1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılmışdır

Line Spacing+- AFont Size+- Çap
01.08.2017

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2017/2018-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılmışdır. 

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2017-ci il avqustun 2-dən 10-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya  DİM-in Regional bölmələrinə təqdim etməlidirlər:

• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; 
• yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) 
• “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, müsabiqə 2017-ci il 5 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.