KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
23.08.2013

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yarandığı vaxtdan indiyədək şərəfli yol keçmiş, öz işini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişdir. Bunun müqabilində Komissiya işini daha da təkmilləşdirmiş, son texnologiya və təcrübədən bəhrələnərək mühüm nailiyyətlərə imza atmışdır. Qabaqcıl dünya təcrübəsini fəal surətdə mənimsəməyə can atan Komissiya tərəfindən iş prosesində tətbiqinə yönəldilmiş məsələlər öz real həllini tapmaqdadır. Bütün bunlarla yanaşı xüsusi vurğulamaq lazımdır ki, Komissiya özəl nailiyyətlərə də imza atmışdır ki, bu da nəticədə qurumun özünün dəst-xəttinin yaranmasına gətirib çıxarmışdır. Belə demək mümkünsə, bu gün artıq TQDK özəl xüsusiyyətləri ilə özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Yarandığı 20 ildən artıq bir müddətdə Dövlət Komissiyası tələbə qəbulu üzrə dövlətin müvafiq qərar və göstərişlərini layiqincə yerinə yetirmiş, aşkarlıq və şəffaflığı təmin etməyə müvəffəq olmuşdur. Hər ilin sonunda aparılan hesabat səciyyəli analitik və elmi-statistik təhlillər qarşıya qoyulan məqsəd və vəzifələrin prinsipiallıqla yerinə yetirilməsini sübut edir.

TQDK öz fəaliyyətində dövlətin hüquqi sənədlərini əldə rəhbər tutaraq tələbə qəbulu məsələlərini nəzərdə tutulan çərçivədə aparmış, vətəndaş-dövlət qurumu münasibətlərində özünəməxsus xüsusiyyətlər əxz etmişdir. Artıq belə bir ənənə mövcuddur ki, hər bir qrup üzrə imtahan keçiriləndən cəmi bir neçə saat sonra düzgün cavablar TQDK və “Space” teleşirkətinin birgə layihəsi əsasında yaradılmış “Abituriyent” verilişi vasitəsilə televiziya ekranından səsləndirilir, canlı bağlantı ilə abituriyent və valideynləri maraqlandıran suallar elə həmin andaca operativ surətdə cavablandırılır. Bir qayda olaraq hər bir imtahandan dərhal sonra cavabların emalına start verilir ki, nəticədə də qısa müddət ərzində hər kəsin imtahan nəticələri elan edilir. Operativlik və əlyetərlik bütün proseslərdə özünü göstərir – imtahana qeydiyyatdan tutmuş ta son təhlillərə qədər. Bütün mərhələlərdə belə çevik və səhvsiz əməliyyatların şahidi oluruq.

Hər bir imtahandan sonra TQDK sədri Məleykə Abbaszadənin mətbuat konfransı keçirməsi artıq ənənə şəklini almışdır. Demək olar ki, hər bir qrup üzrə imtahan keçiriləndən sonra ilkin nəticələr və analitik təhlilləri biz artıq komissiya sədrinin dilindən eşitməyə vərdiş etmişik. M.Abbaszadə müəyyən imtahan günlərində, yaxud da əvvəl, eləcə də sonra respublikamızın bir sıra bölgələrində hər hansı planlı, yaxud plansız görüşlərini keçirir, imtahan binalarına gələrək imtahanın gedişini əyani şəkildə birbaşa izləyir, vətəndaşları maraqlandıran suallara yerindəcə cavab verir ki, bu da əhalinin razılığı və ruh yüksəkliyi ilə qarşılanır. Bu da təbiidir. Çünki, heç bir vasitəçi olmadan yaranan ünsiyyət, birbaşa alınan operativ cavablar hamını qane edir.

Komissiya öz işində imtahan verən təbəqə ilə səmərəli iş vərdişlərinə malikdir. Abituriyent hazırlığı, müxtəlif məlumatlar, istənilən fənn üzrə kitab və test tapşırıqları, ümumiyyətlə, əhali kütləsini maraqlandıran əksər məsələlərlə bağlı çap edilən kitablar, vəsaitlər, test tapşırıqları, xüsusilə də “Abituriyent” jurnalının və xüsusi buraxılışların nəşri vətəndaşları razı salır. Bu çap nümunələrini praktiki olaraq respublikamızın bütün şəhər və rayonlarında əldə etmək mümkündür.

