Ali təhsil müəssisələrinə ixtisas seçimi başlandı

Line Spacing+- AFont Size+- Çap
29.07.2017

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. İxtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılır.

Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) "Kompüter elmləri" ixtisası üzrə isə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, "Torpaqşünaslıq və aqrokimya" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər.

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə ümumi balı 100-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq” ixtisaslarının, Naxçıvan Dövlət Universitetinin “Baytarlıq” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Bundan əlavə bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər də iştirak edə bilərlər. Həmin ixtisasların və ali təhsil müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.