AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
14.08.2013

Artıq 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatdı. Ümumiyyətlə, ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş isə artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir. Qeyd edək ki, Dövlət Komissiyası yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışaraq bu sahədə əsaslı nailiyyətlər əldə edib.

Müasir texnologiyalar tətbiq edilir

Bu gün TQDK tərəfindən yalnız ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları keçirilmir, eyni zamanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi həyata keçirilir. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompyuter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tətbiq etməyi təcrübədə sübut edib. Dövlət Komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxından iştirakı ilə Mərkəzi Seçki Komissiyasının seçkilərin avtomatlaşdırılmış informasiya sisteminin yaradılması onun bu yöndəki fəaliyyətinin ən mühüm tərəflərindəndir. Bu gün hər bir vətəndaş TQDK-nın yenilikləri barədə gündəlik məlumatları mobil telefonları vasitəsilə əldə etmək imkanı qazanıb. TQDK müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edərək virtual ödəmə kartlarını sms-lə əldə etməyə imkan verən yeni sistemi tətbiq edir. Artıq nəticələr elan olunduqda abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə bilirlər.

Onu da qeyd edək ki, orta məktəb dərslikləri ilə bağlı da TQDK tərəfindən monitorinqlər keçirilir. Təhsil Nazirliyinin məlumatına görə, II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunan zaman TQDK-nın apardığı monitorinqin nəticələri nəzərə alınacaq. Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanan ilk dərsliklərdir. VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək.
Komissiya eyni zamanda, abituriyentlərin qəbul imtahanlarına yaxşı hazırlaşmalarına da yardımçı olmağa başladı. Təsadüfi deyil ki, TQDK-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz abituriyentlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasıdır. Bu məqsədlə 1995-ci ildən TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalı təsis edildi. O vaxtdan başlayaraq hər il jurnalın 12 sayı və 10-larla xüsusi buraxılışı abituriyentlərin, şagirdlərin, müəllimlərin istifadəsinə verilir. Jurnalın səhifələrində qəbul qaydaları, qəbul proqramları, metodiki tövsiyələr, çətin test tapşırıqlarının izahı, qəbul proqramının mövzularına dair ekspert şərhləri, test tapşırıqları və s. materiallar dərc olunur. 2000-ci ildən etibarən isə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə İnternetdən geniş istifadə edilməyə başladı. Hazırda Komissiya tərəfindən “Abituriyent”, “Magistr”, “Rezidentura” jurnalları, ixtisas qrupları üzrə məlumat kitabçaları, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər, bütün fənlər üzrə dərs vəsaitləri, siniflər və fənlər üzrə test kitabçaları buraxılır.

TQDK həmçinin mövcud vəziyyətlə bağlı təhlillər də aparır. Bu istiqamətdə TQDK tərəfindən həyata keçirilən tədbirlərdən biri kimi Azərbaycanda abituriyentlərin məktəb proqramının maksimum 53 faizini mənimsəməsi və bunun başlıca səbəbi kimi ümumtəhsil müəssisələrində tələbkarlığın aşağı olmasını göstərmişdi. Belə ki, TQDK ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin cavablarının göstəricilərindən belə qənaətə gəlmişdi ki, orta statistik abituriyent testlərin yalnız 25-53 faizinə düzgün cavab verib. Beləliklə, test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alaraq, belə qənaətə gəlinmişdi ki, orta statistik məzun, məktəb proqramının 47-75 faizini mənimsəmir. Bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəldiyini göstərirdi. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

“Müəllimi işə qəbul edəndə yaxşı olar ki, müəllimlə söhbət edib, onu qiymətləndirib işə götürsünlər”

Professor Yəhya Kərimov bu sahədə problemlərin olduğunu, hazırda bu sahədə mövcud dərsliklərin çətin, ağır olduğunu bildirib: “Müəllimlər də bunu bilmədikləri üçün dərs deyə bilmirlər. Buna görə də genişmiqyaslı iş aparılmalıdır. Müəllimlər ali məktəbi qurtarır, amma gedib dərs deyə bilmir. Çünki orta məktəblə ali məktəb arasında sıx birlik yoxdur. Yəni, orta məktəbin proqramlarını ali məktəbin müəllimləri əzbər bilməlidirlər, mənimsəməlidirlər ki, uşaqlara biliyi, nəyi öyrətdiklərini də bilsinlər. Yeni kurikulumlar, proqramlar başqa şeylər tələb edir. Ona görə də kadr hazırlığında, ilk növbədə, rayonların hazırlığına başlamaq lazımdır”. Professor müəllimlərin işə götürülməsində test üsulu ilə imtahanları alqışladığını, biliyi müəyyənləşdirməkdə kompyuterlərin yaxşı vasitə olduğunu desə də, qeyd etdi ki, digər cəhət isə müəllimin tam fikrini bildirə bilməməsidir: “Bəzən əzbərçi müəllim müəyyən şeylərə cavab verə bilir, amma yaxşı hazırlığı olan müəllim həyəcandan, yaxud səhhəti ilə bağlı çaşıb düzgün cavab verə bilmir. Ona görə dəmüəllimi işə qəbul edəndə yaxşı olar ki, müəllimlə söhbət edib, onu qiymətləndirib işə götürsünlər. Bir sözlə, mən kompyuterlə işə götürməyin tərəfdarıyam, amma orada təsadüflər çoxdur, tapmacalara cavab verirlər. Müəllimlik aləmi, müəllimlik siması açılmır. Ənənəvi metodları unudub, ancaq yeni metodlarla işləmək düzgün deyil.

“Nə qədər ki, repetitorluq var, valideyn fikirləşir ki, uşağının ali məktəbə daxil olması üçün mütləq onun yanına aparmalıdır”

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanovun sözlərinə görə, bu sahədə mövcud problemlərdən biri odur ki, bu gün orta təhsil məktəbləri ancaq ali məktəbə daxil olmaq üçün tələbə hazırlamaq funksiyası daşıdığını düşünür: “Mənim fikrimcə, bu, düzgün deyil. Elə şagird ola bilər ki, heç ali təhsil almaq istəmir, müəyyən bir peşəyə yiyələnəcək. Digər tərəfdən, müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması fikri ondan irəli gəlir ki, bu gün ümumtəhsil məktəbində oxuyan şagird repetitor yanına getmirsə, o, ali məktəbə daxil ola bilmir. Həmin repetitorlar uşağın hazırlanması üçün artıq peşəkar repetitorlara çevriliblər. Hansı müəllimlər ki, repetitorluq etmirlər, onlar öz üzərində işləmir. Mənim fikrimcə, müəllimlərin peşə bacarığını artırmaq üçün onların iqtisadi durumla yanaşı, 0,5 ştat vaxtilə dərs deməsinin qarşısı alınmalıdır. Digər mühüm məsələ isə odur ki, repetitorluğu tamamilə yığışdırmaq lazımdır.Nə qədər ki, repetitorluq var, valideyn fikirləşir ki, uşağının ali məktəbə daxil olması üçün mütləq onun yanına gətirməlidir. Yəni, müəllim də repetitorluq vaxtı şagirdin yetişdirilməsinə daha çox fikir verir, çünki orada qazanc əldə edir. Məktəbdə isə həmin qazancı əldə etmədiyi üçün işinə ikinci dərəcəli baxır. Bu gün məktəbdə müəllimin iqtisadi durumu ilə yanaşı, müəllim-şagird, müəllim-valideyn, müəllim-direktor münasibətləri müasir dövrün tələblərinə uyğun formalaşdırılmalıdır”.

Beləliklə, TQDK davamlı olaraq fəaliyyətini daha da artırır, mövcud problemlərin aradan qaldırılmasına çalışır. Hətta bu gün TQDK tərədindən valideynlərin müraciətlərinə baxılaraq onların problemlərinin həlli yolları araşdırılır. TQDK sədri Məleykə Abbaszadə yalnız paytaxtda deyil, regionlarda da valideynlərlə görüş keçirir. TQDK sədri valideynləri övladlarını yalnız təhsilə yönləndirməyə, bu sahədə mövcud “işbazlar”dan uzaq durmağa çağırır. Beləliklə, builki ali və orta ixtisas müəssisələrinə növbəti tələbə qəbulu prosesi də test üsulunun, eləcə də bu istiqamətdə aparılan islahatların uğurlu olduğunu göstərdi.

Nigar Abdullayeva