TQDK son illərdə informasiya-kommunikasiya texnologiyalarından daha geniş və fəal surətdə istifadəyə start vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin ölkəmizdə İnformasiya texnologiyaları ili elan edilməsi bu sahə üzrə nəzərdə tutulan məsələlərin həll edilməsi işini daha da sürətləndirmişdir. Dövlət Komissiyası böyük əhəmiyyət kəsb edən internet lahihələrə start vermişdir. Komissiyanın tqdk.gov.az saytı öz səhifələrində operativ məlumatlar yerləşdirməklə yanaşı bir sıra xidmətlər də təklif edir. Saytın mobil versiyası tətbiq edilmiş, TQDK nəşrlərinin elekton satışı sistemi və digər e-xidmətlər yaradılmışdır. Qısa vaxtda e-gov.az elektron hökumət portalına inteqrasiya edilmiş sayt istifadəçilərinin sayına görə digər dövlət qurumlarından köklü surətdə fərqlənir. Bunu statistik məlumatlar təsdiqləyir. Əhali kütləsinin müxtəlif təbəqələri istənilən anda saytın xidmətlərindən yararlana bilir. Son dövrlərdə tətbiqinə başlanmış buraxılış, monitorinq, bakalavr və magistr pillələrinə qəbul, dövlət qulluğu ilə bağlı aparılan imtahanlar üzrə bütün məlumatlar nəşrlərlə yanaşı Komissiyanın saytında da yerləşdirilir ki, bu, əhali arasında əlavə vaxt itkisinin qarşısını alır, müəyyən suallara operativ olaraq cavab almaq mümkün olur. Əlbəttə, bütün bunlar vətəndaşların rifahı və rahat istifadəsinə hesablanmışdır. Maraqlanan hər hansı şəxs, sayt istifadəçisi heç də uzağa getmədən birbaşa evdə, yolda, istədiyi məkanda müxtəlif informasiya ala, emal edə, ötürə, həmçinin imtahan nəticələrini öyrənə, digər məsələlərlə maraqlana bilər. Bu məqsədlə vətəndaşlarla dövlət qurumu arasında yaradılmış onlayn ünsiyyət, sorğu-cavab fəaliyyəti son zamanlar daha da təkmilləşdirilmişdir. Attestat qiymətləri barədə məlumat, ali və orta ixtisas məktəblərinə ərizə qəbulu, imtahana buraxılış vərəqəsi, imtahanın nəticələri və s. son zamanlarda istifadəyə verilmiş onlayn xidmət sahələridir ki, burada da vaxta qənaət edilməklə bərabər, şəffaflıq, əlyetərlik və asan xidmət başlıca meyar kimi götürülür.

Ölkə Prezidentinin müvafiq fərmanına əsasən TQDK tərəfindən I-XI siniflər üzrə dərslik və dərs vəsaitlərinin monitorinqi üzrə də işlər sürətlə və keyfiyyətlə aparılır. Görülən işin səmərəliliyini, yüksək keyfiyyət göstəriciliyini nəzərə alaraq bu işə komissiyanın əməkdaşları ilə yanaşı elm və pedaqoji sahələr üzrə çalışan mütəxəssislər də cəlb olunmuşdur. Bu prosesdə dərsliklərin məzmunu, elmi-metodiki keyfiyyətləri, dil və üslubu, dizayn və bədii tərtibatı, verilmiş tapşırıqların mövzulara aid olmasına ciddi fikir verilir. Nəzərə alsaq ki, tərtib edilən test tapşırıqları məhz dərsliklər üzrə hazırlanır, monitorinqin əhəmiyyətinin daha bir amili də meydana çıxmış olur. Monitorinq zamanı TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələri ilə yaradılan videobağlantılar da müzakirələrə öz müsbət təsirini göstərmişdir.

Bu ildən başlayaraq TQDK tərəfindən respublikamızın bir sıra bölgələrində orta məktəblər üzrə buraxılış, monitorinq və ali məktəblərə qəbul imtahanlarının keçirilməsi təqdirəlayiq haldır. Komissiya öz fəaliyyət dairəsini daha da genişləndirərək bu məqsədlə respublikamızın 11 şəhər və rayonlarında qəbul imtahanlarına start vermişdir ki, bu, hətta ucqar rayonları da əhatə edir. Daha rayon və kənd yerlərindən durub Bakıya qəbul imtahanı verməyə yollanmağa ehtiyac qalmır. Bu məqsədlə hər bir abituriyent üçün yaşadığı yerə yaxın olan məkan seçilmişdir. Bölgələrdə işin səmərəli təşkili məqsədilə Komissiya bir sıra regionlarda özünün yeni regional bölmələrini açmış, müvafiq infrastruktur yaradılmış, bölmələr lazımi İKT və digər avadanlıqlarla təchiz edilmiş, o cümlədən yüksək ixtisaslı, öz işini mövcud qayda və tələblər səviyyəsində bilən, mərkəzdə lazımi dərəcədə təcrübə keçmiş mütəxəssislərlə təmin olunmuşdur.

Qəbul imtahanlarının keçirilməsi üçün Bakı şəhərində, eləcə də respublikamızın digər şəhər və rayonlarında müvafiq binalar ayrılmış, təlimata uyğun rahat zallar seçilmişdir. İmtahanlara TQDK-nın əməkdaşlarından başqa Azərbaycan Milli Elmlər Akademiyasında və respublikamızın bir sıra digər dövlət qurumlarında çalışan təcrübəli imtahan rəhbərləri, zal nəzarətçiləri qismində isə qabaqcıl məktəb müəllimləri cəlb edilmişdir. Xüsusi təyyarə reysləri ilə yanaşı bu ildən helikopterlər də imtahan prosesinə qoşulmuşdur. Görülən tədbirlər qəbul imtahanlarının daha operativ və şəffaf keçirilməsinə hesablanmışdır ki, bu da öz bəhrəsini verir.

Komissiyanın təqdirəlayiq fəaliyyəti göz qabağındadır. Bunu hər kəs bilir və dərk edir. İmtahan ərəfəsində, yaxud da imtahanın keçirildiyi gün vətəndaşlar arasında gəzən söz-söhbətlər bir daha təsdiq edir ki, TQDK öz işini şəffaf və müəyyən prinsiplər üzrə tələb olunan qapalılıq şəraitində aparır ki, bu da hər şeydən əvvəl, imtahan verənin xeyrinə hesablanmışdır. Şəffaflıq, son dərəcə aydın və real şəraitə uyğun prinsiplər əsasında, o cümlədən aşkarlıq şəraitində aparılan imtahan gözlənilən nəticələri verir. Hamıya gün kimi aydındır ki, iş elə qurulmuşdur ki, prosesdə təlimatdan kənar heç bir əyintilik hallarına yol verilə bilməz. Namizəd, abituriyent, tələbə və valideynlərin, digər şahidlərin bildirdiyinə görə imtahan binasına konspekt, kalkulyator, telefon və digər qadağan olunmuş vasitələrin gətirilməsi halları ildən-ilə, demək olar ki, sıfıra yaxınlaşır. Əvvəlki illərdə isə abituriyentlərdən tutulmuş belə vasitələr imtahan binasının girişində qalaq-qalaq yığılmış halda olurdu. Nəhayət, hamı dərk edir ki, imtahan zalına hər hansı köməkçi vasitənin keçirilməsi, yaxud da onlardan istifadə, sadəcə olaraq mümkün deyildir. Kimin biliyi varsa o da keçəcəkdir. Atrıq bu, aksiom halını almışdır. Bununla da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Bilik qiymətləndirilir” devizi, neçə illərdir ki, öz təsdiqini tapmışdır.

Ağahüseyn ŞÜKÜROV,

“Elm” qəzetinin müxbiri