AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
21.12.2015

İstənilən qurum üçün vətəndaşların etimadını qazanmaq vacib şərtlərdən biridir. Əgər söhbət dövlət qurumundan gedirsə, deməli, bu, ikiqat vacibdir. Birincisi, həmin qurumda çalışanların aldığı əməkhaqqı məhz vətəndaşların dövlət büdcəsinə ödədiyi vergidən formalaşır. İkincisi, bu təşkilat birbaşa vətəndaşlarla işləyir və onların etimadının qazanılması qarşılıqlı etimad və anlaşma mühitinin yaranması üçün əvəzolunmazdır. Elə isə birbaşa keçək mətləbə...

Azərbaycanda hər yüz nəfərdən 23-ü bu sayta daxil olur

Bu yaxınlarda açıqlanan statistikaya görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytı vətəndaşların ən çox daxil olduğu saytdır. Təbii ki, söhbət dövlət qurumlarının saytlarından gedir. Açıqlanan rəqəmlər göstərir ki, son bir il ərzində TQDK-nin rəsmi saytına (TQDK.Gov.az) iki milyondan artıq ziyarətçi daxil olub. Ölkə əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu, yetərincə yüksək göstərici sayılır. Sadə dillə desək, əhalinin hər yüz nəfərdən təxminən 23-ü bir il ərzində TQDK.Gov.Az-a daxil olub. Subyektiv səslənsə də, açıqlanan rəqəmlər TDQK-nın əvvəldə vurğulandığı kimi vətəndaşların etimadını qazanmasının göstəricisi hesab olunmalıdır. Sadə olsa da, fikrimizi çox adi bir misalla əsaslandıraq. Əgər illər öncə ali məktəbə qəbul imtahanında uğur qazana bilməyən abituriyent uğursuzluğunu  "imtahandan kəsdilər” arqumenti ilə əsaslandırırdısa, indi bu kimi şübhələr yoxdur. Abituriyent imtahandan keçə bilmirsə, başa düşür ki, heç kim ona qarşı haqsızlıq etməyib və hazırlıq səviyyəsi tələbə olmağa imkan verəcəyi halda, heç bir qərəzdən, ədalətsizlikən söhbət gedə bilməz. 

Abituriyent sayı azalır

Xatırlayırsınızsa, illər öncə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı həddən artıq çox idi. Kimi bəxtinə, kimi digər imkanlarına güvənib sənəd verirdi və bəzən də bu kimi "ümid yerləri” abituriyentlərin karına gəlirdi. Ancaq son illər tələbə olmaq istəyən şəxs başa düşür ki, bu adı qazanmasının yalnız bir yolu var-oxumaq. Fikrimizi bir statistik rəqəmlə əsaslandıraq. Rəsmi statistikaya görə 2009-cu ildən bu yana ali məktəbə sənəd verənlərin sayında azalma müşahidə olunub.  Əgər 2008-2014-cü illər ərzində bu azalma 16.44%-ə bərabər olubsa, 2003-cü 2008-ci illərdə sənəd verənlərin ümumi sayı 66.27% artıb. 

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, cari ildə ali təhsil müəssisələrinə qəbul üçün 39 mindən artıq yer ayrılıb. 

 Yeniliklər...

 Xatırlayırsınızsa, bir neçə il öncəyə qədər beş ixtisas qrupu var idi və sonradan bu qrupların sayı dördə endirildi. Ancaq TQDK kollegiyasının bu ilin yanvarında qəbul etdiyi qərara əsasən V qrup da yaradılıb. TQDK-nın tətbiq etdiyi yeniliklərdən biri də qəbul imtahanlarında test tapşırıqlarının sayının azaldılmasıdır. Digər bir yenilik isə TQDK sədri Məleykə Abbaszadənin də vurğuladığı kimi sual kitabçaları ilə bağlıdır. Belə ki, hər sual kitabçasının üzərində imtahan verənin adı və soyadı qeyd olunacaq. Sitat:

 "Hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Bu ilki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça  edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək. Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Bu ilki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il  əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

Daha nə istəyirsən?!

İmtahan öncəsi hər bir abituriyent bütün diqqətini məhz imtahanlara yönəltmək istəyir. Amma bəzən sənə qəbulunun özü imtahan vermək qədər müşkülə çevrilir. TQDK bu ildən abituriyentlər üçün daha bir yenilik edib. Belə ki,qurum ümumi orta təhsil bazasında ( 9 illik təhsil nəzərdə tutulur-red) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək, onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradılıb. Artıq bundan sonra komissiyanın respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin - Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan əhatə etdiyi rayonların hər birində (bir gün olmaqla) səyyar SQK-lar fəaliyyət göstərəcək. Beləliklə də, abituriyentlər ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biliblər.  

Ana dilini bilməyənlər...

TQDK orta ümumtəhsil müəssisələrinə buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. Nəticələr isə heç də ürəkaçan olmayıb. Belə ki, imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib. Nə qədər acınacaqlı olsa da, imtahanda iştirak edən 9-cu sinif şagirdlərinin 24.09 %-i "Ana dili”ndən "2”,  26.85 %-i "Riyaziyyat”dan "2”, 44.25  %-i "Ana dili”ndən "3”, 39.72 %-i "Riyaziyyat”dan "3”,  19.67 %-i "Ana dili”ndən "4”,  20.30 %-i "Riyaziyyat”dan "4”, 11.99 "Ana dili”ndən "5”, 13.14 %-i isə "Riyaziyyat”dan "5” alıblar.

11-ci sinif sinif şagirdləri üçün buraxılış imtahanlarının nəticələri də ürəkaçan olmayıb. 11-ci sinif şagirdlərinin 19.87 %-i "Ana dili”ndən "2”, 21.53 %-i "Riyaziyyat”dan "2”, 18.71 %-i "Xarici dil”dən "2”, 19.57  %-i "Kimya”dan 2 alıblar. Şagirdlərin  37.35 %-i "Ana dili”ndən "3”,  32.61 %- "Riyaziyyat”dan "3”, 43.12 %- "Xarici dil”dən "3”, 58.71 %-i "Kimya”dan "3”lə qiymətləndiriliblər. Şagirdlərin 25.85 %-i "Ana dili”ndən "4”, 28.68 %-i "Riyaziyyat”dan "4”, 21.37 %-i "Xarici dil”dən "4”, 15.59 %-i "Kimya”dan "4” alıblar. Şagirdlərin 16.93 %-i "Ana dili”ndən "5”, 17.18 %-i "Riyaziyyat”dan "5”, 16.80 %-i "Xarici dil”dən "5”, 6.13 %-i isə "Kimya”dan "5” alıblar. 

Son olaraq...

Qeyd edək ki, qurumun yenilikləri bununla bitmir. Artıq gələn ildən etibarən TQDK-nın keçirdiyi  sınaq imtahanlarının nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim ediləcək. Bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsil alanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanların nəticələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması nəzərdə tutulur.


Müəllif- Əvəz Qurbanlı

http://bakuinfo.az/?p=54952