AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
30.08.2013

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda 20 ildən çox müddət ərzində biliyin qiymətləndirilməsi prosesini həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasını da uğurla başa çatdırıb.

APA-nın xəbərinə görə, bu il də qəbul kampaniyası bir çox yeniliklər, maraqlı hadisələr və əldə olunan nəticələrlə yadda qalıb. Öncə qeyd edək ki, son 20 il ərzində Azərbaycanda ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. 1992-2012-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planında 2,1 dəfə, abituriyent ərizələrinin sayında isə 2,5 dəfə artım qeydə alınıb.

Azərbaycanda ali məktəblərə qəbul planı ötən illə müqayisədə artıb

2013/2014-cü tədris ilində də Azərbaycanda ali məktəblərə qəbul planı ötən illə müqayisədə artım baş verib. Ümumilikdə ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7,5 faiz, dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı isə ötən ilə nisbətən 3,58 faiz artıb. Belə ki, 2013/2014-cü tədris ilində ali məktəblərə tələbə qəbulu üçün 36 537 plan yeri ayrılıb. 2012/2013-cü tədris ilində isə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin sayı 34 098 olub.

TQDK tərəfindən Azərbaycanda ilk dəfə olaraq orta məktəb dərsliklərinin elektron bazası yaradılıb

Ötən ildən etibarən prezident İlham Əliyevin fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub. Fərmanın icrası olaraq, ötən tədris ili ərzində TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin ilkin nəticələrinə əsasən I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, müəllim üçün 91 metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və müəllim üçün 27 metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb. VII siniflər üzrə bütün dərsliklərin elmi-metodiki monitorinqi başa çatıb, lakin bu sinif üzrə hər hansı dərsliyin istifadəsinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı qərar qəbul edilməyib. Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.

Qeyd etməliyik ki, TQDK tərəfindən Azərbaycanda ilk dəfə olaraq orta məktəb dərsliklərinin elektron bazası yaradılıb. Elektron bazada I-XI sinif dərsliklərin özü, dərslik müəllifləri, onların ixtisası, təcrübəsi haqqında məlumatlar əksini tapıb. Bazaya dərsliyin neçənci ildə nəşr olunması, müəlliflərinin kimliyi, ixtisası, təhsili, təcrübəsi, həmçinin ekspertlər barədə məlumatlar daxil edilib. Bundan əlavə, komissiya tərəfindən aparılan monitorinq nəticəsində hər bir dərslik barədə olan yekun rəylərin hamısı bu bazada əks olunub.

Bu il Azərbaycanda ilk dəfə olaraq V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilib

Bu ilin əvvəllərində prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, TQDK haqqında Əsasnaməyə dəyişiklik edilib. Əsasnamədə edilən dəyişikliyə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. Fərmanın icrasına uyğun olaraq, bu ilin aprel-may aylarında Azərbaycanda ilk dəfə olaraq V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilib. Monitorinq imtahanlarında ümumilikdə XI siniflər üzrə 28205, V siniflər üzrə isə 7772 şagird imtahan verib. Cari ildə monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçirilib. XI siniflər üzrə keçirilən monitorinq imtahanlarının nəticələrinə əsasən, məlum olub ki, şagirdlərin “Riyaziyyat” fənni ilə müqayisədə “Ana dili” fənnindən daha yaxşı nəticələri olub. Ən zəif nəticələr isə fizika fənnindən qeydə alınıb.

Abituriyentlərin böyük əksəriyyəti öz ərizələrini özləri təsdiq etdiriblər

Cari ilin aprel-may aylarında ali təhsil müəssisələrinə ərizə qəbulu aparılıb. Ali təhsil müəssisələrinə ərizə qəbulun aprelin 9-dan mayın 15-dək, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək həyata keçirilib. Builki qəbul imtahanlarında iştirakı gözlənilən abituriyentlərin böyük hissəsi ərizəsini özü təsdiqləyib və bunun üçün sənəd qəbulu komissiyalarına müraciət etməsinə ehtiyac qalmayıb. Həmin abituriyentlər ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər olub. Gələcəkdə isə Azərbaycanda Sənəd Qəbulu Komissiyalarına (SQK) ehtiyac qalmayacaq. SQK abituriyentlərin sənədlərinin təsdiqlənməsi üçün yox, yalnız vətəndaşlığı olmayan və xarici dövlətdən Azərbaycana gələn insanların sənədlərinin yoxlanılması üçün lazım olacaq.

