KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
21.08.2013
Hökuməti elektronlaşmaq istəyir. Elektron hökumət portalı yaradılıb. Statiskaya görə, cari ilin son 7 ayı ərzində ölkəmizdə 176 495 nəfər 288 853 dəfə www.e-gov.az portalına daxil olub. İstifadə edilən elektron xidmətlərin sayı 341 mindir. Nəzərə alsaq ki, sosial şəbəkələrdə 1 milyondan çox qeydiyyatda olan Azərbaycan vətəndaşı var və internetə çıxışı olan ölkə vətəndaşları 60-70 faiz arasındadır, onda bu rəqəm çox kiçik görünür. Belə çıxır ki, ya hökumətimiz yetərincə elektronlaşmayıb, ya da vətəndaş elektronlaşmaq istəmir.
Açığını yazsam, mən də bu günə qədər elektron xidmətlərdən istifadə etməyən vətəndaşlardan biriyəm. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi elektron hökumətin durumunu araşdırmağa bir təkan oldu. Elektorn hökumətin vətəndaşlara təqdim etdiyi xidmətlərin nə qədər yararlı olduğunu şəxsən yoxlamaq qərarına gəldim.
Əvvəlla elektron hökumət barədə rəsmi məlumata qısa bir nəzər salaq. “Elektron hökumət” – dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. “E-hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlər göstərilməsinə şərait yaradır.
“Elektron hökumət”in əsas üstünlükləri bunlardır: vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf və rahat.
İndi keçək əsas məsələyə. www.e-gov.az portalında qeydiyyatlı və qeydiyyatsız xidmətlər bölümü var. Qeydiyyatsız xidmətlər bölməsində sorgu məlumat bürolarının xidmətləridir. Məsələn, qeydiyyatsız xidmətlər bölməsində Səhiyyə Nazirliyi (SN) dərman vasitələri, milli peyvənd təqvimi, tibb müəssisələri barədə, Rabitə və İnformasiya Texnologiyaları (RİTN) telefon nömrəsi, poçt indeksinə görə küçələrin axtarışı, rabitə və kommunal xidmət haqqlarının internet vasitəsilə ödənilməsi kimi xidmətlər təklif edir. Portalda 12 dövlət qurumu qeydiyyatsız xidmətlər göstərir. Qeydiyyatsız xidmətlər bölməsində RİTN 6, SN 4, Ədliyyə Nazirliyi 5, Vergilər Nazirliyi 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1, Daxili İşlər Nazirliyi 1, Dövlət Gömrük Komitəsi 1, Dövlət Statistika Komitəsi 4, Dövlət Sosial Müdafiə Fondu 1, Tələbə Qəbulu Komissiyası 9, “Azərenerji” ASC 1, “Azərsu” ASC 2 elektron xidmət təklif edir.
Portalın xidmətlərindən tam istifadə etmək üçün qeydiyyatdan keçmək şərtdir. www.e-gov.az portalına 4 vasitə ilə daxil olmaq mümkündür. RİTN tərəfindən verilmiş elektron imza kartı ilə, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə, smartfonla, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq mümkündür.
Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə portala daxil olmaq üçün elə həmin portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatın baş tutması üçün şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun, dövlət sosial sığorta şəhadətnaməsinin, sürücülük vəsiqəsinin, şəhər, mobil telefon nömrəsi elektron blanka daxil olmalıdır. Şəxsiyyət vəsiqəsi istisna olmaqla, əlbəttə, digər tələb olunanlar vətəndaşda olmaya bilər. Bu zaman istənilən poçt şöbəsindən istifadəçi adı və şifrə alaraq portala daxil olmaq mümkündür.
Mənə gəldikdə, blanka şəxsiyyət vəsiqəmin, ümumvətəndaş pasportumun, dövlət sosial sığorta şəhadətnaməmin və mobil telefon nömrəmin məlumatlarını blanka daxil etdim. Amma qeydiyyat baş tutmadı. Müvafiq operatordan nömrənin mənim adımda qeydiyyatda olduğunu bir daha dəqiqləşdirdim. Portal mobil telefon nömrəsinin mənim olduğunu təsdiqləmədiyindən mənə poçt şöbələrinə müraciət etmək tövsiyə olundu.
Sonradan öyrəndim ki, elektron xidmətlərdən istifadə etmək istəyən çox adam bu problemlə üzləşir. Portalın mobil telefon nömrəsini və sürücülük vəsiqəsinin qəbul etmədiyi hallar tez-tez olur.
Səbəbini isə “Ayna”ya Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov açıqladı.
Öyrəndik ki, portal dövlət orqanlarının bazalarına qoşulub. Mobil operatorlara gəldikdə, son 2 ilə hər 3 operatorun bazası NK qərarına əsasən elektron hökumətə təqdim edilib. Amma problem ondadır ki, şirkətlərin bazası çox pərakəndə şəkildə toplanılıb. Vaxtilə hətta pasportla yanaşı sürücülük vəsiqəsi ilə də nömrə satıldığı halları olub. Və yaxud bazada bir adamın adına yüzlərlə nömrə mövcuddur. Aydındır ki, bu faktiki mümkünsüzdür. Araşdırmadan sonra məlum olub ki, demə, vaxtilə dilerlər öz adlarına aldıqları nömrələri satan zaman onu satdıqları şəxsin adını bazaya yerləşdirməyiblər. Və ya məlumat qarmaqarışıq yerləşdirilib. Bu azmış kimi bir neçə il əvvəl satılan nömrələrin pinkodu belə mövcud deyilmiş. Belə olduqda baza sistemli olmadığı üçün onu portalın bazasına interqasiya etməkdə çətinliklər var.
Hazırda mobil operatorlar bu məlumatları unifikasiya etməklə məşğuldur. İndi nömrə alanda şəxsiyyət vəsiqəsinin təqdim edilməsi şərtdir və hər bir nömrənin pin-kodu mövcüddur. Çünki Azərbaycan hökuməti tələb edir ki, informasiya təhlükəsizliyi qanunlara uyğun şəkildə təmin edilməlidir.
Dövlət orqanlarının xidmətləri nə qədər cəlbedicidir?
Nəhayət ki, aldığım verilmiş istifadəçi adı və şifrə ilə portala daxil oldum. Və portal mənə işlərimdə necə kömək edə, vaxtımdan necə səmərəli istifadə edə bilərəm? sualı ətrafında verilən xidmətlərlə tanış oldum. İlk öncə DSMF-nun elektron xidmətlərinə nəzər saldım. Məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlarla tanış oldum. 2006-cı ildən bəri dövlət sosial sığotasına cəlb olunan gəlirlərim, hansı təşkilatların bu ödənişləri etməsi burada əksini tapmışdı. Açığı bir çox məlumatları unutmuşdum. Fondun digər xidmətləri pensiyaçı tərəfindən məlumatların əldə edilməsi, pensiya kalkulyatoru, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu və sığortaedənin uçot nömrəsinin öyrənilməsi mənim üçün maraqlı olmadı.
Milli Arxiv İdarəsi iki növ elektron xidmət təklif etməsi çox sevindiricidir. Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu. Yadımadır ki, vaxtilə diplom müdafiəsində arxivdə işləmək üçün müfaviq razılıq almaq üçün 3 dəfə ora getmişdim.
AzərEnerji” ASC və “Azərsu” ASC-nin təklif etdiyi elektron xidmətlər vasitəsilə kommunal ödənişlər etmək olar. Amma nəzərə alsaq ki, bunu başqa saytlar da təklif edir və bəzilərində bunun müqabilində yığılan bonusları hədiyyə kartları ilə dəyişmək mümkündur. Onda vətəndaşa başqa sayta üstünlük verməsinin səbəbi aydın olur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nə az, nə çox düz 25 elektron xidmət təklif edir! Burada adında şəhər telefon nömrəsi olanlar edilən zənglərin siyahısına baxa bilərlər.
