KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
21.12.2015

Dövlətçilik siyasətində mühüm yer tutan amillərdən biri də gənclər siyasətidir. Bu gün dünyada gedən qloballaşma, rəqabət və informasiya quruculuğu prosesləri Azərbaycan cəmiyyətinin ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsini tələb edir. Bunu nəzərə alan ölkə başçısı kadr hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalayıb. Ümumiyyətlə, ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş isə artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilir. Qeyd edək ki, Dövlət Komissiyası yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışaraq bu sahədə əsaslı nailiyyətlər əldə edib. 

 TQDK əhaliyə ən çox - 1 milyon 16 min elektron xidmət göstərən qurumdur

 Abituriyentlərin imtahana hazırlığına metodiki kömək məqsədilə Komissiya tərəfindən ilboyu silsilə tədbirlər həyata keçirilir. Onların imtahana müstəqil şəkildə hazırlaşması üçün bütün imtahan fənləri üzrə test topluları və dərs vəsaitləri yenidən işlənərək, təkmilləşdirilmiş nəşrləri çap edilir.

Bu gün TQDK tərəfindən yalnız ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları keçirilmir, eyni zamanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi həyata keçirilir. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tətbiq etməyi təcrübədə sübut edib. Dövlət Komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxından iştirakı ilə Mərkəzi Seçki Komissiyasının seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılması onun bu yöndəki fəaliyyətinin ən mühüm tərəflərindəndir. 

TQDK tərəfindən vətəndaşlara elektron xidmətlər göstərilir. Bu ilin aprel ayında Elektron hökumət portalı vasitəsilə əhaliyə 1 milyon 500 mindən çox xidmət göstərilib ki, bunun 1 milyon 16 mini TQDK tərəfindən həyata keçirilib.

 Bu gün hər bir vətəndaş TQDK-nın yenilikləri barədə gündəlik məlumatları mobil telefonlar vasitəsilə əldə etmək imkanı qazanıb. TQDK müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edərək virtual ödəmə kartlarını sms-lə əldə etməyə imkan verən yeni sistem tətbiq edir. Artıq nəticələr elan olunduqda abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilirlər. Onu da qeyd edək ki, orta məktəb dərslikləri ilə bağlı da TQDK tərəfindən monitorinqlər keçirilir. Komissiya eyni zamanda, abituriyentlərin qəbul imtahanlarına yaxşı hazırlaşmalarına da yardımçı olur. Təsadüfi deyil ki, TQDK-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz abituriyentlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasıdır. Bu məqsədlə 1995-ci ildən TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalı təsis edilib. O vaxtdan başlayaraq hər il jurnalın 12 sayı və 10-larla xüsusi buraxılışı abituriyentlərin, şagirdlərin, müəllimlərin istifadəsinə verilir. Jurnalın səhifələrində qəbul qaydaları, qəbul proqramları, metodiki tövsiyələr, çətin test tapşırıqlarının izahı, qəbul proqramının mövzularına dair ekspert şərhləri, test tapşırıqları və s. materiallar dərc olunur. 2000-ci ildən etibarən isə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə İnternetdən geniş istifadə edilməyə başladı. Hazırda Komissiya tərəfindən “Abituriyent”, “Magistr”, “Rezidentura” jurnalları, ixtisas qrupları üzrə məlumat kitabçaları, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər, bütün fənlər üzrə dərs vəsaitləri, siniflər və fənlər üzrə test kitabçaları buraxılır.

 Ən mühüm yeniliklərdən biri V qrupun yaradılmasıdır

 Komissiya tərəfindən 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq istiqamətində kompleks tədbirlər həyata keçirilib. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, respublikanın bütün bölgələri üzrə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə treninqlərin aparılması, “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikumları)”na uyğun olaraq, testlər bankının zənginləşdirilməsi, eləcə də müxtəlif təşkilati və metodiki işlərlə bağlı genişmiqyaslı hazırlıq işləri görülüb.

Builki qəbul planına gəlincə, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb. Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq 6 549 yer planlaşdırılıb. Bu il tələbə qəbulu zamanı həyata keçirilən ən mühüm yeniliklərdən biri I-IV qruplardan əlavə, V qrupun yaradılması oldu. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

 Bu ildən etibarən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək

 Bu ildən etibarən Azərbaycanda keçirilən imtahanlarda texnoloji yeniliklər tətbiq ediləcək. TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu ildən başlayaraq bütün sual kitabçaları unikal olacaq. Onun sözlərinə görə, hər sual kitabçasının üzərində hər şagirdin adı və soyadı yazılacaq: “Yenilik odur ki, hər kitabçanın səhifəsində şagirdin bar kodu qeyd olunub. Builki kitabçalar yalnız 4 variantdadır, çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 abituriyent imtahan verəcəksə, 24 variantlı kitabça  edə biləcəyik. Çünki hər bir kitabça hər bir abituriyentə aid variantda ola bilər. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanlarının keçirilməsinə şərait yaradacaq. Yazı işlərinin yoxlanılmasında artıq yeni texnologiya istifadə oluna biləcək".

M. Abbaszadə qeyd edir ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının şagirdlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçə biləcəyik. Builki sınaq imtahanlarında artıq bu kimi sual kitabçaları abituriyentlərə təqdim olunub. Bir məsələ də var ki, imtahanlarda abituriyentlər kitabçaları dəyişə bilərlər. Bəzən bunu nəzarətçilər  görmür. Yeni halda kitabçamın üzərində abituriyentin adı, soyadı və yeri qeyd olunur. Bu da imtahanlarda köçürmə hallarının sayını xeyli azaldıb. Bunun ilk olaraq əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında şahidi olduq. Misal olaraq, bu il  əvvəlki illərin məzunları arasında 30 mindən çox abituriyentdən təxminən 10-a qədəri köçürmə etmişdi. Təbii ki, onların nəticələri ləğv edilib. Bu da onu göstərir ki, artıq köçürmə hallarının sayı azalır".

 Təhsil işçiləri hansı təkliflərlə çıxış edir?

 Bu gün TQDK tərəfindən həyata keçirilən tədbirlərlə bağlı təhsil işçilərinin də fikirlərini öyrəndik. Mövcud vəziyyəti dəyərləndirən müəllimlərimiz yeni təkliflərlə də çıxış edirlər. Həmin müəllimlərimizdən biri 132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova ümumilikdə TQDK tərəfindən təşkil olunan qəbul imtahanlarına münasibətinin müsbət olduğunu deyir: “İmtahanlar şəffaf və sistemli şəkildə təşkil edirlər. Abituriyentlər üçün birdəfəlik baza imtahanı vermək onları artıq stressdən, həyəcandan azad edir”. Təkliflərə gəldikdə isə müəllimənin fikrincə, ixtisasların qruplara bölüşdürülməsi ilə abituriyentlərin istədikləri ixtisaslara düşmək ehtimalını araşdıran tədqiqatlar aparılmalıdır: “Ümumi məqsəd gənclərin maraq və qabiliyyətinə uyğun ixtisasa düşməsidir. Abituriyentlərin seçdikləri ixtisaslarda sonra aktiv tələbə ola bilmə imkanları üçün ixtisas seçdikləri qədər universitetləri də seçə bilməsi lazımdır. Universitetlərin inkişafı baxımdan imtahanın ya bir mərhələsi kimi, ya da ümumiyyətlə, universitetlər motivasiya məktubu və söhbətləşmə yolu ilə qəbul olsa daha effektiv olar. Bir də hər bir qrupda ən sadə, bəsit səviyyədə də olsa, bütün fənlərdən sual olmalıdır. Məktəblərdə son iki ildə peşə seçməyə dair dərslər təşkil edilməlidir. Yaxud da məktəblərarası konqreslər, universitetlərlə görüşlər təşkil etmək olar. Bizim universitetlərimiz daha sürətlə və obyektiv inkişaf edər. Eləcə də abituriyent qrup seçir, peşə yox. Qrupa daxil olan fakültələrin də ballara uyğun gəlməsi prosesi başlayır və nəticədə arzusu olduğu peşəni yox, yığdığı bala uyğun fakültə seçilir. Məhz bu yöndə dəyişiklik edilməlidir”.

Şirvan şəhər N.Quliyev adına 9 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyeva isə qəbul imtahanlarında nəzarətçi müəllimdir, imtahanların gedişini bilavasitə izləyir: “İmtahanların gedişi obyektiv və şəffafdır. Sınaq imtahanlarına da müsbət yanaşıram. Çünki ən azından abituriyent öz orta balı haqqında məlumatlı olur”. Təkliflərə gəldikdə isə müəllimə bildirdi ki, yaxşı olardı ki, məktəbdə attestat imtahanı olmasın: “Şagirdin ardıcıl stress yaşayaraq imtahan verməsi psixoloji cəhətdən çətindir. Buraxılış imtahanlarından sonra əlavə qəbul imtahanına ehtiyac qalmayacaq. Əslində bunu dəstəkləyirəm. Şagird bir məqsədlə çalışır. 9 illikdən bu il orta ixtisas məktəblərinə qəbul o cür aparılır. Həm də şagirddə məsuliyyət artır,  imtahana yanaşması da müsbət olur. Hazırda attestat imtahanlarına şagirdlər qeyri- ciddi yanaşır. Çünki qeyri- kafi qiymət alsa da, imtahanlara buraxılır. Bu da şagirdlərdə bir növ etinasızlıq yaradır. Görmək istədiyim yeniliklər çoxdur. 11-ci siniflərdə attestat imtahanı olmasın, xaricdəki kimi elə birbaşa qəbul imtahanı olsun, savadlı keçib oxusun. Sınaq imtahanlarına da müsbət yanaşıram. Çünki ən azından abituriyent öz orta balı haqqında məlumatlı olur”.

 Gələn ildən tələbə qəbulunda yenilik

 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Belə ki, “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək. Eyni zamanda  buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması, buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur.

 Müəllif-Nigar Abdullayeva

 http://palitranews.az/news.php?id=40082