KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
21.12.2015

2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının təhlili

Postsovet məkanında ilk dəfə ali məktəblərə mərkəzləşmiş qaydada test üsulu ilə qəbul imtahanı keçirən Azərbaycan olub. 1992-ci ildə fəaliyyətə başlayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu sahədə neqativ halları aradan qaldırmaq, obyektivliyi tam təmin etmək məqsədilə yaradılıb. Mütəxəssislərin fikrincə, məqsədə nail olunub və imtahanların keçirilməsinə hazırlıqla bağlı ildən-ilə texnoloji proseslər avtomatlaşdırılıb, kadrlar təkmilləşib və 23 il ərzində TQDK zəngin təcrübə toplaya bilib. 

Biliyin qiymətləndirilməsi qurumu olaraq TQDK-nın inkişafı istiqamətində  təkmilləşmə prosesləri müntəzəm davam etdirilir.

2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası da bir çox yeniliklərlə yadda qalıb.

Bakalavr və magistraturaya qəbul planı artırılıb

Qurum tərəfindən aparılan statistik təhlillərin nəticəsi olaraq bəyan edildi ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılıb. 11 min 799-ı dövlət sifarişli yer olmaqla tələbələrə 39 min 497 yer ayrılıb.

Dövlət sifarişli yerlərdə  humanitar, sosial, iqtisadiyyat və idarəetmə, səhiyyə ixtisas qruplarına yerlər azaldılaraq texniki və texnoloji ixtisaslara dövlət sifarişinin sayı artırılıb. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, pedaqoji ixtisaslara isə ümumiyyətlə, qiyabi təhsil planlaşdırılmayıb.

Bu il magistraturaya da əvvəlki tədris ilinə nisbətən 167 yer artırılıb. Belə ki, magistraturaya 2522 dövlət sifarişli olmaqla 6492 yer nəzərdə tutulub. Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə isə magistraturaya plan yerləri ayrılmayıb.

Magistratura imtahanının məzmununa da bu ildən dəyişikliklər edilib.

Cari ildə buraxılış imtahanlarında XI sinif şagirdlərinin biliyi təkcə ana dili və riyaziyyatdan deyil, xarici dil fənnindən də yoxlanıldı. Xarici dil tədris olunmayan məktəblərin məzunları isə kimya fənnindən imtahan verdi.

Ən fərqli yenilik - V qrup yaradıldı

Builki ən mühüm yeniliklərdən biri Qəbul Komissiyanın 14 yanvar 2015-ci il qərarı ilə ixtisas qruplarının sayının dörddən beşə artırılması oldu.

TQDK sədri Məleykə Abbaszadə bəyan etdi ki, 2015-ci ildən etibarən ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə XI sinfi bitirən məzunların qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Beləliklə, III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisasları ilə əlaqədar V qrup yaradıldı. I ixtisas qrupuna daxil olan və xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn istiqamətli ixtisaslar isə bu qrupa daxil edilmədi.

TQDK-dan bildirildi ki, ali məktəblərin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, abituriyentlərə ilk dəfə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verildi.

Bundan başqa, IV ixtisas qrupuna daxil olan torpaq, meşə, zootexniklik sahəsinə aid bəzi ixtisaslar I ixtisas qrupuna, əvvəllər I ixtisas qrupuna daxil olan geodeziya, yer quruluşu, nəqliyyat servisi və sair ixtisasları isə II ixtisas qrupuna aid edildi.

6 ixtisasa minimal keçid balı artırıldı

Bu il həm də I qrupun bəzi ixtisaslarında müsabiqədən keçmək üçün əvvəldən müəyyən bal məhdudiyyəti tətbiq edildi.

Belə ki, 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlər buraxılmayacaq.

Geologiya və kompüter elmlərini seçən abituriyent ən azı 300 bal, elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyini seçən abituriyent isə ən azı 250 bal toplamalıdr.

TQDK-dan bildirildi ki, ümumilikdə müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Bu il bölgələrdə abituriyentlərə mayın 5-dən 18-dək səyyar Sənəd Qəbulu Komissiyaları da xidmət göstərib. 

Açıq tipli test tapşırıqlarının sayı artırıldı

Digər dəyişiklik isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında açıq tipli test tapşırıqlarının sayının artırılması ilə bağlı oldu. Belə ki, I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olundu.

TQDK mütəxəssisləri bildirir ki, açıq tipli test tapşırıqları riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini fərqləndirmək üçün nəzərdə tutulub.

Təhsil eksperti Səftər Nəhmədlinin fikrincə, bu tipli sualların artırılmasının təhsilin və cəmiyyətin inkişafına müsbət təsiri var. Bu yeniliyin bir üstünlüyü də odur ki, açıq tipli testlərdə səhv etdikdə səhv cavab düz cavabı aparmır: “Bir sualın bir cavabı olar”.

Təhsil eksperti hazırda test tapşırıqlarının hazırlanmasında proqramdan kənara çıxma hallarının aradan qaldırıldığını, hər bir fənn üzrə test suallarının bütün mövzuları əhatə etdiyini, test suallarının orta statistik bilik səviyyəsi olan abituriyentlərə hesablandığını da qeyd etdi: “Tələbə qəbulu komissiyasının ekspertləri bu istiqamətdə təcrübə qazanıblar və zaman müsbət istiqamətə doğru öz işini görür”.

Təhsildə sıçrayış edə biləcək faktlar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Fəxrəddin Yusifov bu il TQDK-da edilən dəyişikləri mütərəqqi addımlar hesab edir. Onun fikrincə, buraxılış imtahanlarında fənlərin sayının artırılmasına dair yeniliklər və bunun əvvəlcədən şagirdlərə elan olunması ümümtəhsil məktəbləri üçün olduqca müsbət hadisədir: “Ümumiyyətlə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyassının apardığı statistik təhlillər çox təqdirəlayiqdir. İndiyədək riyaziyyat və ana dilindən göztəricilərin nə qədər aşağı səviyyədə olduğu məlum idi, bu yenilik orta məktəblərdə digər  fənlərin də vəziyyətini aşkarlayacaq.

Əslində, vəziyyət hamımıza məlumdur, amma bu, faktlaşdırılmayıb. TQDK-nın elm-statisik təhlillərlə bu faktları üzə çıxarması fikrimcə, təhsilin keyfiyyətinin artırılması üçün mühüm addımlar atmağa əsas verəcək, orta məktəblərdə təhsili kökündən silkələyən və təhsildə sıçrayış edə bilən bir təkana çeviriləcək".

Təhsilin keyfiyyətinə müəssisə rəhbəri cavabdehdir

Fəxrəddin Yusifovun fikrincə, “Təhsil qanunu”nun 42-ci maddəsi işlək olsa, təhsilin keyfiyyətində köklü və müsbət dəyişiklər baş verər: “Bu il I ixtisas qrupunda 6 ixtisasa minimal keçid balı artırıldı. Amma abituriyentlərin nəticələri aşağı olsa, ali təhsil müəssisələri böhran yaşamasın, universitetlər bağlanmasın deyə yenə ballar aşağı salınacaq. 300 bal əslində ”2" qiymətidir. Abituriyent ən azından 400 bal toplamalıdı ki, biliyi “kafi” sayılsın.

Təxminən 85 faizə qədər abituriyentin 200-dən aşağı bal toplaması təhsildə problemlərdən xəbər verir. Bu problemlər hüquqi müstəvidə həll olunub. “Təhsil qanunu”nun 42-ci maddəsində göstərilir ki, müəssisənin rəhbəri keyfiyyətə görə cavabdehlik daşıyır. Əgər təhsildə keyfiyyətə görə ilkin müəssisənin, məsələn, metodbirləşmə rəhbərindən tutmuş məktəb rəhbərinə, o cümlədən rayon təhsil şöbəsinə qədər cavabdehlik daşısa, dövlətə vurulan ziyan onlar tərəfindən ödənsə, müvafiq tədbir görülsə, ümumi durum yaxşılığa doğru inkişaf edər".

Hansı abituriyentin builki nəticələri gələn il üçün də keçərli olacaq?

Onu da bildirək ki, 2016/2017-cı tədris ilindən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu yeni formada həyata keçiriləcək. Abituriyentlər buraxılış imtahanlarının nəticələrinə əsasən bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar və orta ixtisas təhsili müəssisələrinə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak edə biləcəklər.

Qəbul imtahanlarında fənn sayının azaldılması da nəzərdə tutulur. TQDK-da buraxılış imtahanlarına aid fənlərdən birinin qəbul imtahanlarından çıxarılması müzakirə edilir.

Fəxrəddun Yusifov universitet və kolleclərə qəbul umtahanlarında fənlərini sayının azaldılması təşəbbüsünü  və V qrupun yaradılmasını mütərəqqi və düzgün addım sayır: “Qabiliyyət tələb edən ixtisas üzrə yeni qrupun yaradılmasına ehtiyac vardı və bu ehtiyac ödəndi. Əslinə qalsa, jurnalistika da xüsusi qabiliyyət tələb edən ixtisasdır. Mən belə düşünürəm ki, təkcə xüsusi qabiliyyət tələb edən fənlər üzrə deyil, ümumiyyətlə, yaxın gələcəkdə orta ümumtəhsil məktəblərindəki buraxılış imtahanları ilə qəbul imtahanları birləşdiriləcək. Fikrimcə, bu, daha düzgün olardı. Yəni məzunlar 2 dəfə imtahan verməz.

Buraxılış imtahanlarında fənlərin sayı  5, yaxud 7 olsa, məzunlar uyğun ixtisaslara da yönləndirilə bilərlər. Toplanmış nəticə ilə müsabiqə aparılıb, universitetlərə seçim edilsə, bu üsul orta məktəblərin də nüfuzunu qaldırar".

Pedaqoq əvvəlki illərin məzunlarının aprel ayında imtahana cəlb olunmasını da müsbət dəyərləndirdi. Onun fikrincə, bu addım iyul-avqust aylarında keçirilən qəbul imtahanlarının sıxlığını aradan qaldırmağa kömək edir.

Şagirdlər üçün SAT beynəlxalq imtahanı

Fəxrəddin Yusifov Azərbaycanda ilk dəfə Akademik Qiymətləndirmə Test (SAT - Scholastic Aptitude Test) imtahanı keçirilməsini xüsusilə təqdir etdi. Bildirdi ki, şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanında Azərbaycanın da iştirak etməsi təhsilin inkişafına töhfə verəcək: “SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir. Proqram tövsiyə xarakterli işlər aparır, tədrisin keyfiyyətinin yüksəldilməsinə dair alınan nəticələri hər ölkənin özünə təqdim edir, həmin ölkənin müvafiq qurumları bu nəticələri təhlildən keçirib uğurlu cəhətləri inkişaf etdirir, nöqsanları aradan qaldırmağa çalışır. Bu, olduqca mütərəqqi bir addımdır”.

Müəllif-Sevil HİLALQIZI

http://teleqraf.com/news/62306