Gənclər və İdman Nazirliyinin təqdim etdiyi elektron xidmətlər geniş miqyaslı auditoriyanı əhatə etmir. Məsələn, burada gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu, idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətləri var. Nazirliyin heç olmasa peşəkar idmançıları əhatə edən xidmətləri elektronlaşdırması müsbət haldır.
Təhsil Nazirliyi cəmi 3 elektron xidmət təklif etməklə kifayətlənib. Halbuki bu xidmətlərin sayı ən azı 10 ola bilərdi. Çünki vətəndaşlarla ən sıx təmasda olan nazirliklərdən biridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmi bir elektron xidmət təklif edir:
Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu. Qəribədir ki, ölkə daxilində övladığa götürmə ilə bağlı müraciət və sənədlərin qəbulu elektron formada yoxdur. Halbuki bu məsələdən dəfələrlə yazan jurnalist kimi bilirəm ki, bu sahədə problemlər mövcuddur. Və belə xidmətin olması vətəndaşların işini xeyli asanlaşdıra bilərdi. Bu sahədə şəffaflığın da qorunmasına müəyyən qədər nail olmaq mümkün idi.
Ümumiyyətlə, komitənin bir xidmətlə kifayətlənməsi müsbət hal deyildi. Ən azından zorakılığa məruz qalmışlar üçün də elektron müraciət xidməti təşkil etmək olardı.
Ədliyyə Nazirliyində nikah qeydiyyatı üçün elekton müraciətin qəbul olunması təqdirəlayiqdir. Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Deməli bu xidmət vətəndaşlara çox gərəkli olacaq.
TQDK ən yaxşı elektron xidmətlər göstərən dövlət strukturudur desək yanılmarıq. Vətəndaşları maraqlandıra biləcək elektron xidmətlərin demək olar ki, hamısı bu portalda mövcuddur. Komissiya 12 elektron xidmət təklif edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də vətəndaşlara lazımi xidmətləri elektron formada təklif edib.
Daxili İşlər Nazirliyi iki xidmət təklif etməklə kifayətlənib: PİN-ə görə fərdi məlumatların axtarışı. Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlər diqqəti cəlb edir.
İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyətı dövlət strukturuna məlumatların verilməsi, işsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu, məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu, məşğulluq orqanları vasitəsilə iş axtarışı, müavinətlər üzrə axtarış, ünvanlı sosial yardım üzrə müraciət.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Nəqliyyat, Müdafiə Sənayesi, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xidmətləri sahibkarlara, hüquqi şəxslərə yönəlib.
Elektron hökumətdə portalında müxtəlif xidmətlər təklif edən dövlət strukturlarının sayı bununla yekunlaşmır. NK-nın qərarına əsasən, portalda təsdiq edilmiş xidmətlərin sayı 417-dir. Bunlardan portala inteqrasiya olunananlar 146, dövlət saytlarında olan xidmətlər 407 və portalda olan xidmətlərin sayı 236-dır.
Bu xidmətlər dövlət orqanlarının saytında da təqdim olunsa da, portalın üstünlüyü var. Belə ki, burada vətəndaşın baxdığı məlumatlar, etdiyi müraciətlər arxivləşdirilir. Əgər hansısa nazirlik ona müraciət edilmədiyini iddia edərsə və 100 faiz halda bunu www.e-gov.az portalı vasitəsilə asanlıqla sübuta yetirmək mümkündür.
Dövlət strukturları arasında koordinasiya zəifdir
İlk baxışdan göründüyü kimi, əksər mərkəzi icra hakimiyyəti orqanlarının xidmətləri portala inteqrasiya edilib. Lakin problemlər var. Özü də ciddi. Çünki mövcud problemlər sayəsində nə hökumət, nə vətəndaş tam elektronlaşa bilmir. Çünki iki məsələ həllini tapmayıb. Birincisi, xidmət təminatçılar vətəndaşa elə xidmətlər təqdim etməlidirlər ki, vətəndaşa maraqlı olsun.
Məsələn, saytda elə xidmətlər var ki, ildə ondan 100 nəfər istifadə edir. Lakin bəzi dövlər qurumlarının xidmətlərindən ildə 50 min nəfərdən çox vətəndaş yararlanır.
Bunun yoxluğunun səbəblərindən biri bir çox dövlət orqanlarında informasiya texnologiyaları üzrə kadr təminatının zəif olmasıdır. Bu işləri görmək üçün dövlət qurumu büdcədən vəsait almalı və sifariş verməlidir. Büdcədən vəsaiti ala bilməyəndə təbii ki, elektron xidmət də yaradılmır.
Vacib məsələlərdən biri odur ki, ictimai sosial əhəmiyyətli xidmətlərin siyahısı hazırlanmalı və onların sayta inteqrasiyası sürətlənməlidir.
Bu MHM-nin işi deyil. Bu, portala xidmət təqdim edən dövlət qurumlarının işidir.
RİTN-nin vəzifəsi vahid portaldan istifadə mexanizmini və alətləri təqdim etmək, portalın texniki təhülkəsizliyini mühafizə etməkdir. Eyni zamanda portalın inkişafı, əhatə dairəsinin artması və təbliğatı, təşviqatında üzərinə düşən işlər var.
İkincisi, vətəndaş fəal olmalıdır. Ekspert Osman Gündüz və MHM rəhbəri Nail Mərdanov da deyir ki, elektron xidmətlərdən fəal istifadənin ləngiməsi vətəndaşın özü ilə bağlıdır. Ən azından vətəndaş informasiya mədəniyyətinə yiyələnməlidir.
Əfsuslar olsun ki, portalda yalnız mərkəzi icra hakimiyyəti orqanlarının xidmətləri təklif edilir. Yerli icra hakimiyyəti orqanlarının heç bir xidməti burada yoxdur. Halbuki vətəndaşların gündəlik olaraq müraciət etdiyi məhz yerli icra hakimiyyəti orqanlarıdır.
Bununla yanaşı, ictimai sosial əhəmiyyətli xidmətlər var ki, saytda onu tapmaq mümkün deyil. Vətəndaş onu kağız formasında almaq üçün əziyyət çəkməli olur. Məsələn, ev alqı-satqısı zamanı tələb olunan A2 forması. Şəxsən məndən JEK müdiri bu sənəd üçün 100 manat pul istəmişdi. Araşdırandan sonra öyrəndim ki, JEK bu sənədi vermək üçün kommunal borcların olmaması haqqında arayışlar tələb etməsi qanunsuzdur! Bu sənədi vermək üçün JEK-lər su, işıq, qaz, kanalizasiya, istilik təhcizatı, lift idarələrindən borcun olmaması haqqında sənəd istəyir. Bu sənədlərin hər birini ayrı-ayrı idarələrdən almaq üçün neçə saat, bəzən günlər lazım olduğu məlumdur. Bir idarəyə gedirsən deyirlər ki, sənin ərazinə baxan əməkdaş bu gun işdə olmayacaq.
Bu sənədi almaq Xətai rayon icra hakimiyyətinin hüquqşunası bir neçə dəfə bizim ərazinin JEK müdirinə zəng etməli oldu. Nəhayət ki, rüşvətsiz A2 formasını aldıq.
ASAN-da elektron xidmətlərin təşviqi üzrə ictimai şuranın koordinatoru Osman Gündüz deyir ki, hansı dövlət qurumu vətəndaşdan yaşayış yerindən arayış istəyəcəksə niyə elektron hökumət qurulub?! O hesab edir ki, elektron hökumət mövcuddursa vətəndaş niyə dövlət qurumları arasında sənəd, arayış, kağız daşımalıdır ki?! Vətəndaş haqqında məlumat aidiyyəti dövlət qurumlarının hamısında var. Ancaq dövlət strukturları arasında koordinasiya zəifdir.
Doğurdan da vətəndaşın kommunal ödənişləri ödəməsi haqqında məlumatlar bütün dövlər orqanlarında var. Eyni hökumətin müxtəlif qurumları bir-birinin bazasından bu məlumatları asanlıqla əldə edə bilərlər.
Öyrəndik ki, RTİN tərəfindən NK-ya məktub göndərilib ki, hansı dövlət orqanı digərindən hansı sənədi, xidməti tələb edir. Siyahı tutulub, təsdiqlənməsu üçün cavab gözlənilir. Bundan başqa, elektron xidmətlərin reyestrinin yaradılması gözlənilir.
Yeri gəlmişkən, hazırda 2013-2015-ci illəri əhatə edən yeni dövlər proqramının layihəsinin müzakirəsi gedir. Bu sənəddə bələdiyyə və icra hakimiyyəti orqanları tərəfindən göstəriləcək xidmətlərin siyahısı var.
Bundan başqa, xeyli sayda xidmətlər var ki, dövlət qururmlarının saytında var, www.e-gov.az-da yoxdur. Həmin xidmətlərin portala inteqrasiyasında problem var.
Ölkəmizdə avtomatlaşma başlayanda ümumi konsepsasiya, yanaşma olmadığından bazaların formalaşmasında ümumi unifikasiya olmayib. Hazırda elə informasiya sistemləri var ki, onda vətəndaşın fərdi unifikasiya nömrəsi yoxdur. Bazanı pinə uyğunlaşdırmaq böyük problemdir. Məsələn, 3 mobil operator hələ bu işi tam başa çatdırmayıblar.
Nail Mərdanov deyir ki, vaxtilə yaradılmış xidmətlərin movcud bazasının portala inteqrasiya olunmasında bu kimi problemlər var. Təzə yaradılan xidmətlərin portala inteqrasiyası daha asandır. Ancaq MHM hazırladığı yeni platformanın tətbiqindən sonra bu problem tam aradan qalxacaq.
Elektron hökumətlə ümidli gələcək
Ən əsası MHM dövlət, özəl kommersiya təşkilatlarında vətəndaş haqqında olan məlumatları toplayıb. Bura banklar, sığorta şirkətləri, hətta mağazalar da daxildir. Baza tam formalaşandan sonra elektron hökumətin portalına yerləşdiriləcək. Ən maraqlısı odur ki, vətəndaşın özünün bu məlumata çıxışı olacaq. Məsələn, o biləcək ki, 2006-cı ildə evinə kreditlə tozsoran alıb, hansı bankdan kredit götürüb, ödəmə tarixçəsi necədir, hansı dövlət və özəl qurumlarda onun haqqında hansı tip məlumatlar saxlanılır. Bu qurumların həmin məlumat bazalarını portala verməyi qanun tələb edir. Qısası, bu portal vətəndaşın arxivi olacaq. Fikrimcə, portal məhz bu mükəmməl formatda təqdim olunduqda hər bir vətəndaş üçün əvəzedilməz bir sistemə çevriləcək.
Azərbaycanda elektronlaşma 10 ildir başlayıb. ABŞ indiki vəziyyətə çatmaq üçün 3 nəsil dəyişib. Sovet dövründə Azərbaycan nefn sənayesi üzrə formalaşmışdı. SSRİ-nin elektron sənayesi Pribaltika və Ukraynada idi. Kibernetika üzrə ixtisaslaşma Belorusiya və Ukraynada idi. N.Mərdanov deyir ki, bu ölkələrdə kadr bazası olduğundan onlar elektron hökumətə asanlıqıa keçdilər. Azərbaycan isə sayca ikinci dövlət proqramının qəbulu ərəfəsindədir…