Beləliklə, sənəd qəbulu zamanı 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 034 abituriyent sənəd verib. Ərizələrini təsdiq etdirmiş 102 034 abituriyentdən 69 611-i bu il ilk dəfə olaraq ərizəsini SQK-yaa getmədən özü təsdiq edib. 32 min abituriyent isə sənədini SQK-da təsdiq etdirib.

Ali məktəblərə qəbul imtahanlarında tətbiq olunan yeniliklər

2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 28-də keçirilib. Qəbul imtahanları nəticəsində cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub. Onlardan 10812-si I, 9698-i II, 9615-i III, 3620-si isə IV ixtisas qrupunun müvafiq ixtisaslarına qəbul olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə əsasən isə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 938 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8243 nəfər qəbul olub. Qəbul imtahanlarının nəticələrinə əsasən, bu il III və IV qrup üzrə 6 abituriyent maksimal nəticə göstərərək 700 bal toplayıb. I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 bal, II ixtisas qrupu üzrə isə 690 bal olub. Bu rəqəmlərin ötən illə müqayisəli təhlili göstərir ki, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100 621 abituriyent ərizə verib. Ötən il 34008 plan yerinə 32078 abituriyent qəbul olub. Onlardan 10445-i I, 9304-ü II, 8604-ü III, 3725-i isə IV ixtisas qrupu üzrə müəyyən ixtisaslara qəbul olunub. Ötən il isə ali məktəblərə qəbul imtahanlarında 5 abituriyent 700 ballıq nəticə göstərib.

TQDK bu il ali məktəblərə qəbul imtahanları zamanı bir sıra yeniliklərə də imza atıb. Belə ki, bu il abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayı artırılıb. Respublikanın 11 şəhərində keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin hər biri yaşadıqları rayonlara yaxın ərazilərdən imtahanlara qatılıb və bu zaman imtahan nəzarətçiləri də həmin rayonlarda fəaliyyət göstərən müəllimlərdən seçilib.

TQDK abituriyentlərə kömək məqsədilə daha bir yeniliyə imza atıb. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub. Bundan əlavə, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini müəyyənləşdirə bilib.

Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Azərbaycanda ilk dəfə olaraq qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə rahat çatdırılması məqsədilə respublikanın bütün şəhər və rayonlarında pulsuz avtobus xidmətləri təşkil olunub. Abituriyentlər imtahanda iştirak edəcəyini təsdiqləyən buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeyd olunan xidmətdən yararlanıblar. İmtahan prosesi ərzində yüzlərlə abituriyent pulsuz avtobus xidmətindən istifadə edib.

Bundan əlavə, Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi zamanı ilk dəfə olaraq helikopterlərdən istifadə edilib. Helikopterlər vasitəsilə imtahan materiallarının vaxtında yerlərə çatdırılması təmin edilib. Paytaxtdan yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçirilib. Qəbul imtahanları keçirilən 11 şəhərdən 4-ündə helikopterlərdən istifadə olunub. Lənkəran, Mingəçevir, Ağcabədi və Şəkiyə imtahan materiallarının çatdırılmasını və geri qaytarılması helikopterlər vasitəsilə təmin edilib.

Bu il buraxılış imtahanlarında “2” qiymət alan abituriyentlər də qəbul imtahanlarında iştirak etmək hüququ qazandı

Bu il Azərbaycanda biliyin yekun qiymətləndirilməsinin (attestasiya) həyata keçirilməsinin müvəqqəti qaydalarında da bəzi dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq, buraxılış imtahanına buraxılan bütün təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılıb. Buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi “2” götürülüb. Eyni qayda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında “2” qiymət alan təhsilalanlara da tətbiq edilib. Edilən dəyişikliklərdən sonra buraxılış imtahanlarında hər hansı fəndən “2” alan abituriyentlər də qəbul imtahanlarında iştirak etmək hüququ qazanıblar. TQDK bu il buraxılış imtahanlarında “2” qiymət alan abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticələrlə bağlı açıqladığı rəqəmlər isə maraqlı faktlar ortaya çıxarıb. Belə ki, buraxılış imtahanlarında “2” qiymət alan abituriyentdən 128-i ali məktəblərə qəbul olub. Onlardan 39-u I, 26-sı II, 43-ü III, 30-u isə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında müəyyən bal toplayaraq ali məktəblərə daxil ola bilib. I ixtisas qrupu üzrə sənəd vermiş belə abituriyentlərin göstərdiyi ən yüksək nəticə 350 bal, II ixtisas qrupu üzrə 301 bal, III qrup üzrə 559 bal, IV qrup üzrə isə 330 bal olub. Buraxılış imtahanında Riyaziyyatdan “2”, Ana dilindən isə “5” qiymət alan abituriyent III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 559 bal toplayıb.

Ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb. Məlum olub ki, 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticələrlə bağlı statistik məlumatlar ötən həftə TQDK tərəfindən Təhsil Nazirliyinə göndərilib.

Azərbaycanda 9 illik bazadan kolleclərə sənəd verənlərin sayı rekord həddə çatıb

Bu il Azərbaycanda 9 illik bazadan kolleclərə sənəd verənlərin sayı rekord həddə çatıb. 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçirilib. İmtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 13 661 nəfər qəbul olub.

TQDK informasiya mübadiləsində elektron imzadan geniş istifadəyə başlayıb

TQDK əhaliyə elektron xidmətlərin göstərilməsi və dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini daha da təkmilləşdirilmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə növbəti addım atıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikasiya Xidmətləri Mərkəzindən elektron sənədi təsdiq edən elektron imza alınıb. Elektron imzanın gizli açarlarının təhlükəsiz saxlanılmasını təmin edən avadanlıq əldə edilib quraşdırılıb. Nəticədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanlarına və əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış və s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləmək imkanı əldə edib.

TQDK sədri Tədrisdə qiymətləndirmə üzrə beynəlxalq mütəxəssislər qrupunda təmsil olunacaq

TQDK beynəlxalq əməkdaşlıq sahəsində də əlaqələrini genişləndirib. UNESCO Statistika İnstitutu (USİ) və Brookinqs Universal Təhsil Mərkəzinin (UTM) birgə təşəbbüsü ilə yaradılan Tədrisdə qiymətləndirmə üzrə beynəlxalq mütəxəssislər qrupunda bu il TQDK sədri Məleykə Abbaszadə də təmsil olunacaq. Qeyd olunan qrup dünyanın əksər ölkəsində müxtəlif yaş qrupunda olan uşaqların, həmçinin gənclərin daha yaxşı təhsil almaları üçün mövcud imkanları araşdırmaqla müasir dövr üçün tədris prosesində hədəflərin müəyyənləşdirilməsi, araşdırmaların aparılması işi ilə məşğul olacaq. Qeyd olunan qurumda işçi qrupuna 40 ölkədən olan 125 üzv seçilib ki, onların arasında TQDK əməkdaşları Natiq Əliyev və Vəli Hüseynov da var.

Komissiya sosial şəbəkələrdən vətəndaşların suallarını cavablandırır

TQDK-nın Facebook (facebook.com/eTQDK) və Twitter (twitter.com/eTQDK) sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi səhifələri yaradılıb və qısa zamanda geniş auditoriya toplayıb. Qısa zaman ərzində komissiyanın sosial şəbəkədəki rəsmi səhifəsində 37 mindən çox insan qeydiyyatdan keçib. Minlərlə gənc komissiyanın fəaliyyətinə, qəbul kampaniyasına dair yeni və zəruri məlumatları TQDK-nın saytı ilə yanaşı komissiyanın sosial şəbəkədəki rəsmi səhifəsindən əldə ediblər. Bundan əlavə, vətəndaşların müraciətləri də oradan ən operativ şəkildə cavablandırılır.

TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək

Son olaraq qeyd olunmalıdır ki, fəaliyyət göstərdiyi 21 il ərzində TQDK biliyin qiymətləndirilməsi istiqamətində mühüm işləri həyata keçirir və bu sahədə uğurlu nəticələrə nail olub. Artıq bu ildən təhsil naziri Mikayıl Cabbarovla TQDK sədri Məleykə Abbaszadə arasında müxtəlif məsələlər müzakirə olunur. Nazirlə işgüzar münasibət qurulub və açıq şəkildə müzakirələr aparılır. İnanırıq ki, təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq. TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək.