticələrinə təsir göstərmir.

Bakı 2015 Avropa Oyunları ilə əlaqədar bəzi imtahanların keçirilmə qrafikində müəyyən dəyişiklik edilsə də bunlar qəbul kampaniyasının gedişatına heç bir maneə törətməyib

Bu il Bakıda keçirilən Bakı 2015 Avropa Oyunları ilə əlaqədar bəzi imtahanların keçirilmə qrafikində müəyyən dəyişiklik edilib. Bakıda keçirilən buraxılış imtahanlarının və digər imtahanların vaxtı dəyişilsə də bütün bunlar qəbul kampaniyasının gedişatına heç bir maneə törətməyib.

I ixtisas qrupu üzrə əvvəlki illərin məzunlarının böyük əksəriyyəti 0-200 bal arası nəticə göstərib

Artıq kütləviliyinə əsasən seçilən əvvəlki illərin məzunu olan abituriyentlərin qəbul imtahanı başa çatıb və nəticələr bəllidir. Mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV ixtisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. Bu imtahanlarda ümumilikdə 29004 abituriyent iştirak edib.

Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar. I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak edib, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır. II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub. III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır. IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak edib, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıblar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Buraxılış imtahanlarının statistik göstəriciləri maraqlı rəqəmləri üzə çıxarıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilimiş qaydada buraxılış imtahanları keçirib. Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib.

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib. 9-cu sinif şagirdlərinin  24.09 %-i “Ana dili”ndən “2”,  26.85 %-i “Riyaziyyat”dan “2”, 44.25  %-i “Ana dili”ndən “3”, 39.72 %-i “Riyaziyyat”dan “3”,  19.67 %-i “Ana dili”ndən “4”,  20.30 %-i “Riyaziyyat”dan “4”, 11.99 “Ana dili”ndən “5”, 13.14 %-i isə “Riyaziyyat”dan “5” alıblar.

11-ci sinif sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. 11-ci sinif şagirdlərinin 19.87 %-i “Ana dili”ndən “2”, 21.53 %-i “Riyaziyyat”dan “2”, 18.71 %-i “Xarici dil”dən “2”, 19.57  %-i “Kimya”dan 2 alıblar. Şagirdlərin  37.35 %-i “Ana dili”ndən “3”,  32.61 %- “Riyaziyyat”dan “3”, 43.12 %- “Xarici dil”dən “3”, 58.71 %-i “Kimya”dan “3”lə qiymətləndiriliblər. Şagirdlərin 25.85 %-i “Ana dili”ndən “4”, 28.68 %-i “Riyaziyyat”dan “4”, 21.37 %-i “Xarici dil”dən “4”, 15.59 %-i “Kimya”dan “4” alıblar. Şagirdlərin 16.93 %-i “Ana dili”ndən “5”, 17.18 %-i “Riyaziyyat”dan “5”, 16.80 %-i “Xarici dil”dən “5”, 6.13 %-i isə “Kimya”dan “5” alıblar. 

Azərbaycanda 27 nəfərin saxta diplom aldığı aşkarlanıb

TQDK qanunsuz köçürmə hallarının və qanunsuz tələbə qəbulunun qarşısını alması istiqamətində də işlər həyata keçirib. Belə ki, “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 460 557 şəxs haqqında məlumat daxil olub. Bu illər ərzində onlardan 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir.

Bu hallar onlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdə aşkar olunub. Yalnız  2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib. Onlardan 1500-nün TQDK tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDKtərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.

Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur

Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdikləri öyrənilir. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin - 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır. Ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir. Orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər. Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edir. Oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edilər. 

TQDK bu ildən beynəlxalq imtahan keçirir

Qəbul kampaniyası dövründə həyata keçirilən yeniliklərdən biri Azərbaycanda yeni növ imtahanların keçirilməsi olub. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvar ayından etibarən Azərbaycanda ilk dəfə olaraq Akademik Qiymətləndirmə Test (SAT - Scholastic Aptitude Test) imtahanı keçirib. Bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. TQDK SAT imtahanı keçirmək səlahiyyətini 2014-cü ildə əldə edib.

