AZƏRBAYCAN RESPUBLİKASININ
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

bilik qiymətləndirilir

KİV bizdən nə yazır

Line Spacing+- AFont Size+- Çap
06.11.2014
3 oktyabr 2014- cü il tarixli “Azərbaycan müəllimi” qəzetində “Saxta diplomların qarşısını almaq olarmı?” sərlövhəli məqaləyə rast gəldik. Məqalədə saxta diplom problemi ilə bağlı inkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr gətirilərək araşdırılma aparılmasına cəhd göstərilir və müəllifin sözləri ilə yazsaq: “Araşdırmalarımız göstərdi ki, bu işdə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək müəyyən mexanizmin yaradılması zəruridir” kimi nəticə çıxarılır.

Məqalənin məzmunundan belə başa düşülür ki, sanki ölkəmizdə bu istiqamətdə heç bir iş görülməyib və ya kimlərsə bu sahədə hələ ki nəsə etməyi planlaşdırır. Məlumat üçün bildiririk ki, bu heç də belə deyildir. Bu məsələ Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və bu sahədə lazımi tədbirlər artıq həyata keçirilib və keçirilməkdədir.

Problemin həlli ilə əlaqədar ilk növbədə lazımi qanunvericilik bazası yaradılmış, müvafiq hüquqi aktlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009- cu il tarixdə qəbul etdiyi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.18 maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010- cu il tarixli 225 nömrəli Fərmanı ilə “Tələbə- məzun” dövlət elektron məlumat sistemininin Əsasnaməsi təsdiq edilmiş (http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=24503) və həmin Sistemin yaradılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir. TQDK 28 mart 2012- ci il tarixdən etibarən adı çəkilən Sistemi müvafiq qurumların istifadəsinə vermişdir. Sistemə bütün ali və orta ixtisas təhsili müəssisələri qoşulmuşlar. Eyni zamanda adları aşağıda siyahıda göstərilmiş dövlət orqanları mövcud Əsasnamə ilə müəyyən edilmiş qaydada 

Sistemə qoşula bilərlər və onların əksəriyyəti hazırda Sistemə qoşulmuşlar:
  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
  4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  5. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
  6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
  9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  10. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
  11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  12. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
  13. Azərbaycan Respublikası Baş Prokurorluğu
Sistemdə tələbə və məzunlara aid müxtəlif növ məlumatlar toplanır:
  1. soyad, ad və ata adında ola biləcək dəyişikliklər
  2. akademik müvəffəqiyyət haqqında məlumatlar
  3. ixtisas dəyişmələri
  4. təhsildə fasilələr
  5. tələbələr sırasından xaric edilmələr
  6. bərpalar
  7. təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar
  8. bir təhsil müəssisəsindən digərinə köçürmələr haqqında, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar
  9. təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar
  10. diplom əmrləri və diplom haqqında məlumatlar

“Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri qorunmaqla Sistemin bütün istifadəçiləri öz səlahiyyətləri çərçivəsində müvafiq məlumatları əldə etmək hüququndan istifadə edirlər.

Sistemə 2012/2013- cü tədris ilindən başlayaraq bu günədək məzun olmuş bütün tələbələrin diplom əmrləri və diplom haqqında məlumatları daxil edilmişdir. Təhsil müəssisələrinə göstəriş verilmişdir ki, imkanları daxilində əvvəlki illərin məzunlarının da diplom əmrləri və diplomları haqqında məlumatları Sistemə daxil etsinlər. Bir sıra təhsil müəssisələri bütün tələbə və məzunları haqqında məlumatları artıq Sistemə tam daxil etmişlər. Lakin bu prosesdə müəyyən problemlər qarşıya çıxır. Belə ki, əvvəlki illərdə bəzi təhsil müəssisələrində tələbələrə aid müəyyən məlumatlar əldə edilməmiş və ya itirilmişdir. Bunun nəticəsində də onların məlumatlarını Sistemə daxil etməkdə çətinlik yaranır. 

Sistemdə şəxsi, diplom və digər məlumatlara görə axtarış imkanı yaradılmışdır. Sistemin bütün istifadəçiləri üçün elektron poçt xidməti təşkil olunmuşdur. Bu xidmət istənilən şəxs haqqında ayrı- ayrı təhsil müəssisələrindən məlumat əldə etməyə imkan verir. Hər hansı bir şəxsin diplomunun saxta olub- olmaması yoxlanılarkən ona aid məlumat bazada mövcud olmazsa Sistem vasitəsilə müvafiq təhsil müəssisəsinə müraciət etmək və qısa vaxtda məlumat əldə etmək imkanı vardır.

Hazırda Sistemdə 886444 nəfər haqqında məlumat mövcuddur. Bunlardan 263753 nəfərin diplom məlumatları artıq Sistemə daxil edilmişdir və proses müntəzəm surətdə davam edir. Məlumatlar 1992- 2014- cü illəri əhatə edir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının informasiya sistemləri “Tələbə- Məzun” dövlət elektron məlumat sisteminə inteqrasiya edilmişlər. Bunun nəticəsində adları çəkilən komissiyaların müvafiq informasiya sistemləri imtahan iştirakçılarına aid məlumatları real vaxt rejimində əldə edə bilirlər. 

Eyni zamanda ayrı- ayrı qurumlardan ünvanımıza göndərilən sorğularda diplomların etibarlı olub- olmamasının araşdırılması xahiş olunur və bu istiqamətdə müvafiq qurumlarla birgə iş aparılır. Belə ki, 2011- ci ildən başlayaraq bu günə kimi müxtəlif dövlət orqanlarının və digər təşkilatların sorğularını cavablandırmaq məqsədilə 25000- dən çox şəxs barədə araşdırılma aparılmış və onların diplomlarının dövlət nümunəli olub- olmadığı yoxlanılmışdır. Sənədində problemi olan şəxslər barədə araşdırılmanın davam etdirilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilir. Göründüyü kimi, bu sahədə kifayət qədər iş görülür. Ümumiyyətlə, diplomların araşdırılması işə götürən üçün bir norma halını almalıdır və buna görə məsul şəxslər məsuliyyət daşımalıdırlar. 

Sonda “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş “Saxta diplomların qarşısını almaq olarmı?” məqaləsinin müəllifinə tövsiyə edərdik ki, araşdırmaları reallığı tam və dolğun əks etdirməklə aparsın.

Tələbə Qəbulu üzra Dövlət Komissiyasının
Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov