Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr etmişdir

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr etmişdir
22.08.2017

“Abituriyent” jurnalının 10-cu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisaslar üzrə alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları iyulun 5-də keçirilən qəbul) imtahanından Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. Buraxılış (qəbul) imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunmuşdur. Müsabiqəyə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyib) az olmayan abituriyentlər buraxılıblar.Toplanıla biləcək maksimal bal 90 olub.

Müsabiqənin nəticələrinə əsasən xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid balı 2 nömrəli Bakı Baza Tibb Kollecinin "Müalicə işi" ixtisası (Azərbaycan bölməsi, DS) üzrə 76 bal, ən aşağı keçid balı isə Bakı Biznes və Kooperasiya Kollecinin "Turizm və onun təşkili" ixtisası üzrə 41 bal (rus bölməsi, qiyabi ödənişli) olmuşdur.

Qeyd edək ki, bu il abituriyentlərin orta ixtisas təhsili müəssisələrində təhsil almaq meyilləri daha yüksək olmuşdur və qəbul planı 97.51% dolmuşdur. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalmışdır. 

“Abituriyent” 10 jurnalının elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).