Komissiya UNESCO və Brukinqs İnstitutu tərəfindən aparıcı tərəfdaş seçilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti qəbul kampaniyası dövründə beynəlxalq əməkdaşlıq sahəsində də mühüm yeniliklərə imza atıb. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) UNESCO-nun Statistika İnstitutu və ABŞ-ın Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib. TQDK Təhsil Göstəriciləri üzrə Hədəf Qrupuna postsovet məkanında aparıcı qiymətləndirmə qurumu kimi qəbul olunub.Bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq. Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanmasın və digər məsələlərin TQDK tərəfindən icra olunması daxildir.

Qeyd edək ki, UNESCO">UNESCO-nun Statistika institutu və Brukinq institutunun Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force - LMTF) 2013-cü ildən fəaliyyət göstərir. LMTF-in üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm olaraq təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.

UNESCO: Azərbaycan qəbul imtahanları ilə bağlı MDB-nin qaranlıq fonunda yeganə istisnadır

Bundan əlavə UNESCO-nun hesabatında qeyd olunub ki, Azərbaycan qəbul imtahanları ilə bağlı MDB-nin qaranlıq fonunda yeganə istisnadır. Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb.

Bir neçə il əvvəl UNESCO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunmuşdur. Hesabat təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlilindən sonra hazırlanıb.

Hesabatda qeyd olunub ki, korrupsiya bütün dünyanın təhsil sistemlərinə ciddi zərər vurur. Ali məktəblərə qəbul zamanı qeyri-qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənilməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılmışdır. Sadəcə olaraq, daha yoxsul ölkələrdə sui-istifadə halları xeyli kəskin xarakter daşıyır. Müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür. UNESCO ekspertləri Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər. Onlar qeyd edirlər ki, bu ölkədə “informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb”.

“Qonşu Ermənistan”la müqayisədə Azərbaycanda abituriyentlərin sayı 10 dəfələrlə çoxdur

TQDK sədri keçirdiyi mətbuat konfranslarından birində Azərbaycanla qonşu ölkələrdəki məzunların sayını müqayisə edib. O bildirib ki, bu il Ermənistanda 11 min nəfər abituriyent olacaq: “Orada qəbul və buraxılış imtahanları birgə keçirilir. Bu abituriyentlərin imtahan verməsi üçün 34 imtahan mərkəzi yaradılıb. Azərbaycanda isə buraxılış və qəbul imtahanları ayrı keçirilir. Yalnız buraxılış imtahanında 200 minə yaxın abituriyent iştirak edəcək. I-IV qruplar üzrə qəbul imtahanında iştirak etmək üçün 80 min, V qrup üzrə isə 30 min sənəd verilib. Bu rəqəmlər yalnız Ermənistanla bağlı deyil, ayrı-ayrı ölkələr üzrə də statistik məlumatlar var. Belə ki, Qazaxıstan 17 milyon əhaliyə XI sinif məzunlarının sayı 124 339 nəfərdir. Qırğızıstanda 5 milyon 700 nəfər əhaliyə 16 500 XI sinif məzunu, Belarusda 9 milyon 400 min əhaliyə 58 min XI sinif məzunu, Bolqarıstanda isə 8 milyon əhaliyə 35 min məzun var”.

 

TQDK-nın qəbul kampaniyası ilə bağlı həyata keçirdiyi yeniliklər bunlarla yekunlaşmır və gələcəkdə də davam etdiriləcək

Növbəti ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanların nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim edilməsi, bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsil alanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanların nəticələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Bundan əlavə, iyunun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Kollegiyasının növbəti iclası keçirilib. İclasda 2014-2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.

Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.

İclasda buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub. İclasda “Abituriyent” jurnalı tərəfindən dərc olunacaq və yayılacaq müxtəlif materiallar, o cümlədən elmi-metodiki vasitələr də müzakirə olunub və nəşrə tövsiyə